• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nişanlı qızları evdən qaçıran səbəb: qızlar niyə öz toylarına gəlmirlər?

Nişanlı qızları evdən qaçıran səbəb: qızlar niyə öz toylarına gəlmirlər?

“Ana kimi əvvəldən onun qaçacağını, başqa birini sevdiyini bilsəm, bunun qarşısını alardım. O nişanlı idi, toyu olacaqdı”.

Bu sözlər qızı toyuna az qalmış evdən qaçan Sevincin anası deyir.

O, qızının sevmədiyi, istəmədiyi oğlanla evlənməsinə razıdır. Təki bu hadisə olmayaydı. Amma oldu – övladının nişanlısı ilə problemlərinin olub-olmaması ilə maraqlanmayan ana qızının qaçmasının da qarşısını ala bilmədi. Qız isə hələ tapılmayıb.

Onun qaçmasının əsl səbəbi də hələ sual altındadır. Amma o bu il toyundan qaçan ilk gəlin deyil.

Ötən il Ağcabədidə zorla ərə verildiyini deyərək toydan iki gün əvvəl polisə müraciət edən qız özündən sonrakılara cəsarət vermiş oldu.

Lənkəranın Havraza kəndindən Günəş adlı qız da toyundan iki gün əvvəl qaçdı. O, qaçmasının səbəbini zorla ərə verilməsi, nişanlısının onunla pis davranması ilə əsaslandırdı. 15 yaşında nişanlanan qızın dediklərinə görə, nişanlısının onu döydüyünü anası bilirmiş, lakin valideyni məsələyə müdaxilə etməyib. Fikirləşib ki, ailə qurandan sonra hər şey düzələcək.

İyulda İsmayıllı rayonunda 18 yaşlı qızın zorla ərə verildiyi üçün müəlliminə sığınması, hadisə ətrafında yaranan şayiələr xeyli səs-küyə səbəb oldu. Anası müəllimin onu qaçırdığını desə də, sonda qızın zorla nişanlandığı şəxsdən və anasından qorxduğuna görə qaçdığı aşkarlandı.

Qızlar qaçmalarına səbəb kimi istəmədikləri şəxslərlə ailə qurmağa məcbur edildiklərini əsas gətirirlər. Bəs hadisələrin əsas səbəbi nədir?

Qızlar nə üçün məhz toydan iki gün əvvəl qaçmaq barədə qərar verir? Bu dəbdir, yoxsa qızlar hüquqlarını çox gec öyrənirlər?

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu dəfə nişanlı qızların evdən qaçış səbəblərini və bu qızları nələrin gözlədiyini araşdıracağıq.

Sonuncu hadisə mətbuat və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi. Sevincin qaçmasına haqq qazandıranların sayı xeyli çox idi. Ona dəstək olanlar bunu qadınların hüquqlarını dərk etmələri, qızların müstəqillikləri uğrunda mübarizə aparmaları kimi dəyərləndirirdilər. Onun bu addımı feministlərin, qadın hüquqları uğrunda mübarizə aparanların arzularını gerçəkləşdirirdi.

Sevincin anası isə onlardan fərqli olaraq, qızının sevmədiyi biri ilə ailə qurmasını istəyir. Qızları evdən qaçan digər ailələrdə də təxminən onun kimi düşünürlər. Onlar bu fikirlərini belə əsaslandırırlar: filankəs də oğlanı görmədən nişanlandı, amma illərdir xoşbəxt yaşayırlar.

Bəs qızlar evdən niyə qaçır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qızların qaçmasının hüquqlarını bilmələri ilə heç bir əlaqəsi yoxdur, elə olsa, onlar ilk olaraq polisə müraciət edərdilər. Bu qaçışların arxasında etiraz, aqressiya, üsyan və romantika var: “Qızlarımız hələ haqlarını bilmirlər. Əksinə, onların toy günü qaçmaları romantik filmlərin təsiri altında olmalarını göstərir. Bu addımlar qarşı tərəfə qarşı məsuliyyət və öhdəlik hissinin olmamasından xəbər verir, həmçinin ailə modelinin böhran yaşadığını, qıza qarşı münasibətin mülkiyyət qismində olmasını göstərir. Ən əsası, bu davranışları ilə yanlız özlərinə deyil, ətrafdakılara da ziyan vururlar”.

M.Zeynalovanın sözlərinə görə, qızların məcburi nikaha etiraz olaraq polisə valideynlərindən şikayət etmələrinə isə streotiplər imkan vermir. Lakin onların sosial məsuliyyət hiss etmədən atdıqları addım cəmiyyətdə zərərli tendensiya yaradır: “Son hadisələr qızların qarşı tərəfə öhdəlik, məsuliyyət hissinin olmamasını göstərir. Bu da insanların qapalı olmasından irəli gəlir. Onların münasibəti əvvəldən açıq olsaydı, qız oğlana başqasını sevdiyini, onunla evlənmək istəmədiyini deyə bilərdi. Məsələdə məsuliyyət daşıyan tərəflərdən biri də qızın valideynləridir. Onlar bir dəfə də olsun, qızlarından problemləri barədə soruşmayıblar”.

“Qızların qaçdığı adamla xoşbəxt ailə quracağına inanmıram”

M.Zeynalovanın sözlərinə görə, bu hadisələrin yaşanmasında qızlar qədər onların nişanlandıqları oğlanlar da məsuliyət daşıyır. Onların əsas günahı evlənəcəyi qızı tanımamalarındadır: “Lakin il ərzində baş vermiş dörd hadisənin hər birinin kökündə fərqli psixoloji və ailə münasibətləri dayanır. Onları birləşdirən əsas cəhət qisas, aqressiya və romantikadır. “Mən sevgimin arxasınca getdim” düşüncəsi ilə qaçırlar. Lakin qaçdıqları şəxs onları qəbul edəcəkmi? Ömür boyu “sən yaxşı qız olsaydın…” sözləri deyiləcək. Ona görə də, həmin qızların qaçdığı adamla xoşbəxt ailə quracağına inanmıram. Bundan başqa, qızların bu addımı iki ailə arasında düşmənçilik, qisas, ölüm hallarına səbəb ola bilər”.

M.Zeynalovanın fikrincə, qızların bu addımı cəmiyyətdə qadın hüquqlarının düzgün aşılanmaması ilə əlaqədardır: “Biz haqlardan danışırıq, lakin öhdəlik və məsuliyyəti unuduruq. Cəmiyyət, ailəmiz qarşısında hüquqlarımız deyilsə də, öhdəliklərimiz izah edilmir”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il nikahı bağlayan 2 bəy və 229 gəlinin yaşı 18-dək olub. 2012-ci ildə bu yaşadək nikahı bağlanan qızların sayı 5138-dir. Bu sayın nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəbi ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən edilməsidir. Ötən il 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 2855 olub. Onların 889-u şəhər, 1966-ı kənd yerlərində olub. Göründüyü kimi, qaça bilməyən qızların sayı daha çoxdur. Evdən qaçan qızların hamısı demək olar ki, 18 yaşında olub. Bu da onların daha əvvəldən nişanlandığını, ailənin qanuni yaş həddinin çatmasını gözlədiyini göstərir.

Bu hadisələrin sayı artacaq

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə də bildirib ki, son vaxtlar baş verən hadisələrdə qızların 18 və ya ondan aşağı yaşlarda olduğunu görürük. Valideynlər yeni üsul tapıblar 15-16 yaşda nişanlayır, nikah yaşına çatanda toy edirlər: “Bu il toyundan iki gün əvvəl qaçan Günəş 15 yaşında, 9-cu sinfi bitirməmiş nişanlanmışdı. Onun dediyinə görə, siniflərində 10-a yaxın qız həmin yaşda nişanlanıb. Xüsusən, rayonlarda nişanlanan kimi halallıq məqsədilə kəbin kəsdirilir. Bu zaman da oğlan qızla istədiyi kimi davranır. Həmin qızların nişanlandıqları şəxslər tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalmaları ehtimalı yüksək olur. Valideynlər özlərinin də həmin yolu keçdiyini, toydan sonra hər şeyin düzələcəyini deyirlər. Nə qədər ki övladların fikrini nəzərə almır, belə hadisələrin sayı çox olacaq. Onlar xilas olma şanslarının olduğunu toya yaxın hiss edirlər”.

K.Ağazadənin sözlərinə görə, ailələrin qızları sevmədikləri insanla evlənməyə məcbur etmələri demoqrafik problemlə əlaqədardır. Rayonlarda yaşayan oğlanlar şəhərə gəlir, valideynlər qızlarının evdə qalacağını düşünərək onun kiminlə gəldi ailə qurmasına razılıq verirlər: “Lakin valideyn bilməlidir ki, azyaşlı uşağı ailə qurmağa məcbur etdiyinə görə İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. 15 yaşda nişanlanan heç bir qız ailəsindən şikayət etmir.

Həmçinin azyaşlıları qaçıranlar da cinayət məsuliyyəti daşıyır. Amma əksər hallarda cinayət işi açılmır, çünki barışıq olur. Ailə qızlarının geri qaytarılmasındansa, ailə qurmasına razı olur”.

Onlar birlikdən qaçdıqları oğlanlardan ayrılacaqlar

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, əvvəllər də qızlar ailələrinin məsləhət bildikləri, özlərinin sevmədikləri şəxslərlə ailə qurub, xoşbəxt olurdular. Amma məsələyə bu konteksdən yanaşmağımız düzgün deyil. Psixoloqun fikrincə, qızların ailələrinin onları istəmədikləri insanlarla evləndirmələrinə bu cür etiraz etmələrinin kökündə duran səbəbləri araşdırmaq lazımdır: “Hər hansı münasibətin qurulması, müəyyən addımların atılmasından sonra yalnız toy günü toya gəlməmək əxlaq məsələsidir. Bunu gender bərabərliyi ilə əlaqələndirmək düzgün deyil. Qızların toy günü evdən qaçması qorxulu məqamlara gətirib çıxarır. Çünki artıq bu hal adiləşməyə başlayır. Düşünürəm ki, bu yola əl atanların sayı artacaq. Baş verən hadisələrə ictimai qınağın olması vacibdir. Valideynlər üzərlərinə düşən vəzifəni dərk etməlidirlər. Övladlarının razı olmadığını, problem yaşadığını görəndə tədbir görməlidirlər. Amma təəssüf ki, insanlar maşın alanda bir neçə yerə müraciət edirlər, lakin övladları ailə qurmağına razılıq verəndə qarşı tərəflə daha az maraqlanırlar. Valideynlər bilməlidirlər ki, onlar diqqət etmədikcə, bu faktlar ailə institutuna böyük zərbə vuracaq. Bu zərbənin nəticəsini bir müddət sonra görəcəyik”.

Psixoloq sosial şəbəkədə və mətbuatda bu addımın dəstəklənməsini düzgün hesab etmədiyini bildirib: “Qızların bu addımını dəstəkləyənlər qardaşlarını, ya da özlərini həmin oğlanın yerinə qoysunlar. O ailənin nə halda olduğunu təxmin etsinlər. Çünki azadlıq sadəcə istədiyini etmək deyil. Həmin qızları dəstəkləyənlərin səmimiyyətinə inanmaqda çətinlik çəkirəm. Bu cür hadisələrin baş verməsində sosial şəbəkələrin böyük rolu var. Bu şəbəkələr ailə institutunu birbaşa dağıdır. Bəzən mətbuatda da bu hallara rəvac verir”.

Psixoloq bu üsulla qaçan qızların qurduqları ailədə xoşbəxt olmayacaqlarını dedi: “Həmin qızlar nəzarətə götürülsə, o, həmin oğlanın yanından da qaçacaq, ya da onlar ayrılacaqlar”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR