Nəzakət Teymurovanın evini darmadağın etdilər - Video, Fotolar
Bizi izləyin

Könlüm keçir

Nəzakət Teymurovanın evini darmadağın etdilər - Video, Fotolar

“Qorxub dəli kimi qaçmağa başladım”

Xalq artisti Nəzakət Teymurovaya layihəmizin adını, məramını xatırladanda səsi titrədi: “Qarabağsız Qarabağdan nə danışım. Hələ yəqin şəkillər də istəyəcəksən, şəkillərimi də o yerlərdə qoyub gəlmişəm. Məndən etibarlı çıxdı şəkillərim…”

Bu qız himə bəndmiş ki... Danışdıqca gözünün yaşını tökən qarabağlı qızının yarasının qaysağını qoparmışdım. Belə də ki, o yara heç qaysaq tutmuşdumu ki?

Torpaqdan ötrü balasını qurban verməyə hazır olan xanəndə

“Bilmirəm ömür keçir, ya nədənsə, insan yaşa dolduqca doğulduğu torpaq onu çəkir. Sanki deyir ki, mənə qayıt. Qarabağdan çıxanda içimdə olan o nisgil də mənimlə bərabər böyüdü, ağır bir yükə çevrilib ürəyimdən daş kimi sallandı. Qızım o gün mənə deyir ki, ana, birdən desələr ki, Qarabağı almağa gedirik, bir batalyon da qadınlardan ibarət olacaq, çıxıb gedərsən? Deyirəm o batalyonun birinci sırasında özüm dayanaram. İnciyir məndən, deyir ki, “bəs mən, məni necə burda qoyub gedərsən, gözünün ağı-qarası bircə qızınam, torpağından ötrü balanı qurban verərsən?” Bağrıma basıram ki, qızım, yaşa dolanda özün başa düşərsən ki, doğulduğun torpaq sənin üçün necə əzizdir. Elə insanlar var ki, səhrada doğulur, onun doğulduğu yerdə heç kim yaşamaq istəməz, amma o insan üçün o quru səhralıq balasından da əzizdir”.

“Bizi üstüaçıq maşına yığıb apardılar”

“Ağdamda o qədər gözəl günlərimiz olub, inan ki, birini də unutmamışam. Gecə yatağıma uzananda o günlər kino lenti kimi gəlib durur gözümün qabağında. Bir də görürsən kəkotu yığıram, xına daşıyla əlimə xına yaxıram, samavarımız üçün odun gətirirəm.

Ağdam alınanda başımıza çox oyunlar gəldi, itkilər verdik, evimiz dağıldı-amma bununla belə, inan Cəvahir, erməni Ağdamda keçirdiyim gözəl günlərin üstündən xətt çəkə bilmədi. Gəncliyimin ən gözəl günləri güllə yağışında keçdi. Axır-axırlarda erməni durmadan kəndimizi bombardman edirdi. Bununla belə, ağlımızın ucundan da keçməzdi ki, torpaq alınacaq, biz evimizi-eşiyimizi atıb Bakıya qaçacağıq. Qorxu-təlaş içində də olsa, evimizdən çıxmırdıq. Bir dəfə yadımdadır ki, evdə oturmuşduq, anam yemək bişirirdi. Böyük bacım da uşaqlarıyla bizdə idi. Bir onda gördük ki, qradlar atılır. Evimizin şüşələri çilik-çilik olub yerə töküləndə qonum-qonşu haray saldı, evdən çıxıb ayaqyalın, baş açıq qaçışmağa başladıq. Qardaşlarım da onda döyüşdə idilər, evdə kişi yox idi ki, bizi başına yığıb sakitləşdirsin. Anamın bişirdiyi yemək elə odun üstündə darvazadan çıxdıq. Bir onda gördük ki, məhəllədə zarıltı, şivən bir-birinə qarışıb. Qrad qonşulardan birinin qıçını yaralamışdı, o birinin başını. Bir ailədən üç nəfər eyni vaxtda canını tapşırdı, gözü ilə o dəhşətləri görənlərdən neçəsi havalanıb dəli oldu. Sağ qalanlar qaçıb canımızı qurtarmağa çalışdıq. Yolda bir üstüaçıq maşın bizi yığıb Ağdama apardı. Gecə düşəndən sonra anamla böyük bacım yenidən kəndə-evimizə qayıtdılar. Bacım onda Ağdamda tibb bacısı işləyirdi, uşaqlarını aparıb ona verdim. O ağrını ürəyimdə yaşamışam, o qanı-qadanı gözümlə görmüşəm”.

“Pilləkanın başına çıxıb var gücümlə qışqırdım”

“Bacımın biri 28 yaşında rəhmətə gedib, qəbri Ağdamdadır. Onunla bağlı çoxlu xatirələrim qalıb. Mən balaca olanda pilləkanın başına çıxıb görürdüm ki, bacım bizə gəlir, yanında da uşaqları. Qışqırırdım ki, nəyə gəlirsiniz, biz yeməyimizi yeyib qurtarmışıq. Bacım da tutub yanaqlarımı sıxırdı, toppuş idim onda. Ailədə on uşaq idik. Qağam (atamıza biz qağa deyərdik - C.S) onların arasında ən çox məni istəyirdi. Hara gedirdisə, mütləq mənə nəsə alıb gətirirdi. Darvazadan girəndə bilirdim ki, mənə paltar alıb, ya oyuncaq. Biz tərəflərdə tez-tez göy guruldayardı, uşaq vaxtı qağamın dizinin üstündə oturub ona suallar verirdim ki, qağa, göy niyə guruldayır? Qağam qayıdırdı ki, qızım, ata şıllaq vuranda kişnəyir, buna görə də göy guruldayır. Mən də onun uydurduğu əhvalata inanırdım, həmişə göy guruldayan kimi, qaçırdım atamın üstünə ki, qağa hardasa yenə at şıllaqlayırlar”.

“Qorxub dəli kimi qaçmağa başladım”

“Tez-tez kilim-palaz yumağa, samavar üçün odun yığmağa, kəkotu dərməyə gedirdik. Bir dəfə yenə tərə yığmağa getmişdik, uşaq idim, qəfildən əlimə bir həşərat toxundu. Qorxudan ürəyim gedəcəkdi. Allah, denən məni saxlamaqmı olar, bir götürüldüm ki, gəl görəsən. Yığdığım ot-əncər də elə tökülüb yolda qaldı”.

“Qağam yuxuma gəlib mənə xəbərdarlıq etdi ki…”

“Allaha yalvarıram ki, ay Allah Ağdam yuxuma girsin. Bəlkə də Allah səsimi eşidir, ya nədənsə, tez-tez yuxuma girir kəndimiz. Özü də maraqlıdır ki, kəndimizi yaxşı vaxtlarında görürəm. Sanki nə müharibə olub, nə evlər talanıb-yandırılıb, nə də biz qaçqın düşmüşük. Arxayın gəzirəm məhəlləmizdə. Axır vaxtlar qıpqırmızı laləlik görürəm yuxumda. O laləlikdə qaça-qaça sevinirəm, dəstə bağlayıram. Amma nəsə xeyrə yoza bilmirəm o yuxuları. Ürəyimdə deyirəm ki, yəqin lalə qırmızı qan deməkdir. Laləyə axı həmişə bağrıqan lalə deyirlər. Nə bilim Allah xeyrə calasın. Qağamın da qəbri o torpaqlardadır. Qağam yuxuma girəndə həmişə mənə xəbərdarlıq edir. Bilirəm ki, həmin gün mütləq başıma bir hadisə gələcək. Burnumun ucu göynəyir ki, kaş qağamın, bacımın qəbrini gedib ziyarət edəydim. Heç qağamdan da doymamışdım, bacımdan da. İkisi də cavan rəhmətə getdi. Amma onu bilirəm ki, qağam heç buralarda yaşaya bilməzdi, onu başından güllələsələr də, Ağdamı, Əlmədətlini qoyub bura gəlməzdi. Qürurlu kişi idi, torpağını düşmənə əmanət etməzdi. Elə etmədi də, qəbri əmanət qaldı o yerlərdə. Ruhu da indi o torpaqlardadır”.

Ağdamdan gətirilən tək yadigar…

“Hərdən jurnalistlər mənə deyirlər ki, uşaqlıq şəkillərini gətir, qalıram belə. Şəkillərimi də elə uşaqlığım kimi Ağdamda qoyub gəldim. Götürə bilmədim özümlə. O şəkillər, elə uşaqlığım da məndən etibarlı çıxdı. Bir dənə böyük bacımın şəkli burdadır, elə çox vaxt o şəklə baxıb təsəlli alırıq”.

“Əmimoğlu evimizə erməni tutub gətirmişdi”

“Əmimoğlu vardı Nadir. Rusiyada yaşayırdı, işğal vaxtlarında qayıtdı Ağdama. Yadımdadır ki, Nadir nə qədər erməni tutub gətirmişdi kəndə. Anamın yazığı gəlirdi deyə, o ermənilərə yemək verirdi. Nadir hirslənirdi ki, bibi sən neynirsən, ermənilər əsir aldıqları oğlanlarımıza zülüm verirlər, sən də bunlara yemək verirsən. Anam deyirdi ki, “ay bala, nağayrım, ürəyim dözmür”. Mən bu erməniləri ona görə, gətirmişəm ki, şəhid oğlanlarımızın meyidini geri ala bilək. Axırda özü də şəhid oldu, Milli Qəhrəmanlarımızdan biridir”.

Cəvahir Səlimqızı

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm