Hollivudun ilk azərbaycanlı kaskadyorunun MACƏRALARI: “Van Damm, Çak Norris, Çeki Çan...” - - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Hollivudun ilk azərbaycanlı kaskadyorunun MACƏRALARI: “Van Damm, Çak Norris, Çeki Çan...” - - MÜSAHİBƏ

Xarici filmlərdəki qanlı döyüş səhnələrini kim izləməyib ki? Gah baş qəhrəman alovun içindən keçir, gah yüksək mərtəbəli binadan yerə tullanır, gah da təyyarənin quyruğunda uçur. Bu janrda olan filmlərdə döyüş səhnələri də olduqca peşəkar şəkildə icra olunur. Bəzən düşünürük ki, bəs bu aktyor belə peşəkarlıqla döyüşməyi necə öyrənib? Əslində isə çox vaxt onları bu səhnələrdə peşəkar kaskadyorlar əvəzləyir. Bu sənət mürəkkəb, məsuliyyətli ən əsası isə olduqca risklidir. Axı cəmi bir yanlış hərəkət və ya səhv addım hadisələrin gedişatına birbaşa təsir edə bilər. Nəticədə kaskadyor ən yaxşı halda xəsarət ala və ya faciəvi şəkildə dünyasını dəyişə bilər. Odur ki, idmançı nə qədər güclü olursa-olsun səbrin, dözümün və plastikanın vəhdətindən yaranan peşəkar kaskadyor biliklərinə yiyələnmədən filmlərdə iştirak edə bilməz.

Bugün ən nüfuzlu kaskadyor məktəbləri Amerika Birləşmiş Ştatlarında cəmlənib. Hollivud filmoqrafiyasının səriştəli kaskadyor ustaları da bu tədris müəssisələrində yetişirlər.

Artıq sevinclə deyə bilərik ki, Azərbaycanda da Hollivud səviyyəli kaskadyorlar var.

Publika.az-ın müsahibi Sain Fərhad da Hollivudda kaskadyorluq təhsilini bu yaz tamamlayıb vətənə dönüb. Bu haqda özü ilə ətraflı söhbətləşdik.

- Sain bəy, bir çox yeniyetmələrimizin çal-çağıra, keyfiyyətsiz musiqiyə meyil etdiyi bir dövrdə efirlərimizdə sizin kimi gənclərə böyük ehtiyac var. Sizin vasitənizlə onlarda mübarizə ruhu, cəsurluq və mərdlik kimi keyfiyyətlər formalaşır. Bəs karyeranıza necə başladınız?

- Mən uşaqlıqdan idmanla məşğulam, karatenin bir neçə növü, taekvondo, cet kun du, kali, vinq çun, kyokuşinkay, kapoera və s. Özümü heç vaxt başqa sahədə görməmişəm. Düşünürəm ki, hər kəsin peşəsi də onunla birgə doğulur. Mənim də məsləyim budur. Ali təhsilimi də idman üzrə başa vurmuşam.

- Kapoeyra zənnimcə, bu, mükəmməl idman növüdür. Elə bu il Kapoeyranın Azərbaycana gətirilməsindən 20 il ötür elə deyilmi?

- Bəli. Bildiyiniz kimi bu idman növünün vətəni Braziliya sayılır. Kapoeyra rəqs və idman hərəkətlərinin vəhdətindən ibarətdir. Düşünürəm ki, bu idman növü xoş zaman keçirtmək istəyən gənclər üçün olduqca əyləncəli məşğuliyyətdir. Uzun müddət kapoeyra uzrə yığma komandamızın məşqçisi olmuşam.

- Bir neçə aydır ki, Hollivuddan geri dönmüsünüz. Xahiş edirəm, bu haqda özünüz danışın...

- Mən hər zaman kaskadyorluq sənətinə peşəkar şəkildə yiyələnmək istəyirdim. Bu arzumu gerçəkləşdirmək üçün yollar axtarırdım. Qismət elə gətirdi ki, bu ilin may ayında Los-Ancelesdə yerləşən Hollivudun peşəkar kaskadyorluq kurslarında təhsil almağa yollandım. Burada oxuduğum müddətdə Van Damm, Çak Norris, Çeki Çan və digər dünyaşöhrətli aktyorların müəllimlərindən dərs aldım. Burada hərbi biliklər, qılıncoynatma, hərbi xoreoqrafiya, atçapma, çubluqla döyüş, odlu silahla davranmaq və kaskadyorluğun digər mürəkkəb növlərini öyrəndim. Kursu fərqlənmə sertifikatı ilə bitirdim. Nəzərinizə çatdırım ki, Hollivud Kaskadyorluq kursunda təhsil alan ilk azərbaycanlıyam.

Sain Ferhad Fermanli adlı şəxsin şəkli.

- Bəs bu bacarığınızı filmlərdə nümayiş etdirmisinizmi?

- Əlbəttə… Daha çox yerli filmlərə dəvət almışam. Bunların arasında Amerika kinematoqrafçılarının ekranlaşdırdığı “Əli və Nino” , Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919”, son aylarda çəkilişləri tamamlanan “Don Marleone” və digər filmləri sadalaya bilərəm.

- Hollivudun kaskadyorluq kursunu fərqlənmə diplomu ilə bitirmək böyük nailiyyətdir. Bəs qarşıda hansı hədəfləriniz var?

- Hazırda bir sıra layihələr var. Müxtəlif xarici ölkələrdən filmlərə dəvət almışam. Bunları haqda yaxın zamanda açıqlama verəcəm.

- Azərbaycanda kaskadyorluq sənətinin səviyyəsi o qədər də ürəkaçan deyil. Əldə etdiyiniz peşəkar təcrübəni gənclərimizlə bölüşmək istəmirsiniz?

- Mən “Action Academy-Azerbaijan” adlı cəmiyyət təssis etmişəm. Bu rəsmi olaraq Azərbaycanda döyüşçü-aktyor və döyüş səhnələri üzrə xoreoqraflar yetişdirən ilk təşəbbüskar cəmiyyətdir. “Action Academy” döyüş növləri, bədən tərbiyəsi, yaradıcılıq və incəsənəti özündə birləşdirən yeganə fəaliyyət mərkəzidir.

Sain Ferhad Fermanli adlı şəxsin şəkli.

- “Action” nə deməkdir?

- “Action”, kino aləmində ayrıca spesifik bir janrdır və döyüş janrı kimi qəbul edilməkdədir. “Action” sözünü Azərbaycan dilinə “CƏNG” kimi tərcümə edə bilərik.

Bu akademiyanı yaratmaqda məqsədimiz Azərbaycan film industriyasında “ACTİON” janrını inkişaf etdirmək, döyüş növlərinin təbliğini genişləndirmək, döyüş səhnələrinin estetikasını formalaşdırmaq, aktyorları döyüş səhnələri üçün hazırlamaq, döyüş səhnələri üzrə xoreoqraflar yetişdirmək, kaskadyorluğa həvəsi artırmaq, idmançılarda döyüşçü ruhunun, xarakterin, intellektin, psixologiyanın, fəlsəfənin və mədəniyyətin formalaşdırmaqdır. Akademiyada mütəmadi olaraq yerli və beynəlxalq seminarlar, ustad dərsləri, forum və mühazirələrin təşkil edirik. Çox istəyirəm ki, döyüş səhnələrinin xoreoqrafiyası və döyüş aktyorluğu üzrə mütəxəssislər yetişsin. Odur ki, tədbirlərimizə həmçinin, xarici mütəxəssislər də dəvət edəcəm. Akademiya həmçinin, döyüş janrında qısa metrajlı filmlərin, müxtəlif idman və döyüş növlərinə aid öyrədici video-çarxların çəkilişləri ilə də məşğuldur.

Sain Ferhad Fermanli adlı şəxsin şəkli.

- Bəs indi harda yaşayırsınız?

- Ukraynada yaşayıram. Lakin akademiyanın işləri ilə bağlı tez-tez vətəndə oluram. Orada da peşəkar kino tənqidçiləri ilə birgə sayt yaratmağı düşünürəm. Saytın əsas məqsədi çəkilən filmləri həm aktyorluq, həm rejissorluq həm də öz peşəm üzrə təhlil etmək olacaq.

- Sizi tezliklə Hollivud filmlərində görmək arzusu ilə..

- Təşəkkür edirəm o günlər yaxındır.

Leyla Sarabi

11109028_980791945279452_7712779915455005760_o

Oxumağa davam et
Reklam
Reklam

Gündəm