Xan Şuşinskinin qızı: Atam onların qəzəbinə tuş gəlmişdi
Bizi izləyin

Könlüm keçir

Xan Şuşinskinin qızı: Atam onların qəzəbinə tuş gəlmişdi

Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı əslən Şuşalı olan, böyük sənətkarımız Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadır.

“Əbəs yerə Şuşaya Qafqazın konservatoriyası deməyiblər”

Şuşa mənim qəlbimdə kök salan ən yaralı yerimdir. Yəqin bilirsiniz ki, mənim atam Xan Şuşinski əzəli-əbədi Qarabağ torpaqlarının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin nümayəndəsidir. Pənahəli Xan Cavanşir, İbrahim Xan, Xurşud Banu Natəvan kimi şəxsiyyətlər də bu sülalənin nümayəndələridirlər. Qarabağ-Şuşa Azərbaycanın ayrılmaz bir hissəsidir. İstər yeraltı, yerüstdü sərvətləri ilə, istərsə də mənəvi dəyərləri ilə olduqca zəngin olan torpaqlardan olub Şuşa. Təkcə Azərbaycan mədəniyyətinə yox, həmçinin elminə və ədəbiyyatına da bir sıra alimlər, yazıçılar, şairlər bəxş edib. Üzeyir Hacıbəyov, Rəşid Behbudovun atası Məcid Behbudov, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu kimi sənətkarların adını Azərbaycan tarixinə həkk edib. Əbəs yerə Şuşaya Qafqazın konservatoriyası deməyiblər. Şuşa İlahinin Azərbaycana bəxş etdiyi gözəl bir yer idi. Orda bulaqlardan təbii mineral sular qaynayırdı. Turş su vardı ki, onun suyu müalicə əhəmiyyətli idi. Dünyanın bir çox yerlərindən müalicə üçün Şuşaya insanlar axışırdı. İsa Bulağının suyundan şuşalılar soyuducu kimi istifadə edirdi. Bakıdan qonaqlarımız gələndə qarpızı, meyvələri qoyardıq İsa Bulağından gələn suyun altına buz kimi olardı. Havasına söz ola bilməzdi. İnsan özünü orda quş kimi hiss edirdi. Şuşada yaşayanlar tamamilə başqa insanlar idi. Orda demək olar ki, hamı ziyalı idi, istedadlı idi. Üzeyir Hacıbəyovun qardaşı Zülfiqar Hacıbəyovun Şuşada Aslan Qaraşalov küçəsində iki mərtəbəli malikanəsi var idi. Üzeyir bəyin ev muzeyi ilə bitişik idi. Atam həmin malikanəni Zülfiqar bəydən satın aldı.

“Xoşbəxt xatirələrim Şuşayla birlikdə qəriblikdə qaldı”

Hər il may ayının sonlarında atam bizi gözəl təbiəti, gözəl insanları olan Şuşaya aparırdı. Bir də sentyabr ayının əvvəllərində qayıdardıq. Bizdən bir qədər aşağı məhəllədə gözəl bəstəkar Süleyman Ələsgərov yaşayırdı. Babamın əmisi qızı Xurşudbanu Natəvanın evi də bizə yaxın idi. Çox gözəl bir yerdə idi evimiz. Eyvana çıxanda bütün Şuşanın mənzərəsi qarşında açılırdı. Sovet vaxtında bütün Respublikalardan Şuşaya turistlər gələrdi. Onlar Şuşanın tarixi ilə yaxından tanış olardılar. Üzeyir Hacıbəyovun da muzeyini ziyarət etmədən getməzdilər. Həmin muzeyin direktoru Qumru xanım atamı-Xan Şuşinskini onlara göstərərdi ki, əsl canlı korifey burdadı, gəlin onunla da görüşün. O, da buxara papağını başına qoyub turistlərlə şəkil çəkdirərdi. Atam bizi tez-tez Çanaqqalaya, Cıdır düzünə, İsa bulağına aparardı. Şuşanın mərkəzində Güllü bağ deyilən bir yer vardı. Atamın Güllü bağda özünəməxsus yeri olardı, həmişə orda oturardı və atam gəldi, gəlmədi heç kim onun yerində oturmazdı. Mənim demək olar ki, atalı, analı, vətənli xoşbəxt xatirələrim Şuşayla birlikdə qəriblikdə qaldı.

“Aslan ağanın evləri qapısında işlətdiyi ermənilər tərəfindən yandırılmışdı”

Babam Aslan ağa çox geniş dünyagörüşü olan ziyalı, musiqiyə, sənətə yüksək qiymət verən bir insan olub. O vaxt evində tez-tez musiqi məclisləri qurar və dövrünün tanınmış şairlərini, musiqiçilərini evinə dəvət edərmiş. Hələ o vaxtlar babamın evində qramafon valları olub. Oturub saatlarla həmin vallara qulaq asarmışlar. Babam həm də çox gözəl tar ifa edərmiş. Sovet hökuməti qurulmamışdan əvvəl babam Aslan ağanın Qarabağda bir neçə kəndləri, at ilxısı, dəyirmanı olub. Sovet hökuməti qurulandan sonra təbii ki, o kəndlər əlindən alınıb. İki dəfə 1905-1918- ci illərdə babam Aslan ağanın evləri qapısında işlətdiyi ermənilər tərəfindən yandırılmışdı. Nənəm Bəyimxanım da bu möhnətə dözməyərək çox gənc yaşında dünyasını dəyişmişdi. Sonra onlar bir müddət Ağdamda, Bərdədə yaşayırlar. Atam da o illərdə bir sənətkar kimi püxtələşməyə başlayır.

Atam öz xatirələrində söyləyir ki, babam bəy olduğu üçün Sovet dönəmində onun səsi alınır, bütün var-dövləti əlindən çıxır, evdə də böyük övlad atam olduğu üçün məcburiyyət qarşısında qalıb toylara gedərək ailəsinə baxır. O vaxtlar atamı İtalyada təhsil almağa göndərmək istəyirlər, ancaq babam Aslan ağa deyib: “Özün görürsən ki, bütün var-dövlətimi, nüfuzumu itirmişəm demək olar ki, bu hökumət üçün mən heç kiməm. Sən də getsən bu üç uşağı, ailəni kim saxlayar”. Bununla da atam öz arzusunun üstündən xətt çəkir.

“Xan Şuşinski Sovet hökumətinin qəzəbinə tuş gəlmişdi”

Atam “Şuşanın dağları” mahnısını bəstələyəndə başı çox ağrı çəkib.

Şuşanın dağları başı dumanlı

Qırmızı koftalı, yaşıl tumanlı

Bu misraya görə, Xan Şuşinski Sovet hökumətinin qəzəbinə tuş gəlmişdi. Hamı bilirdi ki, Şuşanın dağlarının başı həmişə dumanlı olub. Çünki Şuşa dağın başında yerləşirdi. O vaxt bu sözləri onunla əlaqələndiriblər ki, sən burda bayrağa işarə edirsən. Bu siyasi bir simvoldur deyə atamı NKVD-yə çağırıblar və ondan soruşublar ki, sən nə üçün demisən “Şuşanın dağları başı dumanlı”. Sovet Şuşasının başı dumanlı olarmı? Təbii ki, o çək-çevirdən sonra da atam mahnının sözlərini dəyişməyib. Sadəcə o vaxt oxuyanda belə oxuyub “Şuşanın dağları deyil dumanlı”. Qalan sözləri olduğu kimi də saxlayıb.

“Atam Şuşaya gedə bilmədi”

Sovet hökuməti qurulan zaman atamın yaxın qohumlarının çoxu Sibirə sürgün olunmuşdular. Hətta atam 40-cı illərdə İranda səfərdə olanda qohumları onu tapıb yalvarıblar ki, getmə, qal İranda səni qızıla brilliyanta tutarıq. Amma atam deyib ki, mən vətənimi hər şeydən üstün tutdum. Çünki atamın anamın qəbri o torpaqlardadır. Atam xatirələrində söyləyirdi ki, “o vaxt tez-tez Xankəndində konsertlər verərdim. Nəriman Nərimanov ora gələrdi və bir türk mahnısı vardı “ Yaşa yaşa min yaşa Mustafa Kamal Paşa” onu oxumağımı məndən xahiş edərdi”. Cəlil Məmmədquluzadə xanımı Həmidə xanım Cavanşirlə tez-tez atamgilə qonaq gələrmişlər. Atam Şuşaya həddindən artıq bağlı idi. Hərdən fikirləşirəm yaxşı ki, atam Qarabağın işğalını görmədi. Yoxsa o, dözməzdi. Rəhmətə gedən ili atam Şuşaya gedə bilmədi. Hətta atam Qarabağ şikəstəsini oxuyanda deyir “fələk vay vay yazıq olmuşam”. Elə bil atam hiss edirdi ki, Qarabağın başında bir bəla var. Nə vaxtsa bu torpaqlar əlimizdən çıxacaq.

“Mir Cəfər Bağırova çatdırıblar ki, Xan Moskvadakı tədbirdə iştirak etmək istəmir”

Atam xatirələrində söyləyirdi ki, “Hüseyn Cavidin xətrini çox istəyirdim. Onun bir qəzəlini muğam üstdə oxuduğuma görə bir səsim alındı, konsertlərə buraxılmadım. Ancaq mən o qəzəli yenə oxudum”.

1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti ongünlüyü keçirilən zaman Xanı istəməyənlər Mir Cəfər Bağırova çatdırıblar ki, Xan Moskvadakı tədbirdə iştirak etmək istəmir toylara gedir. Bu zaman Xan Moskvaya dekadaya buraxılmır. Səməd Vurğun, Mirzə İbrahimov Mir Cəfər Bağırovun qəbuluna gedərək deyirlər ki, bu insanın heç bir siyasi fikri yoxdur, sırf sənətə qulluq edən insandır. Bağırovun əmri ilə Xan qardaşı Allahyarla birlikdə (həm də tarzəni olub) 24 saat ərzində Bakıya köçürülüb burda mənzillə təmin olunurlar və Flarmoniyanın solisti olurlar.

“İdarələrin üstündə adlar erməni, rus dilində yazılardı”

Şuşada bir o qədər də çox erməni görmürdüm. Ən çox ermənilər Xankəndində yaşayırdılar. Hətta Xankəndinə gedəndə uşaq olmağıma baxmayaraq mənə çox maraqlı gəlirdi ki, niyə görə Şuşaya çox yaxın məsafədə olan kənddə bu qədər erməni yaşayır. Ora gedəndə sanki Ermənistana gedib düşürmüşük kimi bir hiss yaranırdı bizdə. Hətta idarələrin üstündə adlar erməni, rus dilində yazılardı. Ermənilərin qəhrəmanlarının heykəlləri kəndin mərkəzində düzülərdi. Hara gedirdin erməni dilində danışırdılar. Çox az azərbaycanlı yaşayırdı orda. Şuşanın mərkəzində də erməni sovet ittifaqı qəhrəmanlarının heykəlləri qoyulmuşdu və bu mənə pis təsir edirdi. Ancaq onu deyim ki, atama qarşı hörmətlə yanaşırdılar. Düzdür o millətin içində bir paxıllıq, kibr vardı, ancaq o vaxt biruzə vermirdilər.

“Kaş bu yuxularım çin olardı”

Axırıncı dəfə Şuşada 1979-cu ildə, atam rəhmətə gedəndə oldum. Atamsız Şuşanı heç cür təsəvvür edə bilmirdim. Ora gedəndən Bakıya qayıdana qədər ağladım. Şuşa mənə dar gəldi, özümü birdən-birə çox pis hiss etdim. Ondan sonra mən Şuşaya getmədim. Ancaq bu gün Şuşaya getmədiyim üçün peşimanlıq hissi keçirirəm.

Şuşanın işğal xəbərini eşidəndə çox pis oldum, hətta bir il Şuşaya yas saxladım. Hər gün ağlayırdım. Elə bilirdim ki, bütün dünya dağılıb altında qalmışam. Çünki heç vaxt ağlıma gətirməzdim ki, biz Şuşanı itirə bilərik. Ölmədən Şuşaya qayıtmaq, o yerləri bir də görmək ən böyük arzumdur. Mən tez-tez yuxuda Şuşanı görürəm. Kaş bu yuxularım çin olardı.

Günel Musa

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm