Gürcü prezidentin "Şöhrət" ordeni verdiyi azərbaycanlı qadın - Fotolar
Bizi izləyin

Könlüm keçir

Gürcü prezidentin "Şöhrət" ordeni verdiyi azərbaycanlı qadın - Fotolar

“Könlüm keçir”də bu dəfə söhbətləşdiyim Başkeçiddən olan şairə xanım, "Aşıq Pəri" məclisinin ilk yaradıcısı, Şevarnadzenin "Şöhrət" ordeni ilə təltif etdiyi 11 kitab müəllifi Səadət Butadır.

Başkeçidin şairə Butası…

“Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndindənəm. İndi Dumanisi adlanır, amma elə biz dədə-babadan Başkeçid kimi tanımışıq deyə hamılıqla o yerləri Başkeçid kimi təqdim edirik. Bizim tərəflərin özlərinə məxsus adət-ənənələri, eləcə də xüsusi qeyd etdikləri mərasimlər var. İndinin özündə də o mərasimlər yaşadılmaqdadır. Məsələn, Başkeçid camaatı binei-dövrdən Məhəmməd Peyğəmbərin (s) doğum gününü qeyd edirik. Buna mövlud da deyilir. Deməli, mövlud ayı başlanan gündən Başkeçid camaatı bayram edər, bir-birləri ilə bayramlaşarlar. Həmin mərasim zamanı meyxanaların deyilməsi də bir ənənədir. Seyid Nigarinin gözəl şeirləri deyilər, musiqi üstə avazla oxunar. Bunlara ilahilər də deyilir. Ta sovetin vaxtından mən bu ilahilərə vurğun idim. Mövlud bayramında oxunan bütün musiqilər, deyimləri əzbərdən bilərdim”.

Şindi dağında görülən yuxu

“Elə bu ilahilərin təsiri altında da bir möcüzə baş verdi və mənim həyatım büsbütün dəyişdi. Söhbət gedir mənim beşinci sinifdə oxuduğum vaxtlardan. Bir dəfə gecə yatdım və möcüzə ilə qarşılaşdım. Yaradıcılıq aləminə qədəm qoymağım da elə o yuxudan başlandı. Qəribədi, mən deyərdim ki, ilahi bir yuxu gördüm. Gördüm ki, Şindi dağının başındayam, susuzluqdan da yanıram. Şindi dağının da başında Pirtəpəsi deyilən dini məkan var, hansı ki, bizim yerin camaatı üçün Pirtəpə inam yeridir. Orda qurbanlar kəsilir,nəzirlər gətirilib paylanır. Yuxuda gördüm ki, ordayam, su axtarıram. Ora da çox güllü-çiçəkli bir yerdir. Bu gül-çiçəyin arası ilə qaçıram ki, bulaq tapıb su içim. Elə doğrudan dao məkanda İmirqızı deyilən bir bulaq var. Yuxuda əyilib su içmək istəyəndə bir əl uzandı mənə sarı, ovucunda da dümağ su. Mən o suyu içdim-içdim, başımı qaldıranda gördüm ki, nurani kişidir məndən doyub-doymadığımı soruşur. Dedim ki, doydum. Elə yuxudaca Şindi dağına bir şeir yazdım. Səhər ayılanda yasdığımın altını gəzdim ki, görüm bu şeiri hara qoymuşam. Məndən böyük qardaşım soruşdu ki, nə gəzirsən? Dedim ki, şeir yazmışam onu axtarıram. Xəbər aldı ki, yadında qalıbmı? Elə əzbərdən söylədim, o da kağıza yazdı”.

Oktyabr şeiri və uğurun təməli

“Qabaqdan da Oktyabr bayramı gəlirdi. Qardaşımın istəyi ilə oktyabra aid bir şeir də yazdım.

Oktyabr adı ilə fəxr edirik biz,

Heyrandı hüsnünə qaca əsrimiz,

Xariqə yaradır cavan nəslimiz,

Bizi bu günlərəyetirmisən sən.

Rəssamın fırçası, şairin qələmi,

Bəzəyir sevinclə bizim aləmi.

Sildin ömrümüzdən qüssəni,qəmi,

Dünyaya səadət gətirmisən sən.

Qardaşım bu şeiri yazıb məktubla “Pioner”, bir də rayon qəzetinə göndərdi. Məktəbə cavab məktubu göndərdilər ki,bu, beşinci sinif şagirdinin təfəkkürü ola bilməz, bu uşaq möcüzədir. Burdan da müəllimlərim gəlib məni direktorun otağına apardılar. Məni sorğu-sual etdilər, dedilər ki, birdən hardansa bu şeiri köçürərsən, bizi biabır edərsən ha! And içdim ki, şeiri özüm yazmışam. Ədəbiyyat müəllimim məni ruhlandırdı ki, yaz, mən sənə dəstək olacağam. Bununla da başladım şeirlər yazmağa. O vaxtlar da qoşma, gəraylı-bir sözlə aşıq şeirndə yazanları qəbul etmirdilər, qabağa çəkmirdilər. Şeirin yeni növünü axtarırdılar. Mən aşıq şeirindən çıxa bilmirdim”.

Bir şeirə görə yazılan 200 məktub

“Bizdə mis qabların, xəncərlərin, qədim nümunələrin üzərində buta şəkilləri əks olunurdu. Mən o butaları çox sevirdim. Qabları sürtüb parıldadıb öpürdüm. Onda da artıq çox məşhur idim. "Sovet Gürcüstanı" qəzetində şeirlərim çap olunurdu. Bir şeirimə görə azı 200 məktub alırdım. Hətta Tayqa meşələrindən əsgər mənə məktub yazmışdı. Bir gün qardaşım mənə dedi ki, mən sənə buta ləqəbi qoyuram, indən belə səadət Buta kimi tanınarsan. Buta həm də aşıq şeirində, yuxularda nişanə kimi qəbul olunurdu. Məsələn deirdilər ki, filankəsə yuxuda buta verilib”.

Qarabağla eyni olan Başkeçidin təbiəti

“Qabaqlar yollar bağlı idi deyə doğma yerimizə az-az gedib gəlirdik. Qapılar bağlı idi üzümüzə. Sonralar Allah rəhmət eləsin ulu öndərimiz Heydər Əliyevə, o, bizə himayədarlıq etdi və Gürcüstanda bizə münasibət dəyişdi. İndi ürəiym istəyən vaxt gedirəm o yerlərə, yaylaqlara… Başkeçidin təbiəti misilsizdi, dilə sığışmır. O yerlərin hər otu, hər gülü, hər çiçəyi bir məlhəmdir. Bunı hər kəs bilir. Mən sovetin vaxtında Şuşaya gəzməyə getmişdim. And içirəm ki, Başkeçidin təbiəti Qarabağla eynidir. Suyundan, havasından doymaq mümkün deyil. Birdən elə bilərsiniz yurdumdur, elimdir deyə tərifləyirəm. Allaha and olsun, elə deyil, gördüyümü deyirəm. Başkeçid camaatından da bunu soruşub öyrənə bilərsiniz”.

Əyriqarın əriməyən qarı

“Başkeçidin bulaqları adnan deyilir. Soyuq bulaq, Daş bulaq, Qoşa bulaq, Sona bulağı-zansı birini deyim, suyundan içməklə doymaq olmur. Bir qoyunu ye, bir dolça suyu iç, heç nə hiss eləməzsən. İnsan kökəlmir də. Çünki su, hava o qədər təmizdir ki, insanın səhhəti də quş kimi yüngül olur. Dağlarımız, daşlarımız var ki, göz baxar, amma doymaz. Gürcülər Cavaxetiya yaylağı deyir, biz Battaqlı yaylağı-ora çıxan düşmək istəməz. Əyriqar yaylağı var ki,ilin on iki ayı orda qar əriməz. Şamdüyə yaylağı var ki,elə orda ölüb qalmaq istəyirsən”.

Başkeçidin dəli leysanı…

“Başkeçidin təbiəti hər an səni heyrətləndirər. Bir də görərsən dolu yağdı, duman gəldi, göz-gözü görmədi. Neçənci il idi ay Allah yadıma gəlmir, amma bir dolu yağdı ki, bütün Qızılkilsə kəndinin evlərinin damı-daşı qalmadı, dəlik-deşik elədi. Yazında-payızında dəli leysanlar yağar, qışın boranı sümüyə işləyər. Orda hər şey sanki Allahın bir möcüzəsidir.

Bizim yerin camaatı yayda yaylağa enər, qışda oylağa. Çoxu maldarlıqla məşğul olurlar. Eyni zamanda da kartof, taxıl əkərlər. Bizim yerin qadınları yığılıb xalça toxuyardılar. İməcilik deyilərdi. Bax biz yığılardıq, birinin evini təmizləyərdik, bərabər xalça toxuyardıq”.

“Hətta uşağı da oxşaya-oxşaya çağırıblar”

“Başkeçid camaatı çox mehriban olub. Hətta uşağı da oxşaya-oxşaya çağırıblar. Məsələn, uşağın adı qurban idisə, onu çağıranda belə deyirdilər:

Qurban olum Qurbana,

Yüyürüb gedər xırmana,

Xırman sular tutarlar

Balamı arxa atarlar,

Arxın suyusərindir

Balam baldan şirindir. Bax belə oxşamalarla zəngindir Başkeçid camaatının dili”.

Dədə Qorquddan qalma Dumanisi

“Bizdə bir Salam-məlik kəndi var. Orda sarvan dincəlirmiş. İrana, Türkiyəyə çıxış ordandır. Mən bu internetdən-zaddan başım çıxmır, qardaşım bu yaxınlarda mənə dedi ki, ən qədim insanın Başkeçiddən çıxdığı deyilir. Hətta Dədə Qorqudda da var ki, Qazan xan Gavuru tutdu, Tumanın qalasına saldı. Orda Tuman şəhər adı olub. Dumanisi şəhərindən söhbət gedir bəlkə də. Elə dilimiz, ləhcəmiz hamısı Dədə Qorquda sarı gedib çıxır.

Bizlərdə Xıdır Nəbi deyilən bir bayram var, hər il keçirərik. Qurban kəsilərdi, qovud qovrulardı, hamı həyəcanla gözləyərdi ki, görək bu gecə Xıdır Nəbi kimin qovuduna atının dırnağını qoyacaq, ya barmağını batıracaq. Buğdanı qovurub üyüdərdik-buna qovud deyərdik. Buğdanı qovuranda da yeddi qızın adına buğda atardıq saca hansı buğda tez atılsa, bilərdik ki, həmin qız bu il ərə gedəcək. Uşağın qarnı ağrıyanda da o qovuddan istifadə edərdidlər. Bəzən qovudda doğrudan da bir iz görünərdi,bunu həmin evin adamları bayram edərdilər. Bu da o demək idi ki, Xıdır Nəbinin atının dırnağı qovudda görünübsə, deməli o evə ruzi-bərəkət, xoşbəxtlik nəsib olacaq”.

“Bizim tərəflərdə nadir hallarda qız qaçırılardı”

“Başkeçid camaatının evlilik məsələsində də öz adətləri var. Məsələn, heç vaxt qızın özünə ər seçmək ixtiyarı yox idi. Hansı qız özü oğlan sevib ona qaçardısa ata-ana onu bağışlamazdı. Sevdiyin oğlan var idisə də, nəsil yığışıb məsləhətləşərdi. Məsələhət idisə, o oğlana qızı verərdilər. Bizim tərəflərdə nadir hallarda qız qaçırılardı”.

Zarıncı, Bəhmani, Dilqəmi, Mansuri, Sultanı...

“Bizim tərəflərdə aşıqsız toy olmazdı. Bu gecə aşıq dastan danışardı, ən şirin yerində dayanıb sabahı gözləyərdi. Bütün məclis səhəri günü aşığın dastanını gerisini gözləyərdi. İntizar içində toya yığışardılar. Hüsyen Saraclı Kərəmi Ərzurumda borana salırdı, səhəri gün hamı gözləyirdi ki, görən kərəm öldüm-qaldımı?Başkeçidin aşıqları ağır havaları ilə seçilib -Zarıncı, Bəhmani, Dilqəmi, Mansuri, Sultanı.. Mənə elə gəlir ki, aşıq havalarının belə ağır, kədərli olması qəribçilikdə olmağımız, başqa millət içində yaşamağımızla əlaqədar olub. Həmişə başımızda yad əlinin qapazı olub, öz yurdumuzda qərib olmuşuq. Borçalı Azərbaycanın bir qolu olub, bunu hamı da bilir ki, tarixən Borçalını bizdən veriblər”.

“Əmrah belə aşıq idi”

“Biz tərəflərdə Hüseyn Saraclı, Dədə Əmrah, Kamandar, aşıq Məhəmməd Sadaxlı, Xındı Məmməd kimi aşıqlarımız olub. Xındı Məmmədin Zarıncısını heç kim oxuya bilmirdi. Hətta danışırlar ki, aşıq Əmrah saz çalanda sanki nümayiş keçirilirmiş. Bütün millət yığılıb ora. Hətta büna görə gürcü raykom katibi qorxuya düşübmüş. Onu güclə sakitləşdiriblər ki, əşi narahat olma aşıq Əmrahdır saz çalır, camaat onun başına yığışıb. Kişi başına qapaz vurub ki, ə mən iclas keçirəndə beş adam yığa bilmirəm, bu nağayrıb ki, millət onun başına yığışıb. Deyir çağırın onu. Əmrah gəlib. Raykom deyib ki, çal bu sağı görək nə hikmət var bunda ki, camaatı yolundan eləyibsən. Əmrah belə bir möcüzə idi”.

“Bizim yerin Deyləkuçan meşəsi”

“Elə darıxırdım o yerlər üçün… Yaxşı ki, aralar açıldı, gedib-gəlirik. Gözəl yerlərdir e oralar. Bizdə Leyləkuçan meşəsi var, oranın misli-bərabəri vardı. Orda hansı nadir heyvanlar desən var.Allahın adtında bir gələrdin Başkeçidə, aparardım səni Leyləkuçan meşəsinə. Vaxtilə o meşələrdə sürü ilə marallar gəzərmiş. Gəlib çeşmələrdən su içərmiş. Belə bir hava da var - maral çeşməyə töküldü. Çobanlar o havanı zurnayla çalarmışlar, marallar da gəlib çeşmədən su içərmişlər. Onda maralları sağarmışlar. İndii də var orda maral, amma çox azdır”.

Qızılkilsənin kirvəlik adəti

“Bizim yerdə kirvəlik adəti var. Kirvəni də çox əziz, hətta qohumdan da yaxın tutarlar. İndi də o adət davam edir. Amma heyf ki, qədimdəki doğmalıq indi azalıb”.

Cəvahir Səlimqızı

Foto: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm