Oksana Rəsulova Elşad Xose ilə arasındakı SİRRİ AÇDI: “Sevgili olanda...” - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Oksana Rəsulova Elşad Xose ilə arasındakı SİRRİ AÇDI: “Sevgili olanda...” - MÜSAHİBƏ/FOTO

“Elşad Xose ilə bir-birimizi tanıdığımız qədər heç kim bizi yaxşı tanımır. Amma Elşad hər dəfə yeni işlərini, replərini təqdim edəndə onu yenidən kəşf edirəm. İndi isə onun aktyorluq qabiliyyətinin olduğunu öyrəndim” .

Publika.az xəbər verir ki, bu sözləri hind rəqslərinin mahir ifaçısı və aktrisa Oksana Rəsulova keçmiş həyat yoldaşı Elşad Xose ilə çəkildiyi “Mələyin öpüşü” filmi haqqında danışarkən deyib.

“Mübahisə etdiyimiz səhnələr öz həyatımızdan götürülüb”

- “Mələyin öpüşü” filminin hekayəsi real həyata nə dərəcədə uyğundur?

- Filmdə həyatımızda baş verən hadisələrlə oxşarlıqlar çoxdur. Xüsusilə mübahisə etdiyimiz, eləcə də romantik səhnələr bizim həyatımızdan götürülüb. Amma ümumilikdə ideya və ssenari real həyat əsasında çəkilməyib.

- Elşad Xose ilə dərin sevgi münasibətləri yaşadıqdan sonra onunla filmə çəkilmək çətin olmadı ki?

- Bir-birimizə olan hisslərimiz nə mən, nə də Elşad üçün problem yaratdı. Əksinə romantik səhnələri daha rahat oynadıq. Biz ayrılsaq da, uzun müddətdir görüşük, mütəmadi olaraq əlaqə salxayır və bir-birimizə dəstək oluruq. Dostluğumuzu qoruyub saxlaya bilməyinizin yeganə sirri də yəqin ki, hisslərimizin möhkəm olmasıdır.

“Dostluğumuzun təməlində sevgidən əlavə, hörmət hissi dayanır”

- Bəzi məşhurlar ayrıldıqdan sonra bir-birinin ünvanına xoşagəlməz sözlər işlədir. Siz isə dostluq münasibətlərinizi hələ də qoruyub saxlaya bilmisiniz. Bunu necə bacardınız?

- Bəli, bizim əsas üstünlüyümüz o oldu ki, heç vaxt şəxsi münasibətlərimiz haqqında efirə çıxıb tənqidi fikirlər bildirmədik. Çünki dostluğumuzun təməlində sevgidən əlavə, hörmət hissi dayanır. Ümumiyyətlə, istənilən münasibətin uzunömürlü olması insanların bir-birinə olan hörmət hissindən asılıdır.

- Əziyyətli səhnələr oldu?

- Elşadı əlil arabasında hovuza atdığım səhnələr mənfi 5 dərəcə havada çəkilirdi. Rejissorun istədiyi kimi alınmadı deyə hovuz səhnəsini bir neçə dəfə təkrarlamalı olduq. Buz kimi soyuq havada hozuva tullanmaq həqiqətən əziyyətli idi, soyuqdan donurduq. Amma inanıram ki, o əziyyətimizə dəyəcək.

- “Mələyin öpüşü” filmi sayəsində Elşadın gizli tərəflərini aşkar etdiniz?

- Biz bir-birimizi tanıdığımız kimi heç bizi yaxşı tanımır. Amma Elşad hər dəfə yeni işlərini, replərini təqdim edəndə onu yenidən kəşf edirəm. İndi isə onun aktyorluq qabiliyyətinin olduğunu öyrəndim.

- Film sizin münasibətlərinizi yenidən alovlandıra bilər?

- Hər şey ola bilər. Amma biz Elşadla bu barədə danışmamağa çoxdan söz vermişik. Əgər bu, baş versə, onu gizlətməyəcəyik. Bunu zamanın öhdəsinə buraxmışıq.

- “Mələyin öpüşü” tamaşaçılara əsas hansı mesajı ötürəcək: sevgini qorumağın, yoxsa unutmağın reseptini?

- Ekran işi sevgini çətinliklə tapan, onu itirdikdən sonra peşman olan və münasibətlərini qorumağa çalışan iki nəfərin həyat hekayəsindən bəhs edir. Ötürmək istədiyimiz əsas mesaj da budur. Lakin burada söhbət təkcə qadınla kişinin məhəbbətindən getmir. Tamaşaçılar filmdə ata ilə oğul, ana və oğul arasında olan problemlərin, eləcə də ailədaxili münaqişələrin həllini görəcəklər. Əminəm ki, film bir çox ailədə olan problemləri üzə çıxaracaq. Bir növ “Mələyin öpüşü”nü izləməyə gələn bəzi tamaşaçılar ekranda özləri ilə üzləşəcək.

“Artıq onsuz yaşamaq mümkün deyil”

- Filmin çətinliklə bir-birini tapan iki insanın romantik münasibətlərindən bəhs etdiyini dediniz. Oksana xanım, insan ikinci yarısının ona aid olduğunu nədən müəyyənləşdirir?

- Bunu insan ancaq daxildən hiss edə bilər. Mənə elə gəlir ki, Allah hər bir insanın ikinci yarısını yaradır və onunla qarşılaşanda aranızda yaranan mənəvi bağlılıqdan başa düşürsən ki, artıq onsuz yaşamaq mümkün deyil.

- Belə deyirlər ki, əsl sevgi kişini Məcnuna çevirir. Filmdə Elşad Xosenin canlandırdığı obrazda “Məcnunluq” əlamətləri görə biləcəyik?

- Bəli, belə maraqlı və dəlisov səhnələr var.

- Özünüzə Elşad Xose kimi dost qazandığınız üçün bəxtinizin gətirdiyiniz düşünürsünüz?

- Hər şey Allahın və insanın öz əlindədir. İnsanlar nələrisə istədiyi, yaxud istəmədiyi üçün edir. Alınmayıbsa, demək ki, qismət belə imiş. Əgər alınmayıbsa, bu, o demək deyil ki, həyatın sonudur. Hər qadının və kişinin həyatında sevdiyi insan olmalıdır, amma xoşbəxtliyi başqa şeylərdən də tapmaq olar. Və əsl sevgi heç zaman ölmür.

“Evləndikdən sonra gözə gəldik”

- Tanınmış kino ulduzu Katrin Denyov hesab edir ki, kişinin sevgisini qoruyub saxlamağın yeganə yolu ona ərə getməməkdir. Siz bu barədə nə düşünürsünüz?

- Bu fikirlə qismən razıyam, Elşad yəqin ki, 100 faiz razı olardı. Çünki biz sevgili olanda münasibətlərimiz tam qaydasında idi. Belə deyək ki, evləndikdən sonra gözə gəldik.

- Rəqqasə kimi uğurlarınız göz qabağındadır. Kino fəaliyyətinə başladıqdan sonra bu sahədə də bir çox aktrisaları ötüb keçə bildiniz. Sizcə, bu məsələdə gözəlliyiniz rolu var? Ümumiyyətlə, qadın gözəlliyi onun uğur qazanmasına zəmanət verir?

- Yalan danışmaq olmaz, əlbəttə ki, olub. Lakin gözəlliklə qazanılan məşhurluq müvəqqəttidir. Hər halda zəhmət çəkməsəydim, yaxud istedadım olmasaydı, çoxları tərəfindən sevildiyimi hiss etməzdim.

Aytən,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm