İranda müalicə olunanları gözləyən TƏHLÜKƏ - Qurbanlar danışır
Bizi izləyin

Qırmızı xətt

İranda müalicə olunanları gözləyən TƏHLÜKƏ - Qurbanlar danışır

Uzun müddətdir baş ağrılarından əziyyət çəkirdim. Ölkədə nə qədər həkimə getdimsə, heç kim bir diaqnoz qoya bilmədi. Axırda məcbur qalıb İrana getdim. Orada müalicənin həm ucuz, həm də yaxşı olduğunu eşitmişdim. Həkim məni müayinə etdi, heç bir söz demədən 15 dərman yazdığı resepti mənə verdi, dərmanları vaxtlı-vaxtında qəbul etməli olduğumu dedi. B qrup vitamin kompleksi adlanan dərmanları alıb geri döndüm. 20 gün həmin dərmanları qəbul edəndən sonra, üzümdə qızartılar yarandı.

Hər gün onların sayı bir az da artırdı, sonra məcbur qalıb, həkimə getdim. Bu dəfə öz həkimlərimizə, onlar həmin dərmanların mənim bədənimə uyğun olmadığını dedilər. İmmunitetim zəifdir, birdən-birə də o qədər dərman qəbul etməyim, orqanlarıma pis təsir edib. Dərmanlardan istifadəni saxladım, qızartılar da yavaş-yavaş keçdi.

Bu sözləri Publika.A-ın “Qırmızı xətt” layihəsində qəhrəmanımız Aytən İbrahimova deyir. O, İrandakı müalicə və onun əks təsirlərindən danışır.

Aytən xanım deyir ki, İrana gedib onun kimi müsbət nəticə əldə etməyənlər çoxdur.

“Bizim həkimlər dedilər ki, orada verilən dərmanlar hormonalnı olduğuna görə, təsiri tez olur. Bir müddət baş ağrılarım azalsa da, yenidən başladı. Onların dərmanlarının tərkibi kimyəvi cəhətdən təmiz olmadığına görə, bədən süzə bilmir. Hiss olunur ki, xəstələrə ciddi yanaşmırlar.

Özüm də diqqətsizlik elədim, gərək ətraflı soruşub gedərdim, həkimi, yazdığı dərmanları araşdırardım.

Əvvəl fikir vermirdim, indi anlayıram ki, hər gecə yatmazdan əvvəl 3-4 dənə sakitləşdirici dərman qəbul edirdim. Bunların hamısını ard-arda atanda çox yuxu gətirirdi. Hətta gün ərzində yuxudan dura bilmirdim. Bir dəfə avtobusda yatıb qalmışdım”.

Aytən xanımın sözlərinə görə, adıçəkilən ölkənin həkimlərinin bir xüsusiyyəti də çox dərman yazmalarıdır:

“Xalam qızı və onun yoldaşı da böyrək problemləri üçün getmişdilər. Onlara da çoxlu dərman yazıblar. Niyə bu qədər çox yazdıqlarını başa düşmürük. Başqa tanışlarım da İranda müalicə alıblar, hamısında kökəlmə müşahidə edilir. Bir xalam qızı da “kista”ya görə, İrana getmişdi. Müalicə olundu, amma heç bir faydası olmadı. Özü sonra, soğan suyu içdi o daha çox xeyir elədi. Həm də həkimlər dərmanların əks təsiri, qidalanmada nəyə fikir verməli olduğumu demədilər. Orada yazılan dərmanları heç də bütün xəstələr qəbul edə bilmir, tərkibində nə olursa, ürəkbulanma verir. Amma bir məqam da var ki, bizdən İrana gedənlər ancaq müalicə üçün gedir. Həm gömrükdə söhbət etdiyimiz adamlar, həm də xəstəxanalarda ancaq Azərbaycandan gələnlərin olması, da bunu sübut edir. Sanki ölkədə müharibə baş verib, insanlar kütləvi xəsarət alıb, hamı İrana gedirdi”.

Müsahibimizin sözlərinə görə, bu artım müalicə qiymətlərinə də təsir edib. Əvvəl müayinə və müalicə daha ucuz idi, indi bahalaşır.

Müsahibimizin də dediyi kimi, İrana şəfa tapmaq üçün gedən, amma daha ciddi xəstəliklə qayıdanlar az deyil. Düzdür, bu ölkədə sağlamlığa qovuşanlar yetərincədir, elə olmasaydı, axın-axın İrana getməzdik. Bu ölkəyə getməyin bir səbəbi ucuz müalicədirsə, digər tərəfdən də bizim həkimlərin yanlış diaqnoz, müalicələrinin fəsadlarının İranlı həkimlər tərəfindən həll edilməsidir. Amma hər zaman nəticə müsbət olmur. Bunun səbəbi isə insanların aldadılmasıdır. Yəni İrandakı xəstəxana və həkimlər bir neçə qrupa bölünür. Bizim vətəndaşlar isə daha çox ucuz klinikalara müraciət edirlər. Orada çalışan həkimlərin bilik və bacarıqları barədə isə məlumatları olmur. Adətən onlar xəstəxana barədə həmin ölkəyə gedən tanışlarından eşidirlər. İrana gedən tanışınız yoxdursa, o zaman bu ölkədə ilk qarşınıza çıxan taksi sürücüləri bələdçiniz olur ki, onların da, işbaz olub-olmaması dəqiq deyil. Sizi həkim yox, baytar yanına da apara bilərlər.

Üstəlik müsahibimizin də dediyi kimi, xəstəxanaların yalnız ölkəmizdən gedənlərlə dolu olması da qəribədir. Həmin klinikaların ümidi ölkəsindəki həkimlərdən kəsilmiş xəstələr üçün hazırlanmadığı da bəlli deyil.

Dərmanların tərkibində nə var?

Amma məsələ təkcə müayinə ilə bitmir. Əsas məqam müalicə prosesidir. Haqqında bu qədər şübhəli məqamlar olan həkimlərin yazdıqları dərmanlardan şəfa gözləmək də real deyil. Azərbaycanda dərman satışı ilə məşğul olan və adının açıqlanmasını istəməyən mənbənin bizə verdiyi məlumata görə, İrandakı dərmanların tərkibində psixotrop maddələr həddən artıq çox olur. Həmin dərmanlar yalnız ağrıları müvəqqəti azaltmağa kömək edir. Xəstəyə yazılan üç dərmandan yalnız biri xəstəliyə uyğun olur, digərləri isə sadəcə ağrıkəsidir. Onları qəbul etdikdən sonra isə ağrılar azalır və insan sağaldığını düşünür. Bir müddət sonra isə daha ciddi fəsadlar üzə çıxır. Mənbənin məlumatına görə, bu ölkədə xərçəng xəstəliyi isə ümumiyyətlə müalicə edilmir. Orada müalicə olunanlar ən yaxşı halda bir il yaşaya bilirlər.

Məsələ artıq ölkə səviyyəsində aktuallaşıb.

Milli Məclisin sonuncu iclasında da millət vəkili Qüdrət Həsənquliyev çıxışında səhiyyə sahəsinə də toxunub: “İnsanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəmizə qayıdır. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu, çox böyük rəqəmdir”.

Bunlar şayiə deyil

Tibbi ekspert Adil Qeybulla tez-tez İrana müalicə üçün gedib istədiyi nəticəni əldə edə bilməyən xəstələrin ona müraciət etdiyini bildirdi:

“Türkiyəyə gedənlərdən heç vaxt problemlə bağlı müraciət edilməyib, çünki həmin ölkədə daha çox qərb təbabətinə əsaslanırlar. İranda isə bizim insanların müraciət etdiyi yerlərdə yüksək səviyyəli müalicə aparılmır. Ona görə də, düzgün əməliyyat, müalicə edilməyən xəstələr daha çox olur. Məsələn bir nəfər, İranda yoğun bağırsağın şişi ilə əməliyyat edilib, sonra ona kimyəvi terapiya aparılıb. Daha sonra irinatexan adlı dərmanı qəbul etməsi məsləhət görülüb. Həmin dərman isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qadağan edilib, amma həmin xəstəyə müalicə məqsədilə tətbiq edilir. Baxmayaraq ki, həmin dərmanın yan təsirləri çox olur. Bəzən isə əməliyyat edirlər şiş qalır, bağırsağın bir hissəsini kəsib çıxarırlar, yaxud şişin hamısını çıxara bilmirlər. Bu xəstələr daha çox ucuz xəstəxanalarda müalicə olunanlardır ki, həmin qüsurlar da yalnız ölkəmizdə aradan qaldırılır”.

İranda həkimlər tərəfindən yazılmış dərmanların tərkibində qatqıların olmasına gəldikdə isə, A.Qeybulla deyir ki, bu ölkədəki dərmanlar Avropa keyfiyyətli deyil. Ona görə də, onların tərkibi ilə bağlı da dəqiq fikir demək çətindir:

“İranda ağrıkəsici dərmanlardan istifadəyə meylilik var. Onkoloji xəstəliklərdə bu dərmanlardan istifadə real müalicəni ört-basdır edir. Xəstəlik inkişaf edir, bir tərəfdən də xəstə bundan xəbərsiz olur. İranda müalicə olunub, uğursuz nəticə görənlər, ölümlə nəticələnən hallarla bağlı araşdırma aparılmalıdır. Bu cür hadisələrlə bağlı müraciətlər çox olur, bunlar şayiə xarakteri daşımır və səbəbsiz deyil. Bu şikayətlərə inanmaq lazımdır”.

Ekspertin sözlərinə görə, bütün ölkələrdə xaricə müalicə üçün gedirlər. Amma bizdə bu daha çox kütləvi hal alıb. Onlar daha çox İrana gedir, bu da müalicənin ucuz olmasından irəli gəlir. Bu çox mənfi tendensiya olsa da, adminstrativ yolla qarşısını almaq olmur:

“Bunun həll mexanizmləri səhiyyənin keyfiyyətinin artırılması, sığorta təbabətinin tətbiq edilməsidir. Sığorta xidməti olsa, insanlar vaxtında müayinə edilər, son mərhələdə həkimə müraciət etməzlər. Ölkəmizdə kifayət qədər güclü həkim var, sadəcə insanların onlara inamını artırmaq lazımdır. Hətta bəzən adi xəstəliklərin müalicəsi üçün belə İrana getmək düzgün deyil. Cəmiyyət şəffaflaşdıqca, məsələlər yoluna düşəcək. Bundan başqa, səhiyyənin inkişafında Avropa təcrübəsi öyrənilməlidir.

Bütün mütəxəssislərin üzərindən xətt çəkmək olmaz. İnsanlar həm də öz səhiyyəmizə inanmalıdırlar. Xaricdə öd kisəsi əməliyyatına 8-10 min manat xərc çəkir, amma ölkəmizdə onu daha ucuz qiymətə etmək mümkündür”.

Bütün bu faktlar isə məsələnin aktuallığını sübut edir. Bir tərəfdən yerli səhiyyənin fəsadları, xaricdəki müalicənin üstünlüklərindən yazarkən bu məqamlar diqqətdən qaçır. Bu həm də faktların gündəmə gətirilməməsi ilə əlaqədardır. Biz heç də bütün xarici həkimlərin savadsız, yanlış müalicə etdiyini demirik. Sadəcə, xaricə müalicəyə gedərkən düzgün seçim etmələrini, səhhətlərini təsadüfi adamlara etibar etməmələrini tövsiyə edirik. Həkim əvəzinə baytar yanına getməyin.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm