Aygün Bayramovanın atasını evindən zorla çıxardılar - VİDEO, FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Aygün Bayramovanın atasını evindən zorla çıxardılar - VİDEO, FOTOLAR

Xalq artisti, muğam və xalq mahnılarının mahir ifaçısı Aygün Bayramovanı “Könlüm keçir” layihəsinə dəvət edəndə “hə, xəbərim var, Qarabağdan danışacağıq”-, deyib dərhal razılaşdı. Onunla çalışdığı Milli Konservatoriyanın binasında görüşdük. Elə gəlmişkən bu qarabağlı qızının şirin səsini də dinləməli oldum. Çünki vaxtından əvvəl gəlmişdim, necə deyərlər, dərsin şirin yeriydi. Aygün xanım təbələri ilə sağollaşdı və Ağdamla bağlı xatirələrini ipə-sapa düzdü. Doğulduğu Sarhaclı kəndindən, Sevgili nənəsindən, indi dünyasını dəyişən qonşularından, tut yeməyindən danışdıqca qəhərləndi. “Gecə kəndimizi və evimizi yuxumda görmüşəm, elə bil nə müharibə başlamışdı, nə də evimiz dağıdılmışdı, bacımgillə birgə evimizi yığışdırdıq, silib-süpürürdük…” Bu qürurlu qız nə qədər cəhd eləsə də yanaqlarından aşağı süzülən göz yaşlarını məndən gizlədə bilmədi.

Arif Babayevin çəpər qonşusu

“Ağdamın Sarhaclı kəndindənəm, xalq artisti, ustadım Arif Babayevlə çəpər-çəpərə qonşu olmuşuq. Elə bir yerdə dünyaya gəlmişəm ki, oranın havası, suyu, təbiəti cənnət sayıla bilər. Mən Ağdam üçün çox darıxıram. Ağdamsız Ağdam haqqında danışmağın nə qədər ağır olduğunu bir mən bilirəm, bir də Allah. Mən belə bir torpaqda böyümüşəm. Orta məktəbi də elə Ağdamda bitirmişəm. Orta məktəb illərim, “Qarabağ bülbülləri” ansamblında oxuduğum çağlar-hamısı Ağdamda keçib. Ağdamla bağlı xatirələrimi həyəcansız danışa bilmirəm. Çoxuşaqlı ailə olmuşuq. Atamın musiqiyə böyük həvəsi olub, yaxşı tar çalırdı, muğam dinləyirdi. Hər bazar günorta saat 2-də radioda muğam konsertləri olurdu. Bizim də evimizdə “Vesna” markalı radio vardı. Deyim ki, hər evdə də bu radiodan yox idi ha. Saat ikiyə qalanda, atam deyirdi ki, radionu gətirin, konsert başlandı. Elə bir ailədə böyümüşəm ki, orda musiqini sevməyən yox idi. Atam mənim xanəndə olmağımı çox istəyirdi. Yadımdadır ki, onda qardaşım Üzeyir “Qarabağ bülbülləri” ansamblında oxuyurdu. Elə məni o ansambla aparan da qardaşım oldu”.

“Qardaşım dedi ki, gəl səni aparım “Qarabağ bülbülləri”nə...”

“Sözün düzü, heç mən səsim olduğunu o qədər də anlamırdım. Söz yox ki, bacımgillə bir-birimizə qoşulub iş görə-görə oxuyurduq, amma atamgil evə gələndə tez özümüzü yığışdırardıq, utanıb-çəkinərdik. Bir gün qardaşım gəldi ki, səni “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad müəllimin yanına aparacağam. Qayıtdım ki, yox e, mənim səsim var? Dedi ki, aparım, qoy yoxlasın. Getdim, onda da bapbalaca, sısqa bir qız idim. Murad müəllimin təkidi ilə bir “Qarabağ şikəstəsi” oxudum. Murad müəllim dedi ki, “sənin nə gözəl səsin var, bax ha, gözəl gələcəyin olacaq”. Onda da olardı mənim 9 yaşım. Sonradan qardaşım oxumağın dalınca getmədi, çox heyflər olsun. Çünki onun o qədər gözəl səsi vardı ki, hamı onun səsini Əbülfət Əliyevin səsinə bənzədirdi. Amma mənim günüm elə bu Pionerlər evində keçməyə başladı. Orta məktəbdə mənə xüsusi diqqət və qayğı vardı, çünki məktəb, eləcə də rayonun bütün tədbirlərində məni oxudardılar. Hətta rübün axırında məndən soruşurdular ki, hansı qiyməti istəyirsən? Həm də mən yaxşı, nümunəvi şagird idim. Baxmayaraq ki, Pionerlər evinə gedib-gəlirdim, amma dərslərimdən də əla qiymətlər alırdım”.

“Arif Babayev dedi ki, mən onun atasıyla danışaram, Aygünə icazə verər”

“Günlərin bir günü kəndimizdə xəbər yayıldı ki, bəs Bakıdan gəliblər. Yaxşı səsi olan uşaqları seçib şəhərə oxumağa aparacaqlar. Onda da bu qərarı ulu öndərimiz Heydər Əliyev vermişdi. Böyük sənətkarlardan ibarət münsiflər heyəti-Arif Babayev, İslam Rzayev, Şövkət Ələkbərova rayonumuza gəldilər. Mən də balaca bir qız olaraq özümü göstərdim, “Dilə bəndəm” mahnısını oxudum. Çox bəyəndilər. Məni Bakıya dəvət etdilər. Çünki şərtə görə rayonda seçim edəndən sonra Bakıda növbəti seçim olurdu və nəhayət yekun konserti təşkil edirdilər. Gəldim Bakıya, Bülbül adına orta ixtisas məktəbinə qəbul oldum, amma dərsə getmədim, qayıtdım Ağdama. Yekun konsertdən sonra bizə teleqram vurdular ki, filan-filan sənədləri hazırlayıb Bakıya gətirin. Atamla o sənədləri hazırladıq, amma axırda dedim ki, ata getmək istəmirəm, gələn ilə qalsın. Atam da etiraz etmədi. Digər ildə də belə etdim. Üçüncü dəfə münsiflərin qarşısına çıxanda dedilər ki, dayan, iki ildir səni seçirik, bəs niyə gəlmirsən, səbəb nədir? Arif Babayev münsif üzvü idi, o, söz verdi ki, mən onun atası ilə danışacağam və Aygünü Bakıya gətirəcəyəm”.

“Tut yemək üçün Ağdama gedirdim”

“Onda da dediyim kimi Arif müəllimgillə çəpər qonşusuyduq. Dediyi kimi də etdi. Gəldi bizə və ona söz verdim. Bununla da mən Bakıya oxumağa gəldim. Hər zaman deyirəm bunu, Bakıda yaşamağa çox çətinliklə alışdım. Hətta mən tələbəlik illərimdə tətilə gedəndə Ağdamda on gün də artıq qalırdım. Çünki kəndimizə, evimizə çox bağlı idim. Tut yetişəndə mən tut yemək üçün Ağdama gedirdim. Tələbə yoldaşlarım deyirdilər ki, sən Ağdama getmişdin? Soruşurdum ki, hardan bilirsiniz? Deyirdilər ki, rəngindən, Ağdama gedəndə rəngim açılırdı, əhval-ruhiyyəm gözəlləşirdi. Uşaqlıq xatirələrimin hamısı Ağdamla bağlıdır. Oxuduğum 8 saylı məktəblə evimizin arasında xeyli yol vardı. Burda səninlə danışıram, o həyətimiz, kəndimizin döngələri, cığırları bu saat gözümün önündən bir kino lenti kimi keçir”.

“Mərmi qardaşımın ayağını yaraladı”

“Ağdam alınanda bir həftə bu xəbərə inanmadım. Bizim evimiz elə bir yerdəydi ki, ordan baxanda Şuşanın başı qarlı dağları görünürdü. Orda qar yağanda o qarın şaxtası, soyuğu bizə gəlirdi. Evimiz yolun üstündəydi. Şuşadan gələn yolda abidələr vardı, inanın ora o qədər şəhid basdırmışdılar ki, addım qoymağa yer yox idi. O müsibətlər baş verə-verə mənim valideynlərim, qohumlarım Ağdamdan çıxmırdılar. Dəhşətli döyüşlər olanda uşaqları kənddən çıxarırdılar, amma böyüklər kəndi qoyub getmirdilər. Hətta atılan mərmilər qardaşımın ayağını yaralamışdı. 1993-cü ildə mən kəndimizə getmişdim. Dəhşətli atışmaların şahidi oldum orda. Əsgəran tərəfdən atılan alazanlar başımızın üstündə vıyıldayırdı. Kiminin evini dağıdırdı, kiminin balasını öldürürdü, kimini yaralayıb qana boyayırdı. Bütün bu dəhşətləri öz gözümlə görmüşəm. Ömrümün sonuna qədər də o dəhşətləri yadımdan çıxara bilmərəm. Əbədi yazılıb yaddaşıma.

Bakıda idim, xəbər gəldi ki, bəs ermənilər “Ozan” restoranının yanındadırlar. Ozan da Şuşadan gələn yolun üstündə-kəndimizdə yerləşirdi. Evimizə çox yaxın idi. Hətta danışırdılar ki, ermənilər bir neçə saat o restoranın yanında dayanıblar, qorxularından yaxın gələ bilməyiblər. Çünki ermənilər ağdamlıların evlərindən gedəcəyinə inanmırdılar. Hələ dünyanın düz vaxtında, ermənilər Xankəndindən Ağdama qorxa-qorxa gəlib gedirdilər. Ermənilər Ağdam camaatından çox qorxurdular. Baxmayaraq ki, hələ onda dava, döyüş yox idi, guya mehribançılıq idi. Erməni ümumiyyətlə, qorxaq millətdir. Mətbəxi, mədəniyyəti oğurlanmış bir millət elə qorxaq olmalıydı”.

“Ağdam alımmamışdan bir ay əvvəl qardaşıma toy etdik”

“Mənim kəndimizdən axırıncı dəfə çıxmağım 1993-cü ilə təsadüf edir. Onda qardaşım Üzeyirin toyuna getmişdim. Ağdamın alınmasından bir-iki ay əvvəl qardaşıma toy etdik. Sakitçilik idi, toy hər zaman olduğu kimi çox böyük maraqla keçdi”.

“Bunu bilsə, ürəyi partlayıb ölər”

“Yaxşı qonşularımız vardı, hansı ki, onların çoxu Ağdamdan uzaqda dünyasını dəyişib. Çox pis oluram ki, niyə axı o insanlar Ağdamda torpağa tapşırılmadı? Onda kənddə ağsaqqal, ağbirçək sözü keçərli idi. Birinin evində bir hadisə baş verirdisə, dərhal həmin ağbirçək, ağsaqqallar ora yığışar, məsələni həll edərdilər. Mənim ana nənəm olan Sevgili nənə çox gözəl insan idi. Sevgili nənəm elə bir ağbirçək idi ki, onun bir sözü ilə davalar yatırılardı. İnan Allaha, Cəvahir, bax Arif Babayev də bilir, ondan soruşsan, sənə deyəcək. Atam da elə. Bizim ailəmiz xeyirxah insanlardan ibarət olub. Heç kimin toyuğuna kiş deməmişik, gözütox adam olmuşuq. Tez-tez qonşularımızı yadıma salıram, içimdə bir nisgil yaşayıram. Atamla-anam yaşlı insanlardır, indi Bərdədə yaşayırlar. Amma inanın Allaha, hələ də Ağdama gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar bilsələr ki, Ağdama qayıda bilməyəcəklər, bəlkə də o an ürəkləri partlayıb ölə bilərlər. Mən onlara təsəlli verirəm və Qarabağa qayıdacağımız günün yaxında olduğunu deyirəm. İnanıram ki, belə də olacaq. Çünki ulu öndərimizin layiqli davamçısı, cənab İlham Əliyev o torpaqları bizə qaytaracaq”.

“İki qoşabulaq vardı, o bulaqlar yuxuma girir”

“Təsəvvür edin, atamgil Bakıya gələndə on gün qala bilmirlər. Bərdədə onlar üçün kiçik bir şərait yaratmışam ki, heç olmasa, Ağdamsız yaşamağın ağırlığını bir az az hiss etsinlər. Torpaq bugün alınsa, elə bugün də ora uçaram. Mən bilirəm ki, erməni Ağdamı dağıdıb, viran qoyub, yandırıb. Amma mən gözüyumulu Ağdamda hər cığırı, hər evi asanlıqla taparam. Bilirəm ki, kəndimizdə kimin evi hardaydı, hansı yola hansı cığır aparır. Erməni bilir ki, o torpaqlar gec-tez əllərindən alınacaq. Buna görə də dağıdıb o torpağı talan ediblər. Tez-tez yuxuma girir Ağdam, kəndimiz, evimiz. Bilirəm ki, evimiz dağıdılıb, yandırılıb, amma yuxuda evimizi dağılmış vəziyyətdə görə bilmirəm. Qonşularımızı, oxuduğum məktəbi görürəm yuxumda. Kəndimizə iki qoşabulaq vardı, o bulaqlar yuxuma girir. Bu gecə də yuxuda gördüm ki, evimizi yığışdırırıq. Novruz bayramı yaxınlaşır axı, bəlkə də buna görə”.

“Atam dedi ki, sən bu evi yandırmasan...”

“Yadıma düşür ki, Novruzda həyətimizdə iri bir tonqal qalayardıq, bütün kənddən o tonqal görünərdi. Lopa yandırıb göyə atardıq. Mən də oğlanlara qoşulub lopa yandırardım. Atam deyirdi ki, sən bu evi yandırmasan sakit duran deyilsən. Əskini neftin içinə basdırıb ağaca bağlayardıq. Tonqal yanıb qurtarana qədər ocaq başından aralanmazdıq. Ağdamda bayram ayrı cürə keçirilirdi. Qulaq falına da gedirdim. Özü də bilirdik kimin evinə gedək. Bilirdik ki, tutalım filan qonşunun evinə getsək yaxşı söz eşidəcəyik. Bacılarımla geyinib-keçinərdik, qonşu qızları ilə oğlanlara qoşulub yumurta döyüşdürərdik. Qonşu qonşuya pay verərdi, yığışıb şəkərbura, paxlava bişirərdik. Mən o Novruzu Bakıda hiss edə bilmirəm, bu sözlərə görə, məndən inciməyin. Məndən həmişə soruşanda ki, sevimli bayramın hansıdır, deyirəm ki, Novruz”.

“Ermənilər səni ya güllələyəcək, ya da əsir alacaq”

“Ailəmizdə Ağdamdan ən axırıncı çıxan atam olub. O da məcburiyyət qarşısında. Bir əsgər atama yaxınlaşıb su istəyib. Sonra da qayıdıb ki, “ay dayı burda qalmayın, evdən çıxıb gedin, vəziyyət qorxuludur”. Atam deyib ki, “ay oğul bu evimi-eşiyimi, bağımı-bağçamı kəndimi-kəsəyimi qoyub hara gedim?”. Əsgər demişdi ki, “mütləq çıxmalısan, yoxsa, ermənilər səni ya güllələyəcək, ya da əsir alacaq”. Kəsəsi, atamı əsgər zorla evdən çıxarmışdı. Bunu sonradan atam bizə danışanda çox həyəcanlandıq. Atamgil Bərdəyə yığışıb gələndə həmin gün evdə ağlaşma idi. Torpağını qoyub gəlmək, evini-eşiyini, elini-obasını itirmək atamgil üçün faciə idi. Bu faciənin ağırlığını illərdir ki, onlar ürəklərində yaşayırlar. Ağdamlı günlərimdən ötəri burnumun ucu göynəyir. Quş olaydım, o yerləri görüb gələydim. Amma sosial şəbəkələrdə görəndə ki, Ağdamı xarabazara çeviriblər, elə mənim də ürəyim xarabazara dönür”.

Cəvahir Səlimqızı

Foto: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm