Azərbaycanlı aparıcının anasının qəbrini dağıtdılar - Fotolar
Bizi izləyin

Könlüm keçir

Azərbaycanlı aparıcının anasının qəbrini dağıtdılar - Fotolar

Həmsöhbətim Zəminə Əliyevadır. Bir vaxtlar hamımızın ANS-in aparıcısı kimi tanıdığımız Zəminə. Uşaqlığını o yerlərdə qoyub gələn zəngilanlı qızını söhbətə çəkmək o qədər də asan olmadı. Qəhərdən boğulsa da gözünün yaşını içinə axıtdı. “Hərdən quşlara həsəd aparıram, istədikləri vaxt o yerlərə uçub, Vətən torpaqlarına qona bilirlər, mənsə, o yerləri ancaq yuxuda görə bilirəm. O da ala-yarımçıq…”

“Hamımız Araza tökülüşdük, ölən öldü, qalan da…”

“Deyirlər, Vətəni olmayan şəxs başqa cür azad olur. Amma mən bu azadlığın qurbanları, fəlakətləri ilə hələ uşaq ikən üzləşməli oldum. Və o vaxtdan bəri də bu qəribə və məlun azadlığın məhkumiyyətini yaşayıram. Onda mənim 12 yaşım var idi… Müxtəlif istiqamətlərdə döyüşlər getsə də, könüllülərin bu fədakarlığı bizim torpaqları işğal zəncirinin halqasına çevirməkdən xilas edə bilmədi. O günlərin itirmək qorxusu, səksəkə, göz yaşları ilə boyanmış tablosu bir kabus kimi indiyə qədər xatirələrimi təqib etməkdədir. Oktyabrın 26-sını heç unuda bilmirəm. Zəngilan artıq mühasirədə, əhali çaşqın vəziyyətdə idi. Müharibəni, doğma vətənindən zorla ayrılmağın nə demək olduğunu hiss etmək üçün sadəcə, o zaman insanların dəhşəti və çaşqınlığı andıran üzünə baxmaq kifayət idi. Bu insanların içərisində mən də var idim. Və onlardan fərqlənə bilmirdim. Çünki bu günlərin, ümidsizliyin, müharibənin dəhşəti yaşlar arasında fərqi silmişdi. Hamı bir-birinə bənzəyirdi. 6 aydır qaranlıqda yaşayan əhali üstəlik mühasirədə də qalmışdı. İranla danışıqlar nəticəsində sərhədlər açıldı və Arazı keçməklə bizi müşayiət edən güllə yağışından uzaqlaşa bildik. Arazın o tayı, bu tayı anlayışı da öz təsirini itirmişdi o zaman.

“Hamı canını götürüb çıxırdı”

Top mərmiləri altında əhalinin götürə biləcəyi yük ancaq canı idi. Amma maşının yük yerində olanların da neçəsi suya düşüb boğuldu. Camaat Zəngilanı tərk etmək istəməsə də, buna məcbur idi. Oktyabrın 28-də yağan yağışlardan sonra isə Araz daşmışdı. O zaman düşünürdüm ki, 3 tərəfdən düşmən əhatəsində qalan camaat üçün bu Tanrı qarğışıydı, yoxsa gücsüzlük. Hər nə idisə, zəngilanlıların taleyinə yavaş-yavaş köçkünlük yazılırdı. Və bu yazı mənim adımın əvvəlinə də göz yaşıyla yazılırdı. Sonuncu olaraq tanklar Arazı keçəndə və Araz boyu yanan torpaqları gördükcə ağlayırdım. Bu ağlamaq Bakıda bir yataqxanada məskunlaşandan sonra düz 3 ay hər gecə davam etdi. Gizlicə hər gecə ağlayaraq yuxuya gedirdim bir arzuyla ki, kaş bu yuxu olaydı”.

Çin çıxmayan yuxular...

“O yerləri yuxumda görürəm, amma hərdənbir. Həmişə də yarımçıq olur bu yuxular. Yaxud evin bir hissəsini görürəm. heç vaxt tam şəkildə görə bilmirəm. Ancaq gözlərimi yumub yaddaşımı məcbur edəndə, evimizə, məktəbimizə gedən cığırları, kitab oxuduqdan sonra yorğunluğumu, təəsüratlarımı bölüşdüyüm bağımızdakı ağacları, təbii ki, ucalığı ilə Allaha yaxınlığına inandığım çinarları, xoşbəxt anlarımı, analı dünyamı canlandırıram. Bu təsvirin sonuna çatmamış yaddaşımda belə işıqlar sönür. Bəzən “google” da axtarıram o yerləri. Amma adları dəyişdirildiyindən bu cəhdlərim də boşa çıxır”.

“Əvvəl toyda oynadılar, sonra da qətlə yetirildilər”

“Xatirələr sandıqda eşələyib tapdığın, amma heç cürə bu günün boyuna, biçiminə uyğunlaşdırıb geyə bilmədiyin, sadəcə xoş, yaxud da kədərli anılarla oxşayıb yerinə qoyduğun paltarlara bənzəyir. Təəssüf ki, müharibə güllələrinin açdığı deşiklər xatirələrimdən də yan keçməyib. Mən də yaşıdlarım kimi uşaqlığın qayğısızlığını dadmaqdan məhrum olanlardanam. Mənim yaddaşıma mismarlanan isə bir toy mənzərəsidir. O toyda ki, bir sinfin oğlanları qol açıb oynayırdı. Və çox keçmədən onların hamısı vəhşiliklə qətlə yetirildilər. Bir yerdə şənləndik, amma ayrı-ayrı faciəli xəbərləri gəldi. Bu barədə xatirələrimi “ Sarı torpaq qoxusu” adlı yazımda ifadə etməyə çalışmışam”.

“Nə qədər elədik, babamı Zəngilandan çıxara bilmədik”.

“İnsanın illərlə, min bir əziyyətlə qurub yaratdıqlarından bir anda əl çəkməsi çox dəhşətli bir şeydir. Amma ən dəhşətlisi isə təkcə torpağın üstündə olanları deyil, onun altında yatanları, elə bu torpağın özünü daşıya bilməməkdir. Bizim ailə üçün daha ağırı, sindirilməsi zor olanı babam Yaqub kişinin o yerlərdə qalması oldu. O, 1941-45-ci il müharibəsinin gənc ikən qalib əsgəri ola - ola ahıl çağlarının məğlub kişisi olmağı heç cürə qəbul edə bilmədi. Təkidlərimizə baxmayaraq, “kişi başqasının evinə sığınmaz” deyərək, qaçqın kəlməsinin adının əvvəlinə yazılmasına imkan vermədi”.

“Anamın qəbir daşı sınıb yerdə qalmışdı”

“Orada anam, xeyli sayda şəhid qohumlarım uyumaqdadır. Amma uyumağa imkan versələr. Bəlkə də efirdə görmüsünüz. Xaricdə yaşayan qohumlarımız vasitəsilə kəndimizin dağılmış təsvirlərini əldə etmişdik və mən 2004-cü il 8 mart günündə bu kadrlar əsasında material hazırlamışdım. Ürəkağrıdan mənzərə idi . Nə kənddən, nə də qəbiristanlıqdan əsər-əlamət var idi. Ölülərimizin ruhunu, xatirəsini mərmər daşlarla birgə satışa çıxarmışdılar. Anamın qəbrini təsvirlərdə axtarsam da tapa bilmirəm. Birdən, gözüm təsadüfən yerdə sınıb qalmış daşa və onun üzərinə yazılmış sözlərə sataşır. Acgözlüklə oxumağa çalışıram.

Apardı yaman qəm kədər məni

Apardı Günəş bu səhər məni

Mənim də ömrümü sən yaşa qızım.

Yad edib bu qədər ağlama məni.

Beləcə daşlaşmış sözlərlə anamın dağılmış məzarını tapmaşdım”.

“Şəkillərimi götürməyə imkan olmadı”

“O yerlərdə çəkdirdiyim şəkillər olub, amma qeyri-adi bir vəziyyətdə oradan çıxanda heç bir şəkil götürə bilməmişəm. Stefan Sveyqin təbirincə desəm, mənim qismətimə zamanın ortaya çıxardığı fotoşəkillərdən bəhs etmək düşdü”.

“O yerlərin ətrini həmyerlilərimdən alıram”

“Mövsüm dəyişəndə, yazın nəfəsi duyulanda o yerlər üçün çox darıxıram. Doğrudan da torpaq, vətən nisgili çox ağır olur. Vətənsiz böyüdüm, böyüdükcə bu nisgil də böyüdü. Ağrıları da dərinə işlədi. Hər gün keçdikcə ağrı öləzimir. Daha dərinə işləyir. Çünki keçən hər gün bizi o torpaqla bağlayan bağların ordan köç edən insanların tədricən ölməsi ilə qırılır. O insanların sayı azaldıqca o yerlərin yaşamaq ömrü də qısalır. Və o torpaqdan xəbərsiz dünyaya gələn nəsillər formalaşır. Belə bir vəziyyətdə dünyaya gələn hər bir uşaq mənim üçün həm də bir qorxudur. Doğma torpağın bu uşaqlara yadlaşmaq qorxusu. Bu insanın içini qovurur. Mən indi o yerlərin ətrini yaxınlarımdan, sıraları getdikcə seyrələn həmyerlilərimdən alıram. Yəqin ki, bir gün Günəş orda da bizim üçün doğacaq”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm