Bakının qeyri-adi sakinləri: avtomobil yollarını zəncirləyən, qıfıllayan VƏTƏNDAŞLAR - - FOTOLAR
Bizi izləyin

Müfəttiş

Bakının qeyri-adi sakinləri: avtomobil yollarını zəncirləyən, qıfıllayan VƏTƏNDAŞLAR - - FOTOLAR

​​​​​​​İki dəmir, bir az zəncir, bir ədəd qıfıl…

İki dəmir, bir az zəncir, bir ədəd qıfıl…

Paytaxtın bəzi küçələri var ki, maşınına xüsusi dayanacaq hazırlamaq üçün bunlar kifayətdir.

- Qanunidirmi?

- Yox.

- İcazə varmı?

- Mümkün deyil.

Amma edirlər. Yəqin bir çoxunuz bu maşınlarının eni və uzunluğuna uyğun sahəni zəncirlə hasarlayanlarla qarşılaşmısınız.

Qanunun qadağan etdiyi, amma tez-tez qarşılaşdığımız bu halların səbəb və nəticələrini Publika.az-ın “Müfəttiş” layihəsində araşdıracağıq.

Araşdırmaq üçün paytaxtın Dilarə Əliyeva, Rəsul Rza, Vidadi küçələrində müşahidə apardıq. Sadəcə bir neçə dəqiqə ərazidə onlarla bu cür hala rast gəldik. Bəzi məqamlarda sürücülər nəinki digər avtomobillərin hərəkətinə mane olur, üstəlik piyadaları da təhlükə altında qoyurdular. Küçənin hər iki tərəfinin sürücülər tərəfindən hasarlanması piyadanı avtomobil yolu ilə hərəkət etməyə vadar edirdi. Söhbət etdiyimiz sakinlər də bu məsələdən xeyli narahat idi.

“Səkiləri, maşınların hərəkət yolunun bir hissəsini zəbt ediblər. Biz də məcburuq maşın yolunun ortası ilə getməyə. Uşaqla küçəyə çıxanda əlini buraxmırıq ki, hər an maşın keçə bilər. İşlədiyim yerin yaxınlığında belə problem yaşamışdıq. Polisə müraciət edəndən sonra həll etdilər. Hər maşına görə şikayət edəsi deyilik, guya polis görmür bunları?”, - deyə Aygün xanım şikayətini dilə gətirir.

Sakinlərlə söhbətdən bəlli olur ki, maşınların çoxu heç bu evlərdə yaşayanların deyil, yaxınlıqda işləyənlərindir. Onlar səhər maşını “özəl dayanacaq”larında saxlayır, axşam qıfıl vurub gedir. İndi həmin avtomobil sahiblərindən hansını danışdırsan, “saxlamağa yer var ki?” deyəcək. Amma var. Sadaladığımız küçələrin bir addımlığında ödənişli dayanacaq mövcuddur. Heç kimə mane olmadan, dəmirə, zəncirə ehtiyac duymadan maşını orada saxlamaq olar.

Bəs niyə saxlamırlar?

“Müfəttiş” buna da aydınlıq gətirdi. Yəni bizim gördüyümüzü, onların görməməsi mümkün deyil. Avtomobil sahiblərini dayanacaqlardan uzaq salan, onları zəncirə, qıfıla əl atmağa məcbur edən başlıca səbəb ödənişlə bağlıdır.

Bu gün pytaxtda avtomobillər üçün nəzərdə tutulan yeraltı və yerüstü dayanacaqlardakı qiymətlər sadə azərbaycanlının gəlirlərinə uyğun deyil. Dayanacaqların əksəriyyətində saatı bir manatdan başlayır və saat artdıqca qiymət də yüksəlir. Bəzən aylıq ödəniş 200 manat civarında olur. Baxmayaraq ki, vəziyyət əksinə olmalı, yəni sürücülərin dayanacaqları seçməsi üçün saat artdıqca, qiymətdə eniş olmalıdır.

Qiymətlər sürücülərin əksəriyyəti üçün baha olduğundan, onlar maşınlarını avtodayanacaqlardansa yolların kənarında saxlamağa üstünlük verirlər. Məhz bu səbəbdəndir ki, Bakı kimi kifayət qədər çox maşın olan şəhərdəki pullu avtodayanacaqların heç biri tam dolmur, hətta boş qalır desək, daha doğru olar.

Demək, şəhərdə 500-ə yaxın müvəqqəti duracaq yeri olduğu halda sürücülərin qaydalara əməl etməməsi birbaşa ödənişlə bağlıdır. Amma bu heç bir halda qanun pozuntusu üçün əsas ola bilməz.

Kiminsə “bura mənimdir” deməyə haqqı yoxdur

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, səbəbindən, küçənin enli və ya dar olmasından asılı olmayaraq ümumi istifadə üçün nəzərdə tutulan yolda kiminsə “bura mənimdir” deməyə haqqı yoxdur: “Yol hamı üçün açıqdırsa, onu öz istədiyi kimi hasarlayan, dəmirlə girişi məhdudlaşdıranlara görə inzibati məsuliyyət nəzərdə tutulur. Yolu bu cür işğal edənlərə yol polisi, “Azəravtoyol” ASC nəzarət edir. Hərəkət olan bütün yollara nəzarət olmalıdır ki, qanunsuz hərəkətlər olmasın. Park yerinin qiymətinin yüksək olması, yer tapılmaması qanunu pozmağa əsas verə bilməz. Ona görə də, avtomobil sahibi mövcud şəraitə uyğunlaşmalıdır”.

Avtobuslar üçün ayrıca zolaq çəkilir

Yol kənarının sürücülər tərəfindən hasarlanması həm də yollarda sərnişin avtobuslarının hərəkətinə də mane olur.

Bu avtobusların təhlükəsiz hərəkəti ilə məşğul olan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemin onları da narahat etdiyini deyir. M.Ağayev bu hallara qarşı mübarizə tədbirləri hazırladıqlarını vurğuladı: “Bu problemlərdən çıxış yolu kimi biz də bir sıra işlər həyata keçiririk. Avtobuslar üçün xüsusi hərəkət zolaqlarının çəkilməsində də məqsəd insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaq üçün xidmət səviyyəsinin artırılmasıdır. Bu məqsədlərə çatmaqda mane olan hallar bizi də narahat edir. Aidiyyəti dövlət qurumları ilə birlikdə bu halların aradan qaldırılması üçün iş aparırıq. Bir müddət sonra Bakı Dövlət Yol Polisi ilə birlikdə avtobuslar üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı reydlərə başlayacağıq”.

Onlar məcbur qalır…

Yolu “işğal” edən bu avtomobillərə qarşı birbaşa mübarizə aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin il ərzində onlarla belə sürücünü məsuliyyətə cəlb edir.

BŞDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında bildirib ki, yolun hərəkət hissəsinin kəsilməsi qanunvericiliklə qadağan edilib və bu hala yol verənlər məsuliyyətə cəlb edilir: “Dəmir, taxta və digər vasitələrdən xüsusi dayaqlar düzəldərək yolu kəsmək, digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq olmaz. Ötən il belə hallara yol verən 30-dan çox fiziki və hüquqi şəxsə protokol yazmışıq. Yol polisi tərəfindən aşkar edilən pozuntularla bağlı hər kəs məsuliyyətə cəlb edilir. İstənilən halda yolun hərəkət hissəsinin kəsilməsi yolverilməzdir, bunu edənlər şəxsi mənafeyi ictimai maraqdan üstün tuturlar. “Bura mənim ərazimdir”, - deyib istədiyin yeri tutmaq olmaz”.

V.Əsədov hesab edir ki, bəzi küçələrdə sakinlərin məcburiyyətdən maşınlarını belə saxlamalarını da anlamağa çalışmaq lazımdır: “Bəzi küçələr var ki, orada yaşayan sakinlər özləri həyətlərində dəmir borular, zəncirlərlə həmin yerdə başqalarının maşın saxlamasını məhdudlaşdırırlar. Bu məsələdə müəyyən qədər vəziyyəti də nəzərə almaq lazımdır. Paytaxtın mərkəzi və qədim küçələr at arabaları üçün salınıb, indi isə orada yaşayanların avtomobil saxlaması üçün yeri yoxdur. Onlar da məcbur qalıb yolun bir hissəsində, səkidə yer ayırıb, oranı zəncirləyirlər. Lakin səbəbindən asılı olmayaraq bu inzibati xətadır, ona qarşı da müvafiq tədbirlər görülüb. Düzdür, bir qədər kənar ərazilərdə avtomobillərin park edilməsi üçün şərait yaradılır. Lakin vətəndaşlar çox zaman evinin yanında saxlamaq istəyir. Hesab edirəm ki, aparılacaq tədbirlər nəticəsində bu problem də həllini tapacaq”.

Yollara birbaşa nəzarət edən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli belə hallara daha çox “Sovetski” adlanan ərazidə qeydə aldıqlarını deyir: “Yolun hərəkət hissəsindəki hər bir maneəyə qarşı mübarizə apardıq. Bəzi küçələrdə insanların yolun hərəkət hissəsində müəyyən əraziləri zəncirlə hasarlaması ilə qarşılaşırıq. Bizim əməkdaşlarımız belə hallar aşkarlandıqda maneələri yoldan kənarlaşdırmaq üçün xəbərdarlıq edir. Lakin bu maneələr aradan qaldırılsa da, təəssüf ki, yenidən təkrarlanır. Yəni insanlar özləri məsələyə məsuliyyətli yanaşmalıdırlar”.

Əgər xəbərdarlıq edildiyi halda, bu hallar yenidən təkrarlanırsa, demək maddi cəzaya ehtiyac var. Əslində qanunda bu hala görə məsuliyyət nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Cərimələr heç də az deyil. Ən azı ayda iki dəfə cərimə elə bir aylıq dayanacaq haqqı qədərdir. Problemin həlli aidiyyəti qurumların məsələyə daha ciddi yanaşmasından asılıdır. Əks halda, heç kim ayda azı yüz manat cərimələnmək istəməz.

Gülxar Şərif,

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm