Ayaqdakı ağrılar hansı ciddi xəstəlikdən xəbər verir?
Bizi izləyin

Qırmızı xətt

Ayaqdakı ağrılar hansı ciddi xəstəlikdən xəbər verir?

25 yaşım var, amma bir az piyada gəzən kimi ayağımda dəhşətli ağrılar olur. Uşaqlıqdan belə narahatlığım olurdu, bunu zəif olmağımla əlaqələndirirdik. Bir neçə il əvvəl bel ağrılarıma görə, həkimə müraciət etdik, həmin müayinə zamanı yastıpəncə olduğumu öyrəndik. Ayağım və belimdəki ağrıların əsas səbəbi bu imiş. Həkim ağrıların azalması üçün ortoped ayaqqabı geyinməli olduğumu dedi. Amma bu ayaqqabıları hər yerdə tapmaq olmur. Həm də qiymətləri çox bahadır. Bəzi ayaqqabı mağazalarında daha ucuz ortopedik ayaqqabılar var, amma keyfiyyətli olduğunu düşünmürəm.

Müsahibimiz Nərmin Muradova kimi yastıpəncəlilikdən əziyyət çəkənlərin sayı az deyil. Sadə görünsə də, əslində ciddi problem olan yastıpəncəliliyin müalicəsinin başlıca şərti düzgün ayaqqabı seçimidir. Amma ölkəmizdə bu imkanlar istənilən səviyyədə deyil.

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu problemin yaranma səbəbi və onun aradan qaldırılmasındakı maneələri araşdıracağıq.

Cəmiyyətdən uzaqlaşır

Ortopedik problemi olanlar ilk növbədə sərbəst hərəkət edə bilmir. Ortopedik problemlərdən biri də yastıpəncəlilikdir. Yastıpəncəlilik ayaqda qövs hissənin olmamasıdır. Ona görə də, çox zaman evə qapanırlar. Uzun müddət ayaqda qala bilmirlər, qısa zamanda yorulurlar. Bu insanlar uzun müddət ayaq üstdə qaldıqdan sonra diz, ayaq və bel nayihələrində ağrılar yaranır. Yastıpəncəlilik onurğa problemləri, skalyozun yaranmasına səbəb olur.

Sağlamlıqlarındakı problemlər onları cəmiyyətdən uzaqlaşdırır. Özlərində çatışmazlıq hesab edən bu insanlar iş və təhsil məsələlərində də çəkingən olurlar.

Yastıpəncəlilik şikəstlik yaratmır, amma bu müalicə edilməli olan ciddi xəstəlikdir. Ümumilikdə uşaqların 70-80%-də düzdabanlılıq var, bunun əsas səbəbi ayaq dabanındakı yağın 3 yaşa qədər azalaraq yağ yastılığı yaratması və ayaq biləklərinin tam inkişaf etməməsidir.

Yastıpəncəlilik iki hissəyə bölünür, birinci elastik, ikicisi düzdabanlılıq. Elastik olan əgər genetik deyilsə, 8-9 yaşa qədər düzəlmə ehtimalı var. Genetikdirsə, 8-9 yaşdan sonra da davam edəcək. Sərt düzdabanlılıq vaxtında müalicə edilməzsə, gələcəkdə ciddi ayaq deformasiyalarının yaranması və gəzməkdə axsaqlıq yaradır. Bir sıra hallarda əməliyyata ehtiyac olur.

Bəzi ekspertlərin fikrincə, düzdabanlılıq yalnız ortopedik ayaqqabı ilə müalicə edilmir. Həkimə müraciət edərkən rentgen çəkilməsi və buna əsasən də, yalnız ayaqqabı və xüsusi ayaqlıq məsləhət görülməsi yetərli olmur. Ağrısı olan yaşlı xəstələrin problemi yalnız əməliyyatla düzəlir, lakin bu da xeyli ağır və uzun sürən prosesdir.

Yaşlı insanlarda düzdabanlılıq çox köklük, ayaqda sınıq və çıxıqlar, revmatizm problemlər, şəkər xəstəliyindən yaranır.

Bəs ortopedik ayaqqabını necə tanımalı?

Həkimlərin fikrincə ortopedik ayaqqabılar yalnız ayağında problem olanlar üçün deyil. Uşaq yaşlarında bu cür ayaqqabılardan istifadə sonradan yarana biləcək bir çox ayaq probleminin qarşısını alır. Ortopedik ayaqqabıların xüsusən, yetkinlik yaşına çatana qədər geyinilməsi məsləhət görülür. Çünki hazırda ayaqqabılar heç də uşaqların ayaqlarına uyğun olmur, ortopedik ayaqqabılar isə ayaqların formalaşmasına təsir edir.

Ölkəmizdə ortopedik problemlər son vaxtlar daha da aktuallaşıb. Bunun bir səbəbi ana bətnində olarkən kalsium çatışmazlığıdırsa, ikinci bir səbəb insanların bu problem barədə məlumatsız olmalarıdır. Hələ ki, bizdə problemin ən yaxşı müalicə üsulu ortopedik ayaqqabılar geyinilməsidir.

Amma seçimdə yanılmamaq üçün diqqətli olmaq lazımdır. Belə ki, bu ayaqqabıların əsas xüsusiyyəti tez cırılmamaq, içərisində insanların çəkisinə uyğun xüsusi təbəqənin olmasıdır. Bu ayaqqabılarda ayaq tərləmir, qoxu gəlmir, bədən müvazinətini rahatlıqla saxlayır, ayaq sümüklərinin düzgün inkişafına kömək edir.

Kimlər daha çox müraciət edir?

Üç ildir ortopedik ayaqqabı satışı ilə məşğul olan Pərvin Alxasov müraciət edənlərin sayının əvvəlki illərlə müqayisədə artdığını bildirdi:

“İndi insanlar daha çox məlumatlıdır, bir çoxları bunun ciddi problem olduğunu düşünmürdülər. Amma indi insanlar bu problemi daha ciddi qəbul edir. Müştərilər daha çox uşaqlar üçün gəlir. Yastıpəncəliliklə bağlı daha çox oğlan uşaqlarına görə müraciət edirlər”.

Çeşidlərə gəldikdə isə, satıcı bu barədə problem yaşamadıqlarını dedi. P.Alxasov qadın alıcıların istədikləri görünüşə malik ortopedik ayaqqabı tapa bilməməkləri ilə bağlı şikayətlərinə də aydınlıq gətirdi:

“Son 7 ildir ki, ölkəyə Türkiyə, müxtəlif Asiya ölkələrindən ayaqqabılar gətirilir, ona görə də bazarda artım var. Qadınların istədikləri formanı tapa bilməməkləri normaldır, çünki bu ayaqqabılar müalicə məqsədi daşıyır. Xarici görünüşə çox da əhəmiyyət vermək lazım deyil”.

Mağazaların sayı artsa da, alıcılar istəklərinə uyğun ayaqqabı tapmaqda çətinlik çəkir. Eyni ölçüdə olan ortopedik ayaqqabı bir mağazada 100, digərində 40 manat olur. Tərkibində istifadə olunan materiallar, hazırlanma texnologiyası ciddi fərqlənmirsə, o zaman nə üçün qiymətdə bu qədər fərq olur?.

P.Alxasov da bazarda keyfiyyətsiz ortopedik ayaqqabıların olması ilə razılaşdı:

“Bəzən ayaqqabı mağazasının bir küncündə ortopedik ayaqqabı guşəsi yaradılır. Amma çox zaman onlar Çindən gətirilmiş saxta ayaqqabılar olur. Saxtanı orijinaldan fərqləndirmək mümkündür. Saxta ayaqqabılarda yalnız ayaq qövsünü tutan hissəyə süni material qoyur, bununla da insanları aldadırlar. İnsanların məlumatsız olması onların işinə yarayır. Həqiqi ortopedik ayaqqabının arxa hissəsi sərt olmalı, topuğu tutmaq üçün hündür olmalıdır. İçinin supinatoru sərt olmalıdır, amma çox sərt və çox yumşaq olmaz. Ortopedik ayaqqabıların içi - dəri astar(hava keçirici), antibakterial qat (aktiv kömür), seliozik iç, silikon qat kimi 4 hissədən ibarətdir. Bu qatlar hərəkət zamanı ayaqda rahatlıq yaradır, tərləmə, qoxu, bakteriyanın qarşısını alır. Bu ayaqqabılar dabanlı olmalıdır, alt qəlib qalın olmalıdır. Dabanı düz olan anatomik ayaqqabılar var ki, bunlar plastaskopiya olmayan insanlar üçün məsləhət görülür. Bu ayaqqabıları əsasən, uşaq yaşlarından istifadə edəndə problem aradan qalxır. 7 yaşa kimi geyinəndə 70%-ə qədər kömək olur. Bunun üçün ən azı 12 saat ayaqda qalmalıdır. Yalnız küçəyə çıxanda geyinməklə, düzəlmə baş vermir. Böyüklər isə içliklər ala bilərlər”.

Satıcının sözlərinə görə, qiymətin yüksək olması normaldır:

“Qiymət çox da yüksək deyil, sadəcə bu bizim vətəndaşların maaşlarına uyğun olmur. Əslində qiymətləri də keyfiyyətə uyğundur. 45 manatdan ucuz ortopedik ayaqqabı satılması alıcının aldadılması deməkdir.

40%-ə irsidir

Həkim ortoped Ramiz Poloxovun sözlərinə görə, yastıpəncəlilik anadangəlmə uşaq patologiyası hesab edilir. Bu problemə ekoloji problemlərdən tutmuş ananın keçirdiyi psixoloji narahatlıqlar təsir edir. Son dövrlərdə bir çox problemlərlə yanaşı yastıpəncəlilikdən əziyyət çəkənlərin də sayı artıb:

“Ayaq bağında problem olduğuna görə, yastıpəncəli insanlarda ayaq ağrıları yaranır. Müalicə üçün yalnız ortopedik ayaqqabı geyinmək kifayət deyil. Bununla yanaşı masaj, fizioterapiya lazımdır. Bu müalicə uşaq vaxtlarından başlansa daha effektli olur. Artıq gəzməyə başlayanda ayaqda problem olduğu daha yaxşı müşahidə edilir. Müalicəyə isə uşaq doğulan gündən başlanması daha düzgündür. 5 yaşa qədər daha yaxşı korreksiya olur, amma yetkinlik yaşına qədər müalicə edilir. Lakin proses nə qədər gec başlasa, o qədər də gec sağalır. Yastıpəncəlilik sonradan qazanılmış da ola bilir. Amma bu xəstəlikdə 40%-ə yaxın irsiyyət rol oynayır”.

Həkimin sözlərinə görə, yetkinlik yaşından sonra isə bu xəstələr ortopedik ayaqqabı geyinməklə ağrıları müəyyən qədər azalda bilərlər.

“Ayaqqabı əvəzinə içliklərdən də istifadə edilə bilər. Amma ən yaxşı variant hər ayağa uyğun ortopedik ayaqqabı hazırlanmasıdır. Lakin hazırda bu ayaqqabıların tikilməsi prosesi həyata keçirilmir. Həm də bu üsul daha bahalı olduğundan insanlar, hazır ayaqqabılara meyl edirlər”.

Gülxar Şərif

FOTO: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm