Tanınmış azərbaycanlı qadınlar futboldan danışır: Ya futbol, ya mən!!!
Bizi izləyin

Qadın güzarı

Tanınmış azərbaycanlı qadınlar futboldan danışır: Ya futbol, ya mən!!!

Həyatında bircə dəfə qol vuran insan o sevinci heç zaman unutmur. Qalibiyyətin dadı məğlubiyyətdən fərqli olaraq uzun müddətlidir. Qol anını yaşamamış insan istənilən uğuru ömrünün axırına qədər qışqıraraq qəbul edə bilməz.

Təbii ki, futbola, qola qadınlarla kişilərin baxışları eyni deyil. Qadınlar futbolsuz da "qol ata bilir". Futbolsuz "qol atan"lardan kişilərin imtina edə bilmədiyi futbol haqda soruşduq.

Onu da diqqətə çatdıraq ki, indi Avropa Çempionatının qızğın vaxtıdır. Publika.Az olaraq maraqlandıq ki, qadınlarımız hansı ölkənin millisinə azarkeşlik edirlər. Ümumiyyətlə futbolu sevirlərmi?

"Kişinin futbol azarkeşi olmamağı qadın üçün xoşbəxtlikdir"

Millət vəkili Elmira Axundova deyir ki, futbola uşaqlıqdan marağı yoxdur. Uşaq vaxtı qardaşları bu oyuna onda maraq yaratmağa çalışsalar da, alınmayıb. Onun sözlərinə görə, idmanı çox sevir. Hətta professional üzgüçüdür. Lakin, futbolu heç vaxt başa düşməyib. Evdə həyat yoldaşı və oğlu futbolu sevmir deyə, o, çox xoşbəxtdir.

Millət vəkili onu da qeyd etdi ki, çox patriotdur. Futbolu sevməməyi bəlkə də bununla əlaqəlidir. Çünki, bizim futbolumuz çox zəifdir. Başqa ölkənin futbol uğurlarına sevinmək isə, yersizdir. Futbola o zaman baxıb zövq almaq olardı ki, milli komandamız uğur qazanardı.

"Ona dedim ki, ya futbol, ya mən"

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, futbola gəncliyindən bəri nifrət edir. Bunun da səbəbləri var:

"Ailə həyatı qurmağımızın ilk illərindən futbol mənə mane olurdu. Futbola baxmaq həyat yoldaşımın vaxtını o qədər alırdı ki, evdə problem yaradırdı. Gənc idik. Hər ikimiz işdən yorğun gəlirdik. Mən istəyirdim ki, həyat yoldaşım mənə kömək etsin. O isə futbol üçün tələsirdi. Axırda o həddə çatdıq ki, ona ya futbol, ya mən dedim. Sonra da bir az qorxdum ki, birdən futbolu seçər.

Hətta bir ara məndə futbola maraq oyatmağa çalışdı. Birlikdə futbola getməyi təkid etdi. Ancaq alınmadı. Çünki, futbola qarşı potensial nifrətim var".

"Dinamo Kiev"ə azarkeşlik edirdim"

Tanınmış jurnalist İlhamə Novruzova futbola məktəb illərində baxdığını deyir. Onun azarkeşi olduğu komanda "Dinamo Kiev" olub. Sonralar qadınlara daha yaxın olan incəsənətlə bağlı sahələrə meylləndiyi üçün futbola marağı sönüb. Jurnalistin sözlərinə görə, futbol onun həyatında heç vaxt elə də əhəmiyyətli rol oynamayıb. Nə atası, nə də ki, həyat yoldaşı futbol azarkeşi olmayıb. Buna görə də, "qol" qışqırıqları ona yaddır. Heç ətrafında da futbol həyəcanından infrakt keçirən olmayıb.

"Futbol sevinc verir, insana sevinc verən hər şey gözəldir"

Gənc yazar Nərmin Dadaşova son vaxtlar nəinki futbola, hətta televizora baxmadıqlarını deyir:

"Ümumiyyətlə isə futbol vizual olaraq maraqlı oyundur. 22 nəfər bir top üstündə mübarizə aparır. İstənilən halda bu mübaizə səhnəsidir və maraqlıdır. Futbolun ən maraqlı anı qoldur. Qol isə uğur və sevinc deməkdir. Futbol insana sevinc verir. İnsana sevinc verən hər şey gözəldir. Amma sözün düzü konkret olaraq hansısa milli komandaya azarkeşlik etmirəm".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm