• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu insanlara kim kömək etməlidir? - Nadir xəstəlik və çarəsizlik

Bu insanlara kim kömək etməlidir? - Nadir xəstəlik və çarəsizlik

Oğlumun köməyə ehtiyacı var, bu xəbəri oxuyan yardım etsin!

Oğlum Kərimov Şəhriyar dünyada nadir xəstəliklərdən sayılan Nemman-Pik xəstəliyindən əziyyət çəkir. Həkimlərin səhvi nəticəsində bu xəstəliyə yoluxub. Bir il ərzində təcili müalicə edilməli, ona ilik köçürülməlidir. Xahiş edirəm, bu məlumatı yayın, oğluma kömək edin. Azacıq ürəyinizdə mərhəmət varsa, bu uşağa yardım edin.

Qızım Lalənin iki yaşı var, amma o hələ də səsləri eşidə bilmir. Əgər Lalə beş yaşına qədər əməliyyat olunmasa, bu ona həyatı bahasına başa gələcək. Həkimlərin verdikləri bu qərar bizim balaca xoşbəxt dünyamızı qaranlığa qərq edib. Çünki bu əməliyyatın keçirilməsinə lazım olan vəsait imkanımız xaricindədir. Maddi çətinliklər içərisində yaşayan ailəmizin belə bir böyük məbləği ödəməsi mümkün deyil. Ərim II qrup əlil olaraq cəmisi 40 manat pensiya alır və sosial vəziyyətimiz çox ağırdır.

Bir ilə yaxındır ki, redaksiyamızın poçtuna bu tip məktublar göndərilir, təkcə bizə yox, digər qəzet və saytlarda da görmüşəm bu məlumatı.Amma hələ də lazım olan vəsait toplanmayıb.

Bu insanların xaricə göndərilməsi üçün sadəcə informasiya yayılması yetərli deyil. Bəs bu işi necə təşkil etmək olar? Ölkədə müalicəsi mümkün olmayan bu xəstələri xaricə necə, hansı vəsaitlə göndərmək mümkündür?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu məsələni araşdıracağıq.

Düzdür, biz hər dəfə kiminsə kömək edəcəyi ümidi ilə bu müraciətləri yayırıq. Amma təkcə informasiya yaymaqla iş bitmir. Son günlər Nərmin Həsənlinin müalicə üçün xaricə göndərilməsi də bunu təsdiqlədi.Onun üçün bütün ölkə sanki ayağa qalxmışdı. Eyni hal 8 ay əvvəl Nabranda ayağını itirən İmran Cəfərzadənin də Almaniyaya göndərilməsi zamanı baş verdi. İlk olaraq sadə insanların topladıqları vəsaitlə müalicə olunan İmran, prezidentin dəstəyi sayəsində xaricdə müalicə edilib vətənə qayıtdı.

Millət vəkilindən təklif

Amma dövlət hər kəs üçün belə vəsait ayıra bilməz. Bu işi hər dəfə aksiya keçirməklə də həll edə bilmərik. Üstəlik, bu müraciətlərin hamısının həqiqi olması da dəqiq deyil. İnsanların isə bunu araşdırmağa imkanı yoxdur.Bəzən məhz bu səbəbdən belə müraciətlərə biganə yanaşılır. Məsələnin həlli isə Milli Məclisin ötən həftəki iclasında gündəmə gətirildi.

Millət vəkili Qüdrət Həsənquliyev xəstə uşaqların xaricdə müalicəsi ilə bağlı xüsusi fondun yaradılması təklifi ilə çıxış edib. Millət vəkili bildirib ki, son vaxtlar xeyli uşaqlar müxtəlif xəstəliyə yoluxur və bəzi xəstəliklərin müalicəsi Azərbaycanda mümkün olmur:

“Çox sağ olsun Heydər Əliyev Fondu ki, bu məsələlərdə xeyli dəstək nümayiş etdirir. Lakin bu tam yetərli deyil.Məsələn, bu yaxınlarda Nərmin Hüseynlinin müalicəsi üçün keçirilən kampaniya zamanı bir qrup gənc mənə müraciət etmişdi. Ona görə təklif edirəm ki, bu məsələlərə aid xüsusi fond yaradılsın və bu cür xəstələrin xaricdə müalicəsi bu fond vasitəsilə həyata keçirilsin. Hətta bir sıra iş adamları da ora vəsait köçürə bilər”.

Fondun yaradılması həm inam, həm də vəsaitin konkret mənbədə toplanması üçün hazırkı durumda ən ideal variant hesab edilir.Çünki səhiyyə nə qədər inkişaf etsə də, ölkədə müalicəsi mümkün olmayan xəstəliklər üçün xaricə gedənlər olacaq.Üstəlik xaricə gedənlərin sayı gündən-günə daha da artır.

Bəs fondun yaradılması nə qədər realdır? Bu necə təşkil edilməlidir.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, hazırkı durumda vəsaitlərin toplanması, fırıldaqçı, avanturist insanlara imkan yaradır. Onlar yardım adı ilə insanların pulunu mənimsəyir. Ona görə də, bu məsələyə ciddi yanaşmaq lazımdır:

“Bu istiqamətdə aparılan araşdırmalar da göstərir ki, dəfələrlə fırıldaqçı adamlar pul toplayıb sonra yoxa çıxıb. İstər vəsaiti toplayanlar, istərsə də xaricə getməyi təşkil edənlər arasında fırıldaqçıların olması qaçılmazdır. Ümumi fond yaradılması məsələnin bir tərəfidir, amma ən önəmli məqam səhiyyə sahəsində islahatlar aparılmasıdır. Xüsusi şəxslər, Heydər Əliyev fondu fərdi müraciətlərə kömək göstərir. Amma bu işlə əsaslı şəkildə məşğul olmaq lazımdır. Tibbi sığorta ilə bağlı məsələnin qısa zamanda həll edilməsinə ehtiyac var. Çünki bu qədər insanın səhiyyə xərclərini kiminsə yardımı hesabına təşkil etmək çətindir. Ona görə də, səhiyyə ilə bağlı ciddi bir paket proqram hazırlanmalıdır, həmin fondla bağlı məsələlər də orada əks edilməlidir.

Ə.Qəşəmoğlu fondun fəaliyyət istiqamətlərinə də toxundu:

“Bu gün insanların çoxu xəstəliyin müalicəsini Türkiyə, İran, Rusiya, İsrail, hətta ABŞ-da axtarır. Hazırkı durum bu istiqamətdə iş aparılmasını aktual edir.Vəziyyəti indiki şəkildə qoymaq mümkün deyil. Əlbəttə, fondun olması, hər xəstənin xaricə göndərilməsi mənasına gəlməməlidir. Burada həm dövlət nəzarəti, həm də özəl sektorlar ola bilər. Ola bilər ki, bəzi şəxslərin müalicəsi bütöv şəkildə, bəzilərinin isə müəyyən faizlə təşkil edilə bilər. Əlillər, Qarabağ müharibəsində xəsarət alanlar, xüsusi istedadlı gənclər, maddi vəziyyəti ağır olan insanlar, tanınmış şəxslər üçün həmin fonddan yardım edilə bilər. Özəl fondların isə öz istiqamətləri olacaq. Bu məsələ təhlil edilməli və xüsusi proqram hazırlanmalıdır. Bu zaman da özəl və dövlət sektorunun üzərinə hansı vəzifələrin düşdüyü, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi və hazırkı səhiyyənin potensialı müəyyən edilməlidir”.

Öz xəstəxanalarımızı inkişaf etdirək

Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyevin fikrincə isə, xaricdə müalicədən daha çox öz səhiyyəmizin inkişafına çalışmalıyıq.

“Azərbaycanda son illər səhiyyənin inkişafına çox vəsait ayrılır, yeni binalar tikilir, müasir tibbi avadanlıqlar gətirilir. Kadr potensialı və işə nizam-intizamı artırmaqla da ölkə səhiyyəsini inkişaf etdirmək olar. Xaricdə müalicəyə gedənlərin əksəriyyətini ölkədə müalicə etmək mümkündür. Bunun üçün isə səhiyyə inkişaf edib, sığorta sistemi tətbiq edilməlidir. Əlavə fondun yaradılması isə əlavə xərc deməkdir”.

N.Quliyev həmçinin bir müddət əvvəl uşaqlara dəstək fondunun yaradılması təşəbbüsü ilə çıxış etdiklərini bildirdi. Lakin o fondun yalnız müalicə ilə kifayətlənməməli olduğunu dedi:

“Bu cür fond yalnız müalicə məqsədi yox, eyni zamanda uşaqların təhsili, əyləncəsi üçün də imkanlar yarada, müxtəlif ehtiyacları qarşılaya bilər. 2015-2020-ci illər Uşaq Strategiyası hazırlanarkən bu məsələnin də daxil edilməsini nəzərdə tuturuq.Fondun effektli olması müzakirə olunmalıdır. Bir tərəfdən də dövlət büdcəsindən əlavə xərclər bölməsindən və Səhiyyə Nazirliyindən bu istiqamətdə vəsait ayrıla bilər. İstənilən halda iş sistemli qurulmalıdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ölkəmizdə bir çox xəstəliklərin müalicəsinin mümkün olduğunu, hər kəsi xaricə göndərməyə ehtiyac olmadığını dedi:

“Hər xəstəliyə görə, xaricə müalicəyə göndərilmir. Yalnız ölkədə müalicəsi mümkün olmayan xəstələr göndərilir. Fondun yaradılmasına gəldikdə isə, bu müzakirə edilməlidir. Bu sahədə mütəxəssis deyiləm, Milli Məclisdə müzakirə olunmuş bir məsələyə münasibət bildirə bilmərəm. Bu təşəbbüs müsbət istiqamətədirsə, bununla tanış olmaq lazımdır. Bunun dövlət və ictimai fond olması müzakirə edilməlidir”.

Xəstələrin fərdi müraciət əsasında müalicəsindənsə, bu cür fondun yaradılması daha idela variant hesab edilə bilər. Bununla da insanlar verdikləri pulun hara və necə xərclənməsindən daha çox məlumatlı olar. Bununla fırıldaqçıların da bazarı bağlanar.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR