Xalq artistini Ağdamda gülləbaran etdilər - VİDEO, FOTO
Bizi izləyin

Könlüm keçir

Xalq artistini Ağdamda gülləbaran etdilər - VİDEO, FOTO

“Tarım olmasaydı, güllə başımı aparacaqdı”

Xalq artisti, ustad tarzən Ramiz Quliyevə layihəmizin adını xatırladanda qəhərləndi:

“A qızım, mənim könlüm nəinki hər gün, hər gecə, elə hər ürəyim döyünəndə o yerlərdən keçir. Vallah dayana bilmirəm, Ağdam deyəndə sinəm parçalanır…” Könlü hər o yerlərdən keçəndə qəhərlənib, doluxsunan, dişlərini dodağına sıxıb, göz yaşlarını məndən gizlətməyə çalışan sənətkarımıza təsəlli də verə bilmədim. Belə də ki, əzizlərini o yerlərdə torpağa tapşırıb gələn, cismini götürüb çıxsa da, ruhunu hələ də o yerlərdən qopara bilməyən sənətkara təsəlli verib nə deyəcəkdim ki? Odur ki, susmaq və dinləməkdən başqa əlimdən heç nə gəlmədi.

“Nə qədər elədim qapını aça bilmədim”

“Ağdamda Hamam məhəlləsində tikdirdiyim saray kimi evimizi unuda bilmirəm. Biz uşaq olanda sən deyən imkanımız yox idi, kasıbyana yaşayardıq. Hərdən köhnə dədə-baba evimiz də yuxuma girir. Yadımdadır ki, dədə-baba evimizdə heç darvaza da yox idi, qapımızın arxasına daş qoyardıq. Səhər dərsə gedəndə o daşı zülümlə aralayardım ki qapını açım. Axırda anam köməyimə gələrdi. Yuxuda da açmaq istəyirəm o qapını, amma nə qədər edirəmsə, qapının arxasındakı daşı qaldıra bilmirəm. Təzə imarətimizi isə neçə il zülümlə-zillətlə qazandığım pulla tikdirmişdim. Bacı-qardaşlarımın da evi sayılırdı ora, Bakıdan gedənlər hamı bizdə qalardı. Azı 20-30 adamlıq yorğan-döşək vardı evimizdə, qohum-əqrəba yığışıb günlərlə qalardıq. Dostlarımı da qonaq aparardım o evə.

“Avtomatı tarımın səsi ilə susdurdum”

“O gecə olmur ki, mən Ağdamdakı evimizi, eşiyimizi, məhəlləmizi, anamgilin uyuduğu qəbiristanlığı yuxumda görməyim. O yuxuların heç yozumunu da bilmirəm. Yuxuda gah görürəm ki, evimizin kənarından hasar çəkirəm, amma nə qədər eləsəm də, bu hasarı çəkib axıra çatdıra bilmirəm. Rəhmətlik böyük qardaşıma zəng edirəm ki, ə, noolar hasarı çəkin qurtarın də, mənim başım Bakıda konsertlərə, tədbirlərə qarışıb. Qonşularımız vardı, Dadaş müəllim, Humay xala, yuxuda görürəm ki, onlarla bizim həyətlərimizi ayıran hasar götürülüb. “Ay Dadaş müəllim, ay Dadaş müəllim”-, deyib qonşularımızı haraylayıram ki, soruşum görüm, bu hasarı niyə götürüblər. Amma səsimə səs verən olmur. Gah da görürəm ki, evimizin böyrün-başın tikanlar bürüyüb.

Bu gecə yuxuda gördüm ki, rayonumuzda bir tarçalan vardı, indi rəhmətə gedib, o gəlib məni çağırır. Çıxanda çölə, deyir ki, ay Ramiz gəlmişəm tikdirdiyin evə baxım. Həyat yoldaşım mənə təsəlli vermək üçün, o yuxuları xeyirliyə yozur. Soruşur ki, nə görmüsən yuxuda, deyirəm evimizi, yanında su axırdı, amma içinə girə bilmirəm. Deyir ki, hə, su aydınlıqdır, narahat olma, bir gün o qapını açıb evimizə girə biləcəyik. Başa düşürəm ki, mənə təsəlli verir, evimizmi qalıb o yerlərdə çoxdan yandırıb, külünü göyə sovurublar.

“Tarım olmasaydı, güllə başımı aparacaqdı”

“Axırıncı dəfə Ağdama 1993-cü ildə getmişdim. İnan Allaha heç ağlıma da gəlməzdi ki, o gediş son gediş olacaq. Elə indinin özündə də Ağdamın alınmağı mənə yuxu kimi gəlir. Filarmoniyada solo-konsert verdim, zal ağzınacan dolu idi. Yaxşı pul aldım o konsertə görə. Həmin pulu da götürüb Filarmoniyanın o vaxtkı direktoru Rafiq Seyidzadə ilə birlikdə Müdafiə Nazirliyinə getdik. Onda da nazir “Şuşa getsə, başıma bir güllə çaxacağam”-,deyən Rəhim Qazıyev idi. Hələ indiyə qədər bilmirəm ki, o niyə gülləni başına çaxmadı? Pulu nazirliyin fonduna keçirib, qəbz aldıq. Həmin qəbz indi də evdə durur. Sonra mən, Fərhad Bədəlbəyli, bir neçə başqa dostlar yığışıb Ağdama getdik. Orda əvvəlcə Şelli postunda əsgərlərlə görüş keçirdik. Mən tarımı torbasından çıxardım ki, çalım. Nəsə ürəyim dolmuşdu. Əsgərlərdən biri dedi ki, Ramiz müəllim, vəziyyət qarışıqdır, sizi nişan ala bilərlər. Ermənilər də pusquda dayanmışdı, aramızda çox qısa məsafə vardı. Məni dayandıra bilmədilər, tarı çıxarıb Caharkah çalmağa başlayanda, başımın üstündən avtomat güllələri yağış kimi yağmağa başladı. Nətəhər ifaya köklənmişəmsə, mənim inan ki, bundan xəbərim olmayıb. Sən demə, əsgərlər, Fərhad Bədəbəyli təlaş keçriblər ki, ə, Ramiz dayan e, neynədiyindir sənin? Bir onda eşitdim ki, əsgərin biri deyir ki, Ramiz müəllim ermənilər də sizə qulaq kəsilib.

“Evdən bircə onu götürüb çıxa bildim”

“Ordan gəldik Ağdamdakı evimizə. Qapını açıb içəri girəndə Fərhad Bədəlbəyli gözü pianoya çataşdı. O pinano da 18-ci əsrdən qalma bir piano idi, mən onu çox baha qiymətə almışdım. Fərhad pianonu salandan sonra təəccübünü gizlədə bilmədi. Qayıtdı ki, Ramiz, bu qiymətli pianonu burdamı qoyarlar, niyə Bakıya aparmırsan? Dedim, ayıbdır, necə mən evimi daşıyım aparım Bakıya, camaat məni qınamazmı? Onda hamı “panika”ya düşərdi, hamı evini qoyub qaçardı. Elə evdən çıxanda tələbəlik illərimdə çaldığım tar vardı, onu götürüb çıxdım. Bir də ki, mən Ağdama vidalaşmağa getməmişdim, Ağdamın görüşünə getmişdim”.

“O vurhavurda qəbristanlığa gedib…”

“Bütün nəslimin ağsaqqalları, ağbirçəkləri, tam-anamın qəbri Ağdamdadır. Mən əzizlərimin qəbrini ziyarət edə bilmirəm, bundan böyük faciə nə ola bilər ki? Axırıncı dəfə atamla-anamın qəbrini də elə onda ziyarət etdim. Anamın başdaşını qucaqladım, onunla söhbətləşdim, dərdləşdim, ayrıldıq. Amma vidalaşmadıq. İndi anamla ancaq yuxuda danışıram. Anamla bağlı o qədər xatirələrim var ki…

Həmişə onun könlünə dəyəndə, çox sevdiyi “Qubanın ağ alması”yla “Ay Laçın” mahnısını tarda çalardım. O saat yumşalardı. Özü də yadımdadır ki, məni atamla qorxudardı. Biz atama “ağa” deyərdik. Anam deyərdi ki, gör ağan gələndə sənə neyləyəcək. Axşam ağam gələndə anam başlayardı ki, bax deyirəm ha, atana. O saat işimi bilirdim. Tez tarı çıxarıb “Qubanın ağ almasını” çalardım. Bununla da işi öz xeyrimə həll edərdim.

Ağdamda üzüm oğurluğu…

“Yekə kişiydim, bir dəfə ağdama gedəndə məclislərin birində biri qayıtdı ki, ə Ramiz yadındadır, bir dəfə seyidlidə oğurluq etmişdin? Narahat oldum ki, ə, bu nə danışır, nə oğurluq. Yadıma düşdü ki, uşaq vaxtı Seyidliyə oğurluğa getməyimi deyirmiş. 7-8 yaşım olardı onda, bizim həyətdə o vaxt qoz ağacı ilə üzüm olmazdı. Mən də bir dəfə Seyidliyə qoz və üzüm oğurluğuna getmişdim. Köynəyimi şalvarımın içinə salıb, selbələdiyim qozları maykamla köynəyimin arasına doldurdum. Sonra da çıxdım üzümün başına. Ordan nətəhər yerə yıxıldımsa, yığdığım üzümlər torpağa qarışıb köynəyimi pis günə qoydu. Xəlvəti evə gəldim, köynəyimi çıxarıb gizlətdim ki, məktəbdən qayıdandan sonra yuyub təmizləyərəm, anam bunu görməsin. Amma anam artıq bundan xəbər tutdu və məni Ağamla qorxutdu. Mən də uşaq ağlımla dedim ki, ana ağamın verdiyi cib xərcliyini sənə verəcəyəm, amma ona demə. Anam qəzəbləndi ki, nə, mən sənin o qəpiyinə qalmaşam, indi məni pulla satın almaq istəyirsən? Yenə köməyə tarım və anamın sevdiyi “Qubanın ağ alması” gəldi.

“Tribunalarda sözünü deyə biləcək qarabağlıları görə bilmirəm”

“Ağdamda keçirdiyim çağlar, məclislər, sənətkarların görüşləri… Adamın ağlından keçməzdi ki, bütün bunlar nə vaxtsa, xəyala dönəcək. O yerlərdə çəkdirdiyimiz fotoları stolumun üstünə yığmışam. O gün olmur ki, mən o şəkillərə baxıb, o yerlərin həsrətini, niskilini yaşamayım. Mənə çox ağırdır, Ağdamdan danışmaq. Mən o ağrını sadəcə yaşayıram. Nə çəkdiyimi bir özüm bilirəm, bir də Allah. İçimdə təəssüf hissləri də çoxdur. Təəssüf ki, bu gün tribunalarda sözünü deyə biləcək qarabağlıları görə bilmirəm. Hər kəs öz işindədir. Sağ olsun, Cənab Prizedentimiz, İlham Əliyev o torpaqları geri qaytarmaq üçün mübarizə aparır. Mən onun siyasətinin gücünə inanıram”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm