Niyə cılızlaşırıq?
Bizi izləyin

Qırmızı xətt

Niyə cılızlaşırıq?

“Mənim boyum niyə heç uzanmır?”, “ Niyə nənəm babam kimi uzun deyiləm?”, “Anam mənim yaşımda olanda çox uzun olub”.

Çoxları özündən əvvəlki nəsillərin şəkillərinə baxıb bu fikirləri ağlından keçirib, öz-özünə bu sualları verib. Sualların cavabını tapmasaq da, çıxış yolunu daim axtarmağa çalışırıq. Kimi idmana gedir, kimi boy artırdığı iddia edilən qidalar yeyir, kimi əməliyyatlar etdirir. Amma bir gerçəklikdir ki, yeni nəsil əvvəlkindən daha cılızdır.

Bəs niyə əcdadlarımıza məxsus uca boyluluğu qoruya bilmirik? Boyumuz niyə qısalır?

Suallara Publika.Az-ın “Qırmızı xətt” layihəsində aydınlıq gətirəcəyik.

Qısa boyluluq cəmiyyətin əsas problemlərindən birinə çevrilib. Artıq orta məktəb şagirdi ilə ali məktəbdə oxuyan arasındakı fərqi müəyyən etmək çətinləşir. Küçədə 1.80 sm boylu insan görmək maraqla qarşılanır.

Məsələ yalnız ölkəmiz üçün aktual deyil. Qısa boyluluq artıq dünya alimlərinin araşdırma mövzusuna çevrilib. Alimlər bu problemin səbəblərini öyrənməklə yanaşı, həlli yollarını da araşdırırlar.

Araşdırmalar göstərir ki, ilk insanların boyu bizimkindən çox uzun olub. Təkcə insanlar yox, elə heyvanların da boyu qısalır.

Florida Universitetin məməlilər üzərində apardığı araşdırmaya görə, yer üzərində istiliyin artması onların boyunun inkişafına təsir edir. Araşdırmada qeyd olunur ki, temperatur heyvanların boyunun inkişafına 30% təsir edir.

Miçiqan Universitetinin araşdırmasına görə, qlobal istiləşmə insanların boyunun qısalmasına səbəb olacaq, hətta daha dəhşətli nəticələrə gətirib çıxaracaq.

Münix universitetinin araşdırmasına görə isə, sənayeləşmiş ölkələr arasında ən qısa boylu xalq amerikalılardır. Amerikanın ilk prezidenti Corc Vaşinqtonun vaxtında amerikalılar dünyanın ən uzun insanlarıydı, təxminın 200 il bu hakimiyyəti qorusalar da artıq dünyanın ən uzun xalqı Hollandlardır. Amerikalıların geriləməsində əsas səbəb kimi fast-food qidalanma göstərilir.

Rusiya Səhiyyə Nazirliyi də son 10 il ərzində ölkə əhalisinin orta boyunun 1,5-2 santimetr qısaldığını açıqlayıb.

Türkiyədə də əhalinin orta boyu 167,2 sm-dir. Kişilər üçün bu göstərici 172,6 sm, qadınlarda 161,4 sm təşkil edir. Düzdür, qonşu ölkədə hələ ki, bu rəqəmlər normal hesab edilir. Lakin bu ölkənin alimləri dünyada müşahidə olunan boy qısalmasının Türkiyədən də yan keçmədiyi qənaətindədirlər.

Artıq ölkələr bununla bağlı həyəcan təbili çalır.

Ölkəmizdə də bu problem müşahidə edilir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2012-ci ildə ölkə əhalisinin orta statistik boyu 167,1 sm olub. Ötən il kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 163,9 sm olub. Bu göstəricilər on il öncəki rəqəmlərlə müqayisədə boyumuzun kiçildiyini göstərir.

Son on ildə ölkə əhalisinin orta statistik boyu 0,5 sm qısalıb. 2003-cü ildə ölkə əhalisinin orta statistik boyu 167,6 idisə, son on ildə bu rəqəm 0,5 sm qısalaraq 167,1 sm olub.

Əlbəttə, 0.5 sm-lik qısalma gözlə baxarkən hiss edilməsə də, küçədə bəstəboylu insanların sayının artdığını görməmək mümkün deyil. Hətta rəqəmlərdən xəbərsiz olsaq belə.

Ümumilikdə isə bütün dünyada XX əsr ərzində insanların orta boyu 7 sm qısalıb. Bəs bu qısalıq yeni doğulanlarda, azyaşlı uşaqlarda müşahidə edilirmi?

Baş pediatr Nəsib Quliyev insanların boyunun qısalması ilə bağlı fikirlərlə razılaşmadığını dedi:

“Bir müddət əvvəl insanlar arasında akselirasiya müşahidə edilirdi. Bu problem aradan çıxandan sonra stabilləşmə gedir. Son 15-20 il ərzində boy göstəriciləri stabil olaraq qalıb. Yeni doğulan uşaqlar 48-50 sm, bir yaşında 75 sm, 5 yaşında 1 metri keçməlidir. Uşaqlar arasında bu göstəricilər normaldır. Vaxtında doğulan uşaqların boyu 45-48 sm-dən az olarsa, o zaman narahat olmaq olar. Normal doğulan uşaqların boyunun inkişaf etməməsi, onlara olan qulluq, qidalanmadan asılıdır. Bundan başqa, xəsətələnmələr də boy artımına təsir edir. Uşaqlarda ürək xəstəlikləri, qidalanmada qüsurlar böyüməyə təsir edir”.

Baş pediatrın sözlərinə görə, valideynlərin hər ikisinin boyu balacadırsa, az halda hündürboylu övlad olur. Çünki boy həm də genetik faktorlarla bağlıdır. Lakin bu zaman müxtəlif dərmanlarla onu artırmaq düzgün deyil. Bu başqa xəstəliklər yarada bilər.

Endokrinoloq Qəzənfər Kazımov isə baş pediatrdan fərqli olaraq son vaxtlar boyun qısalığı ilə əlaqədar müraciət edənlərin sayının artdığını dedi. Prosesin səbəblərinə gəldikdə isə həkim bunun gendə cılızlaşmanın getməsi ilə əlaqədar olduğunu bildirdi:

“Son vaxtlar hormonal dəyişikliklərlə bağlı müraciətlər arasında boy qısalığı problemi 3-cü yerdədir. Lakin bu müraciətlər çox zaman gecikmiş olur. Səbəblərə gəldikdə isə, qidalanma əsas faktorlardan hesab edilir. Səbəblərdən biri də gen daralmasıdır. Bu isə qohum nikahları ilə əlaqədardır. Havanın, ətraf mühitin çirklənməsinin də bu məsələdə rolu var. Həmçinin ekoloji amillərin də rolu yüksəkdir”.

Endokrinoloq ölkəmizdə qohum evliliklərinin gendə cılızlaşmaya səbəb olduğunu dedi:

“Boyun qısalığı ilə bağlı müraciət edənlərin sayı çox olur. Onların qısalığının hormon yetməzliyi ilə əlaqədar olduğu aşkarlanarsa, müvafiq hormonlar verilərək boyu uzadılır. Lakin bu müalicə 12-15 yaş arası effektli olur, 18 yaşdan sonra verilən hormon boy uzamasından daha çox, daxili orqanların uzanmasına tətbiq edilir”.

Bəzi rəvayətlərə görə ilk insan olan Adəm peyğəmbərin boyu 30, bəzilərində 4 metr olub. Aparılan arxeoloji araşdırmalar zamanı aşkarlanan insan və heyvan skiletləri onların boyunun çox hündür olduğunu sübut edir. Dünyanın cılızlaşmadan əziyyət çəkdiyi bir vaxtda, bunun qarşısını almaq üçün müxtəlif üsullar tətbiq edilir. Əlbəttə, bunlar heç də ucuz başa gəlmir.

Yəqin ki, alimlər elmin, texnologiyanın ən son yeniliklərini tətbiq edərək bu problemin də çarəsini tapacaqlar.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm