• USD 1,7022 0,00% EUR 1,8999 -0,08%
    • GBP 2,1620 +0,24% RUB 0,0285 +0,70%

Azərbaycan bu sahədə Ermənistandan qat-qat geri qalır: İrəvan axırımıza necə çıxır?

Azərbaycan bu sahədə Ermənistandan qat-qat geri qalır: İrəvan axırımıza necə çıxır?

Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə Osmanlı sultanı I Səlim arasındakı 1514-cü ildə baş verən Çaldıran döyüşü Osmanlı-İran müharibələri bölümündə verilib. (https://tr.wikipedia.org/wiki/Osmanl%C4%B1-%C4%B0ran_Sava%C5%9Flar%C4%B1)

Nizami Gəncəvi fars şairidir https://en.wikipedia.org/wiki/Nizami_Ganjavi

Mənbələrdən də gördüyünüz kimi, bu məlumatları dünyanın ən böyük virtual ensiklopediyası olan vikipediyadan götürmüşük.

İndi deyəcəksiniz nə olsun? Onsuz da bunların doğru olmadığını bilirik. Mən razı, biz bilirik, bəs bu məlumatı oxuyan əcnəbi necə?

Təsəvvür edin, bir əcnəbi Azərbaycanla bağlı məlumat axtarır. İnternetdə axtarışı zamanı ilk qarşısına çıxan mənbədə ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı öyrənəcəyi məlumatların çoxu ziddiyyətli və yalan olur. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz dünyaya saxtalaşdırılmış formada təqdim edilərkən biz niyə susuruq?

Susuruq, yoxsa bildiklərimizi göstərə bilmirik? Bax, bütün bunları Publika.az-ın “Müfəttiş” layihəsində araşdıracağıq.

Ən qəribəsi budur ki, təkcə xarici dillərdə deyil, elə vikipediyanın Azərbaycan dilli variantında da ciddi səhvlərə rast gəlmək olur. Məsələn, Xalq artisti Həsənağa Turabovun doğum günü martın 24-dür, amma vikipediyada aprelin 24-ü yazılıb (https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99na%C4%9Fa_Turabov). Bu nümunə bəsit gələ bilər. Amma mətbuatda Xalq artistinin doğum günü ilə bağlı xəbərlər məhz aprelin 24-ə təsadüf edir. Yəni dünyada vikipediya üzərindən informasiya müharibəsinin getdiyi bir vaxtda biz bu hələ qohumları həyatda olan Xalq artistinin doğum tarixini dəqiqləşdirmək istəmirik. Ya da onun yaxınlarından kimsə, bu məlumatı dəyişdirməyi düşünməyib?

Vikipediyanı ciddi qəbul etməyənlər az deyil, amma reallıq budur ki, sadə vətəndaş, jurnalist, araşdırmaçı, alim də hər hansı məlumat dəqiqləşdirmək üçün həm də vikipediyaya üz tutur. Amma istər vikipediyanın Azərbaycan dilli versiyası, istər digər dillərində ölkəmizlə bağlı məlumatlar azdır, olanlar da bu gündə...

Biz vikipediyaya necə baxırıq?

Müşahidələr göstərir ki, yalan və doğru olduğuna diqqət etmədən istinad etdiyimizin vikipediyada məlumatların zənginləşdirilməsi üçün barmağımızın ucunu belə yormaq istəmirik.

Məsələnin ciddi olduğunu nəzərə alaraq hələ 2013-cü ildə “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planında vikipediyanın inkişaf etdirilməsi ilə əlaqədar xüsusi bənd qeyd olunmuşdu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2014-cü il, 15 yanvar tarixli, 1/2 saylı Qərarı ilə Viki Mərkəz yaradılıb. Qərara görə, AMEA institutları əməkdaşları bu mərkəzdə vikipediyada işləməklə bağlı təlimatlandılırlar.

Bu ilin yanvarında AMEA-mı akademik-katibi Rasim Əliquliyev vikipediya ensiklopediyası ilə bağlı hesabat tədbirində hazırkı durumdan narazı olduğunu dilə gətirib. Akademik xüsusən, vikipediya ensiklopediyasında Azərbaycanla bağlı məlumatların, həqiqətlərin düzgün təqdim olunması istiqamətində, dezinformasiyalara qarşı mübarizədə ziyalıların, mütəxəssislərin, elm, təhsil, mədəniyyət müəssisələri əməkdaşlarının fəaliyyətinin lazımi səviyyədə olmadıqlarını, onların viki-layihələrdə çalışmaq, zəruri məlumatları bu mühitə daxil etmək üçün müəyyən biliklərə və vərdişlərə yiyələnmədiklərini dilə gətirib.

Bəs institutlar nə düşünür?

Vikipediyada səhvlərin daha çox tarix, ədəbiyyatla bağlı olduğunu nəzərə alıb, AMEA-nın bu sahə ilə məşğul olan institutlarına üz tutduq. Məlum oldu ki, onlar da vəziyyətdən razı deyil.

Tarix institutunun direktor müavini Cəbi Bəhrəmov Publika.az-a deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün onun vikipediyada müzakirəyə çıxarılması çox önəmlidir. Lakin o da vikipediyada Azərbaycan tarixi ilə bağlı hazırkı durumdan razı deyil: “Çox zaman vikipediyada Şah İsmayıl Xətai və digər dövlət xadimlərimizə qarşı təhqiramiz ifadələrə də rast gəlirik. Bu sahədə müəyyən işlər görülsə də, çox vaxt tarixlə bağlı məsələlərə qeyri-peşəkarların müdaxiləsi təəssüf hissi doğurur. Vikipediyaya yanlış, oxunmamış, yoxlanılmamış məlumatlar çox yerləşdirilir. Lakin biz də institut olaraq tarixi həqiqətlərin üzə çıxmasında işlər görmüşük, müxtəlif ölkələrdəki mənbələrədən əldə etdiyimiz məlumatları ölkəmizə gətirmişik”.

C.Bərhəmov vikipediyanın aktiv istifadəçilərinə müraciət edərək Tarix İnstitutunun nəşr etdiyi kitablara əsaslanaraq məlumatları yerləşdirməyi tövsiyə etdi: “Biz həmişə kömək etməyə də hazırıq. Azərbaycan şəhərləri ilə bağlı vikipediyada məlumatların bir qismi yanlışdır. Bəzi şəhərlərin 5-10 min il yaşı olduğunu yazırlar, lakin elmdən uzaq bu cür məlumatlara yer vermək doğru deyil”.

Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Mehman Həsənov da əməkdaşlarının vikipediyada işləmək, məlumatların yerləşdirilməsi barədə təlimatlandırıldığını deyib: “Ədəbiyyatımızın ayrı-ayrı şəxsiyyətləri, həmçinin ədəbiyyatla bağlı nəşr olunan kitablardan məlumatlar vikipediyada yerləşdirilir. Artıq bu işlə institutda bir nəfər deyil, hər şöbədə bununla məşğul olanlar var. Çalışırıq ki, vikipediyaya təkcə Azərbaycan dilində deyil, fars, ingilis və digər dillərdə materiallar yerləşdirilsin”.

Bu vaxta qədər institut əməkdaşları tərəfindən nə qədər məqalənin yerləşdirilməsi barədə fikir bildirməyin çətin olduğunu qeyd edib: “Çünki institutda müxtəlif dövrlərlə məşğul olan əməkdaşlarımız var. Hər bir dövrlə məşğul olan alim öz sahəsinə uyğun fərd kimi məlumatlar yerləşdirir”.

Kimdən geri qalırıq?

İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, vikipediyanın Azərbaycan dilli versiyasının keçmiş administratoru İradə Ələkbərova hesab edir ki, vikipediyada hazırkı durumun müşahidə edilməsinin başlıca səbəbi qeyri-ciddi yanaşmadır: “Orada ən çox mübahisə tarix, görkəmli şəxslər, mədəniyyət abidələri üzərində olur. Rus vikipediyasında erməni qruplaşmaları var ki, Azərbaycana qarşı işləyirlər. Bizim alimlərimiz rus, ingilis vikipediyasında fəal deyil, bu boşluğu əks qüvvələr doldurur. Bəzi hallarda da insanlar məlumat yerləşdirmək istəsələr də, informasiyaları az olduğuna görə dəqiqlik olmur. Nəticədə onların yerləşdirdiyi məlumat yalan təəssüratı yaradır. Məsələn, eyni mövzuda bir neçə məqalə yaradılır və hər birində fərqli rəqəmlər müşahidə edilir.

Hazırda Azərbaycan vikipediyasında 114 min məqalə var. Bu məsələdə Gürcüstanı qabaqlasaq da, Ermənistandan geri qalırıq. Bu ölkədə təşkilatlar bir erməni-bir məqalə devizi altında aksiya həyata keçirir. Hətta ayrı-ayrı kəndlərə gedib, insanların vikipediyada məqalə yaratmaları üçün əhali arasında təbliğat aparırlar. Viki-bilim ictimai təşkilatı yaradılıb, vikipediyada fəal iştirak edənlərə mükafatlar verilir. Bu stimullaşdırıcı tədbirlər nəticəsində qazaxın da məqalələrin sayı 200 mindən çoxdur”.

Keçmiş admin problemlərlə yanaşı, bu gün təmsil olunduğu viki-mərkəzin gördüyü işlərə də toxundu. Bildirdi ki, alimləri bu işə cəlb edirlər və məqsəd vikipediyada elmi məqalələrin sayını çoxaltmaqdır: “Çünki məqaləni məktəbli ilə alimin yaratması arasında fərq çoxdur. Ona görə də məlumatların daha keyfiyyətli, elmi tutumlu olması üçün müxtəlif institutların bu kurslara cəlb edilməsinə çalışırıq. Amma yalnız alimləri cəlb etmək yetərli deyil. Digər şəxslərin də burada təmsil olunmasına ehtiyac var və bu istiqamətdə də işlərimizi davam etdiririk”.

100 minə 35 nəfər

İstifadəçi sayı 100 mindən çox olan vikipediyada aktiv istifadəçilərin sayı isə idarəçilərlə birlikdə 30-35-dən çox deyil.

Vikipediyanın hazırkı idarəçilərindən Səmral Quluzadə səbəbin də məhz buradan qaynaqlandığını deyib: “Hazırda Azərbaycan dilli vikipediyada 14 idarəçi var. Son vaxtlar AMEA elmi kitabxanasının virtual ensiklopediyalar mərkəzi bizə kömək edir, müxtəlif layihələr, görüşlər təşkil edilir. Digər institutlardan da dəstək olmalarını istərdik. Amma onlar da çox zaman kitab təqdim edirlər, hansı ki, o kitabı elektron formada internetdən əldə etmək olar. Əlbəttə, akademiyanın hər bir institutu öz sahəsinə uyğun məqalələr yerləşdirsə, nəzarət etsə, çox yaxşı olar.

Fərdi şəkildə məqalələr hazırlayıb, yerləşdirənlər də olur. Hətta mən tanışlardan xahiş edirəm, tarixlə bağlı məqalələr hazırlasınlar. Lakin bu işi Tarix İnstitutu etməlidir. İnstitutların bu sahədə müəyyən iş görmələrini inkar edə bilmərəm, lakin bu, kütləvi olmalıdır. Ancaq bunu müşahidə etmirik”.

Buraxılış işi əvəzinə viki məqalə

Xarici dillərdə Azərbaycanla bağlı məqalələrə gəldikdə, S.Quluzadə vəziyyətin ürəkaçan olmadığını deyir: “Azərbaycan dilindəki məqalələrə 10 ballıq şkalada 4-5 vermək olarsa, xarici dillərdəki məqalələrimiz daha aşağıdır. Rus dilli vikipediyada müəyyən aktivlik var, amma orada erməni alimlər çoxdur. Ona görə də Tarix İnstitutunun bu sahədə daha da aktiv olmasını istəyirik. Biz könüllülər onlara konkret faktlarla cavab verməkdə çətinlik çəkirik. Halbuki, alimlərimiz daha professional işləyə bilər”.

O, vəziyyətdən çıxış yolu kimi o, orta məktəb şagirdlərindən tutmuş, alimlərə qədər hər kəsin bu prosesə qoşulmasını təklif edir: “Dəfələrlə universitetlərdə tələbələrin işlədiyi kurs işlərini vikipediyaya yerləşdirmələrini təklif etmişəm. Azərbaycanlı istifadəçilərin aktivliyinin artırılması üçün məktəblərin 9-11-ci sinif şagirdləri, tələbələr cəlb edilə bilər. Stimullaşdırıcı tədbirlər görülə bilər. Məsələn, magistr qarşısında vikipediyada seçilmiş status qazanan bir məqaləsinə diplom veriləcəyi kimi tələb qoyula bilər. Məqalə yaxşı olacaqsa, həm vikipediya qazanacaq, həm də tələbə araşdırarkən geniş məlumatlar əldə edəcək. Bu, eyni zamanda ali məktəbin də qazancı olacaq. Çünki indi hazırlanan buraxılış, magistr işlərinin çoxu lazımsız məlumata çevrilir. Yaxud da fərdi iş əvəzində vikipediya üçün məqalə hazırlanması tövsiyə edilə bilər”.

Araşdırmamız göstərdi ki, həqiqətən də vikipediyada üstünlük qazanmağımız üçün Tarix və digər institutların bu işə qoşulması vacib olsa da, yetərli deyil. Bu məsələyə kompleks yanaşma lazımdır. Nə qədər ki, bunu etmirik, dünyaya bizim olanlar başqalarınınkı kimi təqdim ediləcək.

Sonda qeyd edək ki, bu gün Böyük Britaniyada ingilis dilli vikipediya zəngin Britaniya ensiklopediyasından daha etibarlı və hörmətlidir. Çünki ensiklopediyada məlumatlar daim yenilənə bilmir.

Bizdə isə Milli Ensiklopediyanın hələ ki, bu il “e” və “ə” hərfləri nəşrə hazırlanır. Hələ ki, vaxt var xərclərin bir qismini vikipediyaya yənəltsək, yaxşıdır…

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR