Azərbaycanlı aktrisa güllələndi - FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Azərbaycanlı aktrisa güllələndi - FOTOLAR

Həmsöhbətimi “Könlüm keçir” layihəsinə dəvət edəndə razılığını bu məşhur misralarla bildirdi:

Könlüm keçir, Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi.

Qarabağın şikəstəsi. Onunla uzun illər fəaliyyət göstərdiyi Şuşa Dövlət Musiqili Komediya Teatrında görüşdük. Əməkdar artist Şükufə Musayevanı deyirəm. Çoxları bu şuşalı qızını vaxtilə döyüş bölgələrində vuruşan igid döyüşçü kimi xatırlayır. Bəli, qanlı döyüşlərdə zərif libaslarını çıxarıb əsgər şineli ilə əvəzləyən bu qəhrəman Şuşa gözəli həmin vaxtda ermənilərin anasını ağlatdı. Amma özü də az göz yaşı tökmədi. Elə müsahibə verdiyi zaman onun dolub-boşalan yaşıl gözlərinin kədərini həzm eləmək mənə də asan olmadı. O, danışdıqca hiss edirdim ki, Şuşadan aralıda olsa da, Şuşa onun büsbütün varlığına hopmuşdu.

“Kaş Şuşada cəsədimi qurd-quş parçalayaydı, amma...”

“Gözəl günlərim Şuşada qaldı. Mənim sonuncu dəfə Şuşadan çıxmağım döyüşə getməyimlə bağlı oldu, yoxsa mən Şuşadan heç vaxt çıxmazdım. Elə ölüb orda qalardım. Mənim üçün heç fərqi də olmayacaqdı, cəsədimi qurd-quş parçaladı, ya necə oldu. Bircə onu biləcəkdim ki, Şuşa torpağına qovuşmuşam. Amma nə yazıq ki, o xoşbəxt ölüm taleyimə yazılmadı. Buna görə sonralar özümü çox danladım”.

“Şuşadan son çıxmağım elə oldu”

“O vaxt könüllü dəstələr yenicə yaranmağa başlayırdı ki, Şuşanı müdafiə etsinlər. Mən də o dəstəyə qoşuldum. Mən o dəstənin tərkibində Laçına ana Kirsə yollandım. Ana Kirs uğrunda döyüşlərdə iştirak etdim. Şuşadan son çıxmağım elə oldu”.

“Bu qanlı döyüşləri filmlərdə görmüşdüm”

“Mənim könüllü döyüş batalyonuna qoşulmağıma evdə etiraz edən olmadı. Hətta bacılarım dedilər ki, Şükufə, əgər bizim uşaqlarımız olmasa, biz də sənə qoşulardıq. Onu da deyim ki, mən Şuşa uğrunda gedən döyüşlərdə iştirak edənə qədər döyüş, qan-qada barədə məlumatsız idim. Bu qanlı döyüşləri filmlərdə görmüşdüm, bir də kitablarda oxumuşdum. Şuşanın o bəxtəvər günlərində heç ağlımın ucundan da keçməzdi ki, belə bir zaman gələcək, Şuşanın başını təbiətin dumanı deyil, top-mərmilərdən çıxan qara tüstü bürüyəcək. Uşaqlıq abi-havasında gözəl duyğularla, xoş arzularla yaşayırdıq. Çal-çağır havasındaydıq. Bakıdan sənətkarlar, aktyorlar, musiqiçilər yığışıb Şuşaya gələrdilər, festivallar, mədəniyyət tədbirləri keçirilərdi. Cıdır düzündə qurulan məclislərin səsi dağlarda əks-səda verərdi”.

“Cıdırda xarıbülbülü öz əlimlə dərmişəm”

“Şuşanın gözəlliyini vəsf eləmək mümkünsüzdür. Çünkü Allah-Təala o yerləri o qədər gözəl yaratmışdı, deyərdin ki, ayrıca qələmlə çəkilib. Bax elə gözəlliklərə malik idi. Cıdır düzü bizim demək olar ki, oylağımız idi. Orta məktəbdə oxuyanda bədən tərbiyəsi müəllimimiz bizi yığıb ora aparardı, idman dərslərini Cıdırda keçərdik. Mən Cıdırda öz əlimlə xarıbulbül gülünü dərmişəm, onun ətrini ciyərlərimə çəkib iyləmişəm”.

“Bunu bilsəydim, elə səhnədə havalanardım”

“Şuşada ilk addımlarımı atmışam. Məni harda itirsəydilər, İsa bulağında, Cıdır düzündə tapardılar. Bunu hər kəs bilir ki, Şuşa camaatı çox müasir idi, teatra, kinoya getmək onlarda bir ənənə idi. Qızların tetra-kinoya getməsinə də pis baxmırdılar. Hamı gedib bilet alır, filmə baxırdılar. O vaxt Şuşa sovetlər məkanında çox məşhur idi, hər yerdən Şuşaya turistlər axışıb gəlirdi. Mən də həmin vaxt teatrda işləyirdim, tamaşalarda oynayırdım. Xoşbəxt aktrisa idim onda, hələ torpağım erməni işğalında deyildi. Bəlkə də nə vaxtsa belə olacağını bilsəydim, elə səhnədə havalanardım”.

“Hamısı Şuşada qaldı, birini də götürə bilmədim”

“Şuşanın qatı dumanları vardı, o dumanda itib-batırdın. Şuşanın qarı, şaxtası burdakı kimi deyildi. O buzun üstündə o qədər sürüşüb, yıxılmışam ki. Çox gözəl havası vardı. Mən Bərdəyə dayımgilə gələndə rəngim boğulurdu. Amma Şuşaya qayıdanda rəngim o saat açılırdı. Şuşanın havası belə gözəl idi. Şuşanın özündə yaşayırdıq biz, Mədəni-maarif texnikumunun yaxınlığında qalırdıq. Texnikumda oxuduğum vaxtlarda çoxlu şeirlər yazmışdım, şəkillər çəkdirmişdim, hamısı Şuşada qaldı, birini də götürə bilmədim.

İlk dəfə mən Şuşada od-alovu 1988-ci ildə gördüm. Onda hadisələr yeni-yeni başlayırdı. Bir də gördük ki, qışqırıq, haray səsləri gəlir. Gördüm ki, üstümüzə od yağır, fişənglər atılır. Onda aləm bir-birinə dəydi, hamı sanki yuxudan ayıldı. Müharibənin qasırğası başlanırdı deyəsən”.

“Çapalaya-çapalaya gözümüzün qarşısında öldü”

“Mən ilk dəfə Şuşada dəhşətli faciənin şahidi olanda həqiqəti anladım. Anamın dayısı oğlu vardı-biz ona dayıoğlu deyərdik, Şuşada oxuyurdu, Həmkarlar İttifaqının sədri idi, gözəl səsi vardı. Elə özü də çox yaraşıqlı bir oğlan idi. Həmin vaxt Cıdır düzündə yol kəsilmişdi, ümumiyyətlə, hadisələrlə bağlı yollar bağlı idi. Hamı Şuşadan digər rayonlara vertolyotla gedib-gəlirdi. Dayım oğlu vertolyotla Bərdəyə getmək istəyirmiş. Elə dayandığı yerdə vertolyot aşağı enərkən, onun başını kəsib aparmışdı. Mənim ilk ağrım onda başladı. Mən o hadisəni öz gözümlə görmədim, onda işdə idim. İş yoldaşlarım gəldilər ki, bəs Elsevər adlı bir oğlanın vertolyot başını aparıb. Dedim ki, kim, Elsevər? Cavab verdi ki, hə, başı getdi, qan fışqırdı, çapalaya-çapalaya gözümüzün qarşısında öldü. Dedim ki, ola bilməz, yalan danışırsınız. Gedib gördüm ki, doğrudan da dayım oğlunun başı bədənindən ayrılıb. O müsibəti gözümlə görəndən sonra döyüşə getməyə qərar verdim”.

“O qədər ölən vardı ki, meyidlər üst-üstə qalaqlanmışdı”

“1992-ci ilin mart ayı idi, mən pasportuma şəkil götürəcəkdim. Şəkil çəkdirdiyim vaxt bir onda gördük ki, yer-göy titrəyir. Elə bil otaq başımıza uçacaqdı. Şəkilçəkən kişi yazıq qorxusundan stolun altına girdi. Mən ona dedim ki, qorxmayın, qorxmayın, keçdi artıq. Şəkli götürüb gələndə gördüm ki, hamı qışqıra-qışqıra qaçır. Gördüm bir nəfər çiynimə vurur ki, nə durmusan, qaç, qaç. Çönüb baxanda gördüm ki, Mədəni-maarif texnikumunda mənə dərs deyən müəllimimdir. Dedim ki, müəllim, siz gedin, mən gəlirəm. Özümə sığışdırmırdım qaçmağı, hansı ki, ölümlə göz-gözə idik. Qrad insanları biçirdi. O qədər ölən vardı ki, meyidlər üst-üstə qalaqlanmışdı”.

“Daşaltıda 10 nəfəri birdən aparıb basdırdılar”

“Daşaltı hadisəsində 10 nəfəri birdən aparıb basdırdılar. Od-alovun içində artıq məni saxlamaq mümkün deyildi, mütləq döyüşməliydim. Həm də elə bir ərəfə idi ki, Şuşada döyüşmədən qalmaq mümkün deyildi. Hər gün mərmi, top atırdılar, evlərin şüşə-pəncərələri çilik-çilik idi. Yadımdadır ki, dizə qədər qar yağmışdı, mən də həmin vaxt pəncərələri dağıdılmış evdə qalırdım. Evdə bir bağlı yer var idi, o da hamam. O hamamdadakı vannanın üstünə taxta qoyub yatırdım. Çünki ev darmadağın idi. Bundan sonra mən artıq döyüş paltarı geyindim və silah-sursata sarıldım”.

“Gördük Şuşa yanır, tüstü ərşə qalxıb”

“Şuşa işğal olunanda mən orda deyildim, yoxsa son nəfəsimə qədər vuruşub orda qalardım. Mən onda Laçın rayonunun ana Kirs dağında idim. Aman Allah, bir onda gördük ki, Şuşa tərəfdən duman-çiskindi, göz-gözü görmürdü. Uşaqlar qışqıra-qışqıra gəldilər ki, bəs Şuşa işğal olundu. Komandirimiz dedi ki, bəs ola bilməz Şuşa işğal olunsun, təxribat aparmayın. Amma yalandan təsəlli verməyin xeyri yox idi. Çünki Şuşa yanır, tüstü ərşə qalxıb. Ağlaşdıq… (Şükufə elə hönkürtü ilə ağladı ki, elə bil Şuşa indicə işğul olunmuşdu).

Aradan çox keçmədi ki, ermənilər bizə də hücum elədi. Ana Kirsdə qanlı döyüşlər oldu. Biz hücumun qarşısını alanda bizə kömək gəldi. Həmin vaxt batalyonumuzda 36 erməni əsiri vardı”.

“Yanımda o qədər oğlan parça-tikə oldu ki...”

“Yanımda o qədər oğlan parça-tikə oldu ki… Heç yadımdan çıxmaz, yanımda bir oğlan güllə yarasından axan qan nəticəsində dünyasını dəyişdi. Gözümüzünün qabağında oğlanları qan apardı. Özüm Ağdərədə Sərsəng uğrunda gedən döyüşlərdə ağır yaralandım. Çoxlu yaralı və ölən vardı. Qan gözümüzü tutmuşdu, ölüm bizi qorxutmurdu. Əvvəl yaralıları çıxardıq, sonra ölənləri BMP-yə qoyanda bizi vurdular. Həmin vaxt 8 nəfər ağır yaralandıq. Sonra dedilər ki, iki nəfər də şəhid olub. Çünki mən onda özümdə olmamışdım. Bir onu bildim ki, mənə istilik gəldi, keyidim. Onu bilirəm ki, kamandir, kömək edin, uşaqlar yandı-deyib qışqırırdım. Elə bunu deyib özümdən getmişəm”.

“Məni ayılda bilmirlərmiş”

“Bir onda ayıldım ki, qarşıda nəsə yanır. Döyüşçülər mənə dedilər ki, səni dərənin dibindən tapmışıq. Onların dediyinə görə, üzlərinə gülümsəyib, yıxılmışam. Sən demə, məni ayılda bilmirlərmiş. Xəstəxanayacan da gətiriblər məni. O yadımdadır ki, ətrafımda çoxlu insanlar görürdüm, amma onlara reaksiya verə bilmirdim. Görürdüm ki, komandirim əlimdən tutub qaldırır, qaldırdıqca da boşluğa güllə dolur. Gözümü açanda dedilər ki, Allah sənə şükür, ayıldı. O vaxtdan zədə aldım”.

“Yuxuma girir Şuşa”

“Şuşa yuxuma çox girir. Bir şeirimdə də bunu yazmışam. Ürəyim doludur, sən Allah, qoy birini söyləyim, yaz.

İçimdə dərd, gözümdə qəm,

Ürəyimdə fəryad, büsbütün bədənim od içində,

Durmuşam yol içində.

Sağa dönürəm, yanıram, sola dönürəm, yanıram.

Qışqırıb ağlayıram,

Yadıma düşür o ellər, qadıma düşür o günlər,

Haraylayıb çağırıram,

Qaçıram o yana, qaçıram bu yana

Kömək istəyirəm,

“Xilas edin”-, deyirəm

Qoymayın, yanıram, ölürəm.

Büsbütün Qarabağ üçün ölürəm.

Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Fizuli,

Büsbütün Qarabağ üçün ölürəm.

Hər gün gözəl yurdları yuxuda görürəm.

Görürəm bulaqlarında yuyunuram,

Güllərinin-çiçəklərinin içində oynayıram,

Torpaqlarımı qucaqlayıb öpürəm, öpürəm.

Öpürəm yuxuda görürəm.

Durub özümü döyürəm.

Deyirəm yuxuda Vətəni görürəm,

Görürəm o da ağlayır için-için,

Yaman günə düşübdü, yanıbdı-talanıbdı büsbütün,

Bulaqları kor olub, gülləri quruyubdu,

Gözəlləri yox olub, igidləri məhv olub,

Ürəyindən qan axır, Vətənimin ağlayır,

Yalvarıb-qışqırıb qoynuna al məni deyirəm,

Ürəyinə məlhəm olum deyirəm

Küsüb inciyib uzaqlaşır məndən,

Düşüb ayaqlarının altına yalvarıram

Al qoynuna deyirəm,

Əl uzadıram əl uzadır, əlimiz çatmır bir-birinə.

İstəyimə qovuşa bilmirəm.

Yuxudan qışqırıb oyanıram.

Bu həsrətdən cana doyuram.

İstəyirəm boğam əllərimlə özümü

Dururam, düşünürəm,

Yox, o yurd mənimdir, o məskən, o el mənimdir

Buna görə yaşayıram, buna görə ölmürəm,

Ölmürəm burda mən, ölmürəm burda mən

O yurd mənimdir, mənim də olmalıdır”.

“Qulağıma Şuşadan səslər gəlir”

“İndi də qulağıma Şuşadan səslər gəlir. Sanki ruhlar uğuldayır, qışqırır, “qoymayın məni düşmən əlində”-, deyirlər. Bu saat da Şuşanı düşünürəm, deyirəm bəlkə də indi Şuşada əvvəlki kimi güllər bitmir. Əsirlikdə olan torpaq necə olar? Şuşanın gülünü-çiçəyini şuşalılır dərərdilər, indi kim dərəcək o gülləri?”

Cəvahir Səlimqızı

Foto: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm