Kosıgin: “Fidel gəlməlidir, şalvarıma ləkə düşüb” - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Kosıgin: “Fidel gəlməlidir, şalvarıma ləkə düşüb” - FOTOLAR

SSRİ liderlərinin sadiq xidmətçisi...

"Kişilərin rəisə söyləmədiklərini qadınlar mütləq ağızlarından qaçıracaqlar"...

KQB-nin doqquzuncu idarəsinin podpolkovniki Aleksey Salnikov qırx il ərzində hökümət mühafizəsində xidmət göstərib. Bu müddət ərzində o, Xruşşovdan tutmuş Boris Yeltsinə qədər bir çox dövlət başçıları ilə çalışıb.

Beləliklə, podpolkovnik çalışdığı SSRİ liderlərinin vərdişləri, özəllikləri barədə danışır:
Nikita Xruşşov istefaya gedəndən sonra onun bütün ətrafını, o cümlədən, mühafizə işçilərini “təmizlədilər”. Onların arasında mən də var idim...

Həmin ərəfədə haqqımda daha nələr danışmadılar. Guya Xruşşovun qızı Lena ilə evlənmək istəmişəm və guya SSRİ lideri də kürəkəni olmağıma etiraz etməyib.

Hər nə isə, Xruşşov gedəndən sonra mənim gələcəyim də qaranlıq idi. Nə olacağı bəlli deyildi... Bir neçə aydan sonra idarə rəisi Antonov gəldi. O, bizdə çalışan qadınlarla söhbət etməyi sevirdi. O düşünürdü ki, bütün lazımi məlumatları qadının dilindən almaq olar. Kişilərin rəisə söyləmədiklərini qadınlar mütləq ağızlarından qaçıracaqlar. Belə də oldu. Bir dəfə bir qadın Antonova dedi: “Bizdə Aleksey Salnikov var. O, uzun müddət Xruşşovla çalışıb , indi isə dərin ehtiyatdadır...”

Keçmiş kəşfiyyatçı söylənilənlərə dərhal reaksiya verdi və mən bataqlıqdan çıxarıldım...
Beləcə, Kosıginin yanında çalışmağa başladım. Aleksey Nikolayeviç məni Xruşşovun yanında çalışdığım vaxtdan tanıyırdı. Buna baxmayaraq, o, mənə hələ tam güvənmirdi. Lakin zaman keçdikcə, mənə öyrəşdi və etibar etməyə başladı. Məsələn, ezamiyyətdə olduğu müddətdə, onun şəxsi əşyaları olan çamadanı yalnız mən aça bilərdim. Orada nə axtarmalı olduğumu və nəyi hara qoyacağımı bilirdim.
Bizim işimizdə mühafizə etdiyin şəxsin xarakterini, onun vərdişlərini öyrənmək vacibdir. Məsələn, Aleksey Nikolayeviç yanında çoxlu sayda adamın dolaşmasını heç sevmirdi. O öyrəşmişdi ki, bütün işləri etibar etdiyi bir nəfər görsün. Ailəsi də bunu bilirdi.

Bir dəfə belə bir hadisə oldu; Onun kostyumunu ütüləyirdim. Ütüləyib qurtardım. Kostyumu Aleksey Nikolayeviçə aparmağa hazırlaşdığım vaxtda mühafizə rəisinin müavini Nikolay Nikolayeviç Qorenkov daxil olub, kostyumu əlimdən aldı. Kosıginin qızı Lyudmila bunu görüb dedi:“Nikolay Nikolayeviç, məgər kostyumu sən ütüləmisən ki, aparırsan? Qoy kim ütüləyib, o da aparsın!”

Dövlət başçılarının həyatında hər xırda bir şey müəyyən məna kəsb edir. Axı onlar öz ölkələrinin təmsil edirlər, kənardan onlara baxıb ölkənin ümumi səviyyəsi haqda fikir yürüdürlər. Xırdalıqlar isə kifayət qədər idi...
Bir dəfə Kubada idik. Kosıginin iqamətgahında Fidel Kastronu gözləyirdilər. Birdən Aleksey Nikolayeviç kefsiz halda peyda olub söyləyir: “Alyoşa, Fidel gəlməlidir. İşə bir bax, şalvarıma ləkə düşüb”. Vəziyyəti dərhal dəyərləndirdim: “Gəlin, mən tez təmizləyim!”

Şalvarını soyundu. Onu yaxşıca təmizləyib ütülədim. Kosıgin razı halda şalvarı götürüb, səfər vaxtı onu müşayiət edən qızına: “Alyoşamızdan bir dənədir, düzdür?” – söylədi. Lyudmila isə: “Hə, əlbəttə. O, mənim də qayğıma qalır. Müxtəlif qəbul və ziyafətlər zamanı paltarlarımı ütüləyir”. Odur ki, hər işin öhdəsindən gəlməyi bacarmalı idim.
Bir hadisə də Kanadada baş vermişdi. Baş nazir Tryüdo ilə gəzinti zamanı bir dələduz Kosıginin üstünə cummuşdu. Səfərlər zamanı özümlə çox şey götürürdüm. Əfqanıstanda idik. Aleksey Nikolayeviç kralla görüşə qara kostyum geyinəcəkdi. Ancaq şalvar ona böyük idi. Kosıgin məndən: “Çiyin qayışın var?” – deyə soruşdu. Çamadanımda hər ehtimala qarşı, çiyin qayışları da vardı. Baxmayaraq ki, Aleksey Nikolayeviç heç vaxt onlardan istifadə etmirdi.

Sonradan Kosıginin həyat yoldaşı Klavdiya Andreyevna mənə dedi: “Alyoşa, Aleksey Nikolayeviçi çətin vəziyyətdən çıxardığına görə, çox sağ ol”. Deməli, Kosıgin ona hər şeyi danışmışdı.
Aleksey Nikolayeviçin yanında on beş il çalışdım. Təqaüdə çıxanda mühafizə rəisi Karasev də getdi və Kosıgin tək qaldı. Ölümündən bir neçə gün öncə o, məni yanına çağırdı: “Alyoşa, Karasevi əlimdən alırlar. Köməkçisi də mənimlə çalışmaq istəmir. Mənimlə qalmağa razısan? Biz səninlə gəzəcəyik, teatra gedəcəyik. Həmişə bir yerdə olacağıq. Lyudmila Alekseyevna və ailənin bütün üzvləri də şad olacaqlar”.

Açığı, bu səmimiyyət məni kövrəltdi. Mən dövlətə qulluqçusu idim, indi isə şəxsi mühafizəçi kimi çalışmalı olacaqdım. Ancaq bu mənim üçün problem deyildi. Fikirləşməyə də bir o qədər vaxtım yox idi, odur ki, düşünmədən: “Aleksey Nikolayeviç, mən razıyam!” – söylədim.

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm