Dayə seçərkən diqqətli olun!
Bizi izləyin

Qırmızı xətt

Dayə seçərkən diqqətli olun!

"Xristian dinini seçməyimdə də dayəmin rolu böyükdür"

Dayəm rusdilli idi və kiçik yaşlarımdan mənə həmişə dualar öyrədirdi. Baxmayaraq ki, valideynlərim müsəlman idi, amma mən vaxtımı daha çox dayə ilə keçirdiyimdən hər şeyi ondan öyrənirdim. Xristian dinini seçməyimdə də dayəmin rolu böyükdür. Onun mənə öyrətdiyi duaları əvvəl dərk etməsəm də, sonradan hamısını anladım. Sovet dövründə din açıq şəkildə icra olunmurdu, amma bizim evdə xristian bayramları mütləq qeyd edilirdi. Valideynlərim də buna pis baxmırdı.

Bu sözləri Siyavuş Cəfərov deyir. Ad və soyadından da gördüyünüz kimi, o əcnəbi yox azərbaycanlıdır.

Onun dini və mədəni dəyərləri rusdilli dayəsi sayəsində formalaşıb. Kilsədə tanış olduğum bu bəy din və mədəniyyət seçimindən xeyli razı görünürdü. Övladlarını da məhz xristian adətləri ilə böyütdüyünü deyir. Bir sözlə əcnəbi bir dayə ailənin milli və dini gələcəyini müəyyən edib. Əlbəttə, bu sadəcə görünən tərəfdir.

Son illər ölkəmizdə əcnəbi dayələrə meyl artıb. Bəs bu hansı problemlərə səbəb ola bilər?

Sualın cavabını Publika.Az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Son illər işləyən valideynlər dayəyə ehtiyac duyurlar. Bağçalarda yerlərin sayının məhdud olması, olanların da hər zaman tələblərə cavab verməməsi, valideynləri bu yola vadar edir.

Dayələri isə adətən dost-tanışların məsləhəti, yaxud dayəlik agentliklərinin köməkliyi ilə tapırlar. Son vaxtlar isə xüsusən əcnəbi dayələrə maraq daha çox artıb. Xarici ölkələrdən müxtəlif yollarla Azərbaycana qaçan əcnəbilər isə potensial dayələr hesab edilir. Onların xarici dil bilmələri ailələr tərəfindən xüsusi rəğbətlə qarşılanır. Dayəlik bacarığı, əvvəlki həyatı isə araşdırılmır. Dayəlik agentliklərinin bəh-bəhlə təqdim etdikləri bu dayələri evimizə gətirir, uşaqlarımızı isə onlara etibar edirik.

Belə olduqda Siyavuş bəy kimi valideynlərinin dini və mədəniyyətindən uzaq insanlar yetişməsi də qaçılmazdır.

“Həyat” Beynəlxalq Humanitar Təşkilatın sədr müavini Azər Allahverənov xarici dayələrin sayını öyrənmək üçün xüsusi araşdırma aparılmadığını deyir. Amma küçədə gəzərkən müşahidə etdiklərinin bu barədə yetərincə informasiya verdiyini deyir:

“Tez-tez küçədə Tayland, Malaziyalı, Cənub-şərqi Asiya ölkələrindən olan qadınların ingilis dilində yarımçıq danışan uşaqlarla gəzdiklərini müşahidə edirik. Onlar arasındakı dialoq uşağın azərbaycanlı xanımın isə onun dayəsi olduğunu sübut edir. Yad bir mədəniyyətə sahib birinin ailəyə gətirilməsi beyni formalaşmamış uşağın həmin mədəniyyətin təsiri altında böyüməsinə səbəb olur. Düzdür, uşağın ingilis və digər xarici dillərdə danışıq qabiliyyəti inkişaf edəcək, amma öz ailə dəyərlərindən uzaqlaşacaq”.

A.Allahverənovun sözlərinə görə, dayələrin ölkəyə necə gəlməsi, bu işə necə cəlb edilmələri, sertifikatlarının olması, əmək fəaliyyəti ilə məşğul olmaları üçün icazələri və s. məsələlərin sual altında olması əcnəbi dayələrlə bağlı məsələni aktuallaşdırır:

“Bir müddət əvvəl bu məsələ ilə bağlı kiçik araşdırma apardıq və onların əksəriyyətinin Azərbaycan dilini bilmədiyini müəyyən etdik. Düzdür, əcnəbilərin dilimizi bilməsi mütləq şərt deyil. Ancaq onların azyaşlı dil açmamış uşaqlarla ünsiyyətdə olmaları Azərbaycan dilini bilmələrini mütləq edir. Hazırkı durumda isə əcnəbilər heç bir qanunu əsas götürmədən ölkəyə gəlir və azərbaycanlı uşaqları öz dəyərləri, adətləri əsasında tərbiyə edirlər.

Ekspertin sözlərinə görə, burada əsas vəzifə ailənin üzərinə düşür. Onların seçdikləri dayənin peşəkarlığı o qədər yüksək olmalıdır ki, uşağın intellektual səviyyəsini inkişaf etdirməklə yanaşı, sosio-mədəni dəyərləri də təbliğ etməlidir.

“Bu sahədə qanun olmasa da, ailələr uşaqlarının bizə yaxın mədəniyyət çərçivəsində böyüməsində maraqlı olmalıdırlar. Amma onların çoxu bunu düşünməkdənsə, evlərində əcnəbi dayənin olması ilə fərx edirlər. Bu cəmiyyəti inkişafa aparan tendensiya deyil”.

Əsas məqam isə dayələrin qanunsuz fəaliyyətinə nəzarətin mümkünsüzlüyüdür. Ailə bu barədə ya xəbərdar olmur, ya da gizlətmək onların işini asanlaşdırır. Çünki bu zaman dayəyə istədiklərini etdirir, onlar isə qanunsuz işlədiklərinə görə, hüquqlarını müdafiə etmək üçün müraciət edəcəkləri yer olmur.

A.Allahverənovun sözlərinə görə, konkret qurumlar bu məsələdə məsuliyyətlərini dərk etməlidirlər. Hazırkı durumda isə bu sahəyə heç bir nəzarət yoxdur.

“Dövlət Miqrasiya Xidmət və DİN-nin qeyri-qanuni miqrasiya ilə məşğul olan departamenti, Dövlət Əmək Müfəttişliyi qanunsuz əmək fəaliyyəti ilə bağlı monitorinqlər keçirirlər. Bu monitorinqlər sahibkarlıq obyektlərində keçirilir, dayələr isə evlərdə işləyir. Yəni dövlət qurumlarının qanunsuz dayə fəaliyyətinə nəzarət etmək şansı yoxdur”.

Ekspert onu da bildirdi ki, qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olanların müxtəlif xəstəliklərin daşıyıcısı olma ehtimalı çox yüksəkdir. Bu istiqamətdə ailə və dövlət orqanlarının birlikdə səyi nəticəsində qorunmaq olar.

Psixoloq Aida Nəbiyevanın sözlərinə görə, dayələr uşaq tərbiyəsində mühüm rol oynadığı üçün həmin ölkənin dilinə, dininə yaxın insan seçilməlidir:

“Əcnəbi dayələrin seçilməsi psixoloji baxımdan düzgün deyil. Çünki ailə bir, dayə isə başqa bir düşüncədə olur. Üzdə olmasa belə, dayə öz fikirlərini uşağa yeridə bilər. Əcnəbi dayə uşaqda nitq problemi də yarada bilər. Çünki onlar adətən özlərinin dilində uşaqla ünsiyyət qurur, ona da həmin dili öyrətməyə çalışırlar. Bundan başqa, davranış tərzinə də təsir edir. Dayələr daha çox öz milli yeməklərini bişirdiyindən, uşaqların qidalanmasını da istiqamətləndirilir.

Əcnəbi dayələrin azərbaycanlılara məxsus dəyərləri, milli-mədəni keyfiyyətləri bilməməsi bir sıra fəsadlara səbəb ola bilər. Bir sözlə, əcnəbi dayə seçimi yanlış hesab edilir.

Çünki bu iki dil, din, ənənənin qarşı-qarşıya qoyulmasıdır ki, bu da uşağın inkişafına mənfi təsir edir. Uşağın özünəqapanmasına, konkret fikrə sahib olmamasına, qarışıq xarakterə malik olmasına səbəb olur”.

Psixoloq xüsusən dil məsələsinə toxundu. Onun sözlərinə görə, uşaqlara əcnəbi dil öyrətmədən əvvəl onun bu dili necə qavradığını müəyyənləşdirmək lazımdır:

“Yaxşı olar ki, uşaqlar dil açarkən bir dil öyrənsinlər. İki dildən daimi istifadə düzgün deyil. İkinci dil 3 yaşdan sonra öyrədilə bilər. Aşağı yaşlarda isə bu sadəcə bir-iki predmetin öyrədilməsindən ibarət olmalıdır”.

Dil, mədəniyyət və digər normalar bir tərəfə, əcnəbi dayə xəstəlik mənbəyi də hesab oluna bilər.

Türkiyəli ekspertlərin araşdırmasına görə, xarici ölkələrdən gələn dayələr uşaqlar üçün ciddi xəstəlik mənbəyi hesab edilə bilər. Son illər bu ölkədə vərəmin müalicə edilməsində yaşanan çətinliklər bu ehtimalı artırır, çünki bir sıra Afrika, Şərqi Avropa ölkələri üçün müalicəyə müqavimət göstərən vərəm əsas xəstəliklər sırasındadır. Bu tip vərəm xəstələrinin isə ölüm riski daha yüksək olur. Bu ölkələrdən gələn xəstələr isə birbaşa xəstəlik daşıyıcısı hesab edilə bilər.

Təhlükə Azərbaycan üçün də mövcuddur. Dayələrə nəzarətin olmaması, həmçinin onların müxtəlif xəstəliklərin daşıyıcısı hesab edilir. Ailə həmin insanı evinə qəbul edərkən ondan hər hansı arayış tələb etmir. Normal ölkələrdə əcnəbi ölkələrdə əcnəbi miqrantların fəaliyyətinə icazə vermədən əvvəl tibbi müayinə yoxlanması tələb edilir. Xəstəliyi olanların fəaliyyətinə icazə verilmir. Amma bizdə əsasən dayələr qanunsuz yolla əmək fəaliyyəti ilə məşğul olur və nə dövlət, nə də ailələlər nəzarət etmir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm