• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Amerikalı və rus milyarderlər Azərbaycan dilini necə yox edir?

Amerikalı və rus milyarderlər Azərbaycan dilini necə yox edir?

“Əskinas”, yoxsa “əsginaz”? - bir müddət əvvəl bu sözləri “Microsoft Word”də yazarkən proqram hər ikisinin altından çəkdiyi qırmızı xətlə onların yazılışının səhv olduğunu xatırlatdı.

Bu sözlərin hansının düzgün olduğunu axtarmaq üçün “Google” baş vurdum. O isə hər iki variantda materiallar təqdim etdi. Dövlət qurumlarının saytında da söz müxtəlif şəkillərdə yazılmışdı. Məsələn, Maliyyə Nazirliyinin rəsmi saytında da həmin söz “əskinas” kimi göstərilib. Mərkəzi Bank da bu sözü “əskinas” kimi yazır. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da söz “əsginaz” kimi yazılıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (2004-cü il nəşri) də söz – “əsginaz” kimi yazılıb.

Məcbur qalıb, Dilçilik İnstitutu ilə əlaqə saxladım. Son “Orfoqrafiya” lüğətinə əsaslanan dilçilər düzgün variantın “əsginas” olduğunu dedi.

Amma hər sözə görə bu qədər axtarış, hər dəfə dilçilərin qapısını döymək heç məntiqli görünmür.

Ona görə də, məsələni kökündən həll etmək üçün səbəbi və həlli yollarını Publika.az-ın “Müfəttiş” layihəsi çərçivəsində araşdırmaq qərarına gəldik.

Hər kəs yanında lüğətlə gəzə bilməz!

Bu hallarla sadaladığım proqram və axtarış sistemindən istifadə edənlər tez-tez rastlaşır. Ya doğru söz səhv göstərilir, ya da doğru variantlar təklif edilmir. “Google”da Azərbaycan dilinin söz kasadlığını tərcümə proqramında daha dəqiq hiss etmək olur. Lakin bu proqramların rus, ingilis, türk və s. dillərdə olan istifadəçilərinin belə bir problemi yoxdur.

Problem isə işi internetdən keçən, kompüterdə yazı yazan hər kəsi narahat edir. Bu gün bütün sahələrdə yazışmaların elektronlaşdırılmasını nəzərə alsaq, bir az da irəli gedib bu məqamın hər kəsi narahat etdiyini deyə bilərik. Axı hər kəs yanında lüğətlə gəzə bilməz!

Üstəlik, yazdığımız sözlərin düzgün variantlarının təqdim edilməsi məktəblərdən nəşriyyatlara qədər bir çox sahələrdə işləri asanlaşdıracaq. Sözlərin düzgün yazılması xüsusən kütləvi informasiya vasitələrinin və nəşriyyatların işini xeyli yüngülləşdirəcək. Belə olduqda hərf və sözlərin düzgün variantını bilən korrektorlara da bir o qədər ehtiyac qalmayacaq. Üstəlik, insan gözündən səhvlərin qaçması inkarolunmaz faktdır. Ona görə də çox zaman mediada gedən xəbərlər və kitablar səhvlərlə dolub-daşır.

Yəni “Microsoft Word” yazdığımız sözün səhv olduğunu, düzgün variantını bizə təqdim etsə, o zaman nə kitablarda, nə də yazılı mediada bu qədər səhv olmaz. Təkcə mediamı? Əlbəttə, yox. Ətrafımıza baxaq küçə reklamlarından tutmuş, rəsmi məlumatlara, feysbuk statuslarına qədər hər yerdə bu problemdən qaynaqlanan nəticəni görürük.

Kim hansı dildə oxuyursa...

Bunu tək “Müfəttiş” demir. “Altun” kitab evinin direktoru Rafiq İsmayilov bu məsələnin nəşriyyatlar üçün də çox ciddi problem olduğunu etiraf edir: “Kim hansı dildə daha çox təhsil alır, kitab oxuyursa, həmin dilin qaydalarına uyğun yazır. Ona görə də redaktədə çox ciddi problemlər müşahidə edirik. Səhvlərin avtomatik proqramla tapılması və doğru variantın göstərilməsi bir çox əlavə problemləri aradan qaldıracaq. Sözün doğru yazılışının göstərilməsi həm də öyrədici xarakter daşıyır. Bu gün elə ölkələr var ki, ümumiyyətlə, əl yazısından istifadə edilmir”.

R.İsmayılov bu məsələdə aidiyyəti qurumların cavabdehlik daşıdığını düşünür: “İstər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, istərsə də Dilçilik İnstitutu bu istiqamətdə addımlar ata bilər. Ümumiyyətlə, bu gəlir gətirməkdən çox, strateji məsələdir. Çünki hər hansı sözün “google”da dilimizə zidd formada tərcümə edilməsi normal deyil”.

Biz hazırıq

Aidiyyəti qurumlardan biri, müxtəlif sahələrdə monitorinqlər aparan Dilçilik İnstitutu Monitorinq Şöbəsinin müdiri Sevinc Əliyeva da səhvlərin çox olması ilə razılaşır. Apardıqları araşdırmaları əsas tutaraq o, istər mətbuat, istərsə də digər sahələrdə aparılan monitorinqlər zamanı durğu işarələrindən tutmuş, sözlərin yanlış yazılması, cümlələrin quruluşuna qədər bir çox problemlər yaşadıqlarını deyir: “Həmçinin “kalka”lara rast gəlirik. Bir dilçi kimi bu gün hələ ki, sözlərin düzgün yazılışını bilmək üçün “Orfoqrafiya” lüğətini məsləhət görə bilərəm. Düzdür, orada müəyyən yanlışlıqlar, çatışmazlıqlar var. Lakin bu ilin sonuna kimi yeni “Orfoqrafiya” lüğəti çap olunacaq ki, orada hamımızı narahat edən sözlərin doğru variantı əks olunacaq. Bununla yanaşı transliterasiya lüğəti də hazırlanır. Bu da qeyri-peşə sahibləri üçün köməkçi vasitə olacaq. Lakin hər kəsin yanında lüğət olmaması da bir gerçəklikdir. Bu gün internet əsrində yaşayırıq, sözü hər hansı lüğətdə axtarmaqdansa, avtomatik doğru variantın təklif edilməsi daha normal variantdır. Bu istiqamətdə hər hansı bir addım atılarsa, sözügedən məsələdə cavabdeh qurumlardan biri kimi Dilçilik İnstitutu olaraq biz də dəstək verməyə hazırıq”.

Axı nə üçün “Microsoft”, “Google” Azərbaycan dilində sözlərin yazılışının doğru variantı təqdim etmir?

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu məsələdə günahı özümüzdə axtarmalı olduğumuzu dedi. Ekspert son illər bəzi problemlərin həllini tapdığını bildirdi: “Son vaxtlar “Microsoft”un məhsullarında Azərbaycanla bağlı milli variantların hazırlanması işi xeyli təkmilləşdirilib. Əvvəlki versiyalar çox bərbad vəziyyətdə idi. Hətta bildiyimə görə proqramın son versiyalarında bu məsələ həll edilib. Lakin bu xidmətin nə qədər uğurlu olmasını dilçi ekspertlər deyə bilər. “Microsoft”un Azərbaycan ofisi bununla bağlı görüşlər keçirir və güman ki, toplanan məlumatlar baş ofisə çatdırılır. Nəticədə, zaman-zaman problemlər həllini tapır. Lakin hesab edirəm ki, problemin günahını özümüz axtarmalıyıq. Qlobal resursların versiyalarını hazırlayan komanda var ki, onlar da vahid prinsip əsasında işləyirlər. Bu cür qlobal şirkətlər üçün Azərbaycan çox balaca bazardır, onlar üçün əhəmiyyətsizdir. Özümüz bu şirkətlərlə əməkdaşlıq etməyə çalışmalıyıq. Qlobal resurslarda xəritə xidmətində ünvan problemi yaşayırıq. Bunun da səbəbi bizim həmin şirkətə doğru məlumatları verməməyimizdən irəli gəlir”.

Ekspert Vahid Qasımov isə düşünür ki, “Microsoft”un son variantlarında bu problemlər yaşanmır, sadəcə istifadəçilərimiz bundan məlumatsızdır: “Microsoft”un həm “Windows”, həm də “Microsoft offise” proqramlarında Azərbaycan dili imkanı var. Sadəcə bizim istifadəçilər kompüterinə bu proqramları yazdıranda ingilis, türk, rus dilli versiyasını yükləyirlər. Aydındır ki, bu zaman Azərbaycan dili yüklənmiş olmur. “Microsoft offise”in son versiyalarına Azərbaycan dilini əlavə etmək mümkündür. Bundan sonra, lüğətlər də əlavə edilir. Hər bir yazı xətası -orfoqrafik, durğu işarələri, qrammatik səhvlər aydın şəkildə göstərilir. Bu məsələdə yeganə problem istifadəçilərin məlumatsız olması ilə bağlıdır”.

“Google” məsələsinə gəldikdə, ekspert bu sahədə çox da ümidli olmadığını dedi: “Azərbaycan dilli istifadəçilərin sayı az olduğuna görə “Google” şirkəti bu məsələyə ehtiyac duymur. Yalnız avtomatik məzmun tapma yollarına baxılır. “Google translate”də istifadəçilərin özləri sözləri əlavə etməklə lüğəti yaradırlar. Bununla məşğul olanların sayı az olduğuna görə çox kasaddır. Qalan məlumatlar sosial media və digər resurslardan toplanır. Lakin istifadəçilərimizin əksəriyyətinin savadı yetərli olmadığından bir söz onlarla variantda yazılır. Nəinki “Google”, insan beynindən başqa heç bir texnologiya bu məqamda düzgün variantı seçə bilməz. Ona görə vəziyyət belədir. Problemin yaxın gələcək üçün düzələcəyini də gözləmirəm. “Google” şirkəti bütün işləri başa çatandan sonra ola bilər ki, maksimum 10 milyon istifadəçisi olan dillərə də diqqət ayıracaq. Bu ehtimal yaxın 4-5 il üçün real deyil”.

Ekspert əlavə edib ki, şirkətin marağı yoxdursa, Azərbaycanda dövlət səviyyəsində bununla məşğul ola bilər: “Dövlət tərəfindən şirkətə hazır lüğət fayllarının bazaya daxil edilməsi təklif oluna bilər. Lakin təəssüf ki, bizdə də bu işlə məşğul olmurlar”.

“Müfəttiş”in kiçik araşdırmasından məlum oldu ki, 7-dən 70-ə hər birimiz bu problemdən əziyyət çəkirik. “Google”, “Microsoft”u gözləməkdənsə, özümüz əlimizi daşın altına qoymalıyıq. Yoxsa “Microsoft”un yaradıcısı Bil Qeyts və "Google"un yaradıcısı Sergey Brin dilimizin axırına çıxacaq.

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR