Əməkdar artist: “Həyat yoldaşım mənə rejissor kimi daha maraqlıdır, nəinki qadın kimi” – FOTOLAR
Bizi izləyin

Kəndimizin məşhurları

Əməkdar artist: “Həyat yoldaşım mənə rejissor kimi daha maraqlıdır, nəinki qadın kimi” – FOTOLAR

Budəfəki həmsöhbətimizin "Kəndimizin məşhurları" rubrikasına aid etmək də olar, etməmək də.

Hər halda, çoxları onu "Sonuncu fəsil" serialındakı İlyas rolundan tanıyır. Uzun müddət Gəncə Dövlət Dram Teatrında işləmiş əməkdar artist İlham Hüseynov hazırda Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyorla müsahibəmizdə həm yaradıcılığından, həm şəxsi həyatından, həm də son zamanlar "Azdrama"da baş verənlərdən danışdıq.

- İlham müəllim, yaradıcılıqda nə var, nə yox?

- Hazırda Akademik Milli Dram Teatrında Yunus Oğuzun "Nadir şah" əsəri tamaşaya hazırlanır. Bu tamaşada mənim bir neçə rolum var. Ümumiyyətlə, burada hər aktyor üç-dörd rol oynayır.

- Bu, aktyor qıtlığı ilə bağlıdır, yoxsa başqa səbəb var?

- Aktyor qıtlığı var. Həm də aktyorlar digər tamaşalarda çox məşğuldurlar.

- Tamaşanın rejissoru kimdir?

- Gümrah Ömər.

- Bildiyimə görə, bu yaxınlarda Gəncə Dövlət Dram Teatrına qayıdırsınız. Bu nə ilə bağlıdır?

- Birincisi, həyat yoldaşım İradə Gözəlova ora baş rejissor təyin olunub. İstərdim ki, onun quruluş verdiyi tamaşalarda oynayım.

- İndiyə kimi onun quruluş verdiyi tamaşalarda oynamısınız?

- Bəli, oynamışam. İlyas Əfəndiyevin "Qəribə oğlan", Qoqolun "Evlənmə" tamaşasında və İradə xanımın özünün yazdığı "Min bir gecə"də oynamışam.

- Ər-arvad və aktyor-rejissor münasibətləri. Bunun hansı müsbət və mənfi cəhətləri var?

- Bizim münasibətlərimiz yaradıcılıqdan başlayıb. O, yaxşı və ən istedadlı rejissor kimi diqqətimi cəlb edib. İndi də bu fikirdəyəm ki, o, respublikada ən istedadlı rejissordur. O ki qaldı ailə münasibətlərinə, deyərdim ki, bəzən belə şeylər mane olur.

- Nəyə görə?

- Düşünürəm ki, kaş biz ancaq aktyor və rejissor münasibətlərində olaydıq. Çox vaxt kənardakılar düşünürlər ki, həyat yoldaşım olduğuna görə filan rolu mənə verdi. Amma bizim bir-birimizə marağımız yaradıcılıqdan doğub. İndi də bir-birimizə ilk növbədə yaradıcı insan kimi maraq göstəririk, bir tamaşada işləmək bizə rahatdır. İradə xanımın mənimçün maraqlı olmağının bir səbəbi də işini dərindən bilməsidir.

- Belə başa düşdüm ki, o, sizə rejissor kimi daha maraqlıdır, nəinki həyat yoldaşı kimi.

- Bəli, bəli.

- "Azdrama"da neçə il işlədiniz?

- İki ildir.

- Həm Bakıda, həm də Gəncədə işləmisiniz. Bölgə və paytaxt teatrının nə kimi fərqi var?

- O qədər də ciddi fərq yoxdur. Əsas fərq odur ki, "Azdrama"da göz önündə olursan, mütəmadi işlər olur. Burada aktyor üçün lazım olan vəsait, paltar, əşyalar daha yaxşıdır.

- Bəs aktyor heyəti, kadr potensialında nə kimi fərq var?

- Təbii ki, o yöndə də fərq mövcuddur. "Azdrama"da hər cür aktyor tapmaq olar. Amma əyalətdə aktyor qıtlığı var.

- Bakıya gələndə burada itib-batmaqdan qorxmadınız ki? Çünki akademik teatrda hər aktyor parlaya bilmir, rəqabət böyükdür...

- İtib-batmaq qorxusu yox idi. Əksinə, bura parlamaq fikri ilə gəlmişdim.

- Parlaya bildinizmi?

- Deyə bilmərəm ki, parladım. Bilirsiniz, bu nə ilə əladəqardır? Birinci səbəb odur ki, hazırda "Azdrama"da islahatlar gedir. Ümumiyyətlə, teatrda kiminsə parlamaq anlayışı yoxdur, dəyişikliklərin hara aparacağı da məlum deyil. Burada belə bir anlayış yoxdur ki, artıq hansısa sütunlar formalaşıb, keyfiyyətli tamaşalar var. Heç də belə deyil. Hələlik, formalaşma – axtarışlar, eksperimentlər gedir. Bu iki ildə bir-iki normal tamaşa gördüm.

- Hansı tamaşalardır?

- Gənc rejissor Mikayılın "Dədə Qorqud" tamaşası çox xoşuma gəldi. O da qəliz bir tamaşadır.

- Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin, Azərpaşa Nemətin qoyduğu tamaşalar var.

- O tamaşaların heç biri teatr aləmində uğurlu hesab olunmur. Uğurlu tamaşa odur ki, hadisə olsun, heyranlıq yaratsın. Mən bu iki ildə hadisə yaradan tamaşa görmədim.

- Bəlkə, geriyə qayıtmağınızın bir səbəbi də odur?

- Yox, geriyə qayıtmağının birinci səbəbi İradə Gözəlovadır.

- Bakıda kirayədə yaşayırdınız?

- Bəli.

- Çətin deyildi ki?

- Çox çətin idi. Teatrdan aldığım məvacibi kirayəyə verirdim.

- Bəs necə dolanırsınız?

- Bir il ərzində "Sonuncu fəsil" serialına çəkildim. Yoldaşım da ara-sıra tamaşalar hazırladı. Sentyabrdan məni Gəncə Dövlət Dram Teatrı işə götürüb. Yəqin ki, fevraldan orada daimi işə başlayacağam. Doğrusu, bu barədə "Azdrama"nın direktoru İsrafil İsrafilovla danışmamışam. İstərdim ki, məni yarımştat, yaxud da müqavilə yoluyla burada da saxlasınlar, gəlib tamaşalarımı oynayım. Amma əsas iş yerim Gəncə Dövlət Dram Teatrı olacaq.

- Son illərdə "Azdrama" daxilində müxtəlif söz-söhbətlər yaranıb. Direktorun da haqlı olduğunu deyənlər var, aktyorların da. Siz isə neytrallardansınız. Burada kim haqlı tərəfdir?

- Bəli, mən neytralam. Amma özlüyümdə kimin haqlı olduğunu bilirəm. Sadəcə, bu işə qarışmaq arzusunda deyiləm.

- Qarışmayın, neytral mövqeyinizi bildirin.

- Mən yaradıcılıqla məşğul olmağı daha üstün tuturam. Belə şeylərə qarışsam, işim yaddan çıxar. Ümumiyyətlə, teatr konfliktlərin olduğu yerdir. Xüsusən də böyük teatr. Burada yaradıcı rəqabət olur, istər-istəməz konfliktlər yaranır. Ancaq insanın özündən də çox şey asılıdır. Öz şəxsiyyətinə, yaradıcılığına və ümumi teatr yaradıcılığına hörmət edən aktyor konfliktə getməməlidir.

- Sizi də o konfliktlərə qoşmaq cəhdləri var?

- (düşünür) Olub. Amma ora addım atdığım gündən özümü elə göstərmişəm ki, belə məsələlərə qoşulacaq insan olmadığımı anlayıblar.

- Bu yaxınlarda əməkdar artist Telman Əliyevin "Azdrama" ilə müqaviləsinin vaxtı bitdi və yeni müqavilə imzalanmadı. Sizcə, doğrudanmı, ona bu teatrda ehtiyac yox idi?

- Telman müəllimlə uzun illər bir yerdə işləmişik və çox sevdiyim insandır, istedadlı, qabiliyyətli aktyordur. Amma onu getməyinin dərinliyinə varmamışam. Sadəcə, onun getməyinə məyus oldum. Çünki bilirəm ki, teatrda belə şeylər çox olur. Özü ilə bu barədə danışa bilməmişəm, son vaxtlar teatra gəlmir. Amma həqiqətən də, çox təəssüfləndim.

- Bəzi aktyorlar tamada qismində toylara gedirlər...

- Mən getmirəm, amma gedənlərə də pis baxmıram. Ona görə ki, aktyora verilən maaş çox azdır. Aktyor maaşla dolana bilməz. Çox gülünc maaş verirlər.

- Siz nə qədər məvacib alırsınız?

- "Azdrama" digər teatrlarla müqayisədə daha çox məvacib verir. Təxminən 300 manat alıram və bu "Azdrama"nın özündə də yüksək məvacib sayılır. Aldığım məvacib teatr rəhbərliyinin mənə göstərdiyi etimaddır.

- Deyirlər ki, aktyor hər iş yerində, hər rejissorla işləyəndə nəsə öyrənir. Siz də iki il "Azdrama"da işlədiniz. Burada nəsə öyrəndinizmi?

- Yox, burada qətiyyən heç nə öyrənmədim. Ümumiyyətlə, yaxşı rejissor qıtlığı var.

- Rejissorlar da deyirlər ki, yaxşı aktyor qıtlığı var.

- Yaxşı aktoyrun yetişməyi üçün birinci növbədə yaxşı rejissor lazımdır. Mən yeganə rejissor İradə Gözəlovanı hesab edirəm. Onunla işləyəndə inkişaf edirəm, öyrənirəm.

- Ondan nə öyrənmisiniz?

- Rola münasibət, rolu hazırlamaq texnikası. İradə xanıma etibar edə bilərəm. İnanıram ki, o, mənə düzgün istiqamət verir.

- Gümrah Ömər, Bəhram Osmanov kimi rejissorlarla da işləmisiniz. Onlardan nə öyrənmisiniz?

- Onlardan da nəyisə qazanmışam. Amma İradədən daha çox öyrənirəm.

- Adətən, yaradıcı cütlüklərin evlilikləri müvəqqəti olur. Bu, sizi narahat etmir ki?

- Ümumiyyətlə, evlilik həyatımda ayrılığa çox rahat və sərbəst yanaşıram. Bütün dünyada adi bir haldır. Evlilik həyatında ayrılığın olması normaldır.

- Və buna da hazırsınız...

- Əlbəttə, hazıram. Bilirsiniz, incəsənət adamlarının evlilikləri niyə tez dağılır? Çünki onlar ruhən azadlığı sevən insanlardır. İnsanların münasibətlərində haradasa anlaşılmazlıq yaranır, bir-birlərini başa düşmürlər, mane olurlarsa, rahatca ayrılmaq və bunu normal qəbul etmək lazımdır. İnsan dünyaya bir dəfə gəlir və o, istədiyi kimi yaşamalıdır. Bəzən görürəm ki, yaşlı insanlardır, amma mübahisə içində yaşayırlar. Mən belə həyatı sevmirəm.

- Bu, sizin ilk evliliyinizdir?

- Bəli, həm onun, həm də mənim ilk evliliyimizdir.

- Serialda da, real həyatda da neytrallıqdan əlavə, sizdə bir laqeydlik var. Belə olmağa çalışırsınız, yoxsa natura etibarilə laqeyd insansınız?

- Natura etibarilə beləyəm, maksimalist adamam. Ya həddən artıq sevə bilərəm, ya da laqeyd olaram.

- İndiki halda sevirsiniz, yoxsa laqeydsiniz?

- Nəyi?

- Sənəti, ailəni.

- Sənətə heç vaxt laqeyd ola bilmərəm. Onda həyat maraqsız olar.

- Bəs ailəyə?

- Ailəyə də onun kimi.

- Teatrda ən bəyəndiyiniz rejissor İradə Gözəlovadır. Bəs kinoda?

- Mən özümü bəxti gətirmiş insan sayıram. Kinoda Rövşən İsax, teatrda İradə Gözəlova mənimçün əvəzolunmazdır. Rövşən İsax mənimçün ilham mənbəyidir. Çox xoşbəxtəm ki, onunla bir dövrdə yaşayıram. Biz Gəncədə orta məktəbdə oxuyanda eyni dövrdə xalq teatrına getmişik. O, məndən üç yaş kiçikdir. Mən 1967-ci ildənəm. Hələ o vaxtdan özünün qeyri-adi düşüncə tərzi ilə məni heyran etmişdi. İndi də sevdiyim bir neçə insandan biridir.

- Yeni serial təklifi varmı?

- Rövşən İsax yazda yeni seriala başlayacaq. Yəqin ki, mən də o serialda çəkiləcəyəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm