• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda uşaqlar arasında ölümcül xəstəlik yayıla bilər - SOS

Azərbaycanda uşaqlar arasında ölümcül xəstəlik yayıla bilər - SOS

Dünya Səhiyyə Təşkilatı Asiya, Afrika və Yaxın Şərq ölkələrində poliomielit - yəni, uşaq iflici xəstəliyinin yayılması barədə xəbərdarlıq edib.

Bir neçə gün əvvəl Təşkilatın direktoru müavini Brus Eyluord keçirdiyi mətbuat konfransında çıxışı zamanı hazırda Pakistan, Suriya, Əfqanıstan və Kameronda təhlükənin daha ciddi olduğunu bildirib. Təşkilat rəhbərliyi vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyəti önləyici tədbirlər görməyə çağırıb. Dünya Səhiyyə Təşkilatı virusun qarşısını almaq məqsidlə vaksinlərin hazırlanmasını məsləhət görüb.

ÜST-nın açıqlamalarına əsasən, virusun yayılma təhlükəsinin olduğu ölkələr sırasında Azərbaycan istisna deyil. Üstəlik, qonşu ölkələrimiz də bu xəstəliyin yayılması mümkündür.

Bəs təşkilatın həyəcan təbili çaldığı xəstəlik nə qədər təhlükəlidir? Ölkədə ən çox kimlər və necə bu virusa yoluxa bilər? Yoluxmanın qarşısını almaq mümkündürmü?

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu təhlükəli virus barədə suallarımıza cavab tapacağıq.

Xəstəlik sinir sisteminin zədələnməsi nəticəsində baş verir, onurğa beyninin boz maddəsi zədələnir. Ömür boyu iflicdən əziyyət çəkir. Boy kiçilir, axsaqlıq, arıqlama müşahidə edilir. Virus əsasən, su və qida ilə yoluxur.

Tənəffüs və udma və əzələlərin iflic ölümcül ola bilər.

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklərdir. Bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliyə yoluxanların isə müalicəsi yoxdur, yəni ömür boyu iflic olur, heç bir müalicə təsirli etmir. Xəstələr köməksiz hərəkət edə bilmir.

1988-ci ildə 125 ölkədə 350 mindən çox poliomelit xəstəsi aşkarlanıb. 2002-ci ildə bu virusun yayıldığı ölkələrin sayı 7, xəstə sayı isə 1918-ə düşüb. Xəstəlik daha çox isti və rütubətli fəsillərdə geniş yayılıb.

Peyvənd qarşısını alır?

Peyvəndlənmə nəticəsində 1994-cü ildən Amerika, 2001-ci ildən Sakit okean sahili (Çin, Avstraliya), 2004-dən Avropa bu xəstəlikdən təcrid olunub. 2008-ci ildən dünyada sadəcə 4 ölkədə qeydə alınıb: Nigeria, Hindistan, Pakistan, Əfqanıstan . Türkiyədə son illərdə qeydə alınan xəstələr peyvəndlənmə nəticəsində yoluxub. Yoluxan fərdlərin sadəcə 1%-ində virus MSS-ə keçərək iflic törədir. Hər belə 5 xəstədən də birini 18 ay sonra tam sağaltmaq mümkündür.Qalanları ömürlərinin sonuna kimi ya şikəst yaşayır və ya ölür. Peyvənd 80% qoruyucudur. Virusa qarşı tətbiq edilən OPV peyvənddə canlı viruslar olduğundan uşağın immun sistemi zəif halında vurulması qorxuludur. İstənilən uşağa OPV vurulubsa, istər evdə, istərsə də bağçada immun sistemi zəif olan uşaqlarla kontaktda olmasının qarşısı alınmalıdır.

IPV-nin qoruyuculuğu az olsa da virus inaktiv olduğundan iflic olma ehtimalı yoxdur. Məhz buna görə günümüzdə əvvəl 2 dəfə IPV vurulur, sonra OPV davam edilir. Belə halda OPV-nin iflic etmə ehtimalı azalır.

Valideynlər bilməlidir

Virusa yoluxma ehtimalı daha çox uşaq yaşlarında olur. 5 yaşa qədər dövr daha təhlükəlidir. Bəs son illərdə uşaqlar arasında virusa yoluxma halı müşahidə edilirmi?

Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, 1996-cı ildən poliomelitdən xəstələnən uşaq yoxdur:

“Ölkədə planlı peyvənd təmin olunduğundan poliomielit virusuna yoluxma ehtimalı yoxdur. Xəstəlik vaxtında peyvənd aparılmayan Pakistan, Əfqanıstan,Nigeriya kimi ölkələrdə geniş yayılıb. Biz də peyvəndləmə işini elə qurmalıyıq ki, xəstəliyə rast gəlinməsin. Valideynlər bu xəstəliyin yeganə müalicəsinin peyvənd olduğunu bilməlidir, çünki başqa müalicə növü yoxdur. Xəstəlik yoluxucudur, peyvənd olunmamış biri bu virusa yoluxmuş uşaqla ünsiyyətdə olsa, xəstəliyə tutula bilər”.

Baş pediatr valideynləri peyvəndlərə qarşı münasibəti müsbət istiqamətə dəyişməyə səslədi.

Poliomelitdən azad ölkə

Respublika Gigiyena və Epidemeolgiya Mərkəzinin direktor müavini Afaq Əliyeva da xəstəliyə son illərdə rast gəlinmədiyini dedi. Onun sözlərinə görə, 2002-ci ildə Avropanın 52 ölkəsi kimi Azərbaycan da poliomelitdən azad ölkə statusu alıb. Bu status tam qoruya bilirik:

“Poliomelit inkefsion xəstəlikdir, profilaktikası mümkündür. Bunun üçün ilk peyvəndi doğum evində dünyaya gələndən 4-7 gün müddətində olur. Sonra isə ərazi uşaq poliklinikasına 2,3, 4 aylığında, bir də 18 aylığında bu peyvəndi alır. Bunun nəticəsində uşaqda immunitet yaranır. Müxtəlif bölgələrdə bu peyvəndlər 96-99%-ə qədər edilir. Məhz buna görə də, xəstəlik bizdə yoxdur və heç vaxt qeydə alınmayacaq”.

A.Əliyevanın sözlərinə görə, nəticəsi çox ağır və ölümcül hesab edilən virusla bağlı peyvəndləmə aparılmasa da, ölkədə heç kim xəstəliyə yoluxa bilməz. Çünki ətraf mühitdə poliomelitin törədicisi olan vəhşi virus yoxdur:

“Tullantı sularının ətraf mühitin müayinəsi aparılır, bu xəstəliyin törədici olan virus aşkarlanmır. Hətta xarici ölkələrə miqrasiya edənlər belə bu xəstəliyə yoluxa bilməz, çünki peyvənd olunublar”.

Xəstəliyin yayılması ilə bağlı ÜST-nın açıqlamasına gəldikdə A.Əliyeva bunun hər zaman aktual olduğunu dedi:

“Əfqanıstan, Pakistan, Nigeriya kimi ölkələrdə xəstəliyin endemik yayılması var. Keçən ilin sonunda Suriya ərazisində yayıldığı bildirilirdi. Son vaxtların məlumatı bəlli deyil, xəstəliyin aktual olduğu ölkələr var, bu digərləri üçün də təhlükəlidir. Hər bir ökədə buna qarşı immunlaşdırma olmalıdır”.

Virusa yoluxduğumuzu necə bilək?

Baş pediatr və Respublika Gigiyena və Epidemeolgiya Mərkəzi istisna etsə də, hazırda bu xəstəlik və ona yaxın viruslardan müalicə alanlar var. Onların müalicə olunduğu Uşaq Nevroloji Xəstəxanasının Kəskin Sust İflic differensial diaqnoztikası şöbəsinin müdiri Şəhla Muxtarova 1999-cu ildən bu virusa rast gəlinmədiyini, az-az hallarda poliomelitə bənzər viruslara yoluxma halları olduğunu dedi. Hazırda il ərzində 200-dən xəstə poliomelitə bənzər viruslara yoluxduğuna görə, xəstəxanada müalicə alır. Əvvəlki dövrlərdə isə poliomelitlə bağlı müraciətlər çox olurdu:

“Xəstəlik əsasən, nəcis və respirator-hava damcı yolu ilə yoluxur. Uşaq bu virusa yoluxmuş biri ilə ünsiyyətdə olanda hava damcı vasitəsilə virus ağıza düşür, orada isə bağırsaqlardan, qana keçir və onurğa beynin boz maddəsinə düşür, hər iki ön buynuzu məhv edir”.

Bəs poliomelit virusuna yoluxmuş biri ilə ünsiyyətdə olanlar üçün təhlükə nə qədərdir?

Şöbə müdirinin sözlərinə görə, xəstəlik inkubasiya dövrü müxtəlif olur. Açıq formada 1-4 günə, gizli formada isə 30 günə qədər çəkə bilər:

“Bu virus bədənə daxil olanda 3-4 günə sinir sistemini zədələyir, bədəndə qalma müddəti maksimum 7-14 gün olur. Daşıyıcı rolunu oynamır, nəcislə tökülür. 14 gündən sonra isə bədəndə həmin virusu tapmaq olmur, bu işin ən çətin məqamı da budur. Uzun müddətdir bu işlə məşğul olduğumuzdan xəstəliyi əlamətlərlə müəyyən edə bilirik. Bu virusa yoluxmuş şəxsin bədənində sağalmaz deformasiyalar, iflic əmələ gəlir, özündən sonra iz buraxır. Poliomelitin digər növlərində isə tam sağalma olur.

Virus bədəndə qaldığı 14 gündə onunla ünsiyyətdə olan, eyni qabdan yemək yeyən, qaşığından istifadə edərsə yoluxa bilər. Bu virusun yayıldığı ölkələrdə olmuş biri, xəstəliyə yoluxub, gəlib burada xəstələnərsə ölkə üçün təhlükəli məqam yarana bilər. Ona görə də sərhəd məntəqələrində ciddi yoxlamalar aparılmalıdır”.

Ş.Muxtarova virusun ilkin əlamətlərinin digər xəstəliklərlə oxşar olduğunu, məhz bu səbəbdən müraciətlərin çox zaman gecikdiyini bildirdi:

“Belə xəstələrdə qusma, angina, qrip, mədə-bağırsaq pozulması müşahidə olunur. Ən əsası iki dalğalı yüksək hərarət olur, temperatur qalxır enir. Iki-üç gündən sonra iflic baş verir”.

Şöbə müdirinin sözlərinə görə, virus yoluxma ehtimalı 5 yaşa qədər daha təhlükəlidir, amma 40 yaşında olanlar istisna deyil. Peyvənd olunmaqla virusa yoluxmanın qarşısını almağın mümkünlüyünə də toxundu:

“Peyvənd sona qədər ardıcıllıqla verildikdə,qarşısını ala bilir. Həm də qaydalara uyğun verilməlidir, qabın qapağı açılan kimi istifadə edilməlidir, istifadə olunmadıqda saxlanma şəraitinə diqqət edilməlidir. Lakin bölgələrdə buna nə qədər əməl edirlər? Tibb bacısı qonşusunda verəcəyi uşaqlar üçün olan peyvənd qabını çantasında saxlayır. Saxlanma qaydasına əməl edilmədiyinə görə, tərkibini itirir. Buna görə də, poliomelitə yaxın xəstəliklərə əsasən, bölgələrdə rast gəlinir. Hər kəs qaydalara uyğun peyvənd qəbul etsə, xəstəlik olmaz. Virus ölkədə yayıldığı halda, peyvənd olunmayanların isə yoluxma ehtimalı yüz faizdir. Ona görə də, mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Xüsusən də, Kür-Araz bölgəsində yaşayanlar üçün bu məsələ daha aktualdır. Çirkli su ağzına düşdüyü halda yoluxa bilər”.

Göründüyü kimi ÜST-nın açıqlamaları Azərbaycan üçün təhlükə hesab edilə bilər. Peyvəndlə qarşısını almaq mümkün olsa da, bu işin yüz faiz təşkil edilmədiyi kimi, həmin şəxslərin virus yayılan ölkələrə səfər etməsi ehtimalı da var.

2013-cü ildə “Uşaqların icbari dispanzerizasiyası” haqında qanunda icbari olan məqamlardan biri də uşaqların peyvənd edilməsidir. Həmin dövrə qədər ölkədə peyvənd icbari deyildi. Üstəlik, peyvəndlərlə qarşı münasibət cəmiyyətdə birmənalı deyil. Bu baxımdan həmin dövrdə məhz bu virusa qarşı bütün uşaqların peyvənd edilməsi yüz faiz deyil. Bu ehtimal bird aha virusun yayıldığı halda, ölkəmiz üçün də təhlükəli ola biləcəyinə bir işarədir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR