• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Almaniyanın ilk azərbaycanlı millət vəkili: "Merkelə deyirəm ki..." - FOTOLAR

  • Xüsusi
  • 18 Sentyabr 2017 16:00
  • 14 803 Baxış
Almaniyanın ilk azərbaycanlı millət vəkili: "Merkelə deyirəm ki..." - FOTOLAR

Bəzən Vətəni sevib, onun uğrunda əmək sərf etmək üçün havasını udub, çörəyini yeməyə gərək olmur. Yetər ki, insanın damarlarında azərbaycanlı qanı axsın, bütün qəlbi ilə doğma yurduna bağlı olsun. Hər addımında öncə ölkəsinin mənafeyini düşünsün.

Publika.az-ın müsahibi Almaniyanın ilk azərbaycanlı millət vəkili Rəhim Şmitdir.

- Rəhim bəy, sizinlə ilk tanışlığımız bir neçə il öncə Almaniyanın Mainz şəhərində baş tutdu. Azərbaycanın adını Qərbi Avropada müsbət yöndən tanıdan fəal ziyalılarımızdansınız.

- Təşəkkür edirəm. Bəli, sizinlə Almaniyanın Azərbaycan Diasporunun sabiq rəhbəri, qardaşım Başar Kömür və xanımı madam Annalizin məclisində görüşmüşdük.

- Elə o zaman söyləmişdiniz ki, çox çətin və keşməkeşli həyatınız olub. Bu zirvəyə gəlib çatmağınızın da əsas səbəbkarı əzminizdir. Sizi oxucularımıza daha yaxından tanıtmaq istərdim.

- O zaman lap əvvəldən başlayım. Cənubi Azərbaycanın Miyanə şəhərində doğulmuşam. Ailədə 7 övlad idik. 6 yaşım olanda atam vəfat etdi. Bizi anam tək böyüdüb.

- 7 uşağı tək böyütmək çox çətin olmalıdır…

- Bəli, çox çətin idi. Lakin həmin illər maddi durumumuz yaxşı idi. Anam və böyük bacım hər zaman Bakı radiosunda “Arşın mal alan”, “Koroğlu” , “O olmasın, bu olsun” operettalarına qulaq verərdilər. Anam deyərdi ki, Arazın o tayında bizim bacı-qardaşlarımız yaşayır.

- Ananız başqa nə deyərdi sizə?

- Çox müdrik qadın idi. Hər zaman deyirdi dürüst olun, yalan danışmayın. Azərbaycana, torpaqlarınıza xidmət edin. İmkansızlara, xəstələrə əl tutun. Biliyi, savadı sizdən üstün olan insanlarla oturub-durun.

- Yəqin Almaniyaya gəlişiniz də ananızın tövsiyələrindən qaynaqlanıb…

- Bəli, o bizi savadlı görmək istəyirdi. Anamın istəyinə uyğun Vətənimə xeyirli övlad olmaq istəmişəm daima. Odur ki, 1978-ci ildə üz tutdum Almaniyaya. Bura gəlmək üçün də İranda çalışıb, pul qazanmışdım. Öncə Marburq şəhərinə gəldim. Həmin müddətdə İranda şah rejimi devrildi. İran və İraq 8 il müharibə etdilər. Gecə-gündüz işləyirdim ki, ailəmə pul göndərim.

- Bəs bu illər ərzində ürəkaçan heç nə baş vermirdi?

- Yaxşı xatırlayıram, 1983-cü il idi. Sevimli sənətkarımız Rəşid Behbudov gəlmişdi Almaniyaya. Heidelberq şəhərində möhtəşəm konsertlə çıxış etdi. Bir müddət sonra Zeynəb Xanlarova da təşrif buyurdu. Onun da konsertində oldum. Hər iki sənətkarımızı qürbət eldə görmək mənə sanki dünyaları verdi.

- Alman dilini öncədən bilirdiniz, yoxsa orada öyrəndiniz?

- Bilmirdim, Marburqda yaşayanda öyrənib, Frankfurtda kollecə daxil oldum. Kolleci bitirib, elə oranın universitetinə qəbul edildim. Tibb fakültəsini uğurla tamamlayıb, həkim oldum. Hazırda Maynz şəhərində həkimlik fəaliyyətimi davam etdirirəm.

- Hazırda Almaniyanın məşhur həkimlərindənsiniz…

- Demək olar ki, bəli. Bu günədək bir neçə dəfə rəsmi mükafatlara layiq görülmüşəm. Məsələn, 2011-ci ildə Tibb elmi üzrə tədqiqat xidmətlərimə görə mükafat aldım. Qonorarı isə Almaniyada yaşayan kasıb ailələrə hədiyyə etdim.

- Həkim olduğunuz üçün yəqin ki, sağlam həyat tərzinə üstünlük verirsiniz?

- Təbii ki, burada yaşadığım ölkənin də rolu var. Hər zaman idmanla məşğul olmuşam. Hətta yaxşı xatırlayıram ki, 1992-ci ildə marafonda iştirak edib, medal qazandım. O qələbəmi istiqlalımızın qurucusu, ümummilli lider Heydər Əliyevə həsr etdim və medalımı Bakıya göndərdim.

- İndi keçək daha bir maraqlı məqama: “Rahim Schmidt”, yəni Şmit. Alman soyadı daşıyırsınız…

- Xanımım almandır. Tibb doktorudur. Ziyalı insandır, şəxsi klinikası var. Əsl soyadım Dədəbəylidir. Lakin fəaliyyətimi Almaniya ilə bağladığım üçün həyat yoldaşımın soyadını seçdim. Ancaq təbii ki, ürəyimiz, ruhumuz ən əsası fəaliyyətimiz dogma vətənlə bağlıdır.

- Soyadınızın tarixilə maraqlanmısınız heç?

- Bəli, mənim əziz dostlarımdan olan professor Kərim Tahirov bu mövzunu araşdırıb. Dədəbəylilər Gəncə və Hatay ərazisində yaşayıblar. Əcdadlarım Şah İsmayılın yanında çalışıblar. Onun nəvələri sayılırıq.

- Demək ki, Vətənə məhəbbət qanınızdadır…

- Böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə deyib: “Biz öncə insanız, sonra Türküz, sonra isə müsəlmanız”. Mən bu prinsiplə yaşayıram.

- Almaniyada millət vəkili olmuş ilk azərbaycanlısınız. Qürurverici haldır…

- Elədir. Öncə 10 il ərzində Almaniyanın Yaşıl Partiyasında çalışdım. 5 il millət vəkili oldum. Parlamentdə sağlamlıq məsələlərindən məsul idim. Yaşadığım ərazidən millət vəkili seçilib, parlamentə daxil olan nəinki ilk azərbaycanlı, eləcə də birinci xariciyəm. Hazırda Angela Merkelin partiyasındayam.

- Merkeldən söz düşmüşkən, kanslerlə münasibətiniz necədir?

- Merkelin birinci müavini Yulia Klöknerlə yaxın dostam. Onun vasitəsilə mütəmadi olaraq xanım Merkelə öz fikirlərimi, siyası görüşlərimi çatdırıram. Azərbaycan və Qarabağ isə əsas mövzum olur, daima. Ötən həftə hörmətli kanslerlə şəxsən görüşüb, ona kitabımı təqdim etdim.

- Kitabınız haqda bizə də məlumat verin, lütfən…

- “Beynəlxalq tibbi söhbətlər, mülahizələr və inteqrasiya üçün mənəvi enerji” kitabımı artıq 500 000 həkim oxuyur. Ali məktəblərin dərsliklərinə salınıb. Kitabımda Azərbaycandan da bəhs etmişəm. Bu əsəri zəngin mədəniyyətə sahib xalqıma, Ümummilli liderimiz Heydər Əliyevə və oğluma həsr etmişəm.

- Belə anlayıram ki, peşəkar fəaliyyətinizdə elmi və siyasi sahələri birləşdirib, daha faydalı işlər görməyə çalışırsınız.

- Bəli, Almaniyada yoxsulluq və sağlamlıq asossiasiasının prezidenti, evsizlərin fəxri doktoruyam. Mainz və Malburq klinikalarında tələbələrə beynəlxalq tibb dərsi verirəm. Həmçinin psixoloq və ictimai siyasətçilərin qarşısında "Beynəlxaq mədəniyyət, tibb və psixologiya“ mövzusunda mühazirələr və seminarlarla çıxış edirəm. Tez-tez məktəblərə və universitetlərə dəvət alıram.

- Rəhim bəy, ümumiyyətlə almanların azərbaycanlılara münasibəti necədir?

- Almanlar bizi sevirlər. Azərbaycanlılar bu ölkədə çox yaxşı təmsil olunurlar. Zənnimcə, siyasi islam xalqımızı irəli apara bilməz. Azərbaycan azad ölkədir. Burada hər kəs öz dinini rahat yaşayıb, ibadət edir. Bu haqda mühazirələrim tez-tez alman jurnallarında dərc olunur.

Hər zaman parlamentdə ermənilərin işğal etdikləri Qarabağımız haqda söhbət edirəm. Almanların bu yolda bizə dəstəyinin qaçılmaz olduğunu vurğulayıram. Gələcəkdə Qərb və Şərq dialoqu üzərində intellektual platforma yaratmağı düşünürəm. Biz şərqlilərin, türklərin həyat fəlsəfəsini, mədəniyyətini almanlara hərtərəfli anlatmaq arzusundayam. Həmçinin Almaniyadakı 40 illik təcrübəmi Azərbaycan universitetlərində də bölüşmək istərdim ki, onlar da gələcəkdə vətənimizi yüksək səviyyədə təmsil etsinlər.

- Rəhim bəy, sizə bol-bol uğurlar arzu edirəm. Bizə vaxt ayırdığınız üçün minnətdaram. Azərbaycanda görüşənədək

- Təşəkkür edirəm. Mütləq.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>