Bakıdakı qəbristanlıq insanları şoka saldı - FOTOLAR
Bizi izləyin

Qırmızı xətt

Bakıdakı qəbristanlıq insanları şoka saldı - FOTOLAR

Bakıdakı qəbristanlıq insanları şoka saldı

Kimi kresloda oturub, kiminin əlində siqaret, kimi ən sevdiyi paltarda, kimi sanki danışır, kimi də sanki addım atıb bizə tərəf gəlir. Amma heç biri canlı deyil. Onlar nə gələ bilir, nə də danışa. Bəlkə də, danışsalar, bu hala salınmalarına razı olmazdılar, bəlkə də, özləri belə istəyib? Danışdırıb fikirlərini öyrənə bilmədiyimizə görə, suallarımız cavabsız qalır...

Publika.Az-ın “Qırmızı xətt” layihəsində “səssiz” reportajımızı təqdim edəcəyik.

Reportajı səssiz adlandırmağımız səbəbsiz deyil. Çünki getdiyimiz məkanda yüzlərlə adam olsa da, danışmağa adam tapmaq çətin oldu. Girişi daha da uzadıb, intizarda qoymayacam. Reportajın mövzusu qəbir daşları, məkanımız isə şübhəsiz qəbristanlıqlar olmalıdır.

Düzünü desək, qəbristanlığa getmə səbəbimiz bu deyildi, yəni mövzumuz başqaydı. Amma gördüklərimiz bizi əvvəlki mövzunu təxirə salıb, baş daşları barədə işləmək məcburiyyətində qoydu.

Fikrimizin dəyişməyinə səbəb, qəbir daşlarının üzərindəki “canlı” rəsmlər oldu. Onları görərkən təccüblənməmək mümkün deyildi. Elə fotoqrafımız Nuron da, bu qəribə qəbir daşlarını aparatın yaddaşına köçürərkən əllərinin soyuqdan donmağını və səhər-səhər onu qəbristanlığa gətirməyimə görə deyinməyi unutmuşdu.

Bir az qorxu və tərəddüdlə qəbirlərə yaxınlaşırıq. Qəbir daşlarında insanların müxtəlif pozalarda çəkilmiş şəkilləri var. Girişdə də qeyd etdiyim ki, kimisi əlində siqaretlə, başqa biri uşaq olduğuna görə, oyuncaqları ilə, bəziləri də əlində kitabı ilə həkk olunub daşlar üzərinə. Bəzi daşlar üzərindəki şəkillər o qədər canlı görünür ki, sanki dil açıb danışacaq, gözləri, üzləri gülüş doludur.

Xristian və müsəlman qəbirlər

Məlum olduğu kimi, Yasamal qəbristanlığında rus qəbirləri çoxluq təşkil edir. Amma onların yanında müsəlman qəbirləri də var. Bu qəbirlər arasındakı fərqi isə təəssüf ki, bər-bəzəkdən anlaya bilirik. Rus qəbirlərində nə qədər sadəlik hakimdirsə, bizimkilər bir o qədər dəbdəbəlidir. Qəbristanlığın girişində fotoqrafımızı gözləyənə qədər söhbət etdiyim gülsatan Talib dayı deyir ki, indi ruslar bir qəbirdə bir neçə nəfər dəfn edirlər. Talib dayıdan həmçinin qəbirləri ziyarət edənlərin ildən-ilə azaldığını da öyrəndik. Elə qəbirlərin yanındakı zibil qalıqları qəbristanlıqda baxımsızlığın olduğunu sübut edir. Hətta kollar, zibillər arasında itən qəbirlər də var. Bu isə başqa bir yazının mövzusudur.

Zibillərlə dolu qəbirlərin yanında təmtaraqlı qəbirlərlə də qarşılaşırıq. Qəbristanlıqda yerin qalmadığı bir vaxtda, bəzi qəbirlər üçün o qədər geniş yer ayrılıb ki, buna göstərişdən başqa ad vermək olmur. Bəzi hissələrdə qəbirlər bir-birinə bitişikdir, bəzilərində isə 5-6 adamın dəfn oluna biləcəyi yer bir nəfər üçün ayrılıb. Qəbir təxminən 1 metr enində, iki metr uzunluğunda olur. Amma mərhumun imkanlı ailəsi həmin qəbirin təxminən 15 metr enində, 20 metr uzununda ətrafını hasarlayıb. Yer və hasarın mərmərlə bəzədilməsi isə, yerin başqa biriləri üçün ehtiyat məqsədilə alınmadığını göstərir. Mərhumun qəbri üstündə isə təxminən 3-4 metrlik hündürlüyündə qara mərmərdən ya iri qəbir daşı, ya da möhtəşəm bir heykəl ucaldıblar. Üstəlik, bəzi qəbirlərin yanında oturmaq üçün skamyalar da var. Diqqətimizi çəkən məqamlardan biri də cəmi üç il yaşayan bir qız uşağının ürək formasında olan qəbir daşı oldu. Bu daşlar üzərindəki şəkilləri sözlə ifadə etmək olmur.

Şəkilləri çəkərkən ərazidəki mollalardan biri ilə qarşılaşdıq. Adil adlı molla ilə bu məsələyə nə üçün icazə verildiyini, insanların bu dəbdəbəyə marağı barədə söhbətləşdik. Jurnalistlərdən bir az şikayət edəndən sonra molla suallarımıza cavab verdi.

“Əslində bu cür şəkillər, heykəllər olmamalıdır. Bu insanların din bilgisinin aşağı olmasından irəli gəlir. Məlumatlı insanların sayı artdıqca, bu hallar da azalacaq. Ölmüş adamın yaxınlarına bunun düzgün olmadığını deyirik, amma heç kimi nəyəsə məcbur edə bilmərik. Hətta elə olur ki, özləri də bunun yanlış olduğunu bilir, amma edirlər. Mömin, dini elmi qaydada bilənlər şəkil qoydurmur”.

Mollanın da dediyi kimi, qəbristanlıqda addan başqa heç bir yazı, şəkilin olmadığı qəbirlər də var idi. Amma təəssüf ki, sayları elə də çox deyildi.

İnsanların bu cür dəbdəbəyə meyl etməsi daha çox ölən şəxsə olan hörmət və sevginin göstəricisi kimi izah edilir. Bir qisim isə sağlığında dəyər vermədikləri insanlara borclarını öləndən sonra ödəməyə çalışırlar. Amma istər sevgi, istərsə də peşmançılıqdan, kiməsə borcunu ödəmək üçün qoyulan abidələr və rəsmlərin ölmüş şəxslərə heç bir xeyri yoxdur.

Qəbristanlıqda qarşılaşdığımız bu qəribə mənzərələrdən sonra, bu bər-bəzək üçün nə qədər vəsait xərcləndiyini öyrənməyə bilməzdik.

Azərbaycanda qəbirlər üçün ağ mərmər, el arasında “qara mərmər” adını qazanmış qara qranitdən və qəliblərdə hazırlanmış qəbir daşlarından istifadə edilir. Onların arasında ən bahalısı qara qranitdir. Qara qranit respublikamıza yalnız xaricdən gətirilib. Çindən də Azərbaycana qəbir daşları gətirilir ki, onların da keyfiyyəti elə də yaxşı olmur. Çin malı nisbətən ucuz olsa da, qəbir daşları və onların bəzəkləri heç də ucuz başa gəlmir. Bu qiymətləri isə daha dəqiq yaxınlıqda qəbir daşları hazırlayan Mərdan bəydən öyrəndik.

Qəbir daşı sifariş etmək məqsədilə yaxınlaşdığımız bu obyektdə (çünki jurnalist olduğumuzu deyəndə yalan danışırlar) bizə bu zamana qədər hazırladıqları qəbirlərdən ibarət şəkil kolleksiyası təqdim edildi. Mərdan bəy əvvəlcə komplekt istəyib istəmədiyimizi soruşdu. Əlbəttə, nə demək istədiyini anlamadıq, əlindəki şəkillərdən biri üzərində fikrini izah etdi. Məlum oldu ki, bura baş daşı, sinə daşı və əlavə bir daş da aiddir. Ümumilikdə, baş daşı 1.50 metr olan qəbirlər 1300 manat, 1.75 metr olanlar isə 1500 manata başa gəlir. Ümumilikdə isə, bu məbləğə fəhlənin pulu, çatdırılma, quraşdırılma daxildir ki, bunların da hər biri də 100 manata başa gəlir. Bu məbləğə isə şəkli daşa həkk edən rəssam üçün 70 manat əlavə edilir. 1.50 metrlik daşlarda isə ayaq üstə şəkil yaxşı alınmır. Heykəl qoymağa gəldikdə isə Mərdan bəy bunun sərfəli olmadığını dedi:

“Heykəl qoymaq çox çətindir. Ölkədə bu işlə məşğul olan 4 heykəltəraş var. Öz yaxınım üçün müraciət etmişdik 20 min manat istədilər. Ən aşağı qiymət isə 10 min olur”. O, heykəltəraşların əlaqə nömrəsini isə vermək istəmədi.

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlunun sözlərinə görə, islam şəriətindəqəbir daşlarının təmtəraqlı, uca, hündür düzəldilməsi, bəzədilməsi, üzərində heykəl ucaldılması məqbul sayılmır. Hətta şəkillərin də vurulması bəyənilmir: “Həzrət Peyğəmbərimizdən (s) nəql edilən rəvayətlər qəbirlərin sadə düzəldilməsini buyurur. Tövsiyə edilir ki, qəbir daşının hündürlüyü yerdən bir qarışdan hündür olmasın. Qəbir üzərində dünyasını dəyişən şəxsin adının yazılması isə məqbuldur. Bunun vasitəsilə məzar sahibi tanınır, kimin qəbri olduğu bəlli olur.

Ümumiyyətlə, dünyasını dəyişmiş insan dəfn edildikdə yaxınlarının, əzizlərinin onunla bağlı edə biləcəkləri faydalı əməl - Allaha dua edib, mərhumun günahlarının bağışlanmasını diləməkdir. Bu məqamda məzar daşları yox, məhz o duaların mərhum üçün faydası olar. Məzarı sadə bir şəkildə düzəltmək yetərlidir və dinimizin də bəyəndiyi, buyurduğu elə budur! Külli miqdarda pul xərcləyib, təmtəraqlı məzarlıq düzəltməklə dünyasını dəyişmiş şəxsə heç bir fayda vermək olmaz.

Xüsusilə, başqaları ilə sanki "bənsə girib" qəbirlər üzərində saraylar ucaltmaq əsla İslam ruhu ilə uzlaşmayan və mənəvi cəhətdən yolverilməz olan bir haldır”. Onun sözlərinə görə, dünyasını dəyişmiş şəxsin yaxınları pul xərcləyib yaxşı bir iş görmək istədikdə isə, ehtiyacı olan insanlar üçün ehsan verə bilərlər. Həmçinin qəbir üzərində ucaltmaq istədikləri o heykəllərin, sarayların pulunu əməliyyata ehtiyacı olan imkansız xəstələrə xərcləyə bilərlər.

Bununla onlar həm də insan həyatını xilas etmiş olarlar: “Allah Quranda öyrədir ki, bir insana həyat vermək - bütün bəşəriyyətə həyat verməkdir! Bax, yaxınlarını itirmiş imkanlı şəxslər bu addımı atsalar, nə qədər ailənin öz yaxınını itirməkdən qurtarmış olarlar. Din insanları yalnız faydalı olan işlər görməyə çağırır, faydasız işlərdən çəkindirir.

Dinimizin çağırışına səs verək, dünyasını dəymiş və həyatda olan insanlara heç bir fayda verməyən əmələ - qəbir üzərində bahalı, dəbdəbəli məzarlıqlar ucaltmaq kimi mənasız işlərə yol verməyək”.

Göründüyü kimi, təmtəraqlı qəbir daşı heç də ucuz başa gəlmir. Bu isə bir daha əsas məqsədin göstəriş olduğunu sübut edir. Bu isə qəbiristanlığı bütxanaya çevirir. İslam dini isə göstərişi və bu cür adətləri qəbul etmir.

Məhəmməd peyğəmbər belə buyurub: “Ey Allahım, qəbrimi büt yerinə dönməyə izin vermə...“, “...Qəbrimi bayram yeri etməyin...” .

Bu kimi səhih hədislər bizə kifayətdir ki, qəbirləri bayram yerinə, büt yerlərinə döndərməyək.

Gülxar Şərif

Fotolar: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm