Zibili necə pula çevirmək olar?
Bizi izləyin

Qırmızı xətt

Zibili necə pula çevirmək olar?

1200-ə qədər plastik butulkanın təkrar emalı nəticəsində orta ölçülü xalça hazırlamaq mümkündür.

Bir ədəd şüşə butulkanın emalı zamanı qənaət edilən enerji 100 vatlıq lampanın 4 saat ərzində yanmasını təmin edir.

Təkrar emal edilmiş 670 bankadan velosiped hazırlamaq mümkündür.

Bakıda il ərzində adambaşına 350 kiloqram tullantı düşür. Bəs bu tullantıların aqibəti necə olur? Həmin tullantılardan nələr əldə etmək olar?

Publika.Az - ın “Qırmızı xətt” layihəsində tullantılar və onlardan əldə edilən qazancı araşdıracağıq.

Beynəlxalq təcrübə göstərir ki, məişət tullantılarının idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün optimal mexanizm - yığılma, daşınma, yerləşdirilmə, çeşidlənmə, zərərsizləşdirilmə, utilizasiya, emal və istifadədən ibarət zəncirin bütün həlqələri yerində olmalıdır. Bu həlqələrdən hər hansı birinin olmaması, yaxud düzgün işləməməsi bütövlükdə sistemdə ciddi problemlərə gətirib çıxarır. Tullantıların emal edilməsi ilə ilk dəfə İngiltərədə 200 il bundan əvvəl məşğul olmağa başlayıblar.

Dünya təcrübəsi

Hər bir İsveçli ildə 500 kq və ya yarım ton məişət tullantısı yaradır. İsveçdə tullantıların səmərəli idarəedilməsi sayəsində, bu tullantıların böyük hissəsi təkrar emal olunur və ya yenidən istifadə edilir və yalnız 4% poliqona göndərilir. 2 milyon tondan çox bərk məişət tullantısı və təxminən o qədər həcmdə sənaye tullantıları İsveç TYZ - də (Tullantıların Yandırılması Zavodu) yandırılır. Bu üsulla əldə olunan enerji ilə 810 min ev istiliklə təmin olunur ki, bu da ətrafda istehsal olunan bütün istiliyin 20%-ni təşkil edir.

Bu ölkə tullantıların təkrar emalı üzrə rekordçudur. Lakin tullantıların utilizasiyası ilə nəinki əhali, hətta “İsveçrənin Federal dəmir yolları” kimi dövlət şirkəti də məşğul olur. Hər il bu ölkədə 2,5 milyon plastik qab, 2 milyon alüminium qab, təqribən 1 milyon şüşə qab, 3 608 ton qəzet və jurnal təkrar emal edilir.

İsveçrədə 28 tullantıların yandırılması zavodu 215 min ton yanacağa qənaət edərək, 250 min yaşayış evini təchiz edən elektrik enerjisi istehsal edir.

Araşdırmalar göstərir ki, bu gün Avropada tullantıdan istehsal edilən enerji İrlandiya və ya Slovakiya böyüklüyündə bir ölkəni elektrik enerjisi ilə təmin etməyə kifayət edər.

Düzgün toplanan və çeşidlənən tullantıdan orta hesabla 10.000 kC/kq enerji əldə etmək olar. Odur ki, hər bir kiloqram tullantıdan 75 saat ərzində 12 V ekolampanın işləməsi üçün lazım olan enerjini istehsal etmək mümkündür.

Avropa Ətraf Mühitin Mühafizəsi üzrə Büronun internet səhifəsində göstərilir ki, təkrar emalın ən çox inkişaf etdiyi ölkələr həm də tullantıdan ən çox enerji alan ölkələrdir.

Bir ildə 250 milyard gəlir

Dünya üzrə ən çox tullantı Çində yaranır, belə ki, ölkənin 2,000 km2-dən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan artıq üst-üstə yığılıb qalmış tullantı qalağı vardır. Tullantıların yandırılması bu çətin problemi həll etməyin ən səmərəli üsuluna çevrilib və son bir neçə il ərzində bu sənaye ölkədə çox sürətlə inkişaf etməyə başlayıb. Bu, torpaqlara qənaət etməklə yanaşı tullantıları 75%-dən artıq azaldır və nisbətən az çirklənməyə səbəb olur. Bundan əlavə, yandırmadan əmələ gələn kalori dəyəri istilik təchizatı və enerji istehsalı üçün istifadə oluna bilər.

Hazırda Çində tullantıların təxminən cəmi 15-20%-i yandırma yolu ilə zərərsizləşdirilir. Sənaye analitiklərinin sözlərinə görə, bu göstəricinin 2015-ci ilə qədər 30%-ə, 2020-ci ilə qədər isə 40%-ə qədər artması gözlənilir. Tullantıların idarə olunması Çinə hər il 30 milyard yuana başa gəlir. Əgər tullantı səmərəli şəkildə idarə olunsa, illik birbaşa iqtisadi gəlir 250 milyard yuan təşkil edə bilər.

Avropanın və ümumilikdə dünyanın ən inkişaf etmiş ölkələrində belə tullantıların yüz faizlik emalı təcrübəsi mövcud deyil. Orta hesabla, bütün tullantıların 30% təkrar emalı yaxşı göstərici sayılır.

Çin polietilen qabların istifadəsində hər il 37 milyon barrel xam nefti demək olar ki, havaya sovurur.

Ölkəmizdə Prezident İlham Əliyevin də sərəncamına əsasən, 2012-ci ildə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodları yaradılıb. Gün ərzində "poliqona" 1000-1100 ton tullantı gətirilir. Lakin tullantıların təkrar emalı üçün təkcə emal zavodunun olması vacib deyil. Bunun üçün həm də məhsulların yerində və lazımınca çeşidlənməsinə ehtiyac var.

Məişət Tullantılarının Çeşidlənməsi zavodu illik gücü 200 min tondur. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır, enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır. Bundan əlavə, məişətdə əmələ gələn batareya, akkumulyator və elektron tullantı kimi təhlükəli tullantıları ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilir.

Bəs bu iş necə həyata keçirilir?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov birmənalı olaraq zibilyandırma zavodunun lehinə olduğunu dedi. Onun sözlərinə görə, küçələrdə zibillərin yandırılması nəticəsində ətrafa çoxlu sayda zəhərləyici maddə qalxır. Zibilyandırma zavodu yeni texnologiya ilə fəaliyyət göstərir, bu zavoddan ətrafa ziyan dəymir. Ekoloqun sözlərinə görə, küçələrdə zibillərin yandırılmasına səbəb bu işin konkret bir qurum tərəfindən təşkil edilməməsidir:

“Təbiətdə tullantı olmamalıdır, bütün məhsullar 100% yenidən emal edilə bilər. Almaniyada bu iş 32%, digər Avropa ölkələrində isə 30% - ə qədər həyata keçirilib. Bir neçə ilə ölkəmizdə də bu işin əsaslı şəkildə həyata keçirilməsinə ehtiyac var. Dörd-beş ildən sonra isə zibil yandırma zavodunun tamamilə ləğv edilə bilər. Bu həm də zibillərdən xammal kimi istifadə edilməsinə də imkan yaradacaq. Artıq tullantı sözü sıradan çıxmalı, təkrar emal gündəmə gəlməlidir”.

Ekoloqun sözlərinə görə, təkcə paytaxtda yox, bölgələrdə də zibil çeşidlənmə zavoduna ehtiyac var:

“Bu həm də kənd rayonlarında iqtisadi vəziyyətin düzəldilməsinə kömək edəcək. Çünki təkrar emal yüz faiz gəlir deməkdir. Bu barədə konkret rəqəm demək üçün əvvəlcə həmin məhsulların miqdarını, sayını, istehsal qiymətini bilmək lazımdır. Bunlar hesablandıqdan sonra belə zavodların fəaliyətindən nə qədər gəlir əldə edəcəyimizi daha asan müəyyən etmək olar”.

Çeşidlənmənin evlərdə aparılmasına gəldikdə isə ekoloq məsələyə yenidən baxmağa ehtiyac olduğunu dedi:

“Sovet dövründə dəmir, şüşə, kağız alanlar bunu küçələrdə elan edirdilər. İnsanlar da evlərində çeşidlədikləri həmin vəsaitləri müəyyən qiymətə satırdılar. İndi bu məsələ yaddan çıxıb, yeni üsul axtarılır”.

Dünya praktikasında ən inkişaf etmiş ölkələrdə zibillərin çeşidlənib yenidən istifadə edilməsi 32-40 fazi həyata keçirilib. Bizdə də bu işin stimullaşdırılması gündəmə gətirilməlidir.

Poliqona qədər ayrılmalıdır

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynovanın sözlərinə görə, zibillər poliqona çatanda onları ayırmaq çox çətin olur. Çünki zibilləri götürən maşınlar çox vaxt onu presləyirlər, sınan maddələr digər məhsullara elə qarışır ki, onları seçmək mümkünsüz olur. Nəticədə onların hamısı birlikdə yandırılır:

“Zibillərin çeşidlənməsi yerində aparılmalıdır. Yəni evlərdə, zibil yeşiklərində zibillər fərqli qutulara atılmalı, maşınlarda isə fərqli konteynerlərə yüklənməlidir. Bu isə təkrar emal məsələsini daha da asanlaşdırır. Bizdə şüşə, aliminium, polimer, dəmir, polad email zavodları var. Sadəcə təkrar emal edilməli olan məhsullar həmin zavodlara gedib çatmır.

Bu məhsulların toplanması, həmin müəssisələrə çatdırılmasını “Təmiz şəhər” ASC öz üzərinə götürüb. Lakin daşınma zamanı bu iş normal yerinə yetirilmədiyinə görə, proses həyata keçirilmir”.

F.Hüseynovanın sözlərinə görə, Avropa ölkələrində zibillər yaşayış məntəqələrindən ayrı-ayrı konteynerlərdə birbaşa zavodlara daşınır. Bunun üçün həyətələrdə də zibillərin çeşidləndiyini müəyyən edən qablar qoyulmalıdır. İnsanları isə bu istiqamətdə maarifləndirmək, inandırmaq lazımdır. Onların çoxu bilmədən bu tullantıları qarışdırırlar. Onun sözlərinə görə, zibil yandırmaq istənilən halda yaxşı deyil, amma zavod tikilib, sadəcə onu “keyfiyyətli” xammalla təmin etmək olar:

“Yəni həmin zavoda elə məhsullar aparılmalıdır ki, onları başqa formada istifadə etmək mümkün olmasın. Bu zaman isə həmin tullantıların ətrafa vurduğu zərər minimuma enir. Çünki onların tərkibində polimer materiallar, kimyəvi maddələr olmur. Üstəlik, məhsulların təkrar emalı həm də əlavə gəlir deməkdir. Tullantıların ən azı 10% - i təkrar emal üçün yararlıdır. Hər məhsuldan bu qədər hissənin xammal kimi istifadə olunması çox yüksək rəqəmlər deməkdir”.

Ölkədə hər il nə qədər tullantı olduğunu demək çətindir. Amma təkcə paytaxtda adambaşına 350 kq tullantının olması müəyyən siqnallar verməlidir. Amma onların pula çevrilməsi üçün evlərimizdən, zibil yeşiklərindən daşınmaya qədər çeşidlənməsinə ehtiyac var. Yalnız bundan sonra zibildən də pul çıxara bilərik

“Təmiz Şəhər”ASC-dən isə bildirdilər ki, qurum tullantıların daşınmasını yox, çeşidlənmə və yandırmasını təşkil edir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm