• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Çadırların ləğv olunması kimə sərf edir?

Çadırların ləğv olunması kimə sərf edir?

Yas çadırları yığışdırılması ilə bağlı bəzi təkliflər var. Səbəb çadırların yollardakı hərəkətə mane olması, çadırların qurulmasına xərclənən vəsaitin yas sahibinin cibinə zərər vurması, ən asası orada iştirak edən mollaların radikal qrupların təsiri altında olmasıdır.

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadə məsələnin illərdir gündəmdə olsa da, həllini tapmamasından narahat olduğunu deyib. Məsələnin həlli kimi isə mərasim zalları göstərilir.

Bəs çadırlar ləğv edilə bilərmi? Mərasim zallarında hansı problem var? Bu zallar radikalların qarşısını ala bilərmi?

Suallarımıza cavabı Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdırmağa çalışacağıq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov son səkkiz illik fəaliyyətində yollarda çadırların qurulmasına qarşı təbliğat apardığını deyib. Onun sözlərinə görə, səbəbindən asılı olmayaraq bu yolun hərəkət edən hissəsinin zəbt edilməsidir və buna görə cərimə müəyyən edilib:

“Bu, qanunun tələblərini pozmaqla yanaşı, sıxlıq da yaradır. Şəhərin mərkəzi küçələrində də belə hallara rast gəlinir. Bunlar yol polisi ilə razılaşdırılmayıb, razılaşdırıla da bilməz.

Yer yoxdur deyə yolun hərəkət hissəsini zəbt edib, hərəkətə maneə olmaq düzgün deyil. Bakı şəhərində mərasimlərin keçirilməsi üçün yetərincə şərait yaradılıb”.

Çadırların yaratdığı problemlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmamaq olmur. Məsələnin gözlə görülən tərəfləri çadırların qiyməti və məclislərin təşkilindəki xərclərdir.İnsanlar ölülərini unudub, məclisin ən yüksək səviyyədə, heç bir təamdan əksik olmaması barədə düşünür. Evində qonaqları qəbul edə bilməyənlər yaxınlıqdakı boş yerdə, bəzən yol kənarında çadır qurur. Çadırlar VİP və sadə olmaqla 2 növə bölünür. Əgər siz mərhumun yas mərasimini VİP çadırda keçirmək istəyirsinizsə, 1 günlük çadırın qurulması 150 nəfərə görə 600 manata başa gələcək. VİP çadırın üstündə ayaqyolu da sifariş etsəniz, əlavə ödəniş lazımdır. Hələ, üstəlik, kondisioner də istəsəniz, hər kondisionerə görə 50 manat pul ödəməniz tələb olunur. Yox, əgər siz yas mərasimini sadə çadırda keçirmək niyyətindəsinizsə, burada qiymətlər 300 manatdan başlayır. Çadırlarda verilən ehsandan başqa göstərilən xidmətlər də bu qiymətlərin içinə daxildir. Bəzən çadırlar 40 gün boyunca sökülmür, ya da ən azı bir neçə həftə yığışdırılmır. Yol kənarında qurulması isə tıxaca səbəb olur.

Orada iştirak edən mollaların özləri də oxuduqlarından xəbərsiz olur. QMİ-nin fikrincə, bunların həlli yolu çadırların mərasim zalları ilə əvəzlənməsidir.

Bəs mərasim zallarında vəziyyət necədir?

Araşdırmalar göstərir ki, zalların da qiyməti çadırlardan geri qalmır. Bu məkanlarda ödəniş adamların sayına görədir. Məclisə neçə nəfərin gəlməsindən asılı olmayaraq, ödəniş əvvəldən edilir. Nəzərdə tutulandan az adamın gəlməsi ödənişə təsir etmir. Üstəlik, zal sahibini müəyyən etdiyi siyahıdakıların hamısı süfrədə olmalıdır. Bir sözlə, yas məclisi toydan fərqlənmir.

Əslində, məclislərdə açılan süfrənin nə ölüyə, nə də ölü sahibinə heç bir xeyri yoxdur. Heç islamda da məclisin qurulması və süfrəyə düzülənlər barədə heç bir tələb yoxdur. Nəinki islamda,eləcə də xristian və digər dinlərdə yemək məclislərinin qurulması göstərilməyib. Hazırkı məclislər isə yas mərasimi ilə bağlı adət-ənənələrin deformasiya olunmuş formada tətbiqidir.

“Məscidlərdə təriqətlərə mənsub ruhanilər olur”

Millət vəkili Nizami Cəfərov yas məclisləri ilə bağlı səsləndirilən fikirlərlə razı olsa da, məsələ üzərində düşünməyi məsləhət görüb:

“Seyxülislamın dediyi fikirlər təhlildən sonra səsləndirilib və haqlı iraddır. Küçələrdə qurulan çadırların problem yaratması da hər kəsə bəllidir. Məclisi aparan mollaların kimliyi barədə lazımi təsəvvür olmur. Bəzən isə insanlar bütün pullarını yas məclislərinin qurulmasına sərf edirlər. Digər tərəfdən də yasa gələnlərə yemək verməkdən imtina etmək də mümkün deyil. Bu baxımdan üzərində düşünülməli məqamlar çoxdur. Həm texniki, həm də ideoloji məsələlər həll edilməlidir”.

Millət vəkilinin sözlərinə görə, yas mərasimlərinin təşkili qanundan daha çox ictimai məsələdir:

“Bəzi bölgələrdə məclisdə ancaq çay verilməsi qəbul edilsə də, bəzəkli süfrələrin də sayı az olmur. Məsələ dəfələrlə müzakirə olunsa da, həll edilmir. Bu sahədə də şeyxin münasibəti olmalıdır ki, həm ənənələrimizə riayət edək, həm də dini məqamlara xələl gəlməsin. Mərasim zallarında məclisin təşkili fərdlərin istəyinə görə olmamalıdır. Məsələdə digər mürəkkəb məqam, bu zalların sayının yetərli olmamasıdır. Ona görə də çadırdan imtina etmək mümkün deyil. Lakin çadırların uzunluğu, harada, necə qurulmasına nəzarət etmək olar. İdeyanın təşkili üçün ilk növbədə texniki məsələlər həll olmalıdır”.

N.Cəfərovun fikrincə, paytaxtda qurulan çadırlarda olduğu kimi, kəndlərdə də mollaların fəaliyyətinə nəzarət edilməlidir ki, dövlətçilik əleyhinə, yanlış təbliğat aparılmasın. Bu işdə də nəzarəti Qafqaz Müsəlmanları İdarəsi təşkil etməlidir.

“Çadır və ya mərasim zalı olmasından asılı olmayaraq, axundlar məclislərə nəzarət edə bilər. Onlar həm dövlətçilik, həm də dini baxımdan bilikli şəxslərdir. Bəzən məscidlərdə təriqətlərə mənsub ruhanilər olur. Hər halda, Qafqaz Müsəlmanları İdarəsi məscidlərə nəzarət edə bilər”.

“Hər şeyin ikiqat qiymətini alırlar”

Sosioloq Əhməd Qəşəmoğlu çadırların hərəkətə mane olması, müxtəlif təriqətlərin təbliğatının aparılması ilə razı olsa da, mərasim zalları barədə iradlarından da danışıb. Onun sözlərinə görə, mərasimlərdə sanitariya qaydaları da pozulur, çadırların imkanları olmadığına görə qablar təmiz yuyulmur. Sosioloqun fikrincə, problemlərin həlli üçün texniki və digər məsələlərdə nə qədər hazır olmağımız müzakirə edilməlidir:

“Mərasim zallarının sayı azdır, məscidlərdəki bu xidmətlər isə restoran xarakterlidir. Restoranda olduğu kimi burada da, süfrəyə nəyin düzüləcəyini zal sahibləri müəyyən edir və burada da yeməklər təkrar istifadə edilir. Yemək və şirniyyatlar əvvəl qadınlar üçün düzülür, sonra da təkrar kişilərə verilir. Amma gələn adamlarına sayına uyğun, yəni hər şeyin ikiqat qiymətini alırlar. Qafqaz Müsəlmanları İdarəsi yas məclislərini tənqid edərkən bu məsələni də nəzərə almalıdır. Bu həm də idarənin restoran şəbəkələrini genişləndirməsi kimi fikirlər yaradır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bu qərarın tətbiqi üçün ilk növbədə infrastruktur yaradılmalıdır. Məhəllələrdə mərasim zalları yaradılmalıdır. Bu zallar güzəştli şəkildə, havayı olaraq xidmət göstərməlidir.

“Bu məclislərdəki xərclər isə nəzir qutularından yığılan pullar hesabına təmin edilməlidir. Başqa mənbələr də tapmaq olar. Çünki insanlar kefindən çadır qurmur. Buna səbəb şəraitin olmamasıdır. Bu sahədə sual doğuran məqamlar aradan qaldırılmalıdır. Heç kim küçədə çadır qurmaq istəməz”.

Çadırların ləğv edilməsinin dinin yanlış təbliğatının qarşısının alınacağı ilə razılaşmadı. Onun sözlərinə görə, bunun üçün mollaların maarifləndirilməsinə çalışmaq lazımdır. Mollaların sertifikatı olmalıdır. Buna qarşı inzibati cəza da tətbiq edilə bilər.

“Mərasim zalları özəl biznesdir”

Hacı Şahin Həsənlinin sözlərinə görə, mərasimlər daha çox dindən kənar olur, bu məsələdə həddən artıq adət-ənənəyə köklənib. Bəzən isə dinə aid olmayan məsələlər dinin tələbi kimi təqdim edilir.

“Yas məclisləri ilə bağlı şeyxülislamın səsləndirdiyi fikir qərar şəklində deyil, tövsiyə xarakterlidir. Məsələnin həlli təkamül yolu ilə mümkündür. Burada məsələ yas mərasimlərinin təşkilidir ki, din xadimləri günün müəyyən saatında orada iştirak etsin. Onun saatlarla məclisdə olması vacib deyil, çünki onun işi yası idarə etmək deyil. Çadırlar isə ləğv edilmir, sadəcə, yolların üzərində qurulması narahatlıq yaradır. Bəzən isə məclislər həddən artıq çox olur. Dinin hökmünə görə, ölən şəxs yuyulur, kəfənə bükülür, meyit namazı qılınır və dəfn olunur. Bundan sonrakı əməllər bəyəniləndir, lakin insanların yüklənməsinə ehtiyac yoxdur. Məclislər qurularkən, başqalarına mane olmamalıdır”.

Hacı Şahinin sözlərinə görə, bu məsələdə inzibati qərar verilməsi mümkün deyil, çünki din dövlətdən ayrıdır. Məclislərin məcburi hala salınması, adət halını alması düzgün deyil. O, din xadimlərinin məclisdə çıxışlarına da toxundu:

“Bu məsələnin tam tənzimlənməsi mümkün deyil. Sadəcə din xadimlərini maarifləndirə bilərik. Məscidlərin axundları, sonra digər çalışanlar bu kurslara cəlb olunacaq. Onlar yalnız dini yox, həm də dünyəvi elmlər barədə də fikrə sahib olmalıdır. Hazırkı durumda bəzən mövhumatı din adı ilə çatdırırlar”.

Mərasim zallarındakı qiymət məsələsinin insanların büdcəsinə uyğun olmamasına da münasibət bildirdi. Onun sözlərinə görə, kommersiya məsələsi olduğuna görə, təsir mexanizminin mümkün olmadığını dedi:

“Çadırların qurulması da az xərc aparmır.Lakin yenə də müxtəlif həll yolları tapmaq lazımdır. Kiminsə imkanı yoxdursa, çadır qura bilər”.

Əslində, çadırların ləğv olunması yas məclislərindəki problemdən çıxış yolu deyil. Əsas məsələ prosesin təşkilidir. Çünki radikal fikirlər mərasim zallarında da səsləndirilə bilər. QMİ özəl sektora nəzarət edə bilməz. İnsanlar istədikləri yeməkləri burada da təşkil edə bilər və edirlər də. Ona görə də, məkanın fərqli olmasındansa, süfrəyə düzülən təamların sayın nəzarət etmək olar. Məclislərdə yalnız çay və halva verildikdən sonra, onu mərasim zalında keçirmək ölü sahibi üçün də sərfəli olar. Əks halda adambaşına 15 manat ancaq yerpulu ödəmək sərfəli görünmür. Bu yalnız zal sahinlərinin cibini doldurmağa, restoran biznesindən sonra mərasim zalı biznesinin çiçəklənməsinə xidmət edir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR