Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR
Bizi izləyin

Müfəttiş

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

“Bir nəfər mənə zəng etdi ki, itlərinə vermək üçün at əti lazımdır. Mənim də ayağı sınmış bir atım var idi, kəsib apardım. Ətin kilosunu 2 manata satmağa razılaşmışdıq. Qəssabam, amma bu vaxta qədər heç vaxt at əti satmamışam. Birinci dəfədir ki, satırdım onda da başıma iş gəldi”.

Bu sözləri bu ayın əvvəlində paytaxta qanunsuz olaraq at əti gətirdiyinə görə polis tərəfindən saxlanılan İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Saleh Həsənov at əti satmaq istəyinə aydınlıq gətirərkən deyir.

Saleh Həsənov kimi regionlardan paytaxta qanunsuz at və digər heyvan ətləri gətirənlərə tez-tez rast gəlirik. Təəssüf ki, bu ətlərin çoxu ya bakteriyalarla zəngin, ya da qanunsuz kəsilmiş olur. Düzdür, satıcılar bu iddiaları qəbul etmir. Amma onların saxlanma şəraiti əslində hər şeydən xəbər verir. Cari il ərzində aşkarlanan qanunsuz ətlərin 1/3-nin at əti olması bu məsələni bir daha gündəmə gətirməyimizə əsas verdi.

At əti satışına marağın artması nə ilə bağlıdır? Qanunlar və din at ətini qadağan edirmi? Bəlkə, məhdudiyyətlər insanları gizli yolla ət satmağa məcbur edir?

Mövzunu Publika.az-ın “Müfəttiş” layihəsi çərçivəsində araşdıracağıq.

Qanun Azərbaycanda at ətindən istifadəni qadağan etməsə də, satış məntəqələrində at ətinə rast gəlməmişik. Bunun əsas səbəbi at ətinin qida rasionumuz üçün yad olmasıdır. Yəni azərbaycanlı bazarda, marketdə inək, qoyun ətinin yanında duran, keyfiyyət baxımından onlardan heç də fərqlənməyən at ətini almaq istəmir. Amma təsərrüfat sahibləri çıxdaş olan, damazlıq üçün yaramayan atlarını satmaqda maraqlıdır. Buna görə də, alternativ üsul kimi başqa adla satmaqdan əlavə çıxış yolu görmürlər. Düzdür, ötən il Moldova ilə Azərbaycan şirkətləri arasında bağlanmış müqaviləyə görə, bu ölkəyə at əti idxal etməli idik. Kilosu 13-16 dollara satılacağı nəzərdə tutulan at əti ilə bağlı işlər hələ ki, kağız üzərində qalıb. Yəni, damazlıq olmayan və çıxdaş edilən at ətlərinin hər hansı yolla süfrəmizə gəlməsi istisna edilmir.

Məsələni araşdırmaq üçün müxtəlif mənbələrə baş vurduq. Amma əvvəlcə birbaşa at əti satanın fikrini öyrənsək, yaxşıdır.

Girişdə haqqında danışdığımız Saleh Həsənov atını yalnız ayağı sındığına görə satmaq istədiyini deyir: “Malın, qoyunun sümüyü bitişir, ancaq atın sümüyü bitişmir. Həmin at bundan sonra təsərrüfatımda lazım olmayacağına görə satmaq istədim”.

S.Həsənov heç vaxt at əti üçün sifariş almadığını (?) desə də, amma atın satış qiymətini əla bilir. Onun sözlərinə görə, bu gün at əti mal və qoyuna nisbətən daha ucuzdur. Atda fiziki qüsur varsa, qiymət daha da enir: “Bu cür at ətinin kilosu 1-2 manat olur. Sağlam diri atlar 250-300 manata satılır, yaxşı yeriyən at isə 1500 manat civarındadır. At ətinin digər heyvanlardan nə üçün ucuz olduğunu deyə bilmərəm. Lakin at əti daha keyfiyyətlidir. Uzun illər Monqolustanda olmuşam və orada at əti yemişəm. Olsa, indi də yeyəyəm. Atın ətində heç bir problem olmur. Özüm həm də baytaram və bilirəm ki, mal-qoyun bir çox xəstəliyin daşıyıcısıdır. Amma at çox sağlam olur”.

S.Həsənov kəsdiyi atın sağlamlığına əmin olsa da, Respublika Baytarlıq Laboratoriyasının nəticəsi bunun əksini, yəni ətin sağlamlıq üçün zərərli olduğunu deyir.

“Aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Həmin salmonella abortus equi ilə çirklənmış ətlər, hətta, emal edildikdən sonra insan sağlamlığına, səhhətinə zərər yetirir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib”, - deyə rəsmi məlumatda qeyd olunur.

Atlardan gələn sağalmaz xəstəlik

Təəssüf ki, bu vaxta qədər qanunsuz satılarkən aşkarlanan at ətlərinin əksəriyyəti bakterioloji çirklənmiş olur. Bunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli də təsdiq edir. O, bu vaxta qədər aşkarlanan qanunsuz at kəsimində sağlam heyvana rast gəlmədiklərini deyir: “Qanunvericiliyə görə, kəsiləcək ət sağ olarkən yoxlanılmalıdır. Çünki atda manqo adlı xəstəlik olur, ona yoluxan insanın isə sağalması mümkün deyil. İlk növbədə manqo, daha sonra digər yoluxucu xəstəliklərin əlamətləri aşkar edilmirsə, həmin atın kəsimi və satışına icazə verilir. Kəsimdən sonra müvafiq baytarlıq ekspertiza laboratoriyaları nümunələr götürür. Həmin nümunələr yoxlanılandan sonra onun yalnız at əti adı ilə satışına icazə verilir. Lakin bu zamana qədər at əti adı ilə satmaq üçün kəsiləcək atın yoxlanılması məqsədilə Baytarlıq Xidmətinə heç bir müraciət daxil olmayıb. İl ərzində aşkarlanan at ətlərinin hamısında çirklənmə qeydə alınıb. Əksəriyyəti ya xəstə olduğu üçün kəsilib, ya da xəstəlikdən ölmüş at ətləri olub”.

DBNX-nin rəsmisi bildirir ki, bu il ərzində 18 halda qanunsuz ət kəsimi aşkarlanıb: “9301 kq ümumi mənşəyi məlum olmayan ət aşkarlanıb, onun 3470 kq-ı at əti, 50 kq xırdabuynuzlu, qalanları iribuynuzlu heyvan əti olub. Bu il ərzində 1 kq mənşəyi məlum olmayan kolbasa aşkar edilib. Bakterioloji çirklənmə aşkarlanan ətlər qanunvericiliyə uyğun olaraq məhv edilib”.

Say azalır...

Demək qanunla at əti satmaq istəyən şəxs Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət edib, heyvanı müayinədən keçirərək sata bilər. Amma insanlar bundan daha çox at ətini gizli, başqa adlarla satmaqda maraqlıdırlar. Çünki at əti ilə satdıqları zaman alınmır. Ancaq rəqəmlər ölkə ərazisində atların sayında ciddi azalma olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-2015-ci illər ərzində atların sayında tez-tez dəyişikliklər baş verib. Məsələn, 2001-2004-cü illərdə atların sayı 5 mindən çox artıb. Lakin sonrakı bir ildə say 1600 başdan çox azalıb. 2007-2012-ci illərdə atların sayından hər il azı 1000 başa qədər artım qeydə alınıb, say 77208-ə qədər yüksəlib. Lakin ondan sonrakı 3 ilə yenidən atların sayında azalma qeydə alınıb. Təkcə 2014-2015-ci illlərdə atların sayında 1687 baş fərq var. Bu illərdə atların çoxluq təşkil etdiyi rayonlar Cəlilabad və Zaqataladırsa, ən az at isə Naftalan (2015-ci ildə 3), Şirvandadır (2015-ci ildə 1). Ümumiyyətlə, son illərdə bəzi rayonlarda atların sayında bir neçə ədəd azalma olsa da, digər rayonlarda birdən-birə 100-200-ə qədər fərq var.

Bir ildə 1600-dən çox, bir rayonda birdən-birə 200 at ömrünü başa vurur. Amma onlar torpağa basdırılır, yoxsa, süfrəmizə gəlir, bax, bu hələ ki, cavabı bəlli olmayan sualdır. Bir neçə ayda 3 tondan çox qanunsuz at ətinin aşkarlanması şübhələri artırır. Amma narahat olmaq üçün hələ tezdir.

At ətinin faydaları...

Belə ki, gündəlik qida rasionumuzdan çoxdan çıxmış at ətinin faydaları heç də az deyilmiş. Biz yeməsək də, Belçika, Kanada, Sloveniya, Monqolustanda bu ətdən sevə-sevə istifadə edirlər. Ona görə ki, at əti proteinlə zəngindir. Məsələn, 100 qram at ətində 28, mal ətində isə 25 qram protein var. At əti müəyyən vitamin və minerallarla zəngindir. Xüsusən də, tərkibində dəmir, sink, fosfor, B, B6 və B12 vitaminləri kifayət qədərdir.

At əti kaliumla zəngindir ki, bu da sümüklərin böyüməsi və güclü olması üçün vacibdir. Üstəlik, bu ətdə yağlılıq, mal və qoyun ətinə nisbətən azdır. Hər 100 qram at ətində 4,1 qram yağ, 0,9 qram karbon, 118 kkal enerji, 10 mq kalium, 150 mq fosfor və 3,82 mq sink var. Bədəndə xolesterinin miqdarını azalmaq üçün də mal, qoyun ətini atla əvəzləmək olar. Atın gücü və qüvvətli olması onu yeyənlərə də təsir edir desək, yanılmarıq. Bu da tərkibində olan mineral və vitaminlərlə bağlıdır.

Hətta bir sıra xəstəliklərin müalicəsində də at ətinin faydası təsdiqlənib. Revmatizm xəstələri üçün at əti oynaqlarda zədələnmənin qarşısını almaq üçün əvəzsizdir. Araşdırmalara görə, at əti epilepsiya xəstləri üçün də son dərəcə faydalıdır. Hətta bu ətdən uzun müddət istifadə edənlərdə epilepsiya tutmaları nisbətən azalma müşahidə edilib.

Maraq azdır

Lakin bütün bu faydalarına, hətta əcdadlarımızın bir vaxtlar sevə-sevə bu əti yeməsinə baxmayaraq, bu gün ölkəmizdə at ətinə maraq çox azdır. Bunun bir səbəbi kimi də İslam dinində bu ətin qadağan edilməsi göstərilir.

Kənd Təssərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı və emalı sektorunun müdiri Şaiq Əzimov deyir ki, ölkəmizdə at ətinə marağın az olmasının yeganə səbəbi dindir: “Qanunda at ətinin yeyilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Lakin azərbaycanlılar arasında at ətini yeməyə maraq azdır. At əti digər heyvan ətlərindən tərkibinə görə müəyyən qədər fərqlidir. Lakin qaramalla, at əti arasında ciddi bir fərq yoxdur. Ümumiyyətlə, at ətini insanların qəbul etməsi heç bir problemə yol açmır. Sadəcə islam dininində təkdırnaqlı heyvanların qəbulu məsləhətli deyil. At əti zülal və vitaminlər baxımdan qaramaldan fərqlənmir. Bu ətinin yeyilməməsində yeganə problem dinlə bağlıdır.

Lakin damazlığa yaramayan at ətləri ilə bağlı bizə müraciət olunur. Bundan sonra həmin heyvanları çıxdaş edirlər. Bu atların xaricə satışına icazə verilir. Bizdə yeyilmədiyinə görə ölkə daxilində satışına maraq azdır. Atın birini 250-300 manata satmaq olur. Əmtəəlik atların qiyməti çox da yüksək olmur, lakin cins atlar daha bahadır”.

At məkruhdur

Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubov at ətinin qadağan edilməsinə aydınlıq gətirib: “Dində qadağaların iki yerə bölünür. Dördayaqlı heyvanların və iki dırnaqlı olanların ətini yemək olar. Quşların vəhşi olmaması, dimdiyinin uzun olmaması əsas götürülür. Bu qadağalar heç şübhəsiz insan sağlamlığına zərərli olmaları üçündür. Bəzi qidalar qismən, bəziləri tam qadağan edilir. İslam dinində donuz əti, spirt haram hesab edilir və qadağandır. At əti qismən qadağan olunanlar sırasındadır. Yəni məkruh hesab edilir. Bu, o deməkdir ki, onların ətindən istifadə edilməsi məsləhətli deyil. Çünki atlardan qədim zamanlarda minik vasitəsi kimi istifadə edilirdi. Bu heyvanların insanlara lazım olması və nəslinin kəsilməməsi üçün ətinin yeyilməsi məsləhət görülmürdü. Bundan başqa, at qaçan heyvan olduğundan əti mal ətindən fərqli, bərk olur. Bunu da nəzərə alaraq onun ətinin yeyilməsi məkruh hesab edilir. Yəni tam qadağan deyil, lakin qaramal varsa, at ətinin yeyilməsi məsləhət görülmür”.

Atların nəqliyyat vasitəsi kimi istifadəsinin aktuallığını zamanla itirməsinin dindəki bu məhdudiyyətin aradan qaldırıla biləcəyinə gəldikdə, A.Yaqubov deyir ki, şəriətdə bu, peyğəmbər hədislərilə müəyyən edilibsə, onu heç bir alim dəyişə bilməz: “Ola bilər ki, at əti yeməyin zəruriliyi, ehtiyacı olsun, ya da hər hansı dərmanın hazırlanmasında istifadə edilsin. Bu zaman at ətindən istifadə mümkündür. Lakin insanın sadəcə atı ətini yemək üçün kəsməsi, yeməsi məntiqsiz hesab edilir. Onsuz da insan qidası üçün lazım olan heyvanların sayı kifayət qədərdir. Elə insan var ki, şəriət qadağan etməsə də at əti yemək istəmir. Bəzi insanlar isə dadmadığı ətləri yeməyə səy göstərir. Bu, daha çox kefindən istəməkdir ki, şəriət də bunu məzəmmət edir”.

Demək nə din, nə də qanun tam məhdudlaşdırmır. Üstəlik, at ətinin sağlamlıq üçün faydaları da az deyil. Əlbəttə, at sağlam olsa. Təsərrüfatlarındakı heyvanı çıxdaş etmək istəyənlər ən azı onlar xəstələnmədən kəsib, normal şəraitdə satsalar, özləri də xeyir görər, alan da...

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm