• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Azərbaycan toyunda qan düşdü - Bəy tüfənglə öldürüldü - VİDEO, FOTOLAR

Azərbaycan toyunda qan düşdü - Bəy tüfənglə öldürüldü - VİDEO, FOTOLAR

Soraqlaşa-soraqlaşa Borçalı ocağı deyilən bir məkana gedib çıxdım. Sazbənd, ustad Aşıq Murad Kövrəyi ancaq orda tapa bilərdim. Ustad sənətkar Aşıq Hüseyn Saraclının sonuncu şəyirdi Muradı deyirəm, aşıqlar arasında çox məşhur olan sazbəndi. Ordaydı. Xudmani otağında sazın-sözün birləşdiyi məkanda bizi gülərüzlə qarşıladı. Söhbət əsnasında da boş durmadı ha! Gah saz simlədi, gah da, ağacı oya-oya bir sazın çanağını hazır elədi. Ara-sıra kövrəldi, də: “Borçalıdan uzaqda, məni yaşadan ancaq bu sazdır, könlümün simsarı sayıram bu aləti”. “Yorulmayasan, usta, əllərinə sağlıq”-, deyib də könül dəftərini birgə varaqlamağa başladıq. Söhbətin sonunda ondan bir “Göyçə gülü” də istədim. Sağ olsun, sözümü yerə salmadı, öz əli ilə düzəltdiyi telli sazlardan birini dilləndirdi, nə dilləndirdi… Amma öz aramızdı, gərgin iş həftəsindən sonra sazın yeri var idi ha!

Hüseyn Saraclının sonuncu şəyirdi...

“Borçalı mahalı, Bolnisi rayonunun Aran-Dəllər kəndindənəm. 40 yaşıma kimi orda yaşamışam, amma bugün də o yerlərə gedib-gəlməsəm ürəyim partlayar. Elə bir ayağım Borçalıdadır. Babam vaxtilə zurnaçı olub, heç onu biz görmədik də. Çünki tez rəhmətə getdi. Amma mən elə uşaqlıqdan saz çalırdım. Elə kənddə bir aşıqdan öyrənmişdim saz çalmağı, bir-iki ay gedib gələndən sonra əməlli-başlı aşıq olmuşdum. Hüseyn Saraclının sonuncu şəyirdi olmuşam. Buna görə də xatirələrimin çoxu Saraclı ilə bağlıdır. Saraclı ilə tanışlığımın tarixçəsi olub. Ustad bir dəfə kəndimizə toya gəlmişdi. Atamı dəvət etmişdilər o toya, amma atam getmədi, məni məsləhət gördü. Çünki aşıq toylarına həmişə mən gedərdim. Onda olardı bir 17 yaşım. Aşıq Hüseyn Saraclının yanında oxumaq da hər aşığın işi deyildi. Çox sıxılırdım toyda. Məclisdən bir-iki ağsaqqal dedi ki, ay ustad, bu oğlanın yaxşı saz çalıb-oxumağı var, icazə versəydiniz bir oxuyardı. Bir “Göyçə gülü” oxudum. Məclisin axırında özümü toplayıb, yaxınlaşdım ki, Hüseyn əmi, məni şəyirdliyə götürərsənmi?”

“Dedi üç ağsaqqal gətir”

“Qayıtdı ki, səndən elə durnaboğaz aşıq çıxar, niyə götürmürəm ki? Toy yiyəsindən icazə aldım, onu evimizə qonaq gətirdim. Bir gecə də bizdə qaldı. Səhəri yedik-içdik, qonum-qonşu yığıldı. Gedəndə dedi ki, oğlum, ağsaqqallarını göndərərsən şəyirdlik məsələni danışarıq. Bizlərdə də adət idi, bir işdən ötrü ağsaqqallar danışardı. Bu da o demək idi ki, həmin ağsaqqallar mənə zamin duracaqlar. Ağsaqqalın zamin durması da həmin adamın tərbiyəli, əxlaqlı adam olmasına işarə idi. Üç ağsaqqal gəldi, danışdılar və mən üç il ustadın evində qalıb şəyirdlik öyrəndim. İki il də davamlı gəlib-getdim. Mən onun uşağı sayılırdım. Mən onun sonuncu şəyirdi olmuşam. Hara gedirdisə, Hüseyn əmi məni də özüylə aparardı. Çox hazırcavab, baməzə adam idi. Bir dəfə Lekvəddin kəndində toya getmişdik. Ev yiyəsi deyəndə ki, sizə çadır qurmuşuq, gedin oturun, dincəlin. Ustad qayıtdı ki, biz zurna deyilik, aşıqlarıq. Özünə hörmət edən adam idi”.

“Ölümayağında məndən su istədi”

“Ustadım axırıncı dəfə oğlumun kiçik toyunu edib. Onda ağır xəstə idi, gəldi Bakıda sonuncu konsertini verdi, qayıtdı Borçalıya. Mənə dedi ki, toyu tez elə, vaxt azdır. Sən demə ölümü ürəyinə damıbmış. Toy hazırlığına başladıq. Qismətə bax ki, aşıq Hüseyn Saraclı sonuncu konsertini Bakıda verib, tamaşaçıları ilə, sonuncu şəyirdinin də oğlunun toyunu edib, kənd camaatı ilə vidalaşıb. Görüşüb yola salanda, dedi ki, bir də mən bu yerlərə gəlməyəcəyəm. Aradan üç-dörd gün keçdi, eşitdik ki, ağır xəstədir. Gəldim yanına. Arvad-uşağı eşiyə çıxardı ki, Murada söz deyəcəyəm. Hamı çıxandan sonra mənə qayıtdı ki, ə, Murad bu arvadlar mənə soyuq su vermir, mənə bir dolça su gətir. Suyu başına çəkib dedi: “Oxxay, ömrü boyu bu soyuq suya həsrət qalmışam”. Aşıqlar boğazını həmişə soyuq sudan qoruyurdu axı”.

Saraclının yaşlı sevgilisinə yazdığı şeir...

“Saraclı ilə bağlı çoxlu xatirələrim var. Borçalı deyəndə Saraclı yadıma düşür. Nə gizlədim, qadınlar onu çox sevirdilər. Bir şeiri də vardı, yadıma düşmüşkən qoy deyim:

Gözəl sənin vaxtın keçib,

Saçlarına dən düşübdür,

Neçə evlər sən yıxıbsan,

Üstündə çox qan düşübdür.

Daha gözdən sən qalırsan,

Cavanlıqdan kam alırsan,

Hayıf sən də qocalırsan,

Cavanlığın yan düşübdür.

Hüseyn sənə tərif yazmaz,

Tellərini şana üzməz

Boş pətəksən, zənbur gəzməz,

Dodaqlardan bal düşübdür.

Yaşlı bir qadın ona nəsə söz atmışdı, ustad da ona bu şeiri yazmışdı. Baş Sarıtel havası üstə bu şeiri oxuyub, kasetlərində də var. Hüseyn əminin qazamata düşməsi də yadımdadır. Bir neçə dostu ilə Borçalının mənzərəli yerində oturub yeyib-içiblər. Bu da saz çalırmış. Bir erməni gəlib onlara sataşıb. Həmin adamlar da ermənini vurub öldürmüşdülər. Bunun üstündə ustad qazamata düşdü, amma bir ay keçmədi, buraxdılar. Çünki onun heç günahı da yox idi”.

Həftəsonu cöngə alışması...

“Yaylağa getməyimiz ayrıca bir aləm idi. May ayında köç edərdik, bizdən əvvəl sürünü yaylağa göndərərdik. Əyriqar, Çənəyuçan, Maralkalafası, Şamdüyəsi-bizim yaylaq yerlərimiz idi. Odunumuzu-unumuzu, özümüzə lazım olan tədarükü görüb yaylağa gedərdik. Orda çubuqlardan dəyə qurub yaşayardıq. Arxada balaca taxt qurub üstünə yorğan-döşəyi yığardılar. May ayı girəndən gedərdik, ta avqustun axırına qədər orda qalardıq. Çobanlar bizdən sonra qayıdardılar kəndə. Hər həftənin sonunda adətimiz vardı-cöngə kəsib alışma edərdilər. Neçə dəyə vardısa, hərəsinə beş-altı kilo ət düşərdi”.

Yaylağa gələn arançılar...

“Həftənin sonunda yaylaq camaatı arançıların gəlişini gözləyərdilər. Hündür dağa çıxıb gözümüzü gələnlərin yoluna dikərdik. Çünki kişilər aranda işləyirdilər, arvad-uşağı yaylaqda yerləşdirəndən sonra kəndə qayıdırdılar. Qadınlar, uşaqlar, cavanlar isə yaylaqda qalardılar. Təhlükəli hadisələr də baş verirdi. Bir də görürdün, sürüyə canavar girdi.

Yadımdadır ki, bir dəfə dağda güclü qar yağdı. Elə bir qar ki, dizdən yuxarı, çölə çıxmaq mümkün deyildi. Mal-qaraya böyük ziyan dəymişdi onda. Anam malların çoxunu çullamışdı. Qoyun-quzunu arana tərəf qovdular. Üç gün davam elədi o çovğun”.

Toy gecəsi qurulan gərdək...

“Borçalının özünəməxsus toy-nişan adətləri olub. Bir qızı almaq üçün əvvəlcə qonşularından soruşub-öyrənərlər. Sonra elçi gedərlər. Azı üç-dörd dəfə elçilikdən sonra razılıq alınardı. Bu zaman əl öpülər, buna “əlöpdü mərasimi” deyilir. Sonra nişan olur. Nişan vaxtı lopalar yandırılır və gecə həmin lopanın işığı ilə xonçalar qız evinə aparılır. Toylarımızda da mütləq şax bəzənir. Bəyin və gəlinin sağdışları şax bəzəyir və zurna-balabanla oğlan evinə aparılır. Xınavənd mərasimi var bizdə. Qız evində çalınan toya bizlərdə “toydamı” deyilir. Əvvəlcə onu deyim ki, oğlan toyu iki gün olur. Birinci gün oğlan evində toy çalınır, buna “ağamət” deyilir. Oğlan evinin adamları toyun birinci günü qız evinə gedir və həmin gün axşam qız evində “toydam”ı olur. Bu zaman yemək-içmək olmur, eləcə qız evinin adamları şənlənir. Həmin gün oğlan evində “xınavənd” mərasimi olur. Bəyin dost-tanışı yığışır bəyin başına və şadyanalıq edirlər”.

Yasa dönən toy...

“Sonra o mərasimdən çıxıb gedirlər qız evinə, toydamına. Burda “xına oynadırlar”. Hər kəs barmağını xınaya batırır və nəmər verirlər. Səhəri gün də gəlib gəlini aparırlar və mütləq ayağının altında qurban kəsirlər. Adətdəndir ki, gəlin yumşaq bir yastığın üstündə otuzdurulur, yəni yeri yumşaq olsun. Sonra qucağına oğlan uşağı qoyulur. Bu da o deməkdir ki, gəlinin ilki oğlan olsun. Otaqda olan adamlara da şərbət paylanır. Borçalıda bu adət hələ də qorunub saxlanılır- toy gecəsi gəlinə gərdək qurulur. Gərdək qırmızı pərdə ilə bəzənən yerə deyilir. Bəzi toylarda yallı oynamaq ənənəsi də var. Bizim kənddə Kar Mehdi vardı, bütün toylarda təm-tək yallı oynayardı. Onu da deyim ki, bizlərdə tamadaya “toy babası” deyirlər. Toylarımızda dava salmaq ayıb sayılmaz. Əksinə dava düşməyən toya yaxşı baxmazdılar. Gəlin gələndə havaya tüfəng atırlar. Heç yadımdan çıxmaz, kəndimizdə bir dəfə havaya tüfəng atılan zaman tüfəng bəyə dəyib öldürmüşdü. Toy yasa dönmüşdü. Həmin gəlin sonradan ömrüboyu ərə getməmişdi”.

“Güləşdə qalib gələn toğlunu da alardı”

“Borçalıda adətimiz var, gəlin gətirəndə maşının qabağını kəsib nəmər istəyərlər. Nəmər əvəzi maşının qabağını kəsən cavanlar toğlu verərlər. Cavanlar həmin toğlunu kəsib, bişirib, yeyib-içərdilər. Amma o toğlunu almamışdan qabaq güləşərdilər. Güləşdə qalib gələn toğlunu da alardı”.

“Oğlanın anasını döyüb qabırğasını sındırdılar”

“Həyat yoldaşım Tiflisdə yaşayırdı. Xanımımla tanışlığımda və evlənməyimdə də Hüseyn Saraclının rolu olub. O vaxt Saraclı ilə birgə Tiflisə toya getmişdik, elə oldu ki, bu qızın atası Mansır kişigildə qalmalı olduq. Mən orda qızı gördüm və bəyəndim. Həm də Mansırkişigillə əvvəldən uzaq qohumluq əlaqələrimiz vardı. Qızqaçırma adəti də var Borçalıda. Kəndimizdə bir dəfə bir qızı qaçırmışdılar, qızı gəlib oğlan evində tapmamışdılar, oğlanın anasını döyüb qabırğasını sındırmışdılar”.

“Elə bildik uşağı canavar yeyib”

“Kənd adamları bir-birlərini ailə üzvü kimi sevərlər. Evimizin yanında qalın meşəlik var. Mən uşaq idim, qardaşımın dörd yaşı vardı onda. Yadıma düşür ki, o, bir dəfə, qoca kişilərə qoşulub, meşəliyə getmişdi. Sonradan isə onlardan aralanıb, azmışdı. Biz elə bilmişik ki, uşaq xalamgildə hana toxuyan anamın yanındadır. Axşam oldu, uşaq gəlib çıxmadı, kəndə haray düşdü. Hamı əli baltalı-silahlı meşəliyə axışıb qardaşımı axtarmağa başladı. Elə bildik uşağı canavar yeyib. Arvadların ah-naləsi göy çıxırdı. Səhərə yaxın qonşu kənddən bir arvad dedi ki, bəs uşağı Dovşan Nəbi tapıb gətirib evinə. Sözümün canı budur ki, kənd camaatı o mehribançılığı hələ də qoruyub saxlayıb. İndinin özündə də haçan kəndə gedirəm, el-oba yığılır başıma. Ordan-burdan dərdləşirik, keçənləri yada salırıq. Adam yaşa dolduqca keçmişi daha tez-tez xatırlayır axı. Nostalji duyğular baş qaldırır. Mən də eləyəm, altmışı ki, keçdin, sənə qalan xatirələr olur. Mən yaşımın bu çağında xatirələrimlə yaşayıram”.

Hökmalıoğlu Əli, Dovşan Nəbi...

“Kənddə adət vardı, hələ də o adət yaşayır. Kişiləri atasının, qadınları isə anasının adıyla çağırarlar. Atamı Hökmalıoğlu Əli kimi çağırırdılar. Amma ayaması olan adamlar da vardı-məsələn, Dovşan Nəbi. Ayamaya bizlərdə taqva deyərlər. Bu ayamanı onlar zaman-zaman qazanardılar”.

Borçalının əriştə aşı

“Novruz bayramı həmişə bizdə maraqla qarşılanıb. Mütləq Novruzda hər evdə əriştəli aş bişirərlər. Kəndin arvadları yığılar və birlikdə əriştə kəsərlər. Onu da deyim ki, bizdə papaq yox, torba atmaq adət sayılır. Cavan oğlanlar həmişə sevdikləri qızgilə gedib torba atardılar. Elə indi də bu adətlər qalıb”.

“Sən Allah, itirmə ha!”

… Murad Kövrək Borçalıda çəkdirdiyi və aziz-təbərrik kimi saxladığı cavanlıq şəkillərini mənə verəndə azı on dəfə xahiş-minnət etdi: “Sən Allah, itirmə ha, o şəkillər mənim üçün çox qiymətlidir. O şəkillərə baxıb təskinlik tapıram”.

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR