• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kriminal avtoritet necə redaktor oldu – FOTOLAR

Kriminal avtoritet necə redaktor oldu – FOTOLAR

Köhnə SSRİ məkanında, istər Rusiya, istər Azərbaycanda yaşlı adamlardan tez-tez eşitdiyimiz bir məsəl var - "Stalinin vaxtında qayda-qanun vardı". Bununla razılaşmaq da olar, razılaşmamaq da. Amma köhnə arxiv sənədlərinə baxanda bunun mif olduğunu anlayırsan. Stalinin vaxtında elə dələduzlar olub ki, indikilər onların əlinə su tökməyə yaramaz. Sovet dövrünün gəlib-getmiş ən böyük dələduzu, "Sovet İttifaqı Qəhrəmanı" Vladimir Qolubenko haqqında danışacağıq.

Həbsxanadan qaçış

Vladimir Qolubenko 1914-cü ildə Uralda fəhlə ailəsində anadan olub. Atası vətəndaş müharibəsi zamanı ağqvardiyaçılarla döyüşdə həlak olub. Anası 5 uşağı təkbaşına böyüdüb.

Həyatın bütün ağırlıqlarını uşaqlıqdan görən Vladimir özünə söz verir ki, heç vaxt kasıblıq içində yaşamayacaq.

Elə də edir. Əlinə ağdan-qaraya vurmur, oğurluqla, cibgirliklə məşğul olur. İlk dəfə 1933-cü ildə 5 il həbs cəzası alır. Amma yaxşı davranışa görə cəmi iki ildən sonra azad olunur. 1937-ci ildə o, ikinci dəfə həbs olunur. Vladimir tədricən kriminal avtoritetə çevrilir. Bu dəfə azad olunmasını gözləməyərək qaçır. Azadlıqda saxta sənəd düzəldərək Vladimir Purgin adı altında gələcəklə bağlı planlar qurur.

Zatən həbsdə olarkən repressiyaya uğramış köhnə bolşeviklərdən çox şey öyrənmişdi. Bu səbəbdən cəmi 5 sinif təhsili olan Purgin qısa zamanda Sverdlovskdakı "Putyovka" qəzetinə işə düzəlir. Özünə saxta yolla xasiyyətnamə düzəltdiyindən jurnalist kimi işləyəndə problem olmur. Bu, hələ ilk addımlar idi.

1939-cu ildə Purgin Moskvaya köçür. Anasını da özü ilə paytaxta gətirir və onu SSRİ Ali Sovetinin binasında xadiməçi kimi işə düzəldir. Qadın oğlunun təlimatı ilə Ali Sovetin sədri M.Kalininin otağından bir neçə orden və təltifnamə kitabçası oğurlayır.

Purgin saxta sənədlərlə həmin ordenləri, o cümlədən, Qırmızı Bayraq Ordenini öz adına rəsmiləşdirir. Bu təltiflərlə artıq yol açıq idi. Hara istəsə, işə düzələ bilərdi.

Pivəxanaların birində Purgin "Komsomolskaya Pravda" qəzetinin müxbirləri – Aqranovski və Maqilevski ilə tanış olur. Onlara deyir ki, guya KOMİTERN-in gizli agentidir.

Təzə dostlarının köməyi ilə Purgin "Komsomolskaya Pravda" qəzetinə işə düzəlir. Tezliklə qəzet onu Monqolustana, Xalxin-Qol ətrafındakı döyüşlərdən reportaj yazmağa göndərir. Purgin Monqolustana gedir, ya yox, bəlli deyil. Amma ezamiyyətdən qayıdanda onun sinəsində Lenin ordeni vardı. Guya yaponlarla döyüşdə göstərdiyi igidliyə görə almışdı. Redaksiyada isə təltifnamənin Monqolustandakı hərbi hissə rəhbərinin yox, ölkənin qərbindəki hərbi hissə rəhbəri tərəfindən verilməsinə diqqət yetirmədilər. Təbii ki, təltifnamə saxta idi. Amma iki Lenin ordeni almış qəhrəmanı yoxlamağa kim cürət edərdi?

Artıq tamah baş yarar

Hər şey yağ kimi gedirdi. İzzət-hörmət, vəzifə - Purginin bütün arzuları reallaşırdı. Ancaq o, daha çox şey istəyirdi. Axı niyə Sovet İttifaqı Qəhrəmanı olmasın?

Əvvəlcə komsomol sıralarına girmək lazım idi. Bu, asan və tezdüzələn iş idi. Ali mükafatı almaq üçün yenə cəbhəyə gedib "qəhrəmanlıq" etmək lazım gələcəkdi.

1940-cı ildə Purgin 39-cu diviziyanın adından saxta sənəd düzəldib redaksiyaya göndərdi. Məktubda Purgin sovet-fin sərhəddinə dəvət edilirdi. Redaksiya ezamiyyəti dərhal verdi. Heç kimin ağlına gəlmədi ki, Purgin özü-özünü ezamiyyətə göndərir.

1940-cı il yanvarın 24-dən Purgin artıq sovet-fin sərhədindəki hərbi münaqişə zonasında olmuş kimi sayılırdı. Əslində, Moskvadakı mənzilində idi. Qəzetin redaksiyasından aldığı pulları dostları Aqranovski və Moqilevski ilə birgə restoranlarda sağa-sola səpirdi.

Mart ayında SSRİ Müdafiə Nazirliyinə 39-ci briqadadan təltif edilənlərin siyahısı gəldi. Təltifə layiq bilinənlərin arasında Purginin də adı vardı. Məktubda deyilirdi ki, "Komsomolskaya Pravda" qəzetinin hərbi şöbəsini redaktoru , həmçinin kiçik komandir Purgin Vladimir Petroviç finlərlə müharibədə göstərdiyi qəhrəmanlığa , igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülə bilər.

Müdafiə Nazirliyində artıq 2 Lenin ordeni olan Purginin şəxsi işini yoxlamadılar. Axı o, qəhrəman idi. Aprelin 12-də SSRİ Ali Sovetinin qərarı çıxdı. Sovet İttifaqı Qəhrəmanı adı alan 15 nəfərin içində Purgin də vardı.

Elə həmin ay Purgin "yaralarını sağaltmaq" üçün Soçiyə istirahətə getdi. Mayın 22-də onun dostu Aqranovski "Komsomolskaya Pravda" qəzetində Purgin haqda böyük məqalə yazır.

Soçidən qayıdan Purgin tamahının ucbatından böyük səhvə yol verir. O, saxta yolla rütbəsini artırır. Leytenantdan birbaşa polkovnikə çevrilir. Müdafiə Nazirliyində yoxlama başlayır. Aşkara çıxır ki, Sovet İttifaqı Qəhrəmanı adını həbsxanadan qaçmış kriminal avtoritetə veriblər.
1940-cı ilin payızında Purgin güllələnir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR