Azərbaycanlı aktyor avtomobil qəzası keçirdi - FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Azərbaycanlı aktyor avtomobil qəzası keçirdi - FOTOLAR

“Könlüm keçir”-in bu dəfəki qonağı Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Azad Məmmədovdur. Söhbətə çətinliklə razılaşdı. “Mənə Şuşasız Şuşa haqqında danışmaq çox ağrılıdır”, - deyib, siqareti siqaretə caladı. Onu razı salmaq üçün xeyli dil tökməli oldum. Güclə yola gətirdiyim müsahibim ara-sıra dolan gözlərini məndən gizlətməyə çalışdı. Amma, artıq gec idi.

Allahu Əkbər sədaları altında açılan səhərlər

“Şuşanın Mamayi deyilən məhəlləsində dünyaya göz açmışam. Göz açıb evimizdə Allahu Əkbər sədaları eşitmişəm. Babam, nənəm, böyüklər hamısı dinə, Allaha bağlı insanlar olub. Atam çox mühafizəkar idi, heç vaxt bizi döyməzdi, amma bir baxışı kifayət edərdi ki, özümüzü yığışdıraq”.

Çilik-çilik olan xatirələr

“Bütün cavanlığım Şuşada keçib. Amma indi fikirləşirəm ki, elə bütün həyatım Şuşada keçib. Şuşadan kənarda, burda - Bakıda Şuşadan danışmaq mənə çox ağırdır. Danışacağam e, amma bilirəm ki, bəzi məqamlara çatanda xatirələrim orda çilik-çilik olacaq. Sən Allah, nədən istəyirsən danışaq, amma Şuşadan danışmayaq. İstəmirəm yaramın üstünə köz basasan”.

“Qardaşım mənə xəbər yolladı ki, gəl, vəziyyət çox pisdir”

“Şuşadan çıxanda cavan oğlan idim, düz 28 yaşım vardı. Mart ayı idi. Onda mən Bakıda Mədəniyyət və İncəsənət universitetində sessiyadaydım. Qiyabi təhsil alırdım. Onda artıq Şuşa camaatının bir hissəsi Ağdama yığışmışdı. Mənim də bacılarım və qardaşımgilin ailəsi Ağdamın İmamqulubəyli kəndinə gəlmişdilər. Qardaşım mənə xəbər yolladı ki, gəl, vəziyyət çox pisdir. Atamla-anam Şuşadan çıxmaq istəmirdilər. Çünki onlar doğulduğu torpağa çox bağlı insanlar idi. Amma vəziyyət dözülməz idi, Şuşanın başı özünə qarışmışdı. Mən orda qardaşımla gedib atamla-anamı da götürüb İmamqulubəyliyə gəldik”.

“Anam ağı deyib ağlayırdı”

“Yadımdadır ki, mən Ağdamda olanda maşın qəzası keçirdim və bir müddət kastellə gəzdim. Elə təzəcə kasteli tullayıb həyətə hava almağa çıxmışdım. Evə qayıdanda gördüm ki, hamı radionun başına yığışıb ağlaşır. Mən kasteli atdığım gün mayın 8-i idi. Həmin gün radiodan xəbər yayıldı ki, bəs Şuşa alınıb. Allah, camaatın o müsibətini gözlə görən olsaydı, dəhşətə gələrdi. Həyatımda elə faciə görməmişdim. Anam ağı deyib ağlayırdı. Onun gözlərindəki o nisgili, o fəryadı ömrümün sonuna qədər unuda bilmərəm. Heç cürə təsəlli verə bilmədik anama. Təsəlli verib nə deyəsiydik ki…”

“Şuşaya son gedişim”

“Amma Şuşa alınmamışdan qabaq mən Bakıdan evimizə gəzməyə getmişdim. Televizor diliylə desəm, həmin vaxtlarda nisbi sakitlik hökm sürürdü. Heç ağlımıza da gəlmirdi ki, bir-iki aydan sonra Şuşa alınacaq. Bəlkə də bilənlər bilirdi e, amma bu həqiqəti həzm etmək istəmirdik. Buna görə də, Şuşadan çıxmaq üçün heç bir ailə tədarük görmürdü”.

Şuşada qalan tut ağacı

“Çox böyük həyətimiz vardı, yamyaşıl. O həyət mənim üçün hər şey idi. Bəzən anamgil deyirdilər ki, niyə sən gedib gəzmirsən Cıdır düzündə, nə bilim İsa bulağında. Mən həyətimizə elə meyl salmışdım ki, o ağacların dibində uzanıb seyrə dalanda elə bilirdim elə Cıdır düzündəyəm, əyilib İsa bulağından su içirəm. Cənnət deyilən bir yer vardısa, elə bilərdim həyətimizdir. Çox sevdiyim bir tut ağacı vardı həyətimizdə, xar tut deyirdik. O ağacın altında gecəyarısına qədər uzanıb Qara Qarayevin, Fikrət Əmirovun simfoniyalarını dinləyirdim. Öz əlimlə həyətin düz ortasına elektrik çəkmişdim. Cavan uşaq idim, o tut ağacının yarpaqları arasından boylanan ayı görüb daha da romantikləşirdim. Başımda cürbəcür xəyallar quraşdırırdım”.

“Dünyanın ən böyük prospekti, Meydan-bazarbaşı”

“Həyətimizdə iki sal daş vardı. Biri çöl darvazanın ağzında, biri həyətimizdə idi. Mənim bir əmimoğlu var, Valeh. Onun bir sözü var, deyirlər burda qafiyə pozulur, amma elə yer var, orda qafiyə gözləmək lazım deyil. Hə, onun bir sözü var, mən o sözləri Şuşa haqqında deyilən ən böyük kəlamlardan biri kimi qəbul edirəm.

Səkisinin hər daşı,

Bir arzumun baş daşı,

Dünyanın ən böyük prospekti,

Meydan-bazarbaşı…”

“Meydan bulağında dağılan xatirələr”

“Ora elə yer idi ki, beş dəqiqəyə çatmaq olardı. Elə bil Şuşa məscidindən Mədəniyyət evinin qarşısına qədər. O baş bu baş o qədər gəzirdik ki, ora ən böyük prospekt kimi gəlirdi adama. Məscidin qabağında Meydan bulağı vardı, tez-tez ora gedərdik. İndi bunları sənə danışıram, elə bilirəm bu saat havalanacağam. Çünki danışıram o xatirələr burda dağılır, çilik-çilik olur. Çünki xatirələrimin də mizanı pozulub”.

“O ağacları hər gün beynimdə sayırdım”

“Mən fikirləşmirəm ki, evimiz dağıdılıb. Heç bu barədə xəbər də almamışam heç yerdən. Evimiz ara məhəllədə yerləşirdi. Hesab edirəm ki, o ev durur. Düzdür, o ev o qədər də kamfortlu deyildi, amma həyət-baca eləydi ki, inanmıram oranı boş qoysunlar. Üç tut ağacımız vardı, biri qara tut idi. Gilənar ağacı, alça, qoz, armud, Rusiyət alçası deyilən kol vardı. Daima moruq, böyürtkən olardı həyətimizdə. Bakıya təzə-təzə gəldiyim vaxtlarda o ağacları hər gün beynimdə sayırdım.

Şuşada artıq bir ənənə halını almışdı, hər halda mən gözümü açıb belə görmüşdüm. Hər ailədə mütləq ən azı bir nəfər musiqi məktəbinə gedirdi. Musiqiyə çox böyük maraq vardı. Tək-tük ailə olardı ki, orda uşaqlar musiqi məktəbinə getməsinlər. Amma həmin ailələrdə də musiqi təhsili olmasa da, uşaqların gözəl səsi olardı. 1984-cü ildə Şuşa orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin kamança sinfinə daxil olmuşdum”.

“Allah bu xoşbəxtliyi məndən alıb”

“Ümumiyyətlə, heç vaxt yuxu görmürəm. Lap əvvəldən. Amma, Şuşadan çıxandan sonra gecə-gündüz Allaha yalvarırdım ki, yuxu görüm, Şuşanı yuxuda gəzim-gəlim. Görüm o yerlər indi necədir, evimiz, məhəlləmiz, altında aya boylandığım tut ağacımız indi neyləyir? Allah bu xoşbəxtliyi məndən alıb ki, mən o yuxulara da həsrət qalmışam”.

“Şuşanın Azərbaycan teatrı”

“Şuşada çox doğmalarımın, dostlarımın qəbri qalıb. Mənə ağırdır onları xatırlamaq. Adi bir filmə baxanda, hansısa bir musiqini dinləyəndə o saat xatirələr məni qamarlayıb aparır o yerlərə. Deyirəm, hə, bu musiqiyə filan vaxt filan ağacın altında uzananda qulaq asmışam, bu kinonu göstərəndə televizorun az qala içinə girirdim və s. Şuşada Vaqif, Azərbaycan kinoteatrı vardı, cavanlar yığışıb tez-tez o kinoteatrlara gedərdik, ən təzə çıxan filmə orda baxardıq”.

“Ay mənim lal məhəbbətim”

“Bütün günü cavanlarla Meydan bazarına yığışıb söhbətləşərdik. Sənətdən, musiqidən, kitablardan. Sevdiyim qız da vardı, amma mənim məhəbbətim lal idi. Qız onda Mədəni-maarif texnikumunda oxuyurdu, biz bir yerdə teatr truppasında məşqlər edərdik. Mən sadəcə olaraq onu görürdüm. Heç o qız bunu bilmədi də. Uzun illərdən sonra bunu biləndə çox təəccübləndi”.

“O təsəlliylə yaşamasaydı, ürəyi həmin gün partlayıb ölərdi”

“Ata-anam üçün Şuşadan çıxmaq faciə idi. Bu ağırlığı həzm edə bilmirdilər. Hərdən deyirlər ki, dünya malı dünyada qalacaq, amma mən deyirəm ki, dünya malı Şuşada qalacaq. Atamgil dişləri-dırnaqları ilə qurub-yaratdıqları o evi-eşiyi, o torpağı qoyub gəldiklərinə görə, ömürlərinin sonuna qədər peşman oldular. Dedilər ki, gərək biz elə orda qalıb, orda öləydik. Elə rəhmətə gedəndə də Şuşa həsrətiylə dünyadan köçdülər. Atamgilin sözünün əvvəli də Şuşa idi, axırı da. Elə danışırdılar ki, deyərdin elə, bu saat Şuşadakı məhəlləmizdədirlər, hansısa ağacın altında xalça sərib oturublar. Sanki anam bu saat süfrə açacaq, bişirdiyi yeməyi qazanqarışıq ortalığa gətirib, hamımıza pay çəkəcək. Anam o təsəlliylə yaşamasaydı, bəlkə də ürəyi həmin gün partlayıb ölərdi. Elə o təsəllilər biraz ömrünü uzatdı valideynlərimin”.

“Şuşa çoxdan küsüb bizdən”

“Bu saat evimizdə, həyətimizdə ağacların altında uzanıb ay işığında Fikrət Əmirovun şur simfonik muğamına qulaq asmaq istərdim. Amma yox, daha istəmirəm… Çünki üzüm yoxdur. Hansı üzlə biz Şuşaya qayıdacağıq. Şuşa çoxdan küsüb bizdən”.

“Yayda evimiz o palazın üstü olardı”

“Yay olanda evə ancaq yatmağa girərdik. Səhərdən axşama qədər anam palaz sərərdi, üstündə oturardıq, uzanardıq, yatardıq. Yayda evimiz o palazın üstü olardı. Hər il qışdan sonra, peç götürülər, ev əhənglə ağardılardı. Adət idi bu. Mən də anama kömək edərdim bu işdə. Yaza əməlli-başlı tədarük görülərdi. Söz vaxtına çəkər, indi Allah bilir orda yaz hansı gözəlliklə gəlib. Bəlkə də qar hələ əriməyib. Oraların qarı hələm-hələm əriməzdi. Bəlkə də Novruz gülləri qarın içindən boylanır”.

“Dizəcən yağan qar”

“Qulağımda elə səslər qalıb ki, indi də gözümü yumsam, elə bilərəm Şuşadayam. Məsələn, İsa-musaq quşunun oxuması… Qış vaxtı dizəcən qar yağardı. Üzü yaza gələndə o qarın içindən göy güllər boylanardı. Ağappaq qarın içindən o gömgöy çiçəklər adamın ağlını başından alırdı. Həyətimizdə əyri ərik dediyimiz bir ağac vardı, ağac o qədər əyilmişdi ki, asanlıqla üstünə çıxıb at kimi çapırdıq. Uşaqlıqdır də… Bizim üçün ağacların başına çıxmaq çox əyləncəli idi. Anamgil həmişə tut yığıb doşab, sirkə düzəldərdilər, qızılgülün ləçəklərindən mürəbbə bişirərdilər. Biz də kənardan durub onlara tamaşa edərdik. Görürsən qatıb-qarışdırıram, xatirələrim burda qırılır, orda başlanır”.

“”Ərimgəldi”də etdiyimiz söhbətlər”

“Elə bilirəm həyətimizdəki bütün ağaclar durur, qurumayıb. Xar tutumuz vardı, onu çırpıb bütün qonum-qonşulara pay verərdik. Məni hardan itirsələr, o tutun başında tapardılar. Şuşada Ərimgədi deyilən bir yer vardı, dostlarla tez-tez ora gedərdik. Əslində Canaqqala idi, el arasında Ərimgəldi deyirdilər. Bunun da səbəbi vardı. Yüksəklik idi, ordan Şuşaya giriş yolu görünürdü. Cavan gəlinlər orda oturub ərlərinin yolunu gözləyərmişlər. Bir də görərmişlər ki, kimsə atla gəlir, qaçıb deyərmişlər ki, ərim gəldi. Əmimoğlu Mahirlə gedərdik ora həmişə.

Dərd bəslədim dərd içində

Dərdim oldu dərd biçimdə

Səslə məni dərd köçündə

Dərd çəkməyə sarvan olam”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm