Bunları bilsəniz, vegeterian olarsınız
Bizi izləyin

Qırmızı xətt

Bunları bilsəniz, vegeterian olarsınız

Onlar barədə həqiqətlər bizdən gizlədilir

“Bir vaxtlar aldığım inəklərin çəkisi 120 kilodan çox olmazdı. Son illərdə isə 200 kiloya qədər olur. Bəzi qəssablar deyir, 180 kilo bilib aldıqları heyvan, sonradan çəkəndə 20-30 kilo az çəki verir. Elə düşünürdüm ki, xarici cinslərdir, amma sən demə xüsusi iynə vurulub kökəldiliblər. Bu iynənin haradan gətirildiyini, nə vaxt vurulduğunu deyə bilmərəm. Amma adi yemlə bu qədər çəkidə olması mümkün deyil”.

Bu uzun illər ət kəsimi və satışı ilə məşğul olan satıcıların iddialarıdır. Onlar iribuynuzlu heyvanlara vurulan iynələrin tərkibi barədə məlumatsız olsalar da, iynəsiz bir neçə aya heyvanın bu qədər çəki toplamasının mümkün olmadığını deyirlər.

Bəs heyvanların bu cür dərmanlarla kökəldilməsi mümkündürmü? Bu heyvanların ətindən qidalanan insanları hansı təhlükə gözləyir?

Suallarımıza Publika.az-ın “Qırmızı xətt” layihəsində cavab tapmağa çalışacağıq.

Həmcinslərindən 40 faiz artıq

Belçikada aparılan eksperiment nəticəsində öz təbii həmcinslərindən 40 faiz daha çox əzələ kütləsinə sahib və onlara nisbətən daha sürətlə böyüyən heyvan cinsləri əldə edilib.

Meksika, bəzi Afrika ölkələrində yetişdirildiyi iddia edilən bu heyvanların insan sağlamlığına hansı zərərlər vurması barədə məlumatlar cəmiyyətdən gizlədilir.

Bu inəklərin südündə protein az olur. Həmçinin bu inəklərin buzovları eybəcər olur, kəllərin isə ağır çəkidən ayaqlarının keyiyir, bəzən isə bu, tez və əzablı ölümlə nəticələnir.


Çinli alimlər bu məsələdə daha irəli gedərək, guya insanınkı ilə eyni keyfiyyətə malik süd verən 300 inək yetişdiriblər. İnəklərə insan geni yerləşdirilib.

Heyvanlar üzərində belə dəhşətli təcrübələr bir sıra ölkələrdə «genetik əlillik» adlandırılır, axı bu heyvanlar genetik eybəcərləşdirilirlər.

Bəs Azərbaycanda yetişdirilən iribuynuzlu heyvanların normadan artıq çəkiyə sahib olmasına səbəb nədir? Onlara vurulan xüsusi iynələr, yoxsa onların geni dəyişdirilib?

Iddialara görə, inəklərə vurulan iynələr müəyyən müddət təsirli olur. Bu idmançıların əzələlərini şişirtmək üçün istifadə etdikləri iynələrə bənzəyir. Effekti 20-30 gün olduğundan, sahibi həmin müddətdə heyvanı satmaq istəyir. Vaxt bitəndən sonra iynənin təsiri azalır və heyvan çəkisini itirir.

1940-cı illərin sonunda heyvandarlıqda istifadə edilən bu maddələr sayəsində həmin illərdə 15 həftəyə 7 kiloqram çəki alan toyuqlar, indi 6-7 həftəyə 3-4 kilo yemlə 2 kiloya qədər çəki ala bilirlər. Heyvanların çəki və boy artımı üçün istifadə edilən anabolik və estrogen maddələr qısa zamanda normal çəki, boy inkişafından 10-25% çox artıma səbəb olur.

ABŞ, Kanada, Yeni Zelandiya və Avstraliyada da inkişaf etmiş ölkələrdə heyvanların böyüməsini sürətləndirən 6 növ dərmandan istifadə edilir. Estradiol, progesteron, testosteron, zeranol, trenbolon asetat və melengestrol asetat kimi maddələrdən istifadəyə qanunla icazə verilib. Estradiol və progesteron təbii dişi gender hormonlarıdır, testosteron təbii kişi cinsiyyət hormonu, zeranol, trenbolon asetat və melengestrol asetat isə sintetik böyümə artırıcı kimyəvi maddələrdir.

Kəsiləcək inəklərə bu iynələr vurulubmu?

Məsələni araşdırmaq üçün əvvəlcə, heyvan kəsimi və satışı ilə məşğul olanlardan fikir öyrəndik.

Onların bəziləri çəki artımı ilə razılaşmasa da, bəziləri hətta 200-220 kiloluq heyvan kəsdiklərini dedi.

Aydın adlı satıcının sözlərinə görə, çəkisi 200 kiloya yaxın və ondan çox olanlar əsasən, xaricdən gətirilən heyvanlardır. Yeli heyvanların çəkisi 120 kilodan çox olmur:

“Xaricdən gətirilən heyvanlara xüsusi yem verirlər, kökəldib gətirirlər. Onların ətinin dadı bizimkilərə çatmaz. Həm də xarici bizə yaxşı məhsul göndərməz”.

Rafiq adlı qəssab deyir, son illər heyvanların çəkisinin çox olması qidalanmadan asılıdır.

“Rusiya cinslərinin çəkisi artıq olur, amma bizimkilərdə də 200 kiloya qədər çatdırmaq mümkündür. Göygöl rayonunda fermamız var, oradakı heyvanların hamısı da yerli cinslərdir. 3-4 aya 180-200 kilo olurlar. Əvvəl otlaqlar var idi, heyvanlar gəzib çəki itirirdi, indi bütün günü bir yerdə qalır. Ona görə də çəkisi artır”.

O, heyvanlara xüsusi dərmanların verilməsi iddiası ilə razılaşmır. “Xaricdə ola bilər, amma bizdə dərman verilmir”.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirdi ki, onların heyvanlara su verilərək kökəldilməsi ilə bağlı məlumatlar var. Lakin bunun nə qədər həqiqət olması barədə müraciət daxil olmayıb. Bu məsələyə baytarların nəzarət etməsi mümkün deyil, müvafiq hüquq mühafizə orqanları məşğul olmalıdır. İnsanların aldadılması isə artıq cinayətdir.

Laboratoriyalar yoxdur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, heyvanlarının çəkisinin birdən-birə artırılması üçün hələ illər əvvəl istifadə edilən üsullar var.

“Heyvanlara çoxlu su verilərək çəkilərinin artırılması illərdir məlum olan üsuldur. Lakin bu zaman çəkidə çox fərq eləmir. Son illər kəsilən heyvanların çəkisinin əvvəlki illərlə müqayisədə çox olmasına gəlincə, bu, cinsdən asılıdır. Bəzi ətlik heyvan cinslərinin 6 aylığında çəkisi yarım ton ola bilər”.

Rəis müavini heyvanların qidalarında müəyyən qatqıların olmasına da münasibət bildirdi:

“Dünyanın müxtəlif ölkələrində heyvandarlıqda yüksək məhsul əldə etmək üçün bu üsuldan istifadə edilir. Buna daha çox Meksika, Afrika kimi ölkələrdə, həmçinin ABŞ-da qanunla icazə verilib. Azərbaycanda və bir çox MDB ölkələrində heyvanlara bu qidaların verilməsi qadağandır. Ölkəmizə nə boyartıcı, nə də çəkiartırıcı dərmanlar gətirilmir. Amma qeyri-qanuni formada gətirilməsi də istisna edilmir”.

E.Şahbazov bildirdi ki, heyvanlara bu dərmanların verilməsi, iynə vurulması baytar nəzarəti ilə müəyyən edilə bilməz. Çünki bunun üçün hələ ki, laboratoriyalar mövcud deyil.

Onun sözlərinə görə, bu heyvan məhsulları ilə uzun müddət qidalanma xüsusən, hamilə qadınların səhhətinə mənfi təsir edə bilər:

“Amma digər insanların qidalanması çox da ciddi fəsad yaratmaz. Zərərli olsaydı, həmin heyvanlarla qidalanan ölkələrdə kütləvi xəstəliklər aşkarlanardı. Bu, yalnız genetikaya təsir edə bilər”.

Qaraciyər serrozu yaradır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir çox xarici ölkələrdə bu üsuldan istifadə edildiyini, lakin bizdə heyvanlara bu cür iynələrin vurulması barədə onlara hər hansı müraciətin olmadığını bildirdi:

“Apardığımız tədqiqatlar göstərir ki, ölkəmizdə bəzi sahibkarlar iribuynuzlu heyvanları uzun müddət ac saxlayıb, yalnız su verirlər. Nəticədə bədənləri şişi və çəkiləri artıq olur, bir müddət sonra isə bu şiş çəkilir. Heyvanları topdan alanlar bunu bilirlər. Heyvanların xüsusi iynələrlə kökəldilməsi ağlabatan deyil. Bəzi ölkələrdə bu heyvandarlıq var, lakin Azərbaycanda belə üsulların tətbiqinə inanmıram. Ona görə də, xaricdən gətirilən ətlər şübhəli və insan sağlamlığı üçün zərərli hesab edilir”.

E.Hüseynovun sözlərinə görə, bu heyvanların ətlərindən qidalanan insanlarda qaraciyər serrozu yaranır. Onun sözlərinə görə, heyvan kəsilməmişdən bir saat əvvəl temperaturu ölçülməlidir, analizlər götürülməlidir:

“Lakin yoxlamalar aparılmadığına görə, bu sahədə hərcmərclik və istehlakçı hüquqlarının pozulması müşahidə edilir. Alıcılar heyvanlara iynə vurularaq kökəldilməsini müəyyən edə bilməzlər. Yalnız ət qaynadılarkən qoxu verərsə, dərmanlı olduğu təsdiqlənir.

Bunun üçün xüsusi analizlər aparılmalı, baytar tərəfindən heyvanın sonuncu dəfə nə vaxt yoxlandığı müəyyən edilməlidir”.

15 günə 30 kilo artır

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, Avropa ölkələrində heyvanları kökəltmək üçün hormonlardan istifadə edilməsi barədə məlumatlar var, lakin Azərbaycanda bu üsulun tətbiqi barədə dəqiq informasiya yoxdur:

“Təkcə hormon dərmanlar deyil, hətta xəstəliklə əlaqədar iynələr vurulduqdan bir müddət sonra onların ətindən, südündən istifadə edilməməlidir. Bütün dünyada heyvandarlıqda daha çox məhsul əldə etmək, məhsulun çəkisini süni surətdə artırmaq üçün müxtəlif qidaların tətbiqi artıb. Buna da əhalinin artımı, kənd təsərrüfatı məhsulların olan tələbin çoxalması ilə əlaqədardır. Birmənalı şəkildə bunun qarşısını almaq mümkün deyil”.

Ekspert, xüsusi üsulla qidalandırılan heyvanların çəkisinin qısa zamanda artması, sonra isə azalmasının mümkün olduğunu dedi:

“Təkcə, hormonal dərmanlar yox, kökəltmək üçün xüsusi şəraitdə bordaqda saxlanılıb, bir müddət əvvəlki kimi qidalandırılmayanda sürətlə arıqlamanın getməsi mümkündür. Azərbaycanda bordaqda saxlanılan heyvanlarda orta hesabla çəki artımı gündə 400 qram olur. Elə fermerlər var ki, xüsusi şəraitdə saxlayaraq, gündə 1kilo 700 qram çəki artımına nail ola bilərlər. Bu zaman 15-20 günə 30 kiloya qədər çəkinin artması mümkündür. Burada heyvanın cinsi, yemləmədən asılıdır. Hormonlardan istifadə edildikdə də, qısa zamanda yüksək çəki artımı baş verə bilər”.

Həkimlərin sözlərinə görə, heyvanlar arasında seleksiya hələ sovet dövründə aparılırdı. Molekulyar biologiya isə bu prosesi daha da asanlaşdırır və sürətləndirir. Bu məhsullarla qidalanma insanlarda çəki artımına səbəb olur. Bununla bağlı araşdırmalar aparılsa da, hələ ki müzakirə mərhələsindədir. Araşdırmalara görə, bu maddələr vurulan heyvanlarla qidalanan insanlarda, həmçinin hormonal pozğunluqlar yaranır. Bəzi xərçəng növlərinin bir neçə dəfə artmasına, sürətli inkişafına səbəb olur.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm