Haramı necə halallaşdırırlar? - MÜTLƏQ OXUYUN!
Bizi izləyin

Qırmızı xətt

Haramı necə halallaşdırırlar? - MÜTLƏQ OXUYUN!

“Halal kolbasa”, “halal market”, “hacı piyvəsi” və s. - bu ad altında satılan qidalar halal hesab edilir.

Bununla da halallığa önəm verən alıcı kütləsi cəlb edilir. Bir müddət əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən halal sertifikatına uyğun kolbasa istehsal olunmaması barədə verilən açıqlama yediklərimizi haram etdi deyə bilərik. Bu açıqlama halal və haram anlayışımızı qarışdırdı.

Bəs halal və haram qidalar nədir? Bu hallalığı kim müəyyən etməlidir?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində halal və haram məsələsini araşdıracağıq.

Ölkədə halal standartı müəyyən edilib. Amma faktiki olaraq bu standart tətbiq edilmir. Üstəlik, bu standartın belə birmənalı qarşılanmır. Din xadimlərinin fikrincə, halal standartını Qafqaz Müsəlmanları İdarəsi müəyyən etməlidir.

Şəriətdə qidanın halal olmasının təxminən 5 əsas meyarı var. Əvvəla, qidanın tərkibində ətinin yeyilməsi haram sayılan, şəriətə uyğun kəsilməyən heyvanın əti olmamalıdır. Digər məqam - halal və haram sayılan qidalar təmasda olmamalıdır. Məsələn, donuz əti ilə islam qaydalarına uyğun kəsilmiş mal əti soyuducuda yanaşı qoyularsa, yağın, qanın təması baş verə bilər. Lakin örtükdə olan halal məhsulun spirtli içki, yaxud digər haram qida ilə yanaşı olmasında problem yoxdur.

Amma məsələ bununla bitmir. Halal və haram məsələsində ölkədə yaşayan məzhəblərin də tələbləri nəzərə alınmalıdır. Azərbaycanda müsəlmanların əsas cəfəri, şafii və hənəfi məzhəbləri var. Ona görə də, din alimlərinin fikrincə, halal məsələsi yalnız heyvanın necə kəsimi demək deyil. Bu standarta uyğun olaraq məzhəblərin tələbləri də nəzərə alınmalıdır.

Məzhəblərə görə halal qidalar

Ən böyük sünni məzhəbi olan hənəfiliyə görə, balıq surətində olmayan dəniz heyvanlarının ətlərini yemək ümumən haramdır. Bu şəriətə görə, yalnız daim suda yaşayan, suya sığınan heyvanlardan hər növ balıq əti yeyilə bilər. Qalxan balığı, sazan balığı, delfin, ankvil balığı bu qəbildəndir. Lakin digər su heyvanlarının yeyilməsi məqbul deyil. O cümlədən xərçəng və dənizdə yaşayan digər balıq olmayan heyvanlar, səkkizayaqlı ilbiz, kalmar, dəniz donuzu, dənizatı, dənizayğırı, meduza, dənizayısı kimi heyvanlar və krevet, dəniz ilbizi haram sayılır. Qızılbalıq, paltus balığı, delfin, balina, ilan balığı yeyilir. Şafii, maliki və hənəfi məzhəblərində onlar haram sayılmır.

Əhli-sünnə alimləri vəhşi eşşək, dovşan, varan (səhra kərtənkələsi) ətini halal sayır. Lakin Buxari, Əbu Davud, Müslim və Tirmizi kimi ravilərin (hədis müəlliflərinin) aid rəvayətlərdə eşşək, qatır, meymun, habelə köpək dişli yırtıcı heyvanlar (canavar, aslan, yaquar, pişik və s.) və pəncəli quşlar (kərkincək quşu, qartal, şahin, qırğı quşu, qızıl quş) halal bilinmir.

Sincab, samur, dələ, skuns kimi heyvanlarla bağlı sünni məzhəblərində fərqli fitvalar mövcuddur. Məsələn, şəfii şəriətinə görə, tülkü, kaftar, samur, sincab və dələ yeyilən hesab olunur. At əti - şafiilikdə və hənəfilikdə - halal, malikilərdə - haramdır.

Kirpi və kərtənkələ də ilk iki şəriətə görə, halaldır. Ovunu pəncəsi ilə tutan və leş yeyən: çalağan, qartal, çərkəz, quzğun, leş qarğası, yarasa, qırğı, şahin, qağayı, leylək, flaminqo, vağ, leylək kimi quşlar yeyilməz.

Həşərat, yəni torpaq içində yuvası olan kiçik heyvanlar əhli-sünnədə halal deyildir. Qağayı hənəfi və hənbəli şəriətində - yeyilməz, malikidə isə qağayı və balıqcıl yeyilir. Şafeidə - qaranquş, tovuzquşu, birəbitdən, tutuquşu yeyilməz. Qağayı, balıqcıl kimi dəniz quşları isə yeyilir.

Şiə məzhəbində at, qatır və uzunqulaq haram qismindədir. Yırtıcı heyvanların: şir, bəbir, canavar, pələng, ayı, çaqqal, kaftar, tülkü və s. də bu hökmdədir.

Dəniz məhsullarına gəlincə, şiə məzhəbində pullu balıqların hamısı halal hesab edilir. Hətta dəniz dibində yaşadıqlarına görə qabığı tökülənlər də. İlanbalığı, angvil və skorbit balığı pulsuz olduqlarına görə haram balıqların sırasına daxildirlər. Onların haram olması barədə Əhli-Beytdən (ə.) kifayət qədər hədislər nəql olunub. İlbiz, tısbağa, qurbağa, xərçəng və bütün suda-quruda yaşayanlar haramdır.

Bir sözlə halal mağazalarda bu məhsullar satılarkən də nəzərə alınmalıdır.

Dünyada istər qida, istər mağazalarda bu sistem tətbiq olunduğu halda bizdə bu hələ ki, qanunlarda qalıb. Üstəlik bu standart barədə fikirlər müxtəlifdir.

Bəs məhsulun halallığına kim zəmanət verməlidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycandakı halal ət məhsulları ilə bağlı standart beynəlxalq tələblərə cavab verir: “Ötən il İstanbulda halallıqla bağlı tədbirdə oldum və orada müəyyənləşdirdim ki, bizim standart dünya tələblərinə uyğundur”.

Amma bu vaxta qədər halal mağaza, süd, kolbasa sataraq istehlakçı aldadılıb. İqtisadi İnkişaf Nazirliyi bu istiqamətdə iş aparmalıdır. QMİ tərəfindən müəyyən edilə bilməz. Çünki iribuynuzlu heyvanların neçə dərəcəli cərəyanlarda öldürülməsi ilə bağlı QMİ qərar verə bilməz. Burada texniki məsələlər əsas götürülür”.

E.Hüseynov onu da vurğuladı ki, standartın qəbul edilməsi əsas deyil. Ən önəmlisi ona əməl edilməsidir. Ümumiyyətlə, standartların qəbul edilməsi nəzəri cəhətdən mümkün olsa da, praktiki baxımdan ona əməl edilməsi müşküldür.

“Standartın tətbiqi zəruri olsa da, kafi deyil. Zəruri olması bu sahədə olan özbaşınalığı aradan qaldırmağa xidmət edir. Nəzarət mexanizminin olmaması isə bu standartın tətbiqini çətinləşdirir. Kolbasanın tərkibinə onlarla inqridiyent qatılır. Həmin məhsullar isə müxtəlif ölkələrdən gətirilir, onların hallalığına kim zəmanət verir? Məsələn, heyvan heyvanın qarşısında kəsilməməlidir. Məhsul əkildiyindən istehlakçının stolunun üzərinə gətirilənə qədər nəzarətdə olmalıdır. Bunun üçün isə Avropa ölkələrində HASSP standartı tətbiq edilir”.

Ölkəmizdə bunun tətbiqinə gəldikdə isə, E.Hüseynov bunun mümkün olmadığını dedi:

“İsraildə dini inanclarına əsasən, ravvin gün ərzində xammal, daşınma və istehsal prosesinə nəzarət edir. Bu da kifayət deyil. Ət, kolbasanın içərisinə vurulan ədviyyatlar Hindistan, Pakistandan, büküldükləri salafanlar başqa bir ölkədən gətirilirsə, ona heç kim nəzarət edə bilməz. Bu zaman da standartı tətbiq etmək mümkün deyil. Hallal standartın tətbiqi üçün məhsulun tərkibinin kompakt formada hazırlanması lazımdır. Azərbaycanda “Azbanvit” şirkətində heyvanların saxlanma yeri ilə istehsal prosesi arasındakı məsafə 10 metrdir. Burada halallıq daşınma, kəsim, soyulmasında pozula bilər. Proses yaxın ərazidə təşkil edilərsə nəzarət etmək mümkün ola bilər. Əlbəttə, buna kosmik peyk vasitəsilə də nəzarət etmək mümkündür”.

Ekspert onu da vurğuladı ki, hazırkı standart qanunsuz olaraq bu addan istifadə edənlərin qarşısını alacaq, bu istiqamətdə cəhdlər olacaq. Artıq bəzi firmalar həmin inqridiyentləri bitki və yarpaqlardan almaq istiqamətində eksperimentlər aparır. Bir çox məsələlər hələ də sual altındadır. Lakin standart tələblərə necə əməl edilməsinə nəzarət edə bilməz. Bu işdə məsuliyyət istehsalçının üzərinə düşür.

Üstündə halal yazılan marketin içərisində donuz əti satılır. Bunlar istehsalçıların aldadılmasıdır”.

İlahiyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun sözlərinə görə, yemək-içmək məsələsində halal-harama riayət etmək hər bir inanclı insan üçün aktual məsələdir. Bu məhsullar arasında nəyin halal və nəyin də haram olmasının müəyyən edilməsinə aid müvafiq dini göstərişlər mövcuddur:

“Şəriətə görə, əgər, məsələn, ət və ət məhsullarını satan şəxs müsəlmandırsa və o, həmin məhsulun halal olduğunu bildirirsə, həmin məhsul halal hökmündədir. Yaxud məsələn, heyvanı kəsən qəssab müsəlmandırsa və əti şəriət qaydalarına uyğun kəsdiyini deyirsə və ya tutaq ki, kolbasa hazırlayan istehsalçı müsəlmandırsa və məhsulun halal ətdən hazırladığını söyləyirsə, həmin məhsul halal hökmündə sayılır. Bu halda xüsusi sertifikat olmasa belə, alıcı həmin məhsullardan istifadə edə bilər. Amma dövrümüzdə bir çox alıcılar hesab edirlər ki, halal-haram məsələsinə elə də ciddi əhəmiyyət vermək lazım deyil. Öz ticari mənfəətini düşünən satıcılar və ya istehsalçılar halal olmayan məhsulu da "halal" adı ilə istehlakçıya satırlar. Bu zaman alıcılar məhsulun halallığına əmin olmaq istəyirlər. Bu halda da məsələ istehlakçının istehsalçı və ya satıcıya olan etibarından asılı olur - belə ki, məhsulun üzərində tutaq ki, QMİ tərəfindən zəmanət verilən "halal" yazısına inanırsa, bu onun üçün yetərli olar. Və ya istehlakçı tam əmin olmaq üçün Standartlaşdırma Komitəsinin xüsusi sertifikatına ehtiyac duyursa, bu zaman həmin sertifikatla əminlik əldə edəcək. Yəni bu, artıq fərdi məsələdir”.

E.Mustafaoğlunun sözlərinə görə, burada önəmli olan inanclı alıcının aldığı məhsulun halal olduğuna etibar etməsidir. Normalda, istehsalçı və satıcı məhsulun halal olduğunu bildirirsə, həmin məhsul halal hökmündə olar:

“Məsələnin hüquqi tərəfinə gəldikdə, söhbət yalnız istehlakçının məhsulun halal olub-olmamasına inanmasından getmir, həm də qanunvericilikdən gedir. Bunu isə artıq alıcının kimə inanması, güvənməsi deyil, qanunvericilik tənzimləyir. İçkilərlə bağlı da məsələ belədir ki, halal içki olmanın şərti onun "spirtsiz içki" kateqoriyasına aid olmasıdır. Əgər spirtsiz içki olması təsbit olunursa, o zaman inanclı insanlar ondan istifadə edə bilərlər. İçkilərlə bağlı da sertifikat məsələsi elə yuxarıda qeyd etdiyimiz kimi tənzimlənir”.

Halal mağazalar

Azərbaycanda halal məhsullar satılan mağazalar olmasa da dünyada artıq bu biznes geniş şəkildə inkişaf edib. Halal-məhsullara tələbat mütəmadi artır. Şimal qonşumuz Rusiyanın Novosibirsk, Tomsk, Omsk, Rostov, Stavropol, Kalininqrad və Perm kimi əyalətlərində halal dükanlar geniş yayılıb.

Türkiyədə isə 140-dan artıq belə halal marketlər fəaliyyət göstərir. Halal marketlər həmçinin ABŞ, Almaniya, Fransa, Belçikada da var. Fransada halal marketlərin dövriyyəsi 5,5 milyard avro ilə dəyərləndirilir. Bu ölkədə halal marketlərdə malın dövriyyəsi hər il 10 faiz artır.

Bizdə isə bu məsələ hələ ki, yalnız sözdə qalıb. SMPDK tərəfindən qəbul edilmiş "Halal qida. Ümumi tələblər” adlı dövlət standartı kolbasa, sosiska və digər ət məhsullarına aiddir. Artıq bu gündən bu standarta cavab verməyən məhsulların üzərindəki "halal" sözü yığışdırılacaq. Komitənin əməkdaşları artıq kolbasa və digər ət məhsullarının satış və istehsal müəssisələrində reydlərə başlayıblar. Əsas məqsəd üzərində "halal" yazılan kolbasa və sosiskaların dövriyyədən çıxarılmasıdır.

Halal standartına uyğun məhsul istehsal edən iş adamları isə komitəyə müraciət edib sertifikat ala bilərlər. Artıq ilk müraciətlər olsa da, hələ ki sertifikat alan yoxdur.

2012-ci ildən qəbul edilən standarta əsasən, kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə "Bismillah, Allahu Əkbər!" deməklə başlamaq lazımdır. Standarta əsasən, "halal" heyvanların kəsilməsində "haram" sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilib.

Bizdə standart məhz kolbasa və ət kəsimi ilə bağlı müəyyən edilib. Amma bu zaman belə məzhəblər nəzərə alınmır, ümumi qaydalara əsasən standartlar qəbul edilir. Onlara nəzarətin olmaması isə standartın özünü belə əhəmiyyətsiz edir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm