Podpolkovnik: “Prezidentin alt paltarlarını özüm yuyurdum”... FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Podpolkovnik: “Prezidentin alt paltarlarını özüm yuyurdum”... FOTOLAR

Qalstuku açıram və öz-özümə düşünürəm: “Yuxudan ayılsa, qanım getdi!”...

Sovet liderinin alt paltarları o gündə idi ki...

KQB-nin doqquzuncu idarəsinin podpolkovniki Aleksey Salnikov 40 il ərzində hökümət mühafizəsində xidmət göstərib. Bu müddət ərzində o, Xruşşovdan tutmuş Boris Yeltsinə qədər bir çox dövlət başçıları ilə çalışıb.

Mühafizə olunan şəxslər əksər işlərini özləri etmir, bu artıq qanundur. Onların hara getmələri, necə getmələri, qidaları, geyimləri və s. bu xırdalıqlara mühafizə işçiləri tərəfindən nəzarət olunur.

İllər boyu Xruşşov, Kosıgin, Brejnev, Andropov və digərləri ilə çalışan Aleksey Salnikov məhz bu "xırda" işlərə nəzarət edib.
Beləliklə, podpolkovnik həyatının qaranlıq məqamlarından, o cümlədən, çalışdığı SSRİ liderlərinin vərdişləri, özəllikləri barədə danışır:

Ölkə rəhbərləri də bizim kimi, insandırlar. Onların sosial və maliyyə vəziyyətlərini nəzərə almasaq, onların da həyatı bir çox xırdalıqlarla zəngindir; Geyim seçimi, ayaqqabı seçimi, müalicə və insanlarla ünsiyyət. Fəqət onların tutduğu vəzifə bütün bu xırdalıqları çox mühüm və əhəmiyyətli edir.

Xruşşovla 1956-cı ildən etibarən işləməyə başladım və 1964-cü ilin oktyabrına – o, istefa edənə qədər yanında oldum. Mən KQB-nin doqquzuncu idarəsinin elit bölməsində zabit kimi xidmət edirdim.
İlk çalışdığım sovet lideri Nikita Serqeyeviç Xruşşov idi. Sovet lideri daim geyimi ilə bağlı problem yaşayırdı.
Onun qeyri-standart bədən ölçüsü dərzilər üçün çətinlik yaradırdı.

“Ukrayna” otelinin qarşısında mağazası da olan xüsusi atelye vardı. Bütün birinci şəxslərin həyat yoldaşları ora gəlirdi. Nina Petrovna Xruşşova və Viktoriya Petrovna Brejneva da həmçinin.
SSRİ Ali Soveti və KQB-nin də öz atelyeləri vardı.
Dərzilər Xruşşovun, Brejnevin, Kosıginin və Andropovun işinə gəlir, onların bədən ölçülərini götürür, parçanı dəqiqləşdirirdilər.

Yeri gəlmişkən, bizim ayaqqabı atelyemiz “Dzerjinskaya” metrosunun yaxınlığında yerləşirdi. Bu atelyedəki usta Xruşşov və Kosıgin üçün də ayaqqabı tikirdi.
Liderlərə tikilən ayaqqabılar təmiz dəridən hazırlanırdı.Həmin ayaqqabılar yüngül və sözsüz ki, keyfiyyətli olurdu.

Ölkə başçısının təhlükəsizliyində ilk baxışdan xırda görünə bilən bir çox nüanslar mövcuddur. Məsələn, qəyyumluğunda olan rəhbərin nə qədər alkoqol içki qəbul etməsinə nəzarət çox vacib məsələdir. Təkcə onun sərxoş olmasına görə deyil, (belə hallar nadir halda baş verirdi.) o cümlədən, rəhbərin tibbi və ümumiyyətlə, təhlükəsizliyi baxımından çox mühümdür.
Məsələn, bir dəfə Xruşşov Zavidovada, açıq havada Finlandiya prezidenti ilə yaxşı yeyib-içmək məclisi qurmuşdu. Artıq gec idi, hava qaralırdı. Hiss edirdim ki, içki məsələsi böyüyür. Nikita Serqeyeviç məni çağırdı: “Alyoşa, Alyoşa!” . Mən ona yaxınlaşdım və sakit səslə söylədim: “Burda heç nə yoxdur, hər şey iqamətgahdadır”. Məqsədim onları evə salmaq idi. Əlbəttə ki, bunu ona birbaşa deyə bilməzdim. Amma bu yerdə Xruşşov əməlli-başlı qızışdı və mənə dişinin dibindən çıxanı söylədi...

Yaxşı ki, ətrafda qadın yox idi. Bu “söhbət”də ancaq Finlandiya prezidenti iştirak edirdi. Ünvanıma söylənilənləri sakitcə dinlədim, əsas odur ki, lazım olanı etdim. Xruşşov qonağı ilə birgə evə keçdilər. Ancaq Mərkəzi Komitənin birinci katibinə “yox” sözünü demək elə də asan məsələ deyildi...
Buna bənzər başqa bir hadisə də olmuşdu. Xruşşov ovdan qayıtmışdı. Şam edib uzandı. Elə paltardaca yuxuladı. Kip başlanmış qalstuk olmasaydı, hər şey qaydasında olardı.

Qalstuku boşaltmaq və ya ümumiyyətlə, çıxarmaq lazım idi. Lakin Xruşşov kiminsə onun geyinməsinə, soyunmasına qarışmasını heç sevmirdi. Qalstuku açıram və öz-özümə düşünürəm: “Yuxudan ayılsa, qanım getdi!”. Ancaq yaxşı qurtardım, fəqət həmin an keçirdiyim hisslər elə də xoş deyildi.

Xruşşov dövründə xaricə səfərlər zamanı liderin alt paltarlarını da yumalı olurdum. Özü də bu işə heç kim qarışa bilməzdi, təkcə özüm. İlk növbədə, təhlükəsizlik baxımından, ikincisi də, ölkəni biabır etməmək məqsədilə. Sovet liderinin alt paltarları o gündə idi ki, onları camaşırxanaya verməyə insanın üzü gəlməzdi. Bütün geyim sovet istehsalı idi. Xarici malların yarlıqları isə anında kəsilirdi.
Xruşşovun həyat yoldaşı Nina Petrovna bəzən ərinin cırıq corablarını tikirdi.
Nikita Xruşşov istefaya gedəndən sonra onun bütün ətrafını, o cümlədən, mühafizə işçilərini “təmizlədilər”...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm