Məktəblərdə din dərsləri keçiləcək?
Bizi izləyin

Qırmızı xətt

Məktəblərdə din dərsləri keçiləcək?

"Oğlum Suriyaya gedib" deyən, ağlayan analar, "internetdə başını pozdular" deyən atalar!

Sözümüz sizədir. Onların bu yola düşməsində, sizi yox, başqalarının dediklərini eşitmələrində bəlkə də, elə səbəbkar sizsiniz?

Uşaqlarınıza nəzarət etməyərək, onlara din barədə bilgilər verməyərək. Düzdür, tək səbəbkar siz deyilsiniz.

Başqa səbəblər də var. Həmin səbəbləri Publika.Az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Ekspertlərin fikrincə gənclərin müxtəlif qruplaşmalar, dini məzhəblərin təsiri altına düşməsi məhz onların dini bilgilərinin yetərli olmaması ilə əlaqədardır. Uşaq yaşlarından din barədə məlumatsız olan insanlar onlara ilk dəfə din barədə danışan şəxsdən öyrənirlər. Həmin şəxslərin isə onları hansı istiqamətə yönləndirəcəyi bəlli deyil.

Son günlər gənclərimizin müxtəlif dini qruplaşmaların təsiri altına düşüb, adlarının terror hadisələrində səslənməsinin kökündə duran əsas məsələ dini maarifsizlik hesab edilir. Allahsızlığın təbliğ edildiyi mühitdə yaşayan valideynlər gənclərə din baxımından düzgün istiqamət verə bilmirlər.

Gürcüstan, Rusiya, Fransa, Almaniya, ABŞ, Norveç kimi ölkələrdə artıq məsələnin həlli tapılıb. Belə ki, şagirdlərə dünyəvi dərslərlə yanaşı, dini dərslər də keçilir. Bəs Azərbaycanda necə, dini dərslərin keçilməsi nə qədər realdır? Bu dərsləri kim tədris edə bilər? Dini dərslərin keçilməsi gəncləri radikal qruplardan necə qoruya bilər?

“Dini əqidəsi formalaşmış gənc başqa yollara getməz”

Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müşaviri, Bakı İslam Universiteti islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev bu barədə hər zaman təklif və tövsiyələrinin olduğunu dedi. Onun sözlərinə görə, orta və ali məktəblərdə dünyəvi dinlərlə bağlı məlumatlandırıcı məlumatlar verilməlidir. Xüsusən də azərbaycanda yaşayan əhalinin əksəriyyəti müsəlman olduğu üçün islam dini ilə bağlı daha çox bilgi almalıdırlar. Bu dərslərin kim tərəfindən keçilməsinə gəldikdə isə, o, Bakı İslam Universitetindən hər il yüzdən çox tələbənin məzun olduğunu, dərslərin keçilməsinin onlara həvalə edilə biləcəyini dedi. Bunun üçün kitabların da yazılması çətin deyil.

F.Nurullayevin sözlərinə görə, dini dərslərin keçilməsi qeyri-ənənəvi təriqət və məzhəblərin geniş yayılmasına, uşaqların həmin qruplara meyl göstərməsinə əngəl olacaq. Bu təriqətlərin yayılması, onlara qoşulanların sayının artmasının əsas səbəbi gənclərin din barədə məlumatlarının olmamasıdır:

“Dini əqidəsi formalaşmış gənc başqa yollara getməz və missionerlərin qurbanı olmaz. Hazırkı durumda dini maariflənmə yalnız orta və ali məktəblərdə aparıla bilər. Valideynlər din barədə məlumatsızdır. Məsciddə din elm kimi öyrədilmir.

Bu gün Suriya və müxtəlif ölkələrdə din adı ilə vuruşanların əksəriyyəti İslam barədə məlumatsız olanlar, müxtəlif şəxslərdən dərs alanlardır. Onlar həm həyatlarını itirir, həm də Azərbaycanın adı terrorçu, başqa ölkəyə qarşı vuruşan kimi hallanır. Təhsilimizdə bu məsələ gecikir, bu məsələ həll edilmədikcə, dini səviyyədə problemlərimiz hər zaman olacaq”.

Hacı Fuad cəmiyyətdə dini dərslərin keçilməsinə yanlış münasibət olduğunu dedi:

“Dini təhsil deyəndə gəncləri mollalaşdırmaq kimi anlaşılır. Ancaq məqsəd bu deyil. Bakı İslam Universiteti lazım olacaq qədər ruhani və dünyəvi biliklərə malik insanlar yetişdirir. Rusdilli məktəblərdə ola bilər ki, ancaq xristian dini keçilsin. Amma bu dərsləri dini təhsili olanlar keçməlidir. İslam Universitetinin məzunları digər dinlər barədə də məlumatlı olurlar. Bundan başqa, rus kilsələri, yəhudi icmalarından insanlar dəvət etmək olar. Müəyyən konfranslarda Təhsil Nazirliyi qarşısında bu məsələni qaldırmışıq. Amma bununla problem həll edilmir”.

Məktəbdə uşaqların dərs yükü kifayət qədər yüksəkdir

Təhsil eksperti Böyükağa Mikayılovun sözlərinə görə, bu gün məktəblilərə dərsliklərdə dini dəyərlər müəyyən mənada aşılanır. Bu, ibtidai siniflərin "Həyat bilgisi" dərsliklərindən başlayaraq yuxarı siniflərdə genişləndirilmiş formada "İnsan və cəmiyyət" dərsliklərində davam etdirilir:

“Həmin dərsliklərdə islam dini ilə yanaşı digər dinlər haqqında da uşaqlara məlumat verilir. Məktəb yaşlı uşaq bilir ki, islam dininin mahiyyəti nədir. Peyğəmbərimiz kimdir. Ramazan, Qurban bayramlarının mahiyyəti nədən ibarətdir və s. İudaizm, Xristianlıq, Tovrat nədir və s. Fikrimcə, uşaqlara bundan artıq məlumat lazım da deyil. Əgər uşaq özü arzu edirsə, orta məktəbi bitirdikdən, müstəqil həyata atıldıqdan sonra dini dəyərləri əsaslı şəkildə öyrənə bilər. Bunun üçün məktəb dərslikləri ona müəyyən istiqamətləri verir”.

Ekspert onu da vurğuladı ki, məktəblərdə bu dəyərlər uşaqlarımıza lazımı səviyyədə aşılanarsa, onların yad təsirlərə məruz qalmaq ehtimalı da azalar.

“Bu gün məktəbdə uşaqların dərs yükü kifayət qədər yüksəkdir. Onların dini mövzularla daha da yüklənməsi onsuz da artıq olan dərs yükünün daha da çoxalmasına yol açar. Dinin tədrisi ilə bağlı müasir şəraitdə digər bir problem də pedaqoji kadr hazırlığı ilə bağlıdır. Müasir dövrdə Azərbaycanda dini tədris edən pedaqoji təmayüllü mütəxəssislər hazırlanmır. Əgər bu fənnin tədrisinə başlanarsa, onun bu sahədən xəbərsiz adamların əlinə düşəcəyi ehtimalı da var. Bütün bunları nəzərə alaraq dinin bir fənn kimi orta məktəblərdə tədrisini məqsədəuyğun hesab etmirəm.

Kimsə bizim uşaqlarımızı öz təsiri altına salmaq istəyirsə, biz irəli düşüb bunu özümüz etməli, gənclərimizi öz mənəvi təsirimiz altında böyütməliyik. Düşünürəm ki bizim buna intellektual imkanlarımız var”.

B.Mikayılovun sözlərinə görə, dərs geniş imkanlara malik olan böyük bir aləmdir. Müəllim bu imkanlardan istifadə etməklə mənəvi dəyərlərimizi şagirdlərimizə aşılamağı bacarmalıdır.

Uşaqlar etibarlı əllərdə

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlunun sözlərinə görə, uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdə alması hər cəhətdən faydalı olardı. Bu, həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur. Bu praktika hətta Avropa ölkələrində də var:

“Din haqda ümumi məlumatlar kimi ibtidai sinifdən də keçirilə bilər, amma əsas məlumatlar, yuxarı siniflərdə verilməlidir. İlkin olaraq ümimiyyətlə din anlayışı, dinlər haqda ümumi məlumat verilə bilər. Amma ayrı-ayrı dinlərə gəldikdə, müxtəlif variantlar tətbiq oluna bilər. Məsələn, ailələrin seçiminə uyğun fakültativ olaraq müsəlmanlar üçün İslam, xristianlar üçün xristianlıq, yəhudilər üçün də yəhudilik keçirilə bilər. Bizim ölkədə əsasən bu üç dinin ardıcılları yaşayır. Avropanın bir çox ölkələrində də bu praktikadan istifadə olunur. Amma bəzi ölkələrdə əsas proqram əhalinin əksəriyyətinin təşkil etdiyi din üzərində qurulur, amma digər dinlər haqda da məlumat xarakterli dərslər keçirilir.Hər halda, istənilən halda, inanclı ailə öz övladının din haqda bilgilərini məktəb vasitəsilə təmin edə bilir. Bu zaman uşaqlar etibarlı əllərdə olur və dindən müəyyən məqsədlər üçün istifadə edən dairələrin təhlükəsindən də qorunur”.

E.Mustafaoğlu dini təhsilin önəminə də toxundu. Onun sözlərinə görə, bu həm də insanların mənəvi təminatını ödəmək üçün lazımdır. Bunu məktəblərdə etmədikdə, kənarlarda ediləcək. Bu isə problemsiz ötüşmür:

“Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb. Çünki məktəblərdə dinini öyrətməyiblər, onlar belə təsadüfi şəxslərin ümidinə buraxılıblar. Həmin dairələr də bundan məharətlə istifadə etməyə nail olublar. Dini maarifçilik ailələrin seçiminə aiddir - ailə hansı dinə mənsubdur,yaxud ümumiyyətlə heç birinə mənsub deyil. Dünyada bu praktikadan istifadə olunur. Amma yetkinlik yaşa çatdıqda artıq hər bir fərd özü öz seçimini edir və bu da təbiidir”.

Onun sözlərinə görə, insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin? Din, ən azından, hər bir xalqın, cəmiyyətin mədəniyyətinin bir hissəsidir. İnsanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?”

Ekspertlərin fikirlərindən də göründüyü kimi, məktəblərdə dini dərslərin keçilməsinə münasibət birmənalı deyil. Amma bir çox ölkələrin bu üsuldan istifadə edərək cəmiyyətdə bütövlüyü təmin etdiyi də bir reallıqdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm