Seyran Səxavəti yazıçı edən dəhşətli olay - Fotolar
Bizi izləyin

Könlüm keçir

Seyran Səxavəti yazıçı edən dəhşətli olay - Fotolar

Tanınmış yazıçı Seyran Səxavətlə dərdləşirik “Könlüm keçir”də. Redaksiyamızın qonağı idi, hərə bir tərəfə çəkib sual yağışına tutur: Kəramət Böyükçöl bu dünyanın hardan gəlib hara getdiyindən, Rövşən ədəbi mühitdə olub-olacaqlardan…

Deyəsən, suallar da Seyran Səxavətin eynini əməllicə açmışdı. Çünki çöhrəsi, gözləri işım-işım işıldayırdı. Amma əlində olmayan, üni yetməyən, səsi çatmayan Fizulidən, dünyaya göz açdığı Yuxarı Yağlıvənddən və onu bu dünyada özünə tanıdan qəbristanlıqdan danışanda yazıçının siması büsbütün dəyişdi. Onun uşaq kimi ağladığını görəndə nə edəcəyimi, necə davranacağımı belə şaşırdım. Qonağımızı ağlatdığıma görə hətta utandım da. Belədə ki, utanası nə mən idim, nə də Seyran Səxavət…

“Üzün çöndər mənə tərəf, qoy mənim də yuxuma girsinlər”

“Yuxu sarıdan mənimki heç gətirməyib. Hamı deyir ki, kəndimizi bu gecə yuxuda görmüşəm, nə dərəcədə səmimidirlər onu deyə bilmərəm, amma buna görə onlara qibtə edirəm. Mən kənddən çıxandan bəri bir dəfə də olsun oralar yuxuma girməyib. Deyirəm bəlkə də məndən inciyib, küsüb. Ayrı nə fikirləşə bilərəm. Bəlkə də heç küsüb inciməyib. Nə isə, bu ağır şeydir. Mənim balaca qardaşım var, atamın sonbeşiyi olan Vaqif. Atam-anam, rəhmətliklər hər gecə onun yuxusuna girir. Bəzən Ziba nənəm, bəzən dədəm İsmayıloğlu Bəylər . O da zarafatı-zadı bilən uşaqlı e. Deyirəm ə, bunlar bir dəfə mənim yuxuma girməyiblər, neçə illərdir ki, onları mən itirmişəm. Onlar sənin yuxuna girəndə bir dəfə də üzün çöndər mənə tərəf, qoy mənim də yuxuma girsinlər. Amma girməyiblər yuxuma heç vaxt. Bununla belə onlar hamısı gözümün qabağındadır. Yuxu biraz dumanlı şeydir. Elə bil dağ başıdır, dumanda hər şey aydın görünmür axı. Amma onlar bax indi danışırıq, bu an gözümün qabağına gəldilər”.

“Bizlərdə bibiyə mama deyərdilər”

“Kəndimiz də gözəl kənd idi e… İçindən köndələn çay axırdı. Doğulduğum Yuxarı Yağlıvənd yeddi obadan ibarət idi, çox böyük kənd idi. Çox da ruzili kənd olub. Məsələn, camaat sizin İmişlidən gəlib bizim kənddən keçib dağa gedərdilər. Atamın orda çoxlu dostları vardı, xüsusilə də Sarıxanlı kəndində. Mənim Tapdıq əmimi də elə Sarıxanlı kəndində dəfn elədilər. Mamamın əriydi, bizlərdə bibiyə mama deyərdilər. Sonra ara düzələndən sonra gətirdilər onu Aşağı Yağlıvəndə”.

“Dedi ki, gəlsənə, bu vertolyotla kəndin başına bir fırlanıb qayıdaq”

“Mən heç bilmirdim hadisələr belə gətirəcək ki, kəndimizdən çıxası olacağıq. Bizim Fizulidə qohumumuz vardı, tikinti idarəsinin rəisi. Onun vertolyotu da vardı. Mənim bu sonbeşik qardaşım Vaqif də orda super yeməkxana işlədirdi. Nə isə orda yedik-içdik, qohumum qayıtdı ki, gəlsənə, bu vertolyotla kəndin başına bir fırlanıb qayıdaq. Fırlandıq qayıtdıq. Ondan sonra mənim bir də kəndə ayağım düşməyib. Hadisələr yenicə başlamışdı onda”.

“Qarabağı köçürək Kürdəmirə, ya sizin İmişli tərəfə, ordan Qarabağ olar?”

“Fizulidən mənim götürmək istədiyim bir şey vardı. Amma bu mumkun deyildi. Mən bütün kəndimizi ordan götürüb çıxmalıydım. Evimiz, danamız, keçimiz, ya sevdiyim kəhər madyanı yox, məhz kəndimizi götürüb çıxmalıydım. Bu ürəkdən gələn sözlərimdir. Orda hamı mənim doğmalarımdır, xoşlamadığım sözü deyəcəyəm, mən necə eqotstlik edə bilərdim. Filankəs özününkün götürdü gəldi. Axı o kənd bütünlüklə özümünkü idi. Mən o kənddən min il yazsam qurtarmaz. O kənd böyük bir qalereya idi, orda hər kəs bir tipaj idi. Mənim yazılarımın yetmiş faizi kəndimiz və kəndimizin adamlarından ibarətdir. Mən o boyda kəndi götürüb çıxa bilməzdim. Orda mənim fərd kimi götürəcəyim heç nə yoxdur. Mən orda elə özümü kəndimiz boyda hiss edirdim. Kəndimiz mənim üçün fərd deyildi. Böyük mənada mən elə Qarabağı götürüb çıxmalıydım. Birdəki niyə götürüb çıxmalıydım e, onlar elə öz yerində gözəldir. Qarabağı köçürək Kürdəmirə, ya sizin İmişli tərəfə, ordan Qarabağ olar?Olmaz ki…”

“Mən ölümün nə olduğunu onda duydum”

“Mən kəndimizdə qəbiristanlıqda üz-üzə doğulmuşam. Mənim yazıçı olmağımın min faiz səbəbi də elə qəbiristanlıqla üz-üzə doğulmağımdır. Romanlarımın birində də yazmışam ki, mən doğulanda dörd yaşım vardı. İnsanın doğulma tarixi-kağız bunlar formal şeylərdir. Dörd yaşım olanda kəndimizdən kimsə rəhmətə getmişdi. Onda ölüm də nadir hadisə idi e, on ildən bir kimsə ölərdi. Qəbristanlıq yaxşı mənada xarabazara oxşayırdı. Gənc deyildi yəni. Dörd yaşım olanda Dəcəl adlı çox ağıllı bir dostum vardı-yetim idi. Dedim ki, ə Dəcəl Azadxan kişi ölüb, gəl gedək biz də baxaq. Getdik qəbristanlığa, kişilərin qılçaları arasından əyilib gördük ki, ə bu yekə kişini basdırdılır yerə üstünü də torpaqladılar. Mən ölümün nə olduğunu onda duydum. Gecə qorxudan əsirdim. Atama deyə bilmirdim ki, səninlə yatım, çünki çox zəhmli kişi idi. Anama bacı deyirdim, çünki onun nə qardaşı vardı, nə bacısı, buna görə də bizi öyrətmişdi ki, ona bacı deyək. Özü də şəhər qızı idi, atam onu ağ atı ilə şəhərdən qaçırıb gətirmişdi-Fizulidən. Nə isə dedim ki, bacı sənnən yatacağam. Yəni mən o doğum günümü dörd yaşımdan hesabladım. O qorxu sonralar mənə çox şey öyrətdi. Bütün yaradıcılığımı verdi. Bir var qorxaq, bir də var qorxu… Bu qorxu məndə olmasaydı, ya həkim olardım, ya prokuror... Yəni sizin sualınıza cavab olaraq deyim ki, mənə o qismət olsa ki, burdan- Bakıdan Fizuliyə getməli olsaq, birinci olaraq çox sevdiyim insanı kəndimizdə birinci qəristanlığa aparardım”.

“Gülalı kişi güllə atdı ki, ə qoymayın sürüyə canavar təpib”

“Təxminən 50 ildir Bakıda yaşayıram. İnan ki, mən fəsillərə Bakıya gələndən sonra fərq qoymağa başladım. Tutaq ki, qış təmiz aradan çıxdı, qışından zəhləm getdi. Bizim Yuxarı Yağlıvənddə bütün fəsillər gözəl idi. Özü də üşümək nədir, qar dizdən olardı, amma üşüməzdik. Mis sini deyirlər e, onun içində oturub düz Qobuya qədər sürüşərdik. Hərənin öz sinisi vardı. Bizim də evin böyrü sürüşkən olardı. Yazı-qışı fərqləndirmək qeyri-mümkün idi. İldırım çaxmağı, dolu düşməyi, leysanı… Qara qüzeyin təpəsindən bir də görərdin Gülalı kişi güllə atdı ki, ə qoymayın sürüyə canavar təpib”.

“Bizim kəndin obaları vardı-Ciyəli, Lələli, Qədirli, Koxalı...”

“Kəndimiz bir növ şəhərə oxşayırdı. Məsələn, şəhərdə deyirlər e, Nərimanov prospekti, Əhmədli-filan. Bizim kəndin obaları vardı-Ciyəli, Lələli, Qədirli, Koxalı, Aşırlı və s…Mən Koxalı obasının Muradxanlı tayfasındanam. Kitabların birində yazmışam ki, mən Fizuli rayonu ,keçmiş Qarabulaq Yuxarı Yağlıvənd kəndi, Koxalı obası Muradxanlı məhləsi qəbristanlıqda üzbəüz evimizdə, ziyalı ailəsində dünyaya gəlmişəm. Öldüyüm günü bilmirəm, yoxsa onu da yazardım… Bizim kəndimizdə çovustan evləri də vardı, sonradan o evlər ləğv olundu. Özümüzün ikimərtəbə daş evimiz vardı. Atam hesabdar olub, anam da müəllimə idi, kənd ziyalısı. Evimizdə böyük kitabxana vardı, anam cehiziylə birgə gətirmişdi o kitabları. Ağdam-Fizuli yolunda bir dənə kənddə bizim ev görünürdü. Dağın döşündə saatlarla oturub Ağdam-Fizuli şosesinə baxırdım. Deyirdim ki, ay Allah qismət olacaq yəni bir dəfə mən də maşına minim. Çünki benzin iyindən çox xoşum gəlirdi. Sonradan benzin iyindən bezdik”.

“Kəndimizdə qadın-kişi bir mağarda olardı”

“Bir saat dincəlsəm kəndimizdəki bütün xatirələri bir həftəyə yerli-yerində danışaram,bir yerdə də qırılmaz. Çünki o xatirələr beynimin ağappaq vaxtına yazılıb. Anamın dayısı vardı, Cəlal dayı, gözəl tar çalırdı. Yeri gəlmişkən, elə sənətə nəhəng sənətkarımız Yaqub Məmmədovu da o gətirib. Alagöz, yaraşıqlı oğlan idi, kəndin toylarına çox vaxt o gəlirdi. Həmişə istəyirdim ki, elə o gəlsin. Çünki o gələndə mənə bir beşlik verirdi. Təhməz əmi vardı, dükanda, gedib ondan peçenye, konfet alardıq. Bizim kənddə dəvətnamə-zad paylanmazdı. Bütün kənd toya gedərdi. Bir zurnaçı, nağaraçalan kəndin yuxarı başına-dağa çıxıb çalardı, onda hamı bilərdi ki, filankəsin toyu olacaq. Toy olan günü kəndi yığışdırıb aparan olsa, heç kimin xəbəri olmazdı, çünki hamı toyda olardı. Adətən tarla qaval, kamança axşamüstü gələrdi. Ona qədər qara zurna çalardı. Kəndimizdə qadın-kişi bir mağarda olardı. Gecə toydan qayıtmaq vardı axı. Hazırlığımızı bir həftə qabaq görərdik. Keçəni bir həftə nöyütə batırıb saxlayardıq, toydan qayıdanda lopanı yandırıb yolumuza işıq salardıq. Bir nəfər qabaqda əlində lopa gedərdi, bütün Lələli obası da ardınca evinə qayıdardı”.

“Nadir hallarda bizim kənddə kimsə dalaşardı”

“Bizim burda Fizulidən olan yoldaşlarla yığışıb danışırıq. Elə bütün söhbətimizin axırı belə bekaflıqla qurtarır. Məsələn, bizim kənddə ən çox yığışdığımız yer xəndək olardı. Kənddə nə gecə, nə gündüz qapılar bağlı olmazdı. Kənd itləri vardı ki, elə sahibləri kimi çox mehriban idilər. Nadir hallarda bizim kənddə kimsə dalaşardı. Heç itlərin də boğuşduğunu görməmişəm. Adətən itlər nə üstəsə boğuşurlar axı”.

Dosta verilən söz

“Yüz faiz inanıram ki, kəndimizə qayıdacağam. O gün bir dostumuz var, ona deyirəm ki, kəndimiz alınsa, burdan maşınla gedərik, amma bir-iki kilometr qalmış səni dalıma alıb kəndə aparacağam”.

Cəvahir Səlimqızı

Fotolar:Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm