• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

SSRİ-nin ilk manyak qatili – FOTOLAR

SSRİ-nin ilk manyak qatili – FOTOLAR

Vasili Komarov Sovet İttifaqında həbs edilmiş ilk seksual manyak olub. 1921-ci ildən başlayaraq o, 2 il ərzində 33 insanın həyatına son qoyub. Məhkəmədə isə özünü müdafiə üçün deyib ki, möhtəkirləri, “xalq düşmənlərini”, “burjuy”ları, yəni sinfi düşmənləri qətlə yetirib.

Manyakın axtarışları yeni qurulmuş dövlətin cinayət axtarış şöbəsinin işçiləri üçün əsil sınaq olmuşdu. Zarafat deyil, axı bu işlə şəxsən Vladimir İliç Lenin maraqlanırdı. Həm də onun tutulması haqda dahi rəhbər şəxsən göstəriş vermişdi.

İki soyadı olan adam

Vasili İvanoviç Komarov 1877-ci ildə Vitebsk quberniyasında doğulmuşdu. Əvvəl onun adı və soyadı başqa idi - Vasili Terenyeviç Petrov. Ona görə də bəzən tədqiqatçılar onu hər iki soyadı ilə çağırırlar. Komarov çoxuşaqlı fəhlə ailəsində anadan olmuşdu. Həm atası, həm də anası spirtli içki aludəçisi idilər. Elə Komarov da artıq 15 yaşından hər gün çəkilmə arağın dadına baxırdı.

20 yaşı olanda orduya çağırıldı. 4 il Rus-Yapon müharibəsində vuruşdu. 1905-ci ildən sonra elə xidmət keçdiyi Uzaq Şərqdə qaldı. Yaxşı qazancı oldu. 2 ildən sonra evə qayıtdı, evləndi, cavan arvadı ilə səyahətə çıxaraq qazandığı pulları sağa-sola xərclədi.

Pulu qutaranda yenidən işə düzəlmək haqda fikirləşdi. Tanışlarından biri onu hərbi anbara gözətçi kimi işə götürdü. Amma Kamarov asan qazanca öyrəşmişdi. Oğurluq etdi, anbardakı mallardan gizlicə satdı. İşin üstü açılanda onu bir il müddətinə həbs etdilər. Həbsxanada olan müddətdə Rusiyada vərəm xəstəliyi yayılmışdı. Arvadı da bu xəstəliyə yoluxub öldü.

Həbsxanadan çıxandan sonra Komarov Riqaya köçür. Burada Sofya adlı dul qadınla ailə qurur. Qadının iki uşağı vardı. Komarov onlara hər gün “həyat dərsi” keçməyə başlayır. O həm Sofyanı, həm uşaqları möhkəm döyürdü. Zavallı qadın şikayət etməyə qorxurdu.

Ağqvardiyaçılara əsir düşür

1915-ci ildə almanlar Pribaltikaya yaxınlaşanda Komarov ailəsi ilə Privoljyeyə köçür. 2 ildən sonra inqilab başlayanda könüllü olaraq Qızıl Ordu sıralarına yazılır. Onu həvəslə orduya yazırlar. Axı çar hakimmiyəti dövründə həbsxanada olmuşdu. Bu, əsas şərt idi. Oğurluq üstə tutulmasının isə fərqi yox idi. O vaxt cinayətkarlar bolşeviklərə yaxın sinif hesab edilirdi.

Tezliklə Komarova bölük həvalə edildi. Onun bölüyü fərariləri güllələyirdi. Öldürmək Komarovun xoşuna gəlirdi. 1919-cu ildə o, ağqvardiyaçılara əsir düşdü. Vasilinin əsirlikdə özünü necə aparması barədə məlumat yoxdur.

Bilinən odur ki, bir ildən sonra Petrov soyadını Komarova dəyişərək Moskvaya köçür. Ailəsini də özü ilə gətirir. Hətta Şabalovka küçəsində ev də alır.

Məhkəmə zamanı bəzi jurnalistlər iddia edir ki, Komarov ağqvardiyaçılara satılıb. Evi də onların puluna alıb. Amma bu, inandırıcı deyildi. Kəşfiyyatçı işləmək üçün Komarovun intellekti kifayət qədər deyildi. Yəqin ki, əsirlikdən sonra qarətlə, soyğunçuluqla məşğul olub pul əldə etmişdi.

Silsilə qətllər

1921-ci ildə Lenin ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün qərar qəbul etdi. “NEP” dövrü başlandı. Yenidən özəl sektor və sahibkarlar ön sıraya çıxdı. Həmin vaxt Komarov at və araba aldı. Hər gün meydanlara gələrək adamları daşımağa başladı. Amma bir məsələ vardı. Onun müştərisi çox az hallarda olurdu. Bununla belə, Komarovun cibində tez-tez dəstə ilə pul görənlər vardı. Bütün günü kafelərdə araq içirdi...

Onun birinci qurbanı öz atını Moskvaya satmağa gətirən kəndli olmuşdu. Komarovun atdan xoşu gəlmişdi. Kəndli ilə qiymətdə razılaşdı. Amma dedi ki, pul evdədir. Əlbəttə, kəndliyə pul vermək fikri yox idi. Hər şeyi əvvəlcədən fikirləşmişdi. Onu evlərinə gətirdi. Həyətə girəndə çəkiclə arxadan başına zərbələr vurdu. Kəndlinin başından axan qan döşəmədə gölməçə yaratdı. Komarov bunu nəzərə aldı. Gələcəkdə elə öldürəcəkdi ki, qan izi qalmasın. Çünki arvadı Sofya qanı döşəmədən silənəcən əldən düşmüşdü.

Meyiti isə qonşuluqdakı dağılmış evlərdən birinin həyətində basdırdı.

İlk qətl onu həvəsləndirdi. 1921-ci il ərzində o daha 17 nəfəri bu üsulla öldürdü. Qurbanların hamısı Moskvaya alış-verişə gələnlər idi. Meydana ya at, ya araba almaq üçün gəlirdilər. Komarov onları evinə dəvət edir. Aldığı malın pulunu verəndən sonra içkiyə qonaq edirdi. Qurbanları sərxoş olduqdan sonra onları öldürürdü. Çəkiclə arxadan başına bir neçə zərbə vurmaq kifayət edirdi.

1922-ci ildə artıq Komarovun evinin ətrafı kiçik qəbiristanlığa oxşayırdı. Meyitləri basdırmağa daha yer qalmamışdı. Onda Komarov meyitləri kisəyə qoyub Moskva çayına atmağa başladı.

Moskva milisi əvvəlcə silsilə qətllərdən xəbərsiz idi. Çünki öldürülənlərin əksəriyyəti gəlmələr idi. Paytaxta gəlir və itkin düşürdülər.

Amma Moskva çayından kisələrdə tapılan meyitlərin sayı artdıqca milis hərəkətə keçdi. Şəhərdə qatil haqda söz-söhbətlər gəzirdi. İstintaq isə uzun müddət ipucu tapa bilmədi. Moskvalılar deyinirdi: yeni hakimiyyət qatili tapmaqda acizdir. Məsələ Vladimir İliçə kimi gedib çatdı. Lenin göstəriş verərək cinayətkarın tapılması üçün qüvvələrin səfərbər edilməsini istədi. Hətta milisə kömək üçün çar dövründə polisdə işləmiş kriminalistləri də dəvət etdilər.

Uşaq bezi

Meyitləri gözdən keçirən ekspertlər belə qərara gəldilər ki, cinayətləri bir adam törədib. Alət eyni, zərbə izləri xarakterik idi. Meyitlərin qoyulduğu kisələrdə arpa dənələri tapıldı. Demək, qatilin atı vardı. Həm də meyitlər şəhərin müxtəlif istiqamətlərindən çaya atılırdı. Əgər qatilin arabası olmasa, bunu edə bilməzdi.

Həmin vaxt Moskvada bir neçə min arabaçı vardı. Meyitlərin çoxu Zamoskvareçye ərazisində tapılmışdı. Ehtimal ki, qatil də bu əraziyə yaxın qalırdı. Onu məhz burada axtarmaq lazım idi.

Milis növbəti qurbanı tapdıqda onun qanlı başına dolanmış uşaq bezi aşkarladı. Demək, cani ailəli idi. Qatilin ətrafındakı halqa daralırdı.

Məzhz uşaq bezi Komarovu ələ verdi. Çünki az əvvəl yeni uşağı dünyaya gəlmişdi. 1923-ci il mayın 18-də milis onun evinə təşrif buyurdu. Əllərində order vardı. Guya əldəqayırma araq istehsal edən aparat axtarırdılar. Əslində isə milis döşəmədə qan izi gəzirdi. Amma Sofya izləri silmişdi. Bəli, arvad da ərinin qətllərində iştirak edirdi. Hər qətldən sonra ikisi də dizüstə çökərək ölənlərin günahlarının bağışlanması üçün Allaha dua edirdilər.

Evin altındakı zirzəmiyə milislər enəndə Komarov dözmədi. Hər tərəf milislə dolu olsa da, aradan çıxa bildi. Zirzəmidə isə başı paralanmış təzə meyit vardı.

Tezliklə onu Moskva ətrafı kəndlərin birində həbs etdilər. Qatili mühafizə altında cinayət etdiyi yerlərə apardılar. Hər şeyi bir-bir izah edirdi: kimi, harada, necə öldürüb. Amma milisdə müəyyən çətinliklər vardı. Əhali qatili görən kimi linç etmək istəyirdi. Əgər mühafizə olmasa, onu parça-parça edərdilər.

Məhkəmədə Komarovun ağqvardiyaçılarla əlbir olması sübut olunmadı. İşə siyasi rəng vermək mümkün deyildi. Ö özü də etiraf edirdi ki, sadəcə, pula görə öldürüb.

Komarov və arvadı güllələndi. Uşaqlar isə internata verildi. Bəzi mənbələrdə yazılır ki, Böyük Vətən Müharibəsi başlayanda Komarovun oğlu könüllü olaraq almanlar tərəfə keçdi. O, Qızıl Ordunun əsgərlərinə işgəncə verərək atasının heyfini alırdı...

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR