Qızların intiharının pərdə arxasında nə durur?
Bizi izləyin

Qırmızı xətt

Qızların intiharının pərdə arxasında nə durur?

Bakıda hənc qız intihara cəhd edib. Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova intihara cəhd etməsinin səbəbi kimi imtahanda problem yaşaması kimi göstərib.

Aprelin 10-da 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva ötən gün saat 20:18 radələrində özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb. Bu hadisə də Dənizkənarı Milli Parkda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gün iki nəfər intihara cəhd edib, Onlardan biri özünü Masazır gölünə ataraq intihara cəhd edib, Qobustanda isə bir nəfər intihar üçün qülləyə qalxıb.

Son günlər mətbuatda intihara cəhdlə bağlı xəbərlərin sayı artıb. Bu xəbərlər sırasında intiharlar üçün oxşar üsulların seçilməsi, xüsusən gənc qızlar arasında bu halın çoxalması məsələni aktuallaşdırıb.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə günün aktual mövzusunu işıqlandırmağa çalışacağıq.

Rəqəmlər

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, intihar edən kişilərin sayı qadınlardan daha çoxdur. Hətta belə bir fikir də formalaşıb ki, kişilər intihar edir, amma qadınlar danışır.

Azərbaycanda 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414 nəfər olub. 2012-ci ildə Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən 320-si kişi, 105-i qadın olub. Onlardan 34-ü isə məktəbli və yeniyetmə olub. 2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olub.
2013-cü ildə isə ölkədə 251 intihar hadisəsi qeydə alınıb.

Bunlar yalnız mediada yayılan xəbərlərdir. Azərbaycanda intihar edənlərin əksəriyyəti kişilərdir. Ötən il ərzində qadınlarla bağlı 34, kişilərlə bağlı isə 22 intihar cəhdi qeydə alınıb.

Araşdırmalara görə, kişilər qadınlardan 7 qat daha çox intihar edirlər. Dünyada 42 saniyədə bir insan həyatına son vermək üçün intihara cəhd edir, 17 dəqiqədən bir də bir adam intihar səbəbilə həyatını itirir. İntihar xüsusilə gənclər arasında ciddi problemdir. ABŞ-da aparılan araşdırmaya görə 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutur. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Gənclərin intiharı, buna cəhd etmələri xəbərlərini daha çox eşitməyə başlamışıq.

Hər il Yer kürəsində təxminən 1 milyon adam intihar edir. İl ərzində dünyada 19 milyon insan intihara cəhd edir. Son yarım əsrdə dünyada intihar edənlərin sayı 60% artıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intiharların sayına görə Macarıstan və İsveç birinci yerdədir. Araşdırmalar nəticəsində məlum olub ki, potensial intihar edənlərin risk qrupuna yeniyetmələr, ehtiyatda olan hərbçilər və silikon süd vəzisi olan qadınlar daxildir. Statistikaya görə, intihar edənlərin 63%-i kişilər, 37%-i isə qadınlardır. Belə ki, Çin istisna olmaqla, dünyada intihar edənlər arasında kişilər üstünlük təşkil edir.

İntiharların səbəbi isə fərqlidir. Amma bu səbəbləri də dəqiq öyrənmək çox zaman mümkün olmur. Ölümdən sonra yalnız yaxınlar, tanışlarının səsləndirdiyi versiyalar üzərinə hər hansı nəticəyə gəlinir. Bu tanışların fikirlərinin nə qədər doğru olması isə şübhəlidir. İntiharın səbəblərini isə daha çox son anda xilas edilmiş şəxslərdən öyrənirik. Bu insanların açıqlamalarından isə səbəblər sırasına ailə daxili problem, cəmiyyətdə özünə yer tapmamaq və s. məqamlar qeyd edilir.

Amma tək problem bununla bitmir, intihar cəhdinin qarşısı alınsa da həmin insanların problemləri bir anda həll edilmədiyindən onlar yenidən bu yola əl atır. Üstəlik, xilas edilən insana qarşı münasibət də birmənalı olmur. Xüsusən də, bu qadındırsa, onun arxasında fərqli məqamlar axtarılır, beləliklə, onların psixoloji problemlərini bir az da artırırlar.

Gənc qızları intihara aparan səbəb nədir? Hansı problemlər onları həyatdan bezdirir?

Qızlar qapalı yaşayırlar

“Həyat” Humanitar Beynəlxalq Təşkilatının sədri Azər Allahverənov un sözlərinə görə, intiharı birmənalı şərh etmək olmaz. Çünki bu nəticəyə gətirən səbəblər çoxdur, bu qərar bir anda verilmir, illərin problemləri toplanır.

Ekspertin sözlərinə görə, səbəbdən asılı olmayaraq insanlar bu qərarı şüurlu surətdə verir. Son günlər qızların daha çox intihar etməsi düşüncəsinə səbəb kimi bu xəbərlərin daha çox işıqlandırılmasını da göstərmək olar.

“Qapalı şəraitdə, insanlardan təcrid olunmuş şəxslər intihara daha çox meyyli olurlar. Qızlar daha qapalı şəraitdə, nəzarətdə olduqlarına, sosiallaşma prosesini zəif keçirdiklərinə görə, bəzi məsələləri özünə qəsdlə həll etməyə çalışırlar. Oğlanlar isə daim cəmiyyətlə ünsiyyətdə olduğundan problemini ərtafdakıların köməyi ilə həll edə bilir. Buna baxmayaraq, hər bir hadisəyə fərdi yanaşmaq lazımdır. Kimi ailədaxili münaqişə, kimisi sevdiyi oğlanla olan münasibətinin pozulmasından intihara əl atır. Bu məsələdə ailə, cəmiyyət, baxdığı filmlər, təşkilatlar, sosial şəbəkələr də gəncin formalaşmasına təsir edir. Bunların hər hansı birinə qapanmış insan, həmin dar çərçivədə problem yaşayanda ciddi fəsadlara səbəb olur. Çünki digər proseslərin təsir mexanizmi olmur. Bu proseslərdən qızlar daha çox təsirlənir”.

Ekspert intihara cəhd etmiş insanlara sonradan kömək göstərilməsinin müsbət yanaşma olduğunu bildirdi. Onun sözlərinə görə, müxtəlif QHT-lər bu işlə məşğul olur, amma bu müvəqqəti xarakter daşıyır.

“QHT-lər hər hansı layihə çərçivəsində bu insanlara psixoloji kömək göstərirlər. Lakin layihə bitən kimi, yardım da dayanır. Bu zaman isə konsultasiya yarımçıq kəsilir, bu da həmin insanlara daha pis təsir edir. Ona görə də, daimi bu işlə məşğul olan dövlət qurumunun olması, yenidən intihara cəhdin qarşısını ala bilər. Bundan başqa, yaxın çevrədə də həmin insana daha diqqətli yanaşmalıdır. İntihara cəhd uzun müddətli düşüncənin nəticəsi olduğu kimi onları həyata qaytarmaq üçün də zaman lazımdır”.

İntihar etmək istəyəni necə tanıyaq?

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, kişilər intihara daha çox meylli olsalar da, qadınların da bu cür cəhdləri zaman-zaman aktullaşır. Onun sözlərinə görə, bu artım daha çox ailə zorakılığı, psixopat insanların sayının artması ilə bağlıdır. Psixopat insan ailəsinə zərər verir, qarşı tərəf isə çıxış yolunu intiharda görür. Qadın boşanmaq istəyəndə isə cəmiyyətin qınağına məruz qalır. Bu zaman isə psixoloji problemləri artır.

Psixoloqun sözlərinə görə, intihar üsulunun seçilməsi həmin şəxsin dünyagörüşü ilə əlaqədardır:

“İnsanlar onlar üçün ən rahat üsulu intihar vasitəsi kimi seçirlər. Əvvəllər yandırmaq dəbdə idi, bu üsula təhsilsiz qadınlar əl atırdılar. İndi isə dəniz və yeni tikililər daha çox əl çatımlıdır. Hərbiçilər, polislər silahla, həkimlər dərman qəbul etmək, damarları kəsməklə intihar edir. Bu məsələ induksiya - kiçikdən böyüyə formasıdır. Yəni bir nəfər edir, digərləri üçün də nümunə olur”.

Psixoloq intihara cəhd etmiş insanlar üçün psixoloji xidmətlərin təşkilinin əhəmiyyətinə toxundu. Onun sözlərinə görə paytaxtda bu xidmət yaradılsa da, bölgələr bu baxımdan geri qalıb:

“İntihar cəhd edən biri xilas edildikdən sonra da ona yardım edilməlidir, problemləri həll edilməlidir. Təcrübələr göstərir ki, o ən gec 3 il sonra yenidən intihara əl atır.

Amma əksinə intihara cəhd etmiş birinə qarşı cinayət işi açılır. Bu zaman isə həmin insanın heç bir problemi həll olunmur, üstəlik cəza da alır. Bununla da o yenidən intihara təşviq edilir. Ona psixoloji yardım edilməkdənsə, polis sorğu-sual edir, həkimə gedib-gəlir.

Bu insanlara Psixi Sağlamlıq Mərkəzində xidmət yaradılır, hər kəs ora müraciət edib pulsuz xidmətdən yararlana bilərlər. Bölgələrdə poliklinikalarda psixoloq ştatı yaradılsa, çox müsbət hal olardı. Bunlar olmadığına görə, psixoloqa getməli olan insan falçıya gedir. Xristianlarda bu işi keşişlər bir növ həyata keçirir. Məscidlərdəki mollalar da insanlara dua yazmaqdansa, onlarla söhbət edib, yol göstərə bilərlər”.

Psixoloq intihar etmək istəyən birini əvvəldən necə müəyyən etməyin üsulları barədə də məlumat verdi:

“İnsanlar intihardan əvvəl ona kömək etmələri üçün dost, tanışlara dəfələrlə müraciət edir. Bu insanlar birdən-birə dəyişir, ya susqun, özünə qapanmış olur. Yaxud da qohumları ziyarət edir, özünü yaxşı, xeyirxah biri kimi təqdim etməyə çalışır. Cənnət, Cəhənnəm barədə danışır, “özümü öldürsəm necə olar?” kimi suallar verir. Amma onu anlayan kömək edən olmayanda bu sualların cavabını intihar etməklə tapır”.

İntiharların sayı artır, bunun qarşısını almaq isə cəmiyyətin öz əlindədir. Problemi olanın problemini həll etmək və bəlkə də, sadəcə onu bir dəfə dinləməklə.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm