Sovet liderinə məktub yazan qızı kim aradan götürür?
Bizi izləyin

Sovet sirləri

Sovet liderinə məktub yazan qızı kim aradan götürür?

30 yaşını adlamış hər bir insan yəqin ki, bu mehriban qızcığazı – Samanta Smiti xatırlayır. Bu amerikalı şagird SSRİ-nin o vaxtkı rəhbəri Andropova yazdığı məktubla dünya şöhrəti qazanmışdı. Bu məktub 1983-cü ildə, soyuq müharibənin ən gərgin vaxtında yazılmışdı...

Məktub belə idi:

“Əziz cənab Andropov, mənim adım Samanta Smitdir. On yaşım var. Yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Məni Sovet İttifaqı ilə Birləşmiş Ştatlar arasında başlaya biləcək nüvə müharibəsi narahat edir. Siz müharibə tərəfdarısınız yoxsa yox? Əgər müharibəyə qarşısınızsa, onda, zəhmət olmasa, deyin necə bunun qarşısını alacaqsınız? Əlbəttə ki, bu suala cavab vermək məcburiyyətində deyilsiniz, ancaq mən bilmək istərdim, niyə siz bütün dünyanı, hər halda bizim ölkəni istila etmək istəyirsiniz? Tanrı birgə sülhlə və müharibə etmədən yaşamağımız üçün Yeri yaradıb.

Sizin, Samanta Smit”


Nə qədər qəribə olsa da, Andropov qıza cavab yazır:

“Əziz Samanta!

Bu aralar sənin ölkəndən və digər ölkələrdən mənə məktublar göndərirlər. Sənin məktubundan belə nəticəyə gəlirəm ki, sən çox cəsur və düzgün qızsan. Sən həmyerliniz olan Mark Tvenin məşhur kitabındakı Tom Soyerin rəfiqəsi Bekkiyə bənzəyirsən. Bu kitabı bizim ölkədəki bütün oğlanlar və qızlar sevir.

Sən ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən narahat olduğunu yazırsan. Və soruşursan ki, bunun qarşısını almamız üçün nə edirəm. İndi sənin sualına ciddi və səmimi cavab verirəm.

Bəli, Samanta, biz Sovet İttifaqında ölkələrimiz arasında və ümumiyyətlə, heç bir müharibənin baş verməməsi üçün əlimizdən gələni edirik. Bunu hər sovet vətəndaşı arzulayır. Dövlətimizin dahi qurucusu Vladimir Lenin də bizi belə öyrədib.

Sovet insanları müharibənin necə dağıdıcı və dəhşətli olmasını bilir. 42 il bundan əvvəl bütün dünyaya ağalıq etmək istəyən nasist Almaniyası ölkəmizə hücum etdi. Minlərlə şəhərimizi məhv etdi, milyonlarla sovet vətəndaşımızı öldürdü.

Qalib gəldiyimiz həmin müharibədə biz ABŞ-la müttəfiq idi. Ümid edirəm, tarix dərslərindən bunu keçmisiniz. Bu gün biz bütün dünya ölkələri ilə sülh şəraitində yaşamağı, bir çox sahələrdə əməkdaşlıq etməyi arzu edirik. Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük ölkə ilə.

Həm Amerikada, həm bizdə dəhşətli və milyonlarla insanı məhv edə biləcək nüvə silahı var. Ancaq biz nə vaxtsa onun işə salınmasını arzulamırıq. Məhz bu səbəbdən biz elan etdik ki, heç vaxt bundan istifadə edən ilk tərəf olmayacağıq – heç vaxt! Biz, ümumiyyətlə, bunun istehsalatının dayandırılmasını təklif edirik.

Düşünürəm ki, bu sənin sualına dolğun cavabdır: “Niyə siz bütün dünyanı, hər halda Birləşmiş Ştatları istila etmək istəyirsiniz?” . Bizim belə bir niyyətimiz yoxdur. Bizim böyük və gözəl ölkəmizdə heç kim – nə kəndlilər, nə həkimlər, nə yazıçılar, nə böyüklər, nə uşaqlar, nə də ki, dövlət qurumunda çalışanlar nə böyük, nə “kiçik” müharibəni istəmirlər. Biz sülh istəyirik. Bizim məşğul olmağa işimiz var: taxıl becərmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh arzulayırıq. Öz uşaqlarımız və sənin üçün, Samanta.

Əgər valideynlərin izn versələr, səni ölkəmizə dəvət edirik. Yayda gəlsən, daha yaxşı olardı. Ölkəmizlə tanış olarsan, öz həmyaşıdlarınla görüşərsən, dənizin sahilində yerləşən beynəlxalq uşaq düşərgəsi “Artek”i ziyarət edərsən və özün əmin olarsan: Sovet İttifaqında hamı sülh tərəfdarıdır.

Məktuba görə təşəkkür edirəm. Sənə uğurlar arzu edirəm.

Y. Andropov”.

Samanta və onun valideynləri SSRİ-yə 1983-cü ilin 7 iyulunda yola düşdülər. Burada iki həftə qalan Smit ailəsi Moskvanı, Leninqradı (indiki Sankt-Peterburqu) və Krımdakı “Artek” pioner düşərgəsini ziyarət etdilər. Ağır xəstə olan Andropov Samanta ilə görüşə bilməsə də, onunla telefonla danışdı.

SSRİ-nin, ABŞ-ın və dünyanın bütün jurnalistləri Samantanın hər addımını, söylədiyi hər bir frazanı diqqətlə izləyirdilər. Uçuşdan öncə, 22 iyulda Samanta telekameralara baxıb gülümsəyərək rusca: “Будем жить!”

( “Yaşayacağıq”) söylədi. “SSRİ-yə səyahətim” kitabında Samanta yazırdı: “Onlar bizim kimidirlər...” .

Samanta Smit 1985-ci ilin 25 avqustunda təyyarə qəzasında həlak olur. O, atası ilə birgə Böyük Britaniyadan qayıdırdılar. Səkkiz sərnişindən heç biri qəzadan sağ çıxmır.

Məşhur qızın ölümündə ABŞ-da bir çoxları KQB-nin əli, SSRİ-də isə Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu düşünür.

Hər bir halda, bütün tədqiqatlar günahın pilotda olduğunu göstərir. Bundan əlavə, Samantanın ölümü o vaxt nə ABŞ-a, nə SSRİ-yə sərf etmirdi...

P.S. Lakin Samantanın ölümü indiyə qədər mübahisəli olaraq qalır. Kim daha çox maraqlı idi qızçığazın ölümündə? Hansı tərəf bu "sülh göyərçin"indən bezmişdi? ...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm