Kolxoz, yoxsa Murray Hallam? – Azərbaycan üçün SEÇİM (FOTO/VİDEO)
Bizi izləyin

Müfəttiş

Kolxoz, yoxsa Murray Hallam? – Azərbaycan üçün SEÇİM (FOTO/VİDEO)

Suyun içində balıqlar, üstündə xiyar, pomidor, bibər, hətta hündür-hündür ağaclar.

Suyun içində balıqlar, üstündə xiyar, pomidor, bibər, hətta hündür-hündür ağaclar. Böyüyür, məhsul verirlər, amma heç birinin torpaqla birbaşa əlaqəsi yoxdur.

Maraqlı və qəribədir. Əlbəttə, ilk dəfə eşidən üçün.

Bu üsulu Avstraliyalı fermer Murray Hallam 2006-cı kəşf edib və bununla da biznesini qurub. Onu dünyada tanıdan da aeroponika adı verilən yeni əkin üsuludur.

Dünyada torpağa qənaət və daha çox gəlir gətirən bu üsulu öyrənənlər, tətbiq edənlər çoxdur. Bəs biz bu barədə nə bilirik? Biz kənd təsərrüfatının inkişafı üçün nələr edirik?

Publika.az-ın “Müfəttiş” layihəsində dünyanın torpaqsız mühitdən milyonlar qazanmasının fonunda bizim nələr edə biləcəyimizi araşdıracağıq.

Dünya nələr edir?

Yazının girişində gətirdiyimiz təcrübə haqqında bir az ətraflı danışaq. M.Hallamın üsulu ilə hər bir fermer həm balıq saxlaya, həm də kiçik bir sahədə böyük işlər görə bilər. Hətta torpaq şoranlaşmış, istifadəyə tam yararsız olsa belə. Onsuz da bu üsulda fermerə lazım olan su, minerallar və bir də balıqdır. Bu üsulla balıqlarla bitkilər birlikdə inkişaf edir. Balıq tullantıları bitkilər üçün gübrə funksiyasını yerinə yetirir, bitkilər isə balığın suyu üçün filtr rolunu oynayır.

Başqa bir təcrübə. Ərazisi Azərbaycandan dəfələrlə az olan İsrail kənd təsərrüfatında yeni üsulların tətbiqi ilə tanınır. Bu kiçik ölkənin əhalisinin 20%-i kənd təsərrüfatı ilə məşğuldur. Ancaq bununla yanaşı əkinçilik ölkənin ən böyük gəlir gətirən sahələrindəndir. Əkinçilik ölkə büdcəsinə hər il azı 1.5 milyard dollar qazanc verir. Yəni yalnız ölkə əhalisinin ehtiyacı qarşılanmır, xaricə də idxal edilir. İsrail suyun olmadığı, yayda gündüz temperaturun 40, gecələr 0 dərəcə olduğu Arava səhrasında təsərrüfat qurub. Bu şəraitdə becərilən güllər 8 gün solmadan qala bilir. Təbii ki, bu da yetişdirilərkən tətbiq edilən üsullarla bağlıdır.
İsrailin kənd təsərrüfatının inkişafının əsas səbəbinə gəldikdə, bu kibutzlar digəri isə moşavlarla bağlıdır. Xüsusi mülkiyyəti olan kooperativ təsərrüfatlara “moşav”, kollektiv həyat tərzinin olduğu təsərrüfatlar isə “kibutz” deyirlər. Kibutzların xüsusi mülkiyyət yoxdur. Bu ölkədə kənd təsərrüfatının inkişafını təsir göstərən amillərdən biri torpağın dövlətə məxsus olması və kollektivçilikdir.

Torpaqların 40%-dən çoxu şorandırsa…

Azərbaycanda isə təsərrüfatlar fərdidir. Son açıqlanan rəqəmlərə görə, ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi eroziyaya uğrayıb (o, cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şoranlaşıb (o, cümlədən 220537 ha çox şiddətli), 1339,0 min hektarı (o, cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşib (duzlaşıb). Şoranlaşmış torpağı yenidən bərpa etmək isə heç də asan deyil. Bunun əvəzində dünyada “torpaqsız əkin” üsulları tətbiq edilir. Torpaqsız əkinçiliyin ən sıx olaraq istifadə edildiyi ölkələrin başında Niderland və Belçika gəlir. Bu ölkələrin əkin sahələrinin 95%-də torpaqsız əkinçilik tətbiq edilir.

Torpaqsız şəraitdə də sudan və havadan qidalanma üsulu ilə (hidroponika və aeroponika) məhsul becərmək daha əlverişli hesab edilir. Azərbaycan iqlim şəraiti bu üsulların tətbiqinə imkan verir.

Ancaq təəssüf ki, yeni üsulların tətbiq edilməsi bir tərəfə mövcud sahələrdən belə lazımınca yararlana bilmirik. 9 iqlim qurşağı ilə fəxr etdiyimiz ölkəmizin bazarlarında yerli kənd təsərrüfatı məhsullarının yerini mənşəyi məlum olmayan qidalar əvəzləyir.

Yerli məhsulu bazara çıxarmaq təkcə kartofu torpaqdan çıxarıb piştaxtaya düzmək, tin başında limon satmaq deyil. Yetişdirdiyi məhsulu bazara çıxarmaq, onu alıcıya təqdim etmək və alıcı kütləsini toplamaq baxımından Azərbaycanda kolxoz ənənəsini illərdir ki, yaşadan İsmayıllı rayonunun İvanovka kəndindən öyrənəcəyimiz çox şey var desək, lap yerinə düşər. Məgər onun qonşuluğunda, oxşar iqlimə sahib Hacıhəsənli, Mollaisaqlı, Qələyə, Soltankənd kəndlərinin sakinləri ivanovkalılar qədər əkib-becərə bilmir? Yoxsa əkdiklərini bazara çıxara bilmir? Bəs ivanovkalılar nəyi və necə edir?

Başqaları 100 ton, bizdə 10 dəfə çox

Nikitin adına kolxoz sədri Vasiliy İvanoviç ivanovkalıların sirrini Publika.az-a açdı. Onun sözlərinə görə, kəndlərini digərlərindən fərqləndirən məqam istehsal edilən məhsulların çeşidlərinin bol olmasıdır: “Başqa kəndlərdə bir məhsuldan 100 ton yığılırsa, bizdə bu rəqəm 10 dəfə artıq olur. Bizdə stabil olaraq üzüm, sarımsaq, taxıl, noxud əkilir. Əkin aparılarkən bütün aqrotexniki qaydalara əməl edilir, mərhələli aparılır və torpaq dincə qoyulur. Başqa kəndlər hər il fermerlər torpaq sahələrində eyni bitkilər əkirlər. Amma bizdə bu il yonca, növbəti il günəbaxan, sonrakı ilə başqa bir bitki əkilir. Bununla da yaxşı məhsuldarlıq olur və torpaq dirilir. Bizim insanlarımız da çox işgüzardır”.

Kolxoz sədri uğurun başlıca şərtini birlikdə görür: “Başqa rayonlarda fərdi təsərrüfatlar var, hər kəs nə qədər sahəsi varsa, orada əkir, məhsulunu da özü bazara çıxarır. 1-2 inək, 3-5 hektar torpaq sahəsi ilə bazara çıxmaq, uğur qazanmaq çətindir. Digər kəndlərdə hər bir təsərrüfat sahibi özü üçün işləyir, bizdə isə birlikdir. Ona görə də əldə olunan ümumi məhsul bazara çıxarılır. Bakıda da özümüzün mağazamız var. Məhsulumuz çox olduğuna görə, təkcə İsmayıllıda yox, Bakıda da satırıq”.

İstehsal kütləvidir?

İsmayıllı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda ənənəsi olan kəndlərin çox olduğunu deyir. İcra Hakimiyyəti rəsmisi digər kəndlərin İvanovka qədər tanınmamasına da münasibət bildirib: “Rayonun Diyallı kəndi ağartı məhsulları, Quşencə kəndi sumağla məşhurdur. Qalacıq, İstisu kimi kəndlərimiz daha çox qoz, fındığı ilə tanınır. İvanovkanın tanınması təsərrüfatın böyük olması ilə əlaqədardır. Ona görə də onlar məhsullarını təkcə rayonda satmır, Bakıya da çıxara bilirlər. Digər kəndlərdə isə fərdi fermer təsərrüfatlarıdır, məhsullarını ancaq yerli bazarda satır, ya da həyətlərində satırlar. Əsasən də restoranlardan kəndlərə gəlib yerindəcə alırlar. İnsanlar da buna öyrəşib. İvanovkada isə istehsal kütləvi olduğuna məhsul çox olur”.

R.Ağayev bildirib ki, onlar da məhsullarının respublika səviyyəsində məhz kəndlərin adı ilə tanınmasında maraqlıdırlar. O, hətta bunun üçün paytaxt bələdiyyələrilə müqavilələrin də imzalandığını deyib: “Binəqədi bələdiyyəsi ilə imzaladığımız müqaviləyə əsasən, bizim bələdiyyələr yarmarkalara öz adları ilə məhsul çıxaracaqlar. Bu, hələ ki, müxtəlif bayram yarmarkalarında tətbiq edilir. Lakin bunun daha da genişləndirilməsinin tərəfdarıyıq. İsmayıllı adı ilə bazara çıxarılan istənilən məhsulun satış problemi yoxdur. Sadəcə problem kütləvi istehsalla bağlıdır. Ötən ildən artıq İsmayıllı balı bir brend kimi yarmarkada təqdim edilib”.

Əkin sahələri məhduddur

Azərbaycanlı fermerlərin yeni üsullara marağı və tətbiq etmələri barədə suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov cavablandırdı. Fermerlərin daim müasir üsulları öyrəndiyini deyən İ.Cümşüdov ölkəmizdə daha çox kokobit üsulunun tətbiq edildiyini qeyd etdi: “Bu da torpaqsız əkin prosesidir. Dünyada yayılmış üsuldur. Bitkinin kalium və digər mikroelementlərə olan tələbat damlama, suvarma sistemi ilə ödənilir. Aqrotexniki qaydalara əməl edilsə, əldə olunan məhsul torpaqda becəriləndən heç də aşağı olmur. Azərbaycanlı fermerlər yeni üsulları öyrənir, hansı onlar üçün daha rahatdırsa, ondan istifadə edirlər. Bu gün ölkəmizdə əkin sahələri məhduddur, torpaq sahələrindən maksimum əlverişli istifadə etməliyik. Elə torpaq sahələrimiz var ki, orada bu üsulları tətbiq etməklə qida təhlükəsizliyi ilə bağlı tədbirlərə də xidmət etmiş olarıq”.

Kəndli taleyin ümidinə buraxılıb

Kənd Təsərrüfatı Nazirliyinin keçmiş əməkdaşı, əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov (Təəssüf ki, bu, Çingiz Fərəcovun sonuncu açıqlaması oldu. O, bu günlərdə dünyasını dəyişdi.) bu gün regionların potensialından yaxşı istifadə edilmədiyini düşünür: “Bir vaxtlar Cəlilabadda 260 min, Şamaxıda 200 min tona qədər üzüm, Lənkəranda 230 min, Astarada isə 106 min ton tərəvəz istehsal edilirdi. Bu il Lənkəran və Astarada oldum, torpaqlar boş qalıb, əkilmir. Torpaqları becərən yoxdur, çünki rayonlarda bu iş düzgün təşkil edilməyib. Son 60 ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları bu qədər baha olmamışdı. Bunun səbəbi yetərincə məhsulun əkilməməsidir”.

Onun sözlərinə görə, bu sahəyə diqqəti artırmaq üçün təşkilatçılıq və insanları təşviq etmək də vacib şərtdir: “Azərbaycan bazarlarında yalnız “İvanovka”da əkilən yerli sarımsaq satılır. Onun qiyməti 8 manatdan aşağı deyil. İcra hakimiyyətləri və Kənd Təsərrüfatı Nazirliyi ehtiyac duyulan məhsulları müəyyən etməli, insanları əkinə təşviq etməlidir. Kəndlərin potensialından istifadə edilməlidir. Kəndli taleyin ümidinə buraxılıb, onlarla lazımı iş aparılmır. Rayonlar potensiallarına uyğun işləmir, torpaqların çoxu boş qalıb.

Ağdaş rayonu tərəvəz məhsulları və pambığı ilə tanınıb, Masallı soğanı var idi, hər il 5-6 min ton məhsul əldə edilirdi. İndi Masallı soğanına həsrət qalmışıq.1989-cu ildə Xaçmaz rayonunda 140 min ton tərəvəz istehsal olunurdusa, indi güclə 25 min tona çatdırılır. Bir vaxtlar Astarada eyni sahədən 3 məhsul götürülürdü. Kələmin arasına badımcan becərilirdi, onlar yığılandan sonra çöl noxudu əkilirdi. Həmin sahədən 40 ton kələm, 330 ton badımcan götürülürdü. İndi bu sahələr insanlara verilib, təəssüf ki, minlərlə insan torpağı boş saxlayıb. İvanovka kimi, Bakıda Lənkəran, Gədəbəy, Quba rayonun bir mağazası ola bilməzmi? Bunun üçün həmin rayonların icra başçıları, kənd təsərrüfatı mütəxəssisləri təşəbbüs göstərməlidir”.

İndi qarşınızda iki seçim imkanı var. Ya Murray Hallam kimi fərdi təsərrüfatınızda yeni üsul tətbiq edib biznesinizi qurun, ya da İvanovkalılar kimi kolxozu bərpa edin. Seçim sizindir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm