Bədəninin sahibi olmayanlara
Bizi izləyin

Qadın güzarı

Bədəninin sahibi olmayanlara

Doğum evində heç vaxt unuda bilməyəcəyim hadisə ilə rastlaşmışdım. Doğum vaxtı çatmış, ağrıdan qıvranan qadını əri qolundan tutub ora bura çəkişdirirdi. Doğum zalına keçməyə can atan qadını içəri girməyə qoymurdu. Məsələ burasında idi ki, həmin gecə növbədə yalnız bir həkim var idi, o da kişi. Həmin gecə isə qadının ərinin qeyrət damarının şişdiyi günə təsadüf etmişdi. Növbədə kişi həkim olduğuna görə öz canından olan övladının tələf olmasına belə razı olan kişi qadını kişi həkimin keysəriyyə əməliyyatı etməsinə razı olmadı...

Mən ancaq səhər öz əməliyyatımın narkozundan ayılanda öyrəndim ki, "qeyrət xəstəliyi"ndən əziyyət çəkən kişinin uşağı qadının bətnində lazımi maye itirildiyinə görə tələf olub. Uşağın tələf olacağını bildiyi halda belə kişi onu kişi həkimə "etibar" etməyib. Qadın isə bətnində ölü uşaqla səhərin açılmasını, qadın həkimin gəlməsini gözləyib...

Bir həftədir ki, Türkiyə mətbuatı qadının öz bədəninə hakimliyini necə əlindən alına biləcəyini müzakirə edir. Məsələnin ən gülməli tərəfi isə abortun günah, cəza elan edilməsini dini işlər üzrə qurum Türkiyə Səhiyyə Nazirliyinin göndərdiyi sorğuya əsasən açıqlayıb. Səhiyyə Nazirliyi abortların qarşısını reproduktiv sağlamlıq haqda maarifləndirmə ilə almaq yerinə, tibb, qadın haqları kimi məsələləri də dindarların boynuna qoyur.

İslam abortu günah hesab edir. Bu, insan öldürməyə bərabərdir. Bəs, qız olduğu üçün yeni doğulmuş körpənin diri-diri basdırılması necə, günah deyilmi?

Uşağın cinsiyyətinin müəyyən olunması üçün mütləq 16 həftəyə qədər döl qadın bətnində böyüməlidir. 16 həftəyə qədər gözləyib zorla qadını bətnindəki qızı abort etdirməyə göndərmək necə, caizdirmi?

Niyə Şərq ölkələri qadını bu qədər müzakirə motivinə çevirir?

Niyə qadın öz həyatı, hətta öz bədəni ilə bağlı qərarları hansısa qurumun rəyinə görə verməlidir?

Qadın haqları İnsan Haqlarından ayrı tutulan və ayrı müstəvidə müzakirə edilən ölkələr öz qadınlarını vətəndaş kimi itirməyə məhkumdur. Qadın yalnız doğub törəmək, ölkənin artım sayğacını idarə etmək üçün deyil...

Qadının doğmaq qabiliyyəti maldar qafalı "kolxozçular" tərəfindən idarə edilir. Dünyaya insan gətirmək məcburilik həddində cəmiyyətə çatdırılır. Bu isə artıma qarşıdır.

Bir neçə il əvvəl abortun mümkün olduğu həftəni 16-dan 4-ə endirən Türkiyə Səhiyyə Nazirliyi ev şəraitində mamaçaların həyata keçirdiyi abort prosesində kütləvi formada qadınların həyatlarını itirməsini qazandı. 4 həftə məsələsinə gəlincə, bunu hamı bilir ki, 4 həftədə hamiləliyin hiss edilməsi mümkün deyil.

Belə bir qadağanın qoyulması hansısa ölkədə baş tutsa da, Türkiyədə rəzilliklə bitə bilər. Ensest münasibətlərin, zorlamaların çox olduğu ölkədə belə qadağanın olması atasız və ya uşaq evindəki, küçələrdəki uşaqların sayının artması deməkdir.

Qadını yalnız doğa bildiyi üçün "adam yerinə qoymaq" insanlıq adına ləkədir. Qadın yalnız cinsi orqanından və uşaqlıq borusundan ibarət məxluq deyil.

"Qadınlara hörmət edin, qadın anadır". Belə çıxır ki, ana olmayan və ya ola bilməyən qadını ayaq altına almaq da olar.

P.S. "Hörmətli sərnişinlər, uşaqlı qadınlara yer verin. Uşaqsızları qatardan çıxara da bilərsiniz"...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm