SSRİ və Almaniyanın "intim" münasibətləri - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

SSRİ və Almaniyanın "intim" münasibətləri - FOTOLAR

Düşmənlə bir yataqda və ya SSRİ ilə Almaniyanın “romantik” əlaqələri...

Bu məsələnin rəsmi statistikası yoxdur, lakin belə bir ehtimal mövcuddur ki, 1941-1944-cü ilər SSRİ ərazisində dünyaya gələn 100 min (!) uşağın dost-doğmaca atası alman işğalçıları olub. Bəs bu uşaqların sonrakı taleyi necə olub?...

Qapını uzun müddət açmırlar. Nəhayət, altıncı zəngdən sonra səs eşidilir. Xırıltılı səsli kişi qapının gözlüyündən baxıb soruşur:
- Nə lazımdır?
- Moskvadan gəlmişəm. Sizinlə danışmaq istəyirəm... atanız barədə...

Bayaqdan qapının o tayından gələn səs-küy bir anda kəsdi: - “Cəhənnəm olun burdan. Mənim atam yoxdur. Eşidirsiniz? Yoxdur!

Əslində, bu mövzu özü-özülüyündə çox ağır mövzudur. Bu barədə demək olar ki, 70 il susublar, heç pıçıltı ilə də danışmayıblar. 2009-cu ildə almanlardan uşaq dünyaya gətirən qadınlar haqda çəkilən “Bir müharibə” filmində əsas rolu canlandıran aktrisa Vera Qlaqoleva müsahibəsində söyləyir: “Filmin premyerasına həmin “nikahın”dan törəyən heç kim qatılmadı. Bu barədə, ümumiyyətlə, heç kim ucadan danışmır. Qorxurlar”.

1942-ci ilin 8 iyununda vermaxt komandanlığı SSRİ-nin işğal olunmuş rayonlarına dair kiçik bir bəyanat yayır. Həmin bəyanatdan sitat: - “Əsgərlərlə SSRİ qadınları arasındakı əlaqəyə məhdudiyyət qoymaq - əks halda alman irqinin təmizliyinə xələl gələ bilər”.

Lakin, görünür, məhdudiyyətlər yardım etmədi. 1943-cü ilin mart ayında Orla şəhərinin komendantı general-mayor Adolf Haman qərar verdi: “Alman əsgərindən uşaq dünyaya gətirən rus anasının aliment almağa haqqı çatır”. Alman atadan təsdiq alan xəzinə anaya ayda otuz marka ödəyirdi.
Yaxşı, bəs belə qadınların sayı nə qədər idi? Və ən əsas sual – qadağan olunmuş bu münasibətlərdən dünyaya gələn uşaqların sayı neçədir?

Gəlin, digər ölkələrin kədərli təcrübələri ilə tanış olaq. Beş il ərzində (1940-1945-ci illər arası) hələ kiçik Norveçdə alman hərbçilərindən 12 min uşaq dünyaya gəlmişdi. Belə uşaqlardan biri feldfebel Alfred Hazenin qızı Anni-Frid Linqstad idi. İsveçə göndərilən qızcığaz sonradan məşhur ABBA qrupunun solitslərindən biri olur.

Fransada “üfüqi əməkdaşlıq” (fransızlar özü bunu istehza ilə belə adlandırırlar.) nəticəsində, atası alman olan 200 min (!) körpə anadan olmuşdu.

Bəs SSRİ məkanında? Heç nə. Bu mövzu tabudur. Arxivlərdə akademik İvan Mayskinin 45-ci ilin aprelində İosif Stalinə göndərdiyi məktub saxlanır. Alim məktubunda sovet qadınlarının alman əsgərlərindən dünyaya gətirdiyi uşaqların taleyindən narahat olduğunu və SSRİ liderindən nə etmək lazım olduğunu soruşur, sonradan bütün “alman balaları”nın adlarını dəyişməyi və onları uşaq evlərinə göndərməyi təklif edir.
ABŞ-dan olan tarixşünas-tədqiqatçı Kurt Blaumaster Rusiyada, Pribaltikada, Belorusiyada və Ukraynada 1941-1944-cü illər almanlarla cinsi əlaqə nəticəsində, təxminən, 50 – 100 min arası uşağın dünyaya gəldiyini iddia edir.

Bu rəqəmləri faizlə qeyd etsək, elə də çox deyil. Nəzərə almalıyıq ki, 73 milyon sovet vətəndaşı işğala məruz qalıb və işğalçı funksiyasını yerinə yetirən 5 milyon alman əsgərinin əsas hissəsini isə gənc kişilər təşkil edib. Bəs sonra nə baş verib?
Almanlardan uşaq dünyaya gətirən analara nifrət edirdilər, ancaq təqsirləndirmək asandır. Bir çoxları düşmənlə ac qalmamaq və uşaqlarını yedirtmək üçün yatırdı. Bir çox qızlar da zorlanırdı, hamilə qaldıqdan sonra da onlar abort etmək istəmirdilər.

Kurt Blaumaster özü də müharibə uşağıdır, ancaq onun məsələsi bir az fərqlidir. Onun anası alman, atası sovet zabiti olub. Berlinli qadın 1948-ci ildə Amerikaya köçür. Anası öləndən sonra Blaumaster uzun müddət atasını axtarır, ancaq tapa bilmir.

“Anam deyirdi ki, onun adı Volodyadır – tədqiqatçı dərindən ah çəkir. – Foto yoxdur”.
Son beş ildə tədqiqatçıya digər sifarişlərlə yanaşı, çox maraqlı xahişlər olunub – Bir vaxtlar ölkəmizə silahla soxulan 90 yaşlı alman kişiləri indi onların rus və ukraynalı qadınlardan olan övladlarını axtarmağımı xahiş edirlər.

- Yalnız ikisini tapa bildim – Blaumaster söyləyir. – Artıq 70 yaşları var. Birini Tixvindən, o birini Viborqdan tapdım. Heç biri mənimlə danışmaq istəmədi və bioloji ataları ilə görüşmək niyyətində olmadıqlarını söylədilər.

Lakin onlardan biri sonradan bir müxbirlə söhbətə razılıq verir və atasına nifrət etdiyini açıq elan edir: “Bütün ömrüm boyu atamın partizan olduğunu düşünmüşdüm, ancaq acı həqiqəti 10 il əvvəl öyrəndim. Atam məni görmək istəyir? O, mənim atam deyil, o əclaf faşistdir. O, anamı zorlamışdı... Onda qadınlar uşaqlarının acından ölməməsi üçün çox şeyə razı olurdular. Yeməyə heç nə yox idi. Kartofu ancaq bayramlarda yeyirdik. Düzdür, alman zabitləri ilə yatıb, ətirlər və ipək paltarlar hədiyyə alan fahişələr də vardı.
Bütün bunlara baxmayaraq, anlamalıyıq ki, alman əsgərlərindən dünyaya gələn uşaqlar heç nədə təqsirkar deyillər və yeri gəlmişkən:

Alman işğalçılardan dünyaya gələn uşaqlar ən pis taleyini təkcə Stalin SSRİ-sində yaşamayıblar. Demokratik Norveçi götürək: Vermaxt əsgərləri ilə əlaqədə olan 50 min norveç qadınından 14 mini həbs edildi. Norveçlilərin tyskerunge (“alman əclafları”) və naziyingel (“nasist kürüsü”) adlandırdığı uşaqların 90 faizi kəmağıl elan edilərək, ruhi xəstəxanaya yerləşdirildi, ta 60-cı illərə qədər!

Bu yaxınlarda “Müharibə uşaqları birliyi” elan etdi ki, “tyskerunge”lər uzun müddət müxtəlif tibbi təcrübələrə məruz qalıb. 2005-ci ildə dövlət almanlardan olan uşaqlardan üzr istədi və onların hərəsinə 30 min avro kompensasiya ödədi.

Fransada 1944-1945-ci illər arası düşmən əsgərlərlə intim münasibətlərinə görə, beş min fransız qadın edam olundu. İyirmi min qadın isə müxtəlif formada cəzalandırıldı. Almanlardan törəyən uşaqlara alman dilini öyrənmək və alman adı daşımaq qadağan olunmuşdu.

Niderlandda 1945-ci il 5 may tarixindən sonra isə 500 “xain - fahişə” qətlə yetirilmişdi...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm