Müsəlman ölkələrində geriliyin səbəbləri
Bizi izləyin

Sovet sirləri

Müsəlman ölkələrində geriliyin səbəbləri

XX əsrin çox böyük alimlərindən biri 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Əbdüs Səlam "İdeallar və gerçəkliklər" kitabında yazırdı: "Orta əsrlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi…. Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə liderliyə nail ola bilərikmi?.. Gənclərimiz bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdırlar". Böyük fizik bu məşhur əsərində göstərir ki, Quranın yeddi yüz əlli ayəsi – təxminən səkkizdə biri – inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etməni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir.

Həmin kitabdan: "1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq, görərik ki, İslam ölkələri nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir. İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sahələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə görə, humanitar elmlərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla ¼ və 1/3 arasında dəyişən sayda təbiət elmlərində təhsil alan - üstəlik, çox aşağı səviyyədə - tələbəmiz var.

Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öyrənir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən ibarət olmalıdır. Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də ən əsası gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər."

Professor Əbdüs Səlam məsciddən çox yaxşı məktəblərin qurulmasının tərəfdarıdır. O, bu məşhur əsərində əsasən Qurandakı surələrdən iqtibas gətirərək müsəlman dünyasına vacib çağırışlar etmişdir.

Bu məqaləni yazan zaman Türkiyənin "Sabah" qəzetində yayılan bir məlumatı oxudum: azərbaycanlı iş adamı İsgəndər Xəlilovin rəhbərlik etdiyi "İSR" Şirkətlər Qrupu Bodrumda otel tikəcək. ."İSR" Şirkətlər Qrupu daha əvvəl Bodrum vilayətinin Türkbükü rayonunda 120 milyon dollara yenilədiyi turizm mərkəzini "Hilton Bodrum" olaraq istifadəyə vermişdi. Bu cür işlər azərbaycanlı, həm də müsəlman milyonçuların fəaliyyətinin tərkib hissəsidir. Hotel, restoran, əyləncə mərkəzləri tikdirməklə azərbaycanlı və digər müsəlman milyonçular özlərini təbliğ etməklə məşğul olurlar.

Azərbaycanda ali və orta məktəb inşa edən imkanlı şəxslərin qurduqları təhsil müəssisələrində təhsil haqqı o qədər yüksək olur ki, Əbdus Səlamın dediyi kimi sırf maddi çətinliklər ucbatından minlərlə istedadlı, lakin kasıb uşaqlar it-bata düşürlər. Bu yaxınlarda saytların birində tanınmış bir universitet rektorunun müsahibəsi ilə tanış oldum. O, təhsilimizin təəssübkeşi kimi çıxış edir, universitet qurmağı ilə qürur duyur. Həmin professorun ali məktəbinin nəzdində yüksək təhsil haqqı ilə şagird qəbulu həyata keçirilən orta məktəb də fəaliyyət göstərir. Tam əminliklə söyləmək olar ki, bir kasıb balası ora ayaq basa bilməz. Həm də gözəl ingiliscə bilən bu rektorun yəqin, Əbdus Salamın çağrışlarından xəbəri var.

Azərbaycanda da humanitar elmlərə diqqət təbiət və texniki elmlərə nisbətən qat-qat yüksəkdir. Maraqlıdır ki, əsas aparıcı ali məktəblərin rəhbərlərinin təbiət və texniki elmlərin nümayəndəsi olmasına baxmayaraq, onlar da humanitar elmlərə üstünlük verirlər.

2001-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Vidyadhar Naypol "İnananlar arasında" romanında müsəlman dünyasını kəskin tənqid atəşinə tutmuşdu. O, qeyd edirdi ki, "dəyişməz və geridə qalmış islam cəmiyyəti" yeni dövrlə ayaqlaşmaq niyyətində deyil: "Yetmişinci illərdəki neft bumu zamanı islam xalqları öz qüdrətləri barədə xam xəyallara düşdülər, adama elə gəlirdi ki, axır ki, ilahi bir supermarket açılıb və ora islam ölkələrinin əhalisini buraxıblar, amma bu əhali başa düşmürdü ki, onlara qüdrət hissini verən əşyalar başqa sivilizasiyanın məhsuludur". Doğurdan da belədir. Qərbin istehsal etdiyi avtomobilləri, geyimləri, məişət əşyalarını qürurla istifadə edirik. Öyündüyümüz isə

odur ki, "imkanım yaxşı olduğu üçün ən yaxşısını mən istifadə edə bilirəm".

Bütün bunlardan nəticə çıxarmaq əvəzinə İslam Konfransı Təşkilatı dəfələrlə Nobel komitəsinə müraciətlər edərək Naypoldan mükafatın geri alınmasını xahiş etmişdir. Müsəlman dünyasını tənqid etmək olmaz. Dərhal Qərb dünyasından qüsurlar axtarılmağa başlanılır.

Əbdüs Səlam kitabında 1974-cü ildə İsraildəki akademik təhsil almış işçilərin sayının 34800, bütün İslam ölkələrindəki 45000 rəqəmi ilə müqayisə etmişdir (əhalinin nisbəti 1:200-dür)".

Böyük müsəlman fiziki bu faktla bağlı Qurandan iqtibas gətirir:

"Ey ağıl sahibləri, ibrət alın" (59:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm