Meyvə ətirli su necə xərçəng yaradır? - FOTOLAR
Bizi izləyin

Qırmızı xətt

Meyvə ətirli su necə xərçəng yaradır? - FOTOLAR

“Qəlyan çəkməyi çox sevirəm. Siqaretdən daha fərqli həzz verir və rahatlıq gətirir. Amma son zamanlar hər qəlyandan eyni həzzi ala bilmirəm. Bir dəfə yaxın dostlarımdan birinin çay evində qəlyan çəkdik. neçə dəqiqə sonra başım ağrıdı, özümü narahat hiss e

“Qəlyan çəkməyi çox sevirəm. Siqaretdən daha fərqli həzz verir və rahatlıq gətirir. Amma son zamanlar hər qəlyandan eyni həzzi ala bilmirəm. Bir dəfə yaxın dostlarımdan birinin çay evində qəlyan çəkdik. neçə dəqiqə sonra başım ağrıdı, özümü narahat hiss etdim. Bir neçə gün sonra yenə həmin çay evinə getdik, bu dəfə dostum da bizimlə idi. Amma o zaman gətirilən qəlyanın dadı tam fərqli idi, başımda ağrı da olmadı”.

Bu sözləri qəlyan aludəçisi Elçin Həsənov deyir. O, siqareti tərgitdikdən sonra qəlyan çəkməyə başlayıb. Müsahibimiz qəlyanın siqaretdən daha az zərərli olduğunu düşünür: “Sulu qəlyanın zərəri barədə eşitməmişəm, həm də bu bir adətdir”.

Bəs həqiqətən belədirmi? Sulu qəlyan siqaretdən daha zərərsizdir? Bəs onda nə üçün çəkənlərə baş ağrısı gətirir? Bəlkə, fərq qəlyandadır?

Suallarımıza cavabı Publika.az-ın “Qırmızı xətt” layihəsində axtaracağıq.

Qəlyan hansı ölkədə yaranıb?

Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Sonra İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə, bu ölkədə qəlyandan istifadə keçmişdə dəbdə olub, indi də çox populyardır. Çoxları qəlyanın vətəninin Türkiyə olduğunu iddia edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.

Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq, bir-birlərinə qəlyan bağışlayır. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir.

Qəlyan üçün ən yaxşı tütün Misir tütün hesab olunur. İlk ətirli tütün istehsalı da Misirə məxsusdur. Qəlyan tütünü keyfiyyətindən asılı olaraq növlərə bölünür. Bu gün dünyada qəlyanın müxtəlif növlərindən istifadə olunur: meyvəli, meyvəsiz, sulu, quru. Qəlyan çəkmək yarım saatdan bir saata qədər vaxt aparır. Bir sıra ölkələrdə təkcə kişilər deyil, qadınlar da qəlyan çəkir. Qəlyandan ən çox istifadə olunduğu ölkələrdən biri İrandır. Məsələn, təkcə Təbriz şəhərində minə yaxın qəlyanxana var. Bəzi Asiya ölkələrində, narkotik tərkibli bitkilərin tüstüsünü çəkmək üçün qəlyandan istifadə olunur.

Bakıda da qəlyan çəkmək ənənəsi olub. Son vaxtlar bu adət yenidən dəbə minir. Kafe, restoran, çayxana və hamamlarda müştərilərə qəlyan təklif olunur.

Qəlyanı kimlər çəkir?

Sulu qəlyan əsasən, 18-21 yaş arasında gənclərin marağındadır. Xüsusən də, siqaret çəkməyən, onun zərərli olduğunu düşünənlər qəlyana daha çox meyl edir. Onların çoxu ətirli qəlyanlardan istifadə edir. Siqaret çəkənlərin əksəriyyəti sulu qəlyanın daha az zərərli olduğunu düşünür.

Araşdırmalara görə, qəlyanın tərkibində nikel, xrom, kobalt və qurğuşunun miqdarı siqaretdən daha yüksəkdir. Siqaret tüstüsündə 34-85 nanoqram qurğuşun varsa, sulu qəlyanda bu 6870 nanoqramdır.

Bu baxımdan aparılan araşdırmalara görə, qəlyan siqaretdən 50 dəfə daha zərərlidir.

Yanlış bilinənlər

İnsanların çoxu qəlyan tüstüsünün sudan keçdiyinə görə, “süzülüb” təmizləndiyini düşünür, amma belə deyil. Filtrli siqaretdən istifadə edənlər, zərərli maddələrin orada qaldığını düşünür. Bunu filtrin saralması ilə izah edirlər. Sulu qəlyan istifadəçiləri də suyun bir müddət sonra saralmasını bu cür əsaslandırırlar. Düzdür, zərərli maddələrin bir çoxu su vasitəsilə təmizlənə bilir, amma suda qalmayan minlərlə maddə ciyərlərə gedir.

Qəlyan üçün istifadə olunan tütün xüsusi hazırlanır və onun tərkibində siqaretdən 10 dəfə çox nikotin olur. Qəlyanla başlayan tütün asılılığı siqaret asılılığına səbəb ola bilir.

Sulu qəlyan çəkməyin bir səbəbi asılılıqdırsa, başqa bir səbəb ondan istifadə müddətinin uzun olması və bunun dostlarla söhbət imkanı yaratmasıdır. Sulu qəlyan təqdim edilən çayxanaların xüsusi bəzənməsi də insanları cəlb edir.

Onları cəlb edən təkcə görüntü və söhbət deyil. Çəkənlərin əksəriyyəti qəlyanın daha az zərərli olduğunu düşünür. Onlar nə qəlyanın tərkibindən xəbərdardır, nə də bu barədə öyrənmək istəyir.

Digər bir qisim isə, qəlyanın ağciyər, qırtlar xərçənginə səbəb ola biləcəyindən də xəbərdardır. Amma buna baxmayaraq çəkirlər.

Adi su kimi görünən qəlyan ürək-damar xəstəlikləri, diş əti xəstəlikləri, yemək borusu xərçəngi, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. AİDS, HepatitC kimi xəstəliklərin yayılmasına yol aça bilir.

Diqqətdən qaçan məqam

Bu günə qədər diqqətdən qaçan məqam bir qəlyanı yüzlərlə insanın istifadə etməsidir. Çayxanalarda istifadə olunan qəlyanların ağızlığı və suyu dəyişsə də, dumanın keçdiyi boru dəyişmir. Bu da bəzi xəstəliklərin nəfəs yolu ilə bulaşmasına səbəb ola bilər. Aparılan araşdırmalara görə, nəfəs yolunda problem olan biri nəfəs alıb-verərkən mikroblar boruya yerləşir. Həmin mikrobların sonradan qəlyanda istifadə edən digər insanlara da keçməsi istisna deyil.

Qadağa

Siqaretdən daha zərərli olan qəlyanla bağlı artıq Türkiyədə bəzi məhdudiyyətlər tətbiq edilməyə başlayıb. Bu ölkədə tütün məmulatlarının qadağan olunduğu yerlərdə siqaretdən də istifadə edilmir. Bu məhsulları satanlardan icazə kağızı, ondan necə istifadə edilməsi ilə bağlı sənədlər tələb edilir.

Bəs bizdə?

Qəlyan satışı ilə məşğul olan Hüseyn adlı satıcı deyir ki, məhsulların qiyməti müxtəlifdir, bu da keyfiyyət ilə əlaqədardır. Qəlyanların qiyməti 20 manatdan 200 manata bəzən daha yüksək olur. Satıcının sözlərinə görə, təkcə çayxana sahibləri yox, xaricdən gələnlər, eləcə də yerli insanlar hədiyyə üçün qəlyan alır:

“Bu zaman ölçüsü böyük və görünüşü daha yaxşı olanlar seçilir. Qəlyanlar Çin və Dubaydan gətirilir. Tütünləri də həm İran, həm də ABŞ-dan alırıq. Tütünlərin miqdarından asılı olaraq, qiymətləri də fərqli olur. Çəkiyə uyğun olaraq 3 manatdan-15 manata qədər dəyişir. Amma keyfiyyət eynidir”.

Qəlyan istifadəçilərinin baş ağrısı və s şikayətlərinə gəldikdə isə satıcı bu barədə heç nə deyə bilməyəcəyini bildirdi. O, şikayətlər barədə çay evlərinin daha dəqiq məlumat verəcəyini dedi.

Biz də üz tutduq çay evlərinə. Çay evinin satıcı Yusif Nuriyev əvvəlcə qiymətlər barədə məlumat verir: “Sadə çay, qəlyan səhər 5, axşam 7, almalı çay və qəlyan isə səhər 7, axşam 9 manat olur. Axşam saat 17:00-a kimi çayxanaya gələnlərə endirim edilir. Bunun səbəbi isə səhər saatlarında çayxanaya gələnlərin az olmasıdır”.

Müştərilərin əsasən, yaşı 18-dən yuxarı olduğunu deyən Yusif bəy, bu vaxta qədər onlardan hər hansı şikayət eşitmədiyini deyir: “Müştərilərin marağı əsasən, meyvəli qəlyanlaradır, tütünlərin tərkibində 5% nikotin olduğunu deyirlər. Amma özümüz də çəkirik, o qədər də çox olmur. Həm də tütünü yuyuruq ki, nikotin bir az da azalsın. Indi əsasən, İrandan gələn tütünləri istifadə edirik, müştərilərimiz də məmnun qalır”.

Yusif bəy bir tərəfdən qəlyan barədə məlumat verir, həm də onun heç bir zərərinin olmadığına inandırır: “Altı ildir bu işlə məşğuluq, özüm də istifadə edirəm, heç bir problemim yoxdur. Qəlyan yuyulmayanda problem yarada bilir, baş ağrısı verir. Ona görə də biz hər dəfə istifadə ediləndən sonra ağızlığı, boruları da yuyuruq. Həm də bəzi yerlərdə qəlyanın tütününə əlavə maddə qatılır, onda tütün ölmür. Normalda bir dəfə qoyduğumuz tütün 20 dəqiqə istifadə edilir, bəzilərində tütün yuyulmur. Həm də biz Çindən gələn qəlyanlardan istifadə etmirik, onlar zərərli olur.Çəkənlər bilir ki, onlardan çəkəndə ağır olur”.

Satıcıların sözlərinə görə, limon ağacının kömürü daha yaxşı olur, daş kömür isə acılıq verir.

Həkimlər nə deyir?

Həkim terapevt Fidan Əlirzayevanın sözlərinə görə, siqaret, narkomaniya kimi sulu qəlyanla bağlı ən çətin məqam onun asılılıq yaratmasıdır: “Sulu qəlyana ətir qatırlar, amma bu qəlyanın zərərsiz olduğunu göstərmir. Istənilən halda tüstü zərərlidir, boğazın qıcıqlanmasına, bronxitlərə mütləq təsir edəcək. Xroniki bronxitin yaranmasında birbaşa səbəblərdən biri də qəlyandır. Çünki siqaret ağciyər xərçənginə səbəb olursa, sulu qəlyan vaxtaşı törənən xroniki bronxitə gətirib çıxarır. Istifadəçilər bilməlidir ki, bundan nə qədər az istifadə etsələr, o qədər yaxşıdır”.

Terapevt qiymətin yüksək olmasının keyfiyyətdən xəbər verməsi fikri ilə razılaşmadı: “Tərkibinə qatılan hər hansı maddənin keyfiyyətə təsir etdiyinə inanmıram. Bu yalnız firmalarla bağlı məsələdir. Qəlyanın tərkibində olanlar süni, zərərli maddələrdir”.

Qəlyan həvəskarlarının dediyinə görə, qəlyanın yanında süd içəndə baş ağrısı olmur, narahatlıq vermir. Amma süd müvəqqəti xarakterlidir, onun tərkibini öldürmür, xərçəng riskini azaltmır. Tanış çay evlərində çəkilən qəlyanın dadı fərqli olsa da, tərkibində nikotin olduğu unudulmamalıdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm