Sizə Çaplin lazımdır, yoxsa Mikki? - Böhrandan xilas üçün bunları bilməlisiniz
Bizi izləyin

Müfəttiş

Sizə Çaplin lazımdır, yoxsa Mikki? - Böhrandan xilas üçün bunları bilməlisiniz

Qarşıda uzun bir yol var. İtmiş ümidləri geri qaytarmaq lazımdır.

...Ötən əsrin 30-cu illəri. İqtisadi böhran, işsizlik, maliyyə problemləri... Prezident Ruzvelt bu çətin durumdan xilas üçün yollar axtarır. İqtisadiyyatı dirçəltmək üçün yeni planlar hazırlanır. Amma qarşıda uzun bir yol var. İtmiş ümidləri geri qaytarmaq lazımdır.

Bu zaman Uolt Disneyin yaratdığı sarı ayaqqabılı, ağ əlcəkli balaca siçan Miki Maus bu işin öhdəsindən gəldi. Miki və onun dostları qısa müddətdə populyarlıq qazandı və biznesdə ciddi stimul yaratdı. Əvvəlcə Miki insanlarda nikbinliyi bərpa etdi və gələcək firavan həyat işıqlarını yandırmış oldu. Böyük siyasətçilərin çətinlik çəkdiyi məsələni balaca siçan həll etdi.

Böhran illərində çəkilən “Mikki Maus”la yanaşı, “Çarli Çaplin” də öz rolunu oynamış oldu. Bu film kiçik adamın böyüklüyünü göstərdi və balaca, cılız insan kompleksini sındırdı, insanlarda özünə inam, gələcəyə ümid hisslərini yaratdı.

Bu gün yenə də dünyada iqtisadi böhran hökm sürür. Azərbaycan da dünyanın bir parçası olduğu üçün ölkəmizdə də bu böhranın təsiri aşkar şəkildə hiss olunur. Düzdür, hökumət iqtisadiyyatın inkişafı üçün islahatlar paketi hazırlayıb. Ölkəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində ciddi tədbirlər görülür, bu, öz yerində.

Böhrandan çıxış üçün dövlətlər iqtisadi planlar hazırlamaqda olsunlar, bizsə Publika.az-ın “Müfəttiş”i olaraq insanlarda nikbinliyi öldürməmək, onların gələcəyə ümidlə baxmaları üçün daha nələr edilə biləcəyini araşdıraq.

Həyəcanlı davranış səhvlər gətirir

Əvvəlcə onu bilməliyik ki, iqtisadi krizlərdə istər insanların, istərsə də ölkələrin həyəcanlı davranışı onların səhv etmələrinə səbəb olur. Nəticədə, işlər düzəlməkdənsə, daha da çətinləşir.

Bu mənada məlumatların təqdim olunma üsulu, mütəxəssislərin fikirləri insanlarda ümidsizlik və depressiya yaradır. Ümidsiz insan isə iqtisadi problemləri həll etməkdə çətinlik çəkir. Bu zaman da depressiya, psixoloji pozuntular artır. Bu səbəblə də vəziyyətin hər bir fərdə təsirini nəzərə almaq lazımdır. Əlbəttə, hər kəsdə birdən-birə psixoloji problemlər yaranır demək də doğru yanaşma deyil. Bu məqamda isə maddi dəstəklə yanaşı, mənəvi dəstəyin rolu daha çox hiss edilir. Ailə üzvlərinin bir-birinə dəstəyi bu mənada mühüm əhəmiyyət kəsb edir.

Digər məqam isə çətinliyin nə olduğunu dərk etməyən uşaqlara qənaəti öyrətməkdir. Bu məsələ cəmiyyətə də aşılanmalıdır. İnsanların həddən artıq israfçılığa yol verməməsi üçün atılacaq addımlar dəyərləndirilməlidir. Əlbəttə, bu, “pul xərcləməyin”, “heç nə almayın” anlamına gəlməməlidir. İqtisadiyyatın davamlı olması üçün daim işləmək və xərcləmək şərtdir. Ancaq özümüzü idarə etdiyimiz və vəziyyətə uyğun davrandığımız zaman heç bir problem olmayacaq.

Gələcəyə ümidi itirməmək, real sərhədləri və gözləntiləri anlamaq iqtisadi krizi həll edən birbaşa səbəb olmasa da, fərdlərin psixoloji böhranını azalda biləcək gücə sahibdir. Ümumi böhran vəziyyətinin iqtisadi və ictimai sülh üzərində təsirinə nəzarət etmək isə mütəxəssislərin işidir.

Gülümsəyin!!!

Əslində, dünyada müşahidə edilən böhran nə ilk, nə də sondur. Dünya ölkələri müxtəlif dövrlərdə böhrandan çıxış üçün müxtəlif addımlar atıblar. Müəyyən dövrlərdə hətta ABŞ-da iqtisadi böhranı “gülmə yoqası” ilə unutmağa çalışıblar. Qəribədir, deyilmi? Amma gerçəklikdir. Təxminən 15 ildən çoxdur Madam Katarina tərəfindən tapılan və əksər Avropa ölkəsi ilə yanaşı, dünyanın bir çox ölkələrində tətbiq edilən “gülmə yoqası” insanlarda təkrar gülmə vərdişləri yaradır. Hətta xərçəng xəstəsi olan Nira Berri bu üsulla kimyaterapiya zamanı ağrılarını azalda bilirmiş.

Təsdiqlənmiş faktdır ki, böhrandan çıxış üçün incəsənət, media ən böyük dəstəkçidir. Bəzən sadəcə psixoloji dəstək kimi yaranan incəsənət, sonradan biznesi də dirçəldə bilir. Bu mənada bir daha “Miki Mouse” təcrübəsini xatırlamaq yerinə düşər. Miki əvvəl insanları əyləndirdi, sonradan isə “Mikki Mouse” oyuncaqları biznesin inkişafında önəmli yer tutdu. Nikbin insan iqtisadiyyatı daha yaxşı dirçəldə bilər.

İqtisadçılar da böhrandan çıxış üçün nikbinliyin formalaşdırılmasının əsas faktor olduğu düşüncəsindədir.

Gənclərə vəzifə verilməli

İqtisadçı ekspert Vüqar Bayramov belə vəziyyətdə vətəndaşlarda nikbinliyin formalaşdırılmasına ehtiyac olduğunu deyir: “Bu, olduqca vacib məsələdir. Buna görə də sosial-mədəni siyasət bu nikbinliyin formalaşmasına xidmət etməlidir. İnsanlarda nikbinliyin yaradılmasının bir neçə şərti var. İlk növbədə, sturuktur, kadr islahatlarının həyata keçirilməsinə ehtiyac duyulur. Azərbaycanda yeni dönəmdə buna ehtiyac var. Burada xüsusən, dövlət qurumlarında gənc kadrların işlə təminatı və onlara yüksək vəzifələrin verilməsi gündəmə gəlib. Belə bir təmsilçilik nikbinliyin yaranmasına səbəb olar. Həmçinin sosial güzəştlər tətbiq edilə bilər. Kredit borcu olanlara güzəştlərin verilməsi mümkündür. Bu da vətəndaşlarda inam və nikbinlik yaradar. Böhrandan çıxış və iqtisadi inkişaf üçün əhəmiyyətli məqamlardan biri əhalinin nikbin olmasıdır. Bunun üçün sosial-mədəni siyasət buna ünvanlanmalıdır”.

V.Bayramov hesab edir ki, bu məqamda məhz qonşu ölkələrin təcrübəsinin əsas götürülməsinə ehtiyac var: “Bizim üçün MDB ölkələri, xüsusən Qazaxıstan, Mərkəzi, Şərqi Avropa ölkələrinin təcrübəsi nümunə ola bilər. Onlar bu məqamlarda həmin kadr islahatlarının aparılmasına, bir çox qurumları ləğv edib əvəzində yeni qurumların yaradılmasına, habelə gəncləri rəhbər vəzifəyə təyin etməklə nikbinlik yaradılmasına önəm veriblər. Qazaxıstanda belə hallarda kadr islahatları aparıldı, qısa zamanda ölkə Ümumdünya Ticarət Təşkilatına üzv oldu. Bu, əhalidə nikbinlik yaratdı. Davamlı kadr islahatları isə gələcəyə ümidi artırdı. İndiki məqamda bizim üçün də kadr islahatları və sosial-mədəni islahatların aparılmasına ehtiyac var”.

Proses uzun çəkməyəcək

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva hesab edir ki, əhalidə nikbinliyin formalaşması üçün əsas şərt görülən bütün işlərin vətəndaşlara doğru çatdırılması ilə əlaqəlidir:

“Dünyada neçə vaxtdır davam edən böhranın ölkəmizdən yan keçməsi mümkün deyil. Lakin bu məlumat insanlara ajiotaj formasında deyil, daha doğru dillə çatdırılmalıdır. Bunun üçün isə mətbuatın, televiziyanın üzərinə böyük məsuliyyət düşür. İstər hazırlanan verilişlərdə, istərsə də teleseriallarda mövzu seçiminə diqqət edilməlidir. İnsanları problemlə yükləməkdənsə, daha pozitiv məsələlərə köklənmək lazımdır. Bildiyiniz kimi iqtisadi inkişaf üçün yeni addımlar atılır. Hesab etmirəm ki, bu proses uzun çəkəcək”.

Reallıq nəzərə alınmalıdır

Bizdə də “Mikki Mouse”, “Çarli Çaplin”lərin çəkilməsinə gəldikdə, “SOY production”un prezidenti Oqtay Əliyev buna ehtiyac olmadığını deyir: “Əhalinin psixologiyasında nikbinliyin qorunması üçün hazırda atılan addımlar yetərlidir. Bu gün əhalinin əhvalını qaldırmaq üçün əlavə nə isə etməyə ehtiyac yoxdur. Teatrlarda tamaşalar, efirlərdə verilişlər hazırlanır, kinoteatrlarda yeni filmlər nümayiş olunur. Yalnız dekabrda iki filmin premyerası olub, ayın sonuna qədər daha iki film nümayiş etdiriləcək”.

O.Əliyevin sözlərinə görə, insanlar artıq reallığı nəzərə alaraq addım atmalıdırlar: “İnsanlar öz büdcəsinə uyğun davranmalıdır. Büdcəsinin nəyə imkan verdiyini müəyyən etməlidir. Lakin bu gün bizim restoranlarda sıxlığı da görürük”.

Məlumatsızlıq inamsızlıq yaradır

Psixoloji nikbinliyin formalaşması üçün ən mühüm məqamlardan biri də əhalini doğru məlumatlandırmaqdır. Məlumatsızlıq və inamsızlığı ən aşağı səviyyəyə endirməkdir. İnsanlarda problemləri həll etmək bacarığı aşılamaq, yaradıcılıq imkanlarını üzə çıxarmaqdır. Əlbəttə, bunu dərs keçərək etmək doğru effekt verməz. Bu zaman əsas iş medianın çiyninə düşür.

Ən böyük yaxşılıq edilməyən pislikdir

Medianın bu yükü nə qədər daşıya biləcəyinə elə media rəhbərlərindən cavab öyrənməyə çalışdıq. Geniş oxucu auditoriyasına sahib olan “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumatların doğru-dürüst çatdırılması, izahatların verilməsində medianın rolunun əvəzsiz olduğunu vurğulayır. Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də sosial mediada panika yaratmaq əhval-ruhiyyəsi var.

“Onlar qeyri-peşəkarlar, sadə vətəndaşlardır ki, sözlərində heç bir məsuliyyət daşımırlar. Bu məqamda hökumətin, ənənəvi medianın üzərinə yük düşür. Onlar əhalidəki panik əhval-ruhiyyəni aradan qaldırmalıdır. Dövlət rəsmiləri efirlərə, mətbuata çıxmalı, narahatlığa son qoymalıdırlar. Türkiyədə bu işi Rəcəb Tayyib Ərdoğan özü həyata keçirir. Bizdə vəziyyət Türkiyədən daha yaxşıdır, lakin ən azından maliyyə, bank sektorundan məsul olan şəxslər bu sahədə fəaliyyətlərini gücləndirməlidir”.

Azərbaycandakı böhranın iqtidarın səyi nəticəsində vətəndaşların xeyrinə 8 il gecikdirildiyini deyən R.Arifoğlu bundan sonra veriləcək məlumatların böhrandan çıxış qədər vacib olduğunu vurğulayır:

“Bu mənada ölkəmizin bu vəziyyətdən də çıxa biləcəyini əhaliyə çatdırmaq lazımdır. Azərbaycan kimi maddi ehtiyatı olan bir dövlətin iqtisadiyyatını nəzarət altına almaq çətin olmamalıdır. Burada medianın üzərinə düşən vəzifə hadisələri debat şəklində əhaliyə çatdırmaqdır. Biz media olaraq yalnız neqativləri deyil, pozitivləri də verərək balans yaratmağa səy göstəririk. Tənqiddən qaçmadan, çıxış yollarının olduğunu da göstərməyi özümüzə əsas vəzifə seçməliyik. Dünya təcrübəsində medianın ən böyük yaxşılığı etmədiyi pislik sayılır. Bu ifadə hazırkı mediamızın fəaliyyətinə aiddir”.

Gülünc və acınacaqlıdır

“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı hesab edir ki, iqtisadi böhranlar bütün dövrlərdə yeni çətinliklərlə yanaşı, insanlara yeni fürsətlər də gətirib: “İndi Rusiyada çox uğurlu biznesə malik, azərbaycanlı milyonçular kimi tanınan bir çox həmyerlimiz SSRİ-nin süqutu ərəfəsində yaranan yeni imkanlardan səmərəli istifadə edərək iqtisadi nailiyyətlərə imza atıblar. Çox təəssüf ki, bizdə əksərən hər şeyi dövlətdən gözləyirlər. Amma bütün dünyada ağıllı, yüksək təhsilli, intellektli insanlar dövlət orqanlarında hansısa məbləğdə olan maaş müqabilində məmur kimi işləməkdən könüllü imtina edərək öz şəxsi bizneslərini qurmağa üstünlük verirlər. Biz isə rüşvət verməyə belə hazırıq ki, dövlət strukturunda ortabab maaşı olan bir iş tapaq. Bu əlbəttə, gülünc və acınacaqlıdır. Qabiliyyətli, istedadlı və zəhmətkeş insan heç vaxt ac qalmaz. Bizdə istedadlı insanlar tənbəldir, heç kəs əziyyət, zəhmət çəkmək istəmir, əksəriyyət “Allahdan buyruq, ağzıma quyruq” fəlsəfəsi ilə yaşayır”.

A.Camalqızı indiki halda bütün günahı dövlətin və hakimiyyətin üzərinə atmağın əleyhinədir. Onun sözlərinə görə, indiki iqtisadi böhran hansısa yanlış addımların nəticəsi deyil. Bu, fövqəl dövlətlər tərəfindən süni şəkildə yaradılmış bir böhrandır.

“İqtisadi böhrandan daha çox siyasi böhrandır. Azərbaycan da dünyanın bir parçası olaraq digər dövlətlər kimi, bu böhranın çətinliklərini yaşayır. Və əlbəttə, bu, müvəqqətidir. İnsanlarımız bir az dözümlü olmalıdır. Bir müddət qənaətlə də yaşamaq olar. Dəbdəbəli toy modelindən əl çəkib xeyir iş mərasimlərini daha ucuz büdcəylə də başa gətirmək olar. Yetər ki, insanlar ruhdan düşməsin. Sosial şəbəkələrdəki ovqat bəzən məni çox narahat edir. Əslində, böhran insanların içindədir. Bu böhranla baş etmək çətindir. Baxın, hamımız qatqısız, GMO-suz ərzağı əl-əl axtarırıq. Təsəvvür edin, on minlərlə insan vaxtını “Facebook”da mənasız statuslar yazmaqla öldürmək əvəzinə, hər kəs büdcəsinin verdiyi imkanla şəxsi təsərrüfat yaratsa, ərzaqla özümüzü təmin eləsək, neftin qiymətinin neçə dollar olması, dolların dəyərinin hər gün neçə sent artması, manatın oynaması, üzməsi bizim vecimizə olar? Bu neçə ildə Azərbaycanda geniş xalq kütləsi üçün nəzərdə tutulan, qiymətləri orta statistik azərbaycanlının büdcəsinə uyğun bircə geyim brendinin adını çəkə bilərsiz? Nə vaxt yaratdınız və ya yaratmaq istədiniz, dövlət mane oldu?”.

Hər kəs özü ilə üz-üzədir

Müsahibim hesab edir ki, bu məsələdə media, teatr, kinoteatrlar heç nə edə bilməz.

“Konkret olaraq, medianın işi xəbərçilikdir. Əlavə olaraq da maarifçilik. Biz dünyadakı bu yöndə ən yaxşı təcrübələri öyrənib oxucuya təqdim edə bilərik. İnsanlar özləri özlərinə kömək etməlidir. Özlərində təpər tapıb nədənsə başlamalıdırlar. Kreativ olmanın əsl zamanıdır. İndi hər kəs özü ilə üz-üzədir.

Bir vacib məqam da odur ki, biz bir göz qırpımında varlanmaq istəyirik. Amma bu, mümkün deyil. Çox yanlış zehniyyətdir. İllərlə çalışıb nəhayət, bəhrəsini görmək olar. Kapital yatırdım, dərhal da mayamı çıxardım, pullar üstümə sel kimi axsın deyə, bir biznes hələ dünyada kəşf olunmayıb. Aza qane olmağı öyrənməklə, səbrlə işləyib, çalışıb uğurlu nəticəyə doğru irəliləmək lazımdır. Güclü olduğunuza inanın. Çox yorulanda da Viktor Hüqonun bu sözlərini xatırlayın: “O, səndələyir, büdrəyir, yıxılır, amma yenə də ayağa qalxır, əlləri ilə toxunaraq yolunu tapır və inadla irəli gedirdi – vəssalam. Qələbənin bütün sirri bundan ibarət idi”…

Sizə Çaplin lazımdır, yoxsa Mikki?

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm