Dünyanı gözləyən dəhşətli xəstəlik - Necə qoruna bilərik?
Bizi izləyin

Qırmızı xətt

Dünyanı gözləyən dəhşətli xəstəlik - Necə qoruna bilərik?

2035-ci ildə dünyada xərçəng xəstəliyi hallarının sayı 24 milyona çatacaq. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyanı xərçəng xəstəliyinin "yeni dalğası" gözləyir, Fond bildirib ki, hər il orta hesabla 14 mln insanda xərçəng xəstəliyi müəyyən edilir, ehtimallara görə bu rəqəm 2025-ci ildə 19 mln, 2030-ci ildə 22 mln, 2035-ci ildə isə 24 mln təşkil edəcək. Əlbəttə, bu artım ölkəmizdən də yan keçməyəcək. Ötən ilin statistik məlumatlarına görə, ölkədə 34 681 nəfər onkoloji xəstə qeydiyyata alınıb. Bunların sayı ildən-ilə artır.

Bəs artımın qarşısını almaq, “yeni dalğa”dan xilas olmaq mümkündürmü?

Sualımızın cavabını Publika.Az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.

Xəstəliyin orqanizmdə yayılması isə belə sistemləşdirilib: həzm sistemi - 25%, döş - 14%, dəri - 10%, tənəffüz yolları - kişilərdə 2%, qadınlarda 3%, qaraciyər və öd kisəsi - 3%, beyin və onurğa iliyi - 1%, digər orqanlar - 8%.

Bir çox ölkələrdə qadınlar arasında əsasən döş vəzi xərçəngi yayılıb. Afrikada isə qadınlar arasında daha çox uşaqlıq boynunun xərçəngi yayılıb. MDB və digər ölkələrinə nisbətən bizdə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı azdır. Ukraynada, Krım vilayətində 2,5 min əhaliyə 2012-ci il üçün qeydiyyatda olan onkoloji xəstələrin sayı 50 min nəfər təşkil edirdi. Bizdə isə 2012-ci ilin 2-ci rübbünə olan rəsmi məlumatda ölkə əhalisinin 9 milyon 350 nəfərinə onkoloji xəstələrin sayı 31 min 954 nəfər təşkil edib.

Ölkəmizdəki rəqəmlər dəhşətli olmasa da, bu sayın artan istiqamətli olması təhlükəli olduğunu göstərir.

Ölkəmizdə rəqəmlər

Ümumilikdə il ərzində 9 min 64 nəfər onkoloji xəstəliklərlə qeydiyyata götürülüb. Bu xəstəliklər arasında lokalizasiyalara gəldikdə ilkin yerləri ağciyər-bronx, qadınlarda süd vəzisi və ümumilikdə mədə xərçəngi üstünlük təşkil edir. Xəstəliyin mərhələlərinə gəldikdə isə 3 min 898 nəfərə xəstəliyin 1 və 2-ci, 3 min 83 nəfər 3-cü, 2 min 83 nəfər isə xəstəliyin 4-cü mərhələsində olub. Artıq uşaqlar arasında da bu xəstəlik sürətlə yayılır, ölkəmizdə 305 uşaq ankoloji xəstəlikdən əziyyət çəkir.

Hər il dünyada 1,7 milyon insanın mübtəla olduğu bu xəstəlikdən illik ölüm göstəricisi 8,2 milyondur.

Bu statistika, xərçəngin çarəsi tapılmaz xəstəlik kimi düşüncə yaratması qorxu və narahatlılğı bir az da artırır. Hər il xəstəlikdən yüz minlərlə insan dünyasını dəyişdiyi kimi, onlarla da müalicə üsulları araşdırılır. Amma hələ ki, tam müalicə əldə edilməyib. Bu baxımdan da xəstəlikdən sağalma yolları bir tərəfə, əsas məsələ ondan qorunma üsulunu tapmaqdır.

Siqaret və pəhriz

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, siqaretçəkmə, piylənmə və alkoqola qarşı tədbirlər görməklə xərçəng xəstəliyi təhlükəsini azaltmaq mümkündür. Xərçənglə pəhriz arasında bağlılığdan çoxları məlumatsızdır. Təşkilatın açıqlamalarına görə, qlobal xərçəng təhlükəsi artımının səbəbləri ilk növbədə əhalinin say artımı və yaşlaşması ilə bağlıdır.

İnsan papiloması (HPV) və digər viruslar əleyhinə peyvəndlənmə xərçəng xəstəliyinə yüz minlərlə tutulma hallarının qarşısını ala bilər.

Dünya Xərçəng Fondu gündəlik pəhrizə tərəvəz, meyvə və emal olunmamış dənli bitkilərdən hazırlanmış yeməkləri daxil etməyi, alkoqol və qırmızı ətin qəbulunu isə azaltmağı, emal olunmuş ət yeməklərini isə pəhrizdən tamamilə çıxarmağı məsləhət görür.

Araşdırmaya görə, bu cür pəhrizlə 20 ildə gözlənilən xərçəng xəstəlikləri artımı dalğasını yarıyadək kəsmək mümkün ola bilər.

İnsanlar sağlam həyat tərzi seçməklə xərçəng riskini azalda bilərlər, lakin hökumət və cəmiyyət də sağlam həyat şəraitinin yaradılması üçün məsuliyyət daşıyırlar.

Ekspertlər xəbərdarlıq edir ki, indi tədbir görülməsə, 20 ildən sonra dünya xərçəng xəstəliyi böhranı ilə üzləşə bilər.

Plastik qablardakı sudan istifadə xərçəng riski yaradır. Bu qabların içərisində bioksin adlanan toksiki maddə əmələ gəlir və bu içməli suya qarışır. Bu da sonradan zəhərlənməyə səbəb olur.

Amerika Tibb Cəmiyyəti jurnalının apardığı araşdırmaya görə, gündə bir qutu siqaret çəkənlər siqareti yarı-yarıya azaltdıqda, onlarda ağciyər xərçənginə yoluxma riskinin 27% azaldığı müşahidə olunub.

Xərçəng xəstəliyindən qaynaqlanan ölümlərin 14 faizinin, xərçəngə yoluxma hallarının 3 faizinin artıq çəkidən qaynaqlandığı məlumdur. Stresin xərçəng xəstəliyinin yaranmasında rolu haqqında konkret bir dəlil olmasa da, stresdən qurtulmaq üçün baş vurduğunuz yollar - artıq yemək, siqaret çəkmək, antidepresant dərmanlar içmək və s. xərçəng riskini artırır. Bu səbəbdən stress atmaq üçün idman, yoqa, musiqi və s. kimi üsullardan istifadə edin.

Bütün bunlardan əvvəl isə ailə genetikanızı öyrənin. Ailənizdə xərçəng riski varsa, bu riski azaltmaq və xəstəliyi erkən mərhələdə önləmək diqqətli olun, özünüzəməxsus bir həyat proqramı qurun və yaşam tərzinizi buna uyğunlaşdırın.

Bəs ölkəmizlə bağlı məxsusi səbəblər hansılardır?

Ekoloq Telman Zeynalovun sözlərinə görə, xərçəng xəstələyinin artmasının səbəbləri qida məhsulları qədər atmosferin çirklənməsindən də asılıdır. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən monitorinq aparılmalıdır. Həmin monitorinq əsasında xəstəliyin artması səbəbləri daha dəqiq müəyyənləşdirilə bilər. Amma nazirlik ya bu yoxlamaları aparmır, ya da informasiya vermək istəmirlər.

“Son dövrlərdə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artıb. Ölkədə aparılan tikinti və maşınların sayının artması, bir tərəfdən də qırılan yaşıllıqlar ekologiyaya mənfi təsir edir. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il yüzlərlə ağac əkilir. Amma onların bəhrəsini isə 10-15 ilə görmək mümkün olacaq. Bunun əvəzində isə yüz minlərlə ağac kəsilib. Sovet dövründən qalma adət olaraq evlərin üzərinin şiferlə örtülməsi xərçəng yaradan amillərlərdir. Son 15-20 ildir Dünya Bankı tərəfindən bu materialdan istifadə qadağan edilib. Amma hazırda bazarda bu məhsullar çoxdur, insanlar da bundan istifadə edir” .

Hemotoloq-onkoloq Zöhrə Əlimirzoyevanın sözlərinə görə, xərçəng xəstəliklərinin hər birinin özünün yaranma səbəbi var. Məsələn, mədə xərçəngində əsas səbəb kimi qidalanma göstərilir. Ümumi xərənglərin yaranma səbəbi isə ərtaf mühitin əlverişsiz olmasıdır. Suyun, havanın çirklənməsi, yüksək gərginlikli elektrik sahələrinin yaxınlığında yaşamaq faktorlar sırasındadır.

“Amma bölgələrdən müraciət edən xəstələr olur ki, onların yaşadığı ərazidə radiasiya müşahidə edilmir. Deməli, bu məqamda başqa səbəblər axtarmaq lazımdır. Yəni kimyəvi və radiasiya faktoru danılmır, amma səbəbləri sübut etmək də çətin olur.

Düzgün qidalanmamaq, sağlam həyat tərzi sürməmək orqanizmin immunoloji statusuna təsir göstərir. Şiş xəstəlikləri də çox zaman immunuloji strukturun pozulmasından yaranır. Xüsusən, hamilə qadınlara tez-tez rentgen müayinələrindən keçməmək məsləhət görülür. Çünki bu proses hələ dünyaya gəlməmiş uşaqların bədənin şüalanmasına səbəb olur”.

Onkoloqun sözlərinə görə, leykoz xəstəliklərinin digər onkoloji xəstəliklərdən fərqli olaraq səbəbi dəqiq bəlli olmur:

“İonlaşdırıcı radiasiya, virus, kimyəvi nəzəriyyələr var. Bu mənada insanın immunoloji sturukturu ətraf mühit və digər amillər birləşərək xəstəliyə səbəb ola bilir. Bu xəstəliklərin profilaktikasını aparmaq mümkün deyil. Sadəcə vaxtında aşkarlanma önəmlidir”.

Həkim onu da vurğuladı ki, şişlərin yaranmasının 70%-i ətraf mühitlə bağlıdır:

“Bir çox yerlərdə plastik qablardan istifadə qadağan olunub. Çünki səbəblər sırasında həmin vasitələrin rolu böyükdür. Biz birbaşa gübrələrlə əlaqədə olmasaq da, kənd təsərrüfatında onlardan istifadə edilir. Bitkilər vasitəsilə dolayı yolla həmin maddələri qəbul edirik. Xüsusən fosfor, xlor tərkibli üzvü birləşmələr illərlə torpaqda qalır. Orada becərilən məhsulların tərkibinə keçir”.

Z.Əlimirzoyeva bu xəstliklərdən qorumaq üçün düzgün həyat tərzi, sağlam ərtaf mühit və vaxtında müayinələrdən keçməyin başlıca şərt olduğunu dedi:

“Təəssüf ki, bizdə insanlar son mərhələdə həkimə müraciət edirlər. Amma heç olmasa, ildə bir neçə dəfə qan analizi vermək olar. İnsanlar bilməlidirlər ki, xərçəng hökm deyil, başlanğın mərhələdə aşkarlanarsa, daha yaxşı nəticə əldə etmək olar.

Bəzən laboratoriyalarda xəstəliyi müəyyən edə bilmirlər. Amma təcrübəli həkim analiz nəticəsindən qərar verə bilir. Həkim azacıq şübhələnirsə, aiddiyyatı üzrə həkimə ünvanlamalıdır”.

Ekspertlər və beynəlxalq təşkilatların açıqlamalarından da göründüyü kimi, bu xəstəliyin yaranmasında ətraf mühit qədər düzgün qidalanmağımız da önəmli yer tutur. Bu mənada xəstəliyə yoluxub yoluxmamaq özümüzdən asılıdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm