• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Ölkədən çıxarılan milyonlar: Bu pullar nə zaman Azərbaycan üçün XƏRCLƏNƏCƏK?

Ölkədən çıxarılan milyonlar: Bu pullar nə zaman Azərbaycan üçün XƏRCLƏNƏCƏK?

Bu kəndin sakinlərinin 80 faizinin gəliri qış aylarında bura gələnlərdən asılıdır. Lakin bu kəndə qışda heç kim gəlmək istəmir. Çünki buranın yolları buzlu, suları donmuş olur. Qar görmək, qarda əylənmək üçün buraya gələnlər nə içməyə su, nə də isinməyə ocaq tapır.

Söhbət Qaxın ən soyuq kəndi İlisudan gedir. Amma İlisu tək deyil, bu problemlər respublikanın qış turizmi üçün əlverişli olan Qax və eləcə də, digər rayonların kəndlərində yaşanır. Səhv anlamayın bununla ilisululara təskinlik vermək yox, məsələni daha da geniş aspektdə araşdırmaq niyyətindəyik.

Odur ki, Publika.az-ın “Müfəttiş” layihəsində bu dəfə Azərbaycanın qış turizminin problemləri və bu çatışmazlıqların səbəb olduğu itkilərdən danışacağıq.

Soyuq evdə ürək isinməz

Qış turizmi yay turizmi qədər hər kəs üçün maraqlı deyil. Lakin Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya üzrə turistlərin təxminən 30-35%-i dincəlmək üçün məhz qış aylarını seçir. Qış turizminin ən çox inkişaf etdiyi ölkələr - İsveçrə, Çex Respublikası, Kanada, ABŞ, Rusiya və Skandinaviya ölkələridir.

Şəki, Quba, yaxud da Qaxı İsveçrə, Kanada ilə müqayisə etmək niyyətində deyilik, amma onlar kimi olmaq üçün çalışmadığımız da inkaredilməz faktdır.

Düzdür, son illər Qusar “Şahdağ” Turizm Mərkəzini və Qəbələ rayonunda açılışı olan “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin açılması qış turizm adına uğurlu addım hesab edilə bilər. Bu il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Azərbaycanda ilk "İlisu Snow Tubing Park" qış-yay turizm kompleksinin açılışı oldu. Belə bir kompleks ölkəmiz üçün bir ilk idi.

Məqsəd yay turizm dövründə çoxsaylı turist qəbul edən, qış turizmində isə bu imkandan məhrum olan Qaxın qış turizm imkanlarına dəstək verməkdir. Amma İlisuya gedən yollar buz bağlayırsa, su, istilik yoxdursa, bir dəfə gedən turist bir də ora gedərmi? İnsanları nə qədər qonaqpərvər olsa da, soyuq evləri ürək də isidə bilmir. Bir sözlə, qış üçün əlverişli olan digər bölgələrdə də qış turizmi üçün imkanlar istənilən səviyyədə deyil.

Qaxdansa, Gürcüstan yaxşıdır

Azərbaycanda qış turizminin problemlərini sadalasaq, yay turizmində müşahidə olunanların üzərinə yolların buz bağlaması, qaz, su və elektrikin olmamasını da əlavə etməliyik. Turist qarlı dağlar aşaraq Qaxa gedib oteldə donmaqdansa, daha az xərclə Gürcüstanda qışın dadını çıxartmağı üstün tutur. Üstəlik burada istirahət qiyməti Gürcüstan və Dubaydan da bahadır. Turistlərin ən az getdiyi Qax rayonunda oteldə iki nəfərin 3 günlük istirahəti 990 manatdır. Təklif edilənlərə isə gündə 3 dəfə yemək, spa kimi xidmətlər aiddir. “İlisu Snow Tubing Park”a bir günlük turların qiyməti 99 manatdan başlayır.

Bu yazını hazırlayarkən turizm şirkətləri ilə əlaqə saxladıq. Məlum oldu ki, artıq yerli otellərdə boş yer qalmayıb. Hətta Novruz bayramı üçün də otellərdə 60-70 faiz tutulub. Əlbəttə, bunu yalnız əhalinin daxili turizmə marağının yüksək olması ilə əlaqələndirmək doğru olmazdı. Çünki məsələnin digər tərəfi bölgələrdə otellər və yerlərinin sayı elə də çox deyil ki, oranı doldurmaq çətin olsun. İnfrastruktur yetərli olmadığından ev turizmi də inkişaf edə bilmir. Nəticədə kəndə turist gəlsə belə, kəndlinin onlara təklif edəcək evi olmur. Özümüzünkülər getmədikləri halda, o yerlərdə xarici turistlərə nəyi və necə təklif edək?

Rəqəmlər deyir ki...

Bu səbəblərdəndir ki, ölkəyə gələnlərlə gedənlər arasında fərq dəfələrlədir.

Statistik rəqəmlərə baxaq. 2015-ci ildə ölkəyə gələn turistlərin sayı 2009 nəfər, ölkədən gedənlər isə 59956 nəfər olub. Aradakı fərqi müqayisə etmək belə mümkün deyil. Əvvəlki illərlə müqayisədə də gələnlərin sayı dəfələrlə azdır. Ötən il gələnlərin sayı 10 657 nəfər olub. Son 10 ildə ən çox turist 2012-ci ildə gəlib - 23 440 nəfər.

Dövlət Statistika Komitəsindən ötən illə müqayisədə gələnlərin sayındakı bu fərqi belə əsaslandırırlar: “Bizim rəqəmlərimiz yalnız yerli turizm agentliklərindən verilən məlumatlara əsaslanır. Ola bilər ki, xarici agentliklər hesabına və ya başqa formada gələnlər çox olsun. Lakin son illər turist sayında azalma müşahidə edilir”.

3 gün istirahətə 1000 manat ödə

Əcnəbilər qış aylarında ölkəmizə yeni-yeni ayaq açır. Azərbaycanlılar isə qış turizmi deyəndə əsasən, bayram günləri istirahəti nəzərdə tuturlar.

“Euro-Tourism” şirkətinin əməkdaşı Vəli İsmayıllı deyir ki, azərbaycanlılar qışda əsasən, xarici ölkələrə üz tutur. Onun sözlərinə görə, həmvətənlərimiz əsasən isti Afrika və Asiya ölkələrinə gedir: “Yeni il istirahəti üçün ən çox seçilən ölkələr İspaniya, İtaliya, Fransa, Hindistan, Tailand, Mərakeş və Dubaydır. Qiymətlərə gəlincə, bu, otellərin ulduz sayı və biletdən asılıdır. Məsələn, 3 ulduzlu oteldə bir gecə üçün qiymət 50-60 avrodan başlayır. Əslində Azərbaycanın qış turizm regionlarında da qiymətlər çox da ucuz deyil. Bizdə otellərin qiyməti bayram ərəfəsində baha olur. Adi günlərdə iki nəfər üçün bir gecəlik qiymət 120 manatdırsa, bayram günlərində bu 390 manat olur. Bayramda 3 günlük sadəcə oteldə qalmaq xərci 1170 manata başa gəlir”.

V.İsmayıllının sözlərinə görə, bayram günləri üçün də bütün otellərdə yerlər dolmuşdu: “Turistlərin 40-45 faizi əcnəbilər idi. Əsasən, Əfqanıstan, İraq və Mərakeşdən istirahət üçün ölkəmizi seçiblər. Bizimkilər isti ölkələr seçdiyi kimi ərəblər də soyuq ölkələrə getmək istəyir. Amma onlar əsasən, Quba və Qəbələyə gedirlər”.

Şirkət əməkdaşının sözlərinə görə, azərbaycanlılar belə ucqar regionlara getmək istəmir. Məsələn, bu qiymətə Qaxa getməkdənsə, Gürcüstana getmək daha sərfəlidir: “Yol və bilet qiymətlərini nəzərə alsaq, Gürcüstanda və Dubayda istirahət bir çox bölgələrimizdən daha ucuz başa gəlir. Üstəlik, xidmət keyfiyyəti bizdə daha problemlidir”.

Bir daha o rayona getməz

Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov hesab edir ki, kommunal və infrastruktur problemləri bir çox rayonlarımıza turist cəlbinə mane olan amillərdəndir: “Ölkənin turizm potensialının 25 faizindən belə istifadə etmirik. Çünki mövcud problemlər səbəbindən düzgün təbliğat qura bilmirik. Bələdiyyə, icra orqanları bölgələrin turizm zonası kimi tanınması üçün çalışmalıdır. Amma təbliğat yetərli deyil, turist şəraitsizliyi görüb bir daha həmin bölgəyə getməz. Turizmin inkişafı üçün birinci amil infrastrukturdur. Bu olmazsa, turist necə gedib otelə çata bilər? Bir bölgədə qaz, su, işıqda problem varsa, turist ora gedərmi? Otel, restoran və istirahət mərkəzlərinin işi birbaşa infrastrukturla bağlıdır”.

Ekspert bildirir ki, hər hansı bir rayona turist cəlb edilməsi digər rayonların turizminin inkişafına təkan verir: “Turizmi inkişaf etdirmək istəyiriksə, ona mane olan amilləri aradan qaldırmalıyıq. Kəndlərdə yalnız yay turizmini deyil, qış turizmini də inkişaf etdirmək üçün səy göstərilməlidir. Düzdür, 4-5 il əvvəl ümumiyyətlə qış turizmi yox idi. Bu sahədə Şahdağ, Tufandağın istifadəyə verilməsi ilk addım hesab edilə bilər”.

Sadə vətəndaş üçün əlçatmazdır

Qış turizminə yay qədər marağın olmamasının bu sahədə inkişafa da təsir etdiyini deyən turizm üzrə ekspert Çingiz İsmayılov bu sahədə ölkənin potensialının yüksək olduğunu düşünür: “Şəki, Zaqatala, Quba, Xaçmaz, Qusar, Qəbələ kimi rayonlarda qış turizmi üçün müəyyən mərkəzlər var. Düzdür, turizm sektoruna diqqət artıb. Lakin qonşu ölkələrdə terror hadisələri turistlərin Azərbaycanı seçməsinə təsir göstərir. Bu amillərdən istifadə etməliyik. Yalnız mövcud imkanlardan faydalanmaq yetərli deyil, əlavə işlər görülməlidir. Təəssüf ki, uğur qazana biləcəyimiz sahələr hələ ki, dəyərləndirilməyib”.

Ekspertin təklifləri də var. Onun sözlərinə görə, həm daxili potensialı istifadə etməli, həm də qonşu ölkələrin təcrübəsindən bəhrələnib hansı üstünlüklərlə turistləri cəlb edə biləcəyimizi bilməliyik: “Gürcüstan, Türkiyə, Rusiyanın qış turizmi sahəsindəki uğurlarından bəhrələnə bilərik. Xidmət formalardan tutmuş, qiymətlər, ənənələrin üstünlüklərindən istifadəyə qədər bir çox məqamlara diqqət ayırmaq olar. Sadəcə direktiv qərarlar əsasında iş görmək kifayət deyil. Təəssüf ki, biz yalnız təbiətin verdiyi imkanlardan istifadə edirik. Xidmət və qiymətlərə də ciddi diqqət etməliyik. Çünki qiymətlər təklif olunan xidmətə uyğun deyil və sadə vətəndaş üçün əlçatmazdır. Bu səbəbdən qışda istirahət mərkəzlərinin əksəriyyəti dolmur. Turizm obyektləri yalnız 3 ay yayda gəlir götürə bilirlər. İnfrastrukturun yetərli olmaması ciddi problemdir. Qax, İsmayıllının bəzi kəndlərində ev turizmi inkişaf edir. Lakin bunun kütləvi olması üçün xidmət yaxşı olmalıdır. Bu evdə qalan turist üçün minimum şərait yaradılmalıdır”.

Sonda qeyd edək ki, Rusiyanın məşhur saytında (http://www.mk.ru/photo/gallery/11837-193260.html) Odlar Yurdu Azərbaycanın 10 ən maraqlı məkanı barədə yazı hazırlanıb. Yazıda qeyd olunur ki, bu ərazilər görənləri təkcə təəccübləndirməyəcək, eyni zamanda sehrli gücü də hiss etdirəcək.

Xaricə gedənlərin sayının gələnlərdən 30 dəfəyə qədər çox olması sadəcə bir rəqəm deyil. Bu, həm də itirilən milyonlar deməkdir. Milyonları ölkədə saxlamağın vaxtı hələ çatmayıbmı?

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>