• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mənsum İbrahimovun qardaşları ilə bağlı hansı faktlar üzə çıxdı? - VİDEO, FOTOLAR

Mənsum İbrahimovun qardaşları ilə bağlı hansı faktlar üzə çıxdı? - VİDEO, FOTOLAR

Xalq artisti, Şöhrət ordenli xanəndə Mənsum İbrahimovla çalışdığı Asəf Zeynallı adına Musiqi Kollecində görüşdük. Tələbələrini başına yığıb muğamın incəliklərini öyrədən ustad xanəndənin gözəl səsinə valeh olmamaq mümkün deyildi. Elə tələbələri də ondan geridə qalmırdı. Vallah məndən olsa, saatlarca oturub bu dərs prosesini izləyərdim. Amma Qarabağdan danışmalıydıq. Qarabağın suyunu içib, havasını udan xanəndəyə layihəmizin adını xatırladanda, çöhrəsi dəyişdi: “Soruşursan ki, könlün o yerlərdən keçir? Ay Cəvahir, könlümün o yerlərdən heç keçmədiyi gün olmur axı…”

“Qarabağda çobanın da səsi vardı”

Təbii ki, hər bir azərbaycanlı üçün Qarabağ əzizdir, amma o yerlərdə doğulub boya-başa çatan adam üçün Qarabağ bambaşqa bir aləmdir. Mən oxuduğum bu səsi o torpaqda qazanmışam. Ağdamın İmamqulubəyli kəndində anadan olmuşam, kəndimizdə Sultanbud təpəsi var, təxminən yüz metr hündürlüyündə. Uşaqlığım o təpəlikdə, Sultanbud meşəsində keçib. O meşəlikdə qeyri-ixtiyarı zəngülələr vururduq.

Azərbaycan bayrağını da o təpəlikdə həkk ediblər. Müxtəlif daşlarla düzəldilib o xəritə. Xankəndindən baxanda o bayraq görünür. Demək olar ki, Qarabağda hər iki adamdan birinin səsi olub. Bəlkə də bu təbiətdən irəli gəlirdi. Çünki Qarabağın təbiəti bambaşqa idi. Təbiət özü insanı oxutdururdu. Orda olan oksigen bolluğu, meşəliklər, yaşıllıqlar-oxumaq üçün belə şeylər çox vacibdir.

Bir toy məclisində bir də görürdün əlində çomaq hansısa çoban girdi məclisə və başladı oxumağa. Qəribə gəlmirdi bu insanlara. Muğam ifaçılarının çoxu Qarabağdan çıxırdı. Amma heyif ki, indi bu səslər azalıb. Çünki illərdir ki, o yerlərdən uzaq düşüblər.

Çəkilməyən fotolar...

Yadımdadır ki, Qarabağda tez-tez müsabiqələr, mahnı festivalları keçirilirdi. Bakıdan ustad sənətkarlar yığılıb Qarabağa gələrdilər. Hər sənətkarın Qarabağa gəlişi bir toy-bayram idi. Heç yadımdan çıxmaz, uşaq idim, eşitdim ki, Niyazinin rəhbərlik etdiyi Simfonik orkestr Cıdır düzündə konsert verəcək. Biz də onda Şuşada düşərgədə idik. Niyazini canlı-canlı görməyim məndə dərin təəssürat yaratmışdı. Onun qeyri-adi barmaqları, dağınıq saçları, hərəkətləri hər kəsdə maraq doğururdu. Sanki canlı əfsanəyə baxırdıq. O vaxta qədər biz Niyazini yalnız televizorda görmüşdük. Sara Qədimova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədovun konsertlərinin birini də əldən verməzdik. İndi hərənin əlində bir telefon şəkil çəkir. Yəni texnika inkişaf edib, amma o vaxt belə deyildi. Bizim heç cürətimiz çatmazdı o sənətkarlara deyək ki, sizinlə bir şəkil çəkdirək. Amma kaş ki, o tarixi anları fotoya köçürmək mümkün olaydı, indi səninlə o canlı fotoların əsasında danışaydım. Söz yox ki, o fotolar canlı-canlı beynimə, ürəyimə həkk olub. Özü də əbədi…

“Xarıbülbülün ətri burnumdan getməyib”

Şuşanın yaylaqları dillər əzbəri idi. Biz hər il üç ay Şuşaya istirahətə gedərdik. O vaxt sovetin bütün məkanlarından axışıb Şuşaya dincəlməyə gələrdilər. Çünki Şuşa istirahət məkanları və sanatoriyası ilə çox məşhur idi. Bizim də ora getməyimiz toy-bayram olardı. Şuşanın hər bulağı, hər dağı, Cıdır düzü mənim üçün çox doğmadır. Hər yay, bütün uşaqlığım demək olar ki, orda keçib. Bəlkə də çoxuna qəribə gələcək, amma mən bugün də Bakıda ola-ola, Şuşanın Cıdır düzünə gedib gəzib-gəlirəm. Balaca Mənsum Cıdır düzündə o tərəfə qaçır, bu tərəfə qaçır. Sənətkarların ifası, səsi indi də qulaqlarımdadır. İlk dəfə xarıbülbül gülünü dərməyimi yəqin ki, ömrüboyu unuda bilməyəcəyəm. Mən uşaqkən o gülü Cıdır düzündə görüb iylədim. İnanın səmimiyyətimə, hələ də o gülün ətri burnumdan getməyib. Şuşadaydıq, xəbər yayıldı ki, bəs Xarıbülbül adlı gül bitib, o gül yalnız Qarabağa məxsusdur. Uşaqlarla düşərgəyə getmişdik. Qoşulduq bir-birimizə getdik Cıdır düzünə. Elə bil gülün üstünə canlı bülbül qonmuşdu. Bu İlahinin bir möcüzəsi idi.

“Ağdamdan gənclər dəstə yığıb Xankəndinə davaya gedərdilər”

Qarabağ toyları ayrı bir aləm idi. Ustadlar oxuyardı, məclisdə o qədər sakitlik olardı ki, yalnız xanəndənin ifası eşidilərdi. Ermənilər də bizim ustadlarımızın səsinə valeh idilər. O vaxt elə bir erməni olmazdı ki, evində Qarabağ xanəndələrinin lent yazılarını saxlamasınlar. Çox sevirdilər və dinləyirdilər bizim xanəndələri. Amma indiki kimi deyildi e, o vaxtlar onların cəsarəti çatmazdı desinlər ki, bu musiqilər bizimdir. Yadımdadır ki, ermənilər Ağdam camaatından çox çəkinərdilər. Ağdamdan gənclər yığışıb Xankəndinə davaya gedərdilər. Xankəndinin özündə o qədər davalar düşürdü ki… Məsələn, kiminsə uşağına, ya doğmasına söz atırdılar, sataşırdılar, Ağdamdan cavanlar dəstə yığıb 30-40 nəfər həmin ermənilərin üstünə gedərdilər. Ağdamlı adı eşidəndə erməni arxasına baxmadan qaçardı. Yəni sözümün canı budur ki, erməni qorxaq millətdir, Qarabağ camaatının yanında həmişə çəkinib, qorxub. Mən bugün də əminliklə deyirəm ki, Qarabağı erməni almayıb, heç erməninin buna gücü də çatmazdı. Amma mən əminliklə deyirəm və bütün Qarabağ camaatı da buna ürəkdən inanır ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev o yerləri tezliklə geri qaytaracaq. Biz yenə də Şuşada-cıdır düzündə xarıbülbül gülünün ətrini ciyərlərimizə çəkəcək, Qarabağ toylarında Zəngüllər vuracaq və İsa bulağından su içəcəyik. Bu birmənalı şəkildə baş tutacaq.

Keçmiş SSRİ-də məşhur olan Ağdam bazarı...

Ağdamdan danışanda mən keçmiş zaman şəkilçisində danışa bilmirəm. Baxmayaraq ki, mənim Ağdam torpağında addımladığım, gəzib-dolandığım yerlər dağıdılıb, yandırılıb, talan edilib. Amma xəyalən yenə o yerlərə gedib-gələ bilirəm. Ağdam həm mədəniyyət mərkəzi idi, həm də ticarət mərkəzi. Ağdamda imarət deyilən bir yer vardı, hər zaman orda möhtəşəm musiqi festivalları, tədbirlər keçirilərdi. İnsanlar orda darıxmırdı. İnsanların çox toplaşdığı bir məkan da vardı - Çay evi. Çox maraqlı bir dizayna malik məkan idi. İndi müxtəlif istirahət məkanları-kotejlər tikilir, amma sovet dönəmində ən prestiji istirahət məkanları Ağdamda-Abdal Gülablıda idi. Bütün ölkədən gəlib o məkanlarda dincəlirdilər. Təbiətin qoynunda, gözəl hava-insanlar zövq alırdılar. Ağdamın bazarı vardı, nəinki Azərbaycanda, Sovetlər İttifaqında məşhur idi. O vaxt bütün ittifaqdan o bazara gəlib alver edərdilər. Bakıda tapılmayan defisit malları gəlib Ağdam bazarından alıb aparardılar. Sankt-Peterburqa gedib italyan, fransız kastyumları, paltoları, ayaqqabıları alıb gətirərdilər. Hər kəs bilərdi ki, tapılmayan malları ancaq Ağdam bazarında olur.

“İki qardaşım qəlpə gəzdirir”

Ağdamın indi işğal altında olmasına heç cürə inanmaq istəmirəm. Mənə çox ağırdır. Mənim dörd qardaşım müharibə iştirakçısıdır, ikisi Qarabağ əlilidir, bədənində qəlpə gəzdirir. Ağdamda, Şuşada vuruşublar. Qohum-əqrəbadan itkin düşənlər çox oldu onda . Müharibə elə bir faciədir ki, hər ailəyə fəlakət gətirir. Təsəvvür edin, yüzillərboyu yaşadığın, əzizlərini dəfn etdiyin torpağı qoyub gəlmək nə deməkdir. Bu ağırlığı bu hissi yaşayanlar bilər. Mən Ağdamın alındığı vaxtı xatırlayıram. O ərəfədə heç kim inanmırdı ki, Ağdam işğal oluna bilər, erməni Ağdama girə bilər. Çünki bu ağlasığmaz bir iş idi. Ağdam 6 min şəhid verdi. Bu o deməkdir ki, Ağdamda hər kəs vuruşurdu, heç kim torpağını qoyub gəlmək istəmirdi. Dedilər ki, insanlar çıxsın, bura batalyon girəcək, amma yalan söhbət idi. Məqsəd insanları Ağdamdan çıxartmaq idi.

Ağdamın ağ evləri...

Mən onda Bakıda idim, həmin gün eşitdik ki, Ağdam işğul olundu. İnsanlar evlərindən-eşiklərindən didərgin düşdülər. O vaxtlar Ağdamda gözəl evlər tikilirdi. Bizdə Şahbulaq deyilən bir yer vardı, orda karyerdə xüsusi ağ daşlar kəsilirdi. Ağdam camaatı o ağ daşlardan ikimərtəbə-üçmərtəbə evlər tikdirirdi. O qaçhaqaçda elə insanlar vardı ki, topdağıtmaz evlərdən bir çöp belə götürə bilməmişdilər. Heç bunu özlərinə sığışdıran da yox idi. Həm də dediyim kimi Ağdamın işğal olunacağına heç kim inanmırdı.

“Cəsədlər bir “kanistr” benzinə də dəyişdirilirdi”

Yadımdadır ki, Ağdamın işğalı ərəfəsində nə qədər insanın ürəyi partladı öldü, nə qədər insanlar qolunu-qıçını itirdi, şikəst qaldı, nə qədər əhalinin əzizinin qəbri o yerlərdə qaldı. Son ana qədər Ağdamın bazarı da işləyirdi, idarələri də. Həyat davam edirdi. İnsanların özünə güvəni də çox idi. Hər evdən-ailədən ən azı bir-ikisi batalyonlarda vuruşurdu. Ən dəhşətli məqamlardan biri də erməninin əlində qalan cəsədlərin dəyişdirilməsi prosesi idi. Heç kim istəmirdi ki, ölüsü erməninin əlində qalsın, bu faciə idi. Həmin ərəfədə cəsədlər bir kanistr benzinə də dəyişdirilirdi. Kəndimizdən, qohumlarımızdan müharibənin acısını yaşayan insanlar çox oldu.

“Güllə yağışında Səxavətin cənazəsini aparıb torpağa tapşırdılar”

Təsəvvür edin, bügun Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün, Seyid Şuşinski, Xan əminin ruhu nigarandır. Azərbaycana böyük korifeylər vermiş bir bölgə bu gün düşmən tapdağındadır. Amma bir həqiqət də var ki, onların ruhu Qarabağdadır. Ağdamda elə kişilər vardı ki, onlar şəhid oldular, amma torpaqlarını tərk etmədilər. Rəhmətlik Səxavət Məmmədovun məzarı bu saat Ağdamdadır. O vaxt atışma gedə-gedə, güllə yağışında Səxavətin cənazəsini aparıb torpağa tapşırdılar.

“Ermənilər onun oxumağından ötrü ölürdülər”

Özü də deyim ki, ermənilər Səxavətin səsindən, oxumağından ötrü ölürdülər. Təyyar Baramovun atası şəhid oldu, elə öz həyətlərində düşmən gülləsi onun həyatına son qoydu.

Təsəvvür edin, hər kəs kənddən çıxmışdı, amma Şahmalı Kürdoğlu evindən çıxmamışdı. Qiyaslı kəndində yaşayan məşhur xanəndə Şahmalı öz həyətində Fizuliyə heykəl qoydurmuşdu. O, Füzulinin vurğunu idi. O öz oğlu ilə həyətdə gəzdiyi yerdə mərmi düşdü ikisi də şəhid oldu. İnsanlar özlərinə sığışdırmırdı torpağından çıxmağı. Çox idi elə insanlar, hansı ki, canlarından keçdilər, amma torpaqdan çıxmadılar. Elə ona görə də bir rayon altı min şəhid verdi, heç bir bölgə bu qədər şəhid verməmişdi. 13-14 yaşlı uşaqlar atalarına qoşulub patron daşıyırdılar.

Təzyiqi yüksəldən yuxular...

Yuxuma girir Qarabağ. İnan ki, o an mənə istilik gəlir, təzyiqim yüksəlir, dəli kimi yuxudan oyanıram. Əlim çatmır Qarabağa. Tez-tez gedirəm Ağdama. Ordan durub baxıram erməninin əlində olan torpaqlara. Az qalır ürəyim partlasın, dəhşətə gəlirəm. Ağdamın internetdə yayılan şəkillərinə baxıram, erməni xarabazara çevirib, sanki heç o yerlər olmayıbmış kimi. Düşmən yaxşı bilir ki, Ağdam əbədi onların deyil, nə vaxtsa, geri alınacaq. Buna görə də yandırıb, talan ediblər, dağıdıblar.

Cəvahir Səlimqızı

FOTO:Nuron

Xəbər lenti

DAHA ÇOX XƏBƏR