Elşən Rüstəmov: “Heç nə teatrı əvəz edə bilməz!” - MÜSAHİBƏ/FOTO -
Bizi izləyin

Xüsusi

Elşən Rüstəmov: “Heç nə teatrı əvəz edə bilməz!” - MÜSAHİBƏ/FOTO -

“Texnologiya nə qədər sürətlə inkişaf etsə də, teatr həmişə olacaq. Çünki teatr dünya mədəniyyətinin ayrılmaz hissəsidir. Odur ki, teatra marağın getdikcə daha çox artacağından şübhə etmirəm. Son vaxtlar insanlar da hər şeyin təbii olanını əldə etməyə çalışır, məsələn, adicə süni və zərərli məhsullardan istifadə etməməyə çalışır. Bir tərəfdən cəmiyyətdə robotlaşma getsə də, digər tərəfdən hər kəs təbiiliyə can atır, özlərinə qayıtmaq istəyirlər. Həyat var olduqca, teatr da olacaq”.

Bu sözləri Əməkdar artisti, tanınmış aktyor Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov deyib.

Publika.az E.Rüstəmovla müsahibəni təqdim edir:

- İlk rolunuzu xatırlayırsınız? O gündən bu günə nə dəyişib?

- İlk dəfə məktəb illərində “Hacı Qənbər” tamaşasında oynamışam. Hacı Qənbər rolunu mənə vermişdilər, onun bığ və saqqalını öz əllərimlə hazırlamışdım. Rolumu böyük həvəslə ifa edirdim, tamaşaya baxmaq üçün bütün şagird və müəllim heyəti yığışmışdı. Onda səhnədə maraqlı hadisə baş verdi. Taxtalar çürük olduğundan tamaşının ortasında səhnə çökdü. Buna baxmayaraq biz oynamağa davam etdik.

- Və bu tamaşadan sonra aktyor olmağa qərar verdiniz?

- Yox, uşaqlıqdan aktyor olmaq istəmişəm. Uşaqların çoxu baxdığı filmlərin qəhrəmanlarına bənzəmək istəyirlər. Mən isə həmin qəhrəmanı yaradan aktyorlara bənzəmək, yəni aktyor olmaq istəyirdim. Rolları oynayan aktyorlar mənim üçün daha maraqlı idi.

- Müsahibələrinizin birində diqqət mərkəzində olmaq istəmədiyinizi demisiniz. Maraqlıdır, məşhur olmaq istəməyən insan niyə aktyor olmaq qərarına gəlsin ki?

- İstəsək də, istəmək də daim göz önündə oluruq. Hesab edirəm ki, aktyor keyfiyyətli işilə diqqət mərkəzinə gəlməlidir. Digər məqamlarda özümü başqalarından üstün tutmuram, mənim adi insandan heç bir fərqim yoxdur. Tanınan aktyor olduğuma görə getdiyim hər yerdə “Ən başda mən oturmalıyam” düşüncəsilə yaşamıram, ümumiyyətlə, bu cür fikirlər mənə yaddır.

- Yəqin ki, belə düşünən nadir aktyorlardansınız. Sizdən fərqli olaraq bir çox həmkarlarınız və digər məşhurlar az qalsın balaca uşaqdan da xüsusi diqqət tələb edir...

- İnsanlar müxtəlifdir. Bu, aktyorların xasiyyətindən asılıdır. Çox rahatlıqla ictimai nəqliyyatdan da istifadə edə bilərəm. Sadəcə kafedə yemək yeyən zaman kiminsə tanıması və baxması məni narahat edə bilər, qalan məsələlərdə kompleksim yoxdur. Aktyor üçün ən vacibi odur ki, işini səhnədə mükəmməl səviyyədə görsün. Başqa yerlərdə məşhurluqla qürrələnmək mənlik deyil.

- Bir məqamı çıxmaq şərtilə həyatda komplekssiz olduğunuzu dediniz. Bəs sənətdə kompleksləriniz var?

- (Düşünür) 99 faiz kompleksim yoxdur, haradasa bir faiz ola bilər. Aktyorluq elə bir sənətdir ki, sənə verilən istənilən rolu oynamalısan, hətta mənfi obrazları da yüksək səviyyədə canlandırmalısan.

- Bu gün müğənnilər də özünü aktyor və aktrisa kimi sınamağa başlayıb. Film tədqimatlarında peşəkar aktyor heyəti bir kənarda qalır, jurnlaistlərin çoxu da məhz baş rolda çəkilən müğənnilərdən açıqlama almağa can atır. Qala gecələrinin birində sizin də başınıza belə bir hadisə gəldiyinin şahidi oldum. Bu, sizə pis təsir edir?

- Qətiyyən. Məni ancaq tamaşaçıların filmdəki rolumu bəyənməsi maraqlandırır.

- Kino və teatr sənəti Azərbaycanda yeni-yeni yarananda bəzi qadın rollarını da kişilər oynamalı olurdu. Çünki aktrisa olmaq birmənalı qarşılanmırdı. Sizcə, müasir dövrdə kişilərin qadın rolunda çəkilməsinə ehtiyac varmı?

- Kişilərin qadın rolunu oynamasında qəbahət görmürəm. Dünya səviyyəli aktyorlar var ki, onlar da məşhur filmlərdə qadın obrazını canlandırıblar.

- Yaradıcılıq deviziniz nədir?

- Yaradıcılıq mənimçün laboratoriyadır. Teatrda gedən məşq prosesi özü mənə maraqlıdır. Tamaşada bir aktyor kimi iştirak etməkdən çox böyük zövq alıram.

- Hansı aktrisa ilə tərəf müqabili olmaq daha asandır.

- Saysız-hesabsız aktrisalarla tərəf müqabili olmuşam, onlardan hansısa birilə aramızda problem yaşadığım yadıma gəlmir.

- “Laləli saray” serialında çəkilirisiniz. Sizcə, bu layihə uğur qazanacaq?

- Dünəndən serialın ilk seriyası yayımlandı. Serialın uğurlu olması üçün bütün çəkiliş heyəti çox çalışıb, amma əsas qiyməti tamaşaçılar verəcək.

- Serialda siz hansı obrazı canlandırırsınız? Rolunuz haqqında danışardınız.

- Ailə şirkətini idarə edən obrazı oynayıram.

- Müsbət, yoxsa mənfi qəhrəmandır?

- Oynadığım obrazı hələ ki müsbət qəhrəman adlandırmaq olmaz. Amma ona mənfi də demək olmaz. Adi həyatdakı kimi yaxşı və pis cəhətləri olan qəhrəmandır. İlk seriyadan tamaşaçılar üçün rolum şübhəli görünə bilər, ancaq sonrakı seriyalarda onun əsl siması yavaş-yavaş üzə çıxacaq.

- Bəs serial özü nədən bəhs edəcək?

- Öz qanunları olan ailələrdən və bu qanunların yaxşı, yaxud pis olması, onların həyat tərzinə təsiri, xeyiri olub-olmamasıdan bəhs edir.

- Qanun dedikdə milli mentalitetimizi nəzərdə tutulur?

- Belə də demək olar. Hesab edirəm ki, tamaşaçılar özlərinə lazım olan mesajları götürə biləcək. Sözsüz ki, ailənin yaxşı prinsipləriylə yanaşı, pis nəticə verən qanunları da olacaq.

- Sənətdə münaqişə və tənqid yaradıcı, yoxsa dağıdıcı haldır?

- Tənqidə qarşı həmişə dözümlü olmuşam. Tənqid səhvi deməkdir və kiminsə sənin səhvini deməsi sənətçi üçün şübhəsiz ki, yaradıcı haldır. Növbəti dəfə həmin səhvlərə yol verməməyə çalışırsan.

- Kimin tənqidindən zövq alırsınız?

- Həmkarlarımın dediklərini özüm üçün analiz edib nəticə çıxarıram. Doğru dediyini görəndə onunla razılaşır və qəbul edirəm.

- Xalq artisti Fuad Poladov sizin aktyorluq istedadınızı yüksək qiymətləndirmişdi. Bir il əvvəl o, “Azdrama”dan getməyə qərar verdi. Onun teatrda yeri görünürmü, Elşən bəy?

- Fuad Poladov çox böyük aktyordur, haqqımda belə fikirlər bildirməsindən şərəf duyuram. O, həmişə müəllim olub, onun gənc nəsilə münasibət və qayğısını hiss etmişəm. Təbii ki, teatrdan getməsi bizə təsir edir, çox arzu edirəm ki, yenidən qayıdıb bizi sevindirsin.

- Teatrda tamaşaçıların hansı hərəkətləri sizdə qıcıq yaradır?

- Səs-küy olanda, tamaşanı diqqətlə izləməyəndə tək mən yox, həmkarlarım da əsəbiləşir.

- İnternet və texnologiya əsrində teatrın gələcəyini necə görürsünüz?

- Texnologiya nə qədər sürətlə inkişaf etsə də, teatr həmişə olacaq. Çünki teatr dünya mədəniyyətinin ayrılmaz hissəsidir. Odur ki, teatra marağın getdikcə daha çox artacağından şübhə etmirəm. Son vaxtlar insanlar da hər şeyin təbii olanını əldə etməyə çalışır, məsələn, adicə süni və zərərli məhsullardan istifadə etməyə çalışır. Bir tərəfdən cəmiyyətdə robotlaşma getsə də, digər tərəfdən hər kəs təbiiliyə can atır, özlərinə qayıtmaq istəyirlər. Həyat var olduqca, teatr da olacaq. Heç nə teatrı əvəz edə bilməz!

- Həyatda hansı hallarda özünüzə rola girməyə icazə verirsiniz?

- Bir neçə dəfə özümə yalan danışmağa icazə vermirşəm, amma alınmayıb. Nəyisə düz deməyəndə məni gülmək tutur. Həyatda oynayan insanlara münasibətim də pisdir.

- Əfsanəvi aktyor Valentin Qaft hesab edir ki, aktyor rola girməkdən savayı heç bir işə yaramır. Onunla razılaşırsınız? Aktyor və dublyaj işindən başqa nə ilə məşğul olursunuz?

- Valentin Qaftla haradasa razılaşıram, dediklərində həqiqət var, bacardığım başqa iş yoxdur. Lakin mən özümü fitrədən musiqiçi hesab edirəm. Aktyor olmasaydım, müğənni olardım.

- Aktyorluğu seçdiyiniz üçün peşman olmusunuz?

- Peşman deyiləm, sadəcə şübhə etmirəm ki, müğənni kimi də böyük uğurlar qazanardım.

- Mahnı yazıdırıb klip çəkdirməyi düşünürsünüz?

- Özümün yazdığım “mahnılarım” var, gitarada çalıb oxuyuram, klip çəkdirməyi düşünmürəm.

- Niyə dırnaqarası?

- Çünki bəstəkar deyiləm.

- Küçədə əxlaqsız qadın keçəndə, yaxud kimsə dalaşanda heç kim yaxınlaşıb onlara irad bildirmir. Amma müasir Azərbaycan filmlərindəki bir qədər açıq-saçıq səhnələrə çoxları kəskin reasksiya göstərir. Sizcə, azərbaycanlı tamaşaçılar öz filmlərimizə qarşı niyə belə hiddətlidir?

- Tamaşaçıları heç vaxt günahlandırmaq istəmirəm, amma belə məqamlarda günahlandırıram. Burada telekanalların da rolu var. İllər əvvəl adını çəkmək istəmədiyim bir kanalda filmi dublyaj edirdik. Filmin səsləndirilməsi zamanı öpüş səhnələri bir qədər uzun olduğu üçün qərara gəldilər ki, bu hissəni çıxartsınlar. Amma filmin qəhrəmanları çox estetik öpüşürdülər və həmin kadrlar qəhrəmanların hisslərini ifadə etmək üçün lazım idi. Hər halda lazım olmasaydı, öpüş səhnəsini çəkməzdilər.

Lakin filmdə narkomanı canlandıran aktyorun narkotik maddədən istifadə etdiyi səhnələr kəsilmirdi, ətraflı şəkildə efirə təqdim olunurdu. Halbuki ikinci çəkdiyim misal tamaşaçıya daha zərərli mesaj ötürür və onu kəsmək daha məqsədəuyğun olardı. Öpüş isə bioloji prosesdir. Nəyi gizlədirik ki biz? Əgər iyrənc görünmürsə, öpüş səhnələri niyə də çəkilməsin?

- Aktyor üçün duyğularını, yoxsa qadınları idarə etmək daha çətindir?

- Qadınları (gülür).

- Niyə belə düşünürsünüz?

- Qadınlar çox müəmmalıdır, onları çözmək üçün illər lazımdır.

- Həyat yoldaşınızı tanımaq üçün sizə nə qədər vaxt lazım oldu?

- 12-13 il.

- Ailə qadınla kişi münasibətlərinin möhkəm olması üçün nə etməlidir?

- Hisslər qarşılıqdırsa, sevgini qorumaq üçün xüsusi səy göstərmək lazım deyil. Belə olan halda o barədə düşünmürsən.

- Amerikada alimlər araşdırma nəticəsində müəyyən edib ki, qadınlar sevgisiz yaşaya bilməz, kişilərsə yaşaya bilər. Bu fikirlə razısınız?

- Yox, kişilər də insandır, onların da sevgi və qayğıya ehtiyacı var.

Aytən,

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm