Səyyad Əlizadənin evini yandırdılar – VİDEO, FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Səyyad Əlizadənin evini yandırdılar – VİDEO, FOTOLAR

Həmsöhbətim sevilən sənətçi Səyyad Əlizadədir. Deyəndə ki, layihəmizin adı “Könlüm keçir”di, o saat razılaşıdı. “Füzuli torpağı üçün burnumun ucu göynəyir”, - deyən müğənni xatirələrə daldı.

Çox kövrək inşandır. Füzuli ilə bağlı danışdıqca, o yerlərin təbiətini vəsf etdikcə qəhərləndi. Gözləri doldu. Hətta özünə gəlmək üçün məndən bir neçə dəqiqəlik vaxt da istədi.

“Erməni Beyləqana qədər gəlib çatmışdı

Mən 1977-ci ildə Bakıya gəlib ali məktəbə daxil oldum. Elə həmin vaxtdan sonra, demək olar ki, Bakıda yaşayırdım, amma tez-tez Füzuliyə gedib-gəlirdim. O dəhşətli günləri həyatımın ən ağır xatirələri kimi yadıma salıram. Yadıma salıram deyəndə ki, yaddan çıxmaz Qarabağ. Yadımdadır ki, o dəhşətli günlərdə Füzulidə xaos yaşanırdı, hər gün anamgildən həyəcanlı xəbərlər eşidirdim. Qaçhaqaç başlamışdı. Həmin ərəfədə çox böyük dəhşətlər yaşanırdı. Hər gün ölüm xəbəri alırdıq, kəndlərin ermənilər tərəfindən işğal olunduğunu eşidirdik. Bir də gördün deyirdilər, filankəsin oğlu şəhid oldu, filankəsin evinə qrad düşdü, ailəsi parça-parça oldu. Qara xəbərlərin ardı-arası kəsilmirdi. Füzulinin bir çox kəndləri, o cümlədən də bizim Şıxbaba kəndi alınmışdı, erməni həmin vaxt Beyləqana qədər gəlib çatmışdı. Anamgil də bütün kəndlə bərabər ev-eşiyindən didərgin düşmüşdü. Şıxbaba camaatı həmin vaxt dəhşət içərisində gözləyirdi. Nə olacağını, başlarına nə gələcəyini bilmirdilər.

Getdik gördük, evlərimiz yandırılıb, talan olunub

Ulu Heydər Əliyevin həmin vaxtlarda hakimiyyətə gəlməsi vəziyyəti dəyişdi. Ulu öndərin bir hücum əmri ilə Füzulinin işğal altında olan çox böyük ərazisi ermənilərin işğalından xilas olundu. Bizim kənd də həmin vaxt işğaldan azad edildi. Getdik gördük, evlərimiz yandırılıb, talan olunub. Erməni vəhşicəsinə hər yerə od vurub kəndi bərbad hala salmışdı. Bütün kənd camaatı, o cümlədən də bizim ailə evini yenidən bərpa etməli oldu. Yadımdadır ki, ilk dəfə evimizi, kəndimizi o vəziyyətdə görəndə anam gecə göz yaşı tökürdü.

Oğullar “uf” demədən sinələrini düşmən gülləsinə verdilər

Bizim Şıxbaba da çox şəhidlər verdi. O şəhidlərin valideynlərinin sinəsi qubar bağlayıb indi. Həmin ailələrə gedib hamısına başsağlığı verdim. O ağrını hələ də içimdə yaşayıram. Şəhid oğullarımıza qibtə edirəm, çünki onlar Vətən üçün öz şirin canlarından keçdilər. İnanıram ki, o oğullar “uf” demədən sinələrini düşmən gülləsinə sipəır etdilər. Mən bu ağrını 1988-ci illərdə Qərbi Azərbaycandan qaçıb gələnləri görəndə yaşamışdım. Onda oradan qaçıb gələn insanları görəndə içimdən bir sızıltı keçdi və onların dəhşətli ağrısını hiss etdim. Düzdür, həmin vaxt onları qınayanlar da oldu ki, evlərini qoyub qaçıblar. Amma əli yalın insanın ailəsini qorumaq üçün başqa çıxış yolu yox idi. Heç kim öz xanımının, qızının, namusunun düşmən əlinə keçməsinə imkan vermək istəmirdi. Füzuli uğrunda ölənlər də çox oldu.

İçimdə bir Füzuli yarası var, hər gün məni göynədir

Füzuli rayonu alınanda mən Azərbaycanda yox idim. Evdən zəng edib mənə bu dəhşətli xəbəri çatdırdılar. O hisləri ifadə etmək üçün mən indi söz tapa bilmirəm. Elə bildim, yer yarıldı, yer üzündə tək qaldım. Əlacsız bir insan kimi çox yazıqlaşdım. Bir müddət don vurmuş kimi dayandım. Ulu öndərimiz tez bir vaxtda bir çox kəndləri, o cümlədən də Şıxbabanı bizə qaytardı. Amma içimdə bir Füzuli yarası var, hər gün məni göynədir. Bu gün mən yalnız qələbə müjdəsi barədə düşünürəm.

Buludlar çəkilən kimi səmada göy qurşağı yaranırdı

Füzulinin özünəməxsus təbiəti var. Biz tərəflərdə adi hal idi, göy üzünü bulud alırdı, yağış yağırdı və buludlar çəkilən kimi səmada göy qurşağı yaranırdı. Bu, çox maraqlı bir təbiət hadisəsi idi. Bir də görürdün, göy üzünü bulud aldı, qəfildən dolu düşdü. Bakıda, Abşeronda mən belə şeyə rast gəlməmişəm.

Başıqarlı Ərgünəş dağı…

Şıxbabadan baxanda bizim Ərgünəş dağı görünür. Ərgünəş Füzuliyə yaxın bir ərazidədir və həmişə başı qarla örtülü olur. İndi biz burda danışırıq, xəyalımda o dağı canlandırıram. Yüz faiz bilirəm ki, yayın bu qızmarına baxmayaraq, Ərgünəşin başı qarla örtülüdür.

Bədəni qəlpələrlə dolu idi

Doğulduğum Şıxbaba kəndi, Füzuli ilə bağlı o qədər acılı-şirinli xatirələrim var ki… Əvvələn ondan başlayım ki, Əşrəf kişinin ailəsində dünyaya göz açmışam. Atam Böyük Vətən Müharibəsi iştirakçısı idi, ta Berlinə qədər vuruşa-vuruşa gedib çıxmışdı. Bədəni, demək olar, qəlpələrlə dolu idi. O 1974-cü ildə, 53 yaşında dünyasını dəyişdi. Və demək olar ki, ailənin bütün yükü, ağırlığı anamın üzərinə düşdü. Anam təkbaşına yeddi uşağı böyütməli oldu. Mən anamın çəkdiyi yükü dillə izah edə bilmərəm, buna görə də hər gün anamın əllərini öpməsəm sakit olmuram.

İndi o hadisə yadıma düşəndə xəcalət çəkirəm

Uşaq var, ya yox qanmır axı, elə ürəyi nə istəyir, onu da tələb edir. Mən də anamı çox incitmişəm. O vaxtlar gitaralar təzə-təzə çıxmışdı. Mən iki ayağımı bir başmağa dirəyib anama dedim ki, gitara istəyirəm, mənə gitara al. İndi o hadisə yadıma düşəndə xəcalət çəkirəm ki, niyə axı anama bu qədər əziyyət vermişəm. Rayonda bir-iki imkanlı ailənin uşaqlarında bu gitaradan var idi. Amma onlar ifa edə bilmirdilər. Mən isə gitara ifa etməyi öyrənmişdim. Nə isə, anam mənim bu istəyimi eşitcək, arxayın etdi ki, oğlum narahat olma.

Anam dedi: “Oğlum atı bu gitaraya görə satmışdım”

Bizdə də həmişə yaxşı atlar olurdu. Mən, demək olar, at belində böyümüşəm. Atı minib bütün Füzulini gəzib gəlirdim. Bir gün gördüm, atımız yoxdur. Dəli oldum ki, görən atı kim oğurlayıb. Tez gəldim anama xəbər verdim ki, ana, atımız yoxdur, bilmirsən hardadır? Anam dedi ki, oğlum, satmışam atı. Dedim, nahaq satmısan. Dedi ki, bala, belə məsləhət gördüm. Məktəbimizdə həm də xanəndə olan Allahverən müəllim vardı, atı satdırıb pulunu ona vermişdi ki, mənə gitara aldırsın. Həmin vaxt poçtla Leninqrad şəhərinə pul göndərib mənə gitara sifariş etdilər. Onda da belə idi, fabrikə siariş verirdilər və gitaranı göndərirdilər sifarişçiyə. Bir gün gəlib evdə gitaranı görəndə gözüm kəlləmə çıxdı. Anam mənə sürpriz eləmişdi. Onda anam mənə dedi ki, oğlum, atı bu gitaraya görə satmışdım.

Üç kəndin camaatına konsert verirdim

Füzulinin üç kəndi – Şıxbaba, Arayatılı və Mollaməhərrəmli kəndinə hər gecə saat 9-un yarısında konsert verirdim. Artıq bu adət halını almışdı. İndi Füzuli camaatı məni hər görəndə o xatirələri yada salır, deyirlər, Səyyad, yadındadır, o vaxt üç kəndin camaatına konsert verirdin. Söhbət 1977-ci ildən gedir. O gitara indi mənim ən əziz xatirəm kimi yaradıcılıq mərkəzimdə saxlanılır. 40 ilə yaxın vaxt keçib aradan. Bu vaxt ərzində Füzülinin başı nələr çəkdi...

Kəndimizin ortasındakı reproduktor və...

Kəndimizin ortasında böyük bir reproduktor qoymuşdular. Yadımdadır ki, onun səsi hər yerə yayılırdı. Mən də radioda eşitdiyim mahnıların qol-qıçını sındıra-sındıra oxuyurdum. Onda hələ çox balacaydım, cəmi 4 yaşım var idi. Birinci sinifdə isə nəğmə müəllimimiz mənim yaxşı oxumağımı gördü, demək olar, məni kəşf etdi. Həmin vaxt məktəbimizdə balaca ansambl var idi, müəlliməm məni tar müəlliminin – Yaşar müəllimin yanına apardı. Səsimə qulaq asdılar, musiqi duyumumu yoxladılar və gördülər ki, hər şey öz yerindədir.

Çox həyəcan keçirirdim ki…

Xatirələr o qədər çoxdur ki… Bir dəfə Füzuli rayonunun Mədəniyyət evində konsert idi. Orda da, bilirsiniz də, Nizami Abdullayev, Süleyman Abdullayev, İslam Rzayev, Ağabala Abdullayev, Təşkilat Nəsirov, Eldar Novruzov kimi möhtəşəm sənətkarlar çıxış edirdi. Mən də onda orta məktəbin yeddinci sinfində oxuyurdum. Çox həyəcan keçirirdim ki, belə ustad xanəndələrdən sonra mən çıxıb səhnədə nə oxuyacağam. “Yenilməz batalyon” filmindən faytonçunun mahnısını oxudum.

Bu sirri hələ də tapa bilmirəm

Səhnədə bir alqış qopdu, bir alqış qopdu, həyəcandan tir-tir titrəyirdim. Bu mahnını mənə iki-üç dəfə oxutdular, zal dağılırdı e. Heç vaxt yadımdan çıxmaz, böyük sənətkarlar mənə dedi ki, ə, buna bax e, uşağı görün necə alqışladılar. Mən də öz-özümə utandım ki, belə gözəl muğam oxuyanları heç mənim kimi alqışlamadılar. Kütlə qarşısında hər zaman belə sevilirdim. Hətta bu mənə maraqlı görünürdü ki, görəsən, heç kimdən artıq oxumadığım halda, niyə belə alqışlanıram. Bu sirri hələ də tapa bilmirəm.

Füzuli haqqında Füzulisiz danışmaq çətindir

İndi mən Füzulidə keçən o gözəl günlərimi yadıma salıram, gözüm dolur. Mənə çox ağırdır keçmiş xatirələri yada salmaq. Bilirsiniz niyə? Çünki mən danışdığım o gözəl torpaqlar indi ermənilərin əlindədir. Mənim o gözəl yurduma əlim çatmır, ünüm yetmir. Füzuli haqqında Füzulisiz danışmaq çətindir. Bunu bu ağrını yaşayan insanlar gözəl bilir. Hər xatirəm bir nisgildir. Mən hər dəfə hansısa bir el məclisi, yaxud konsert proqramında oxuyanda o yerlər gəlib durur gözümün qabağında. Bir “Segah” oxuyuram, gözümü yumub o yerlərin təbiətini xəyalımda canlandırıram. Bayaq sizə dediyim o göy qurşağının rənglərindən tutmuş yağan doluya qədər. Həmişə başı qarla örtülən Ərgünəş dağını yadıma salıram. Çox məyus oluram”.

Səyyad Əlizadənin ən böyük arzusu

“Amma mən nikbin adamam və bilirəm ki, çox tez bir zamanda torpaqlarımız, o cümlədən də Füzuli rayonu işğaldan xilas olacaq. Arzum budur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və biz də gedib o yerlərdə konsertlərimizi verək. İnanıram ki, o yerlər yenə bizləri qoynuna alacaq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm