İstanbulu fəth etməyə hazırlaşan Çinarə Məlikzadə: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

İstanbulu fəth etməyə hazırlaşan Çinarə Məlikzadə: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

Oktyabrın 4-də İstanbulda konsert proqramı ilə çıxış etməyə hazırlaşan müğənni Çinarə Məlikzadə Publika.az-a müsahibə verib.

Azərbaycanın instaqram fenomeni kimi tanınan sənətçi yaradıcılıq planları haqqında danışıb.

- Müsahibələrinizin birində sıradan müğənni olmaq istəmədiyinizi demisiniz. Sizcə, Azərbaycanın musiqi tarixinə düşmək üçün gənc ifaçılarda hansı keyfiyyətlər olmalıdır?

- Potensialına güvənən hər kəs istəyər ki, sıradan biri olmasın, eləcə də mən. Fikrimcə, ortaya keyfiyyətli işlər qoymalıyıq. Danışmaq yox, işlə məşğul olmaq lazımdır. Söz atmaq, didişmək yox, əksinə hər kəsi sevmək... Hər kəsə nur, müsbət enerji, sevgi ötürməlisən.

- Türkiyədəki konsertin hazırlıqları nə yerdədir? Bildiyim qədərilə Türkiyədə Zeynəb Xanlarovadan sonra azərbaycanlı müğənnilərdən son illərdə heç bir məşhur konsert proqramı ilə çıxış etməyib. İstərdim ki, bu barədə ətraflı danışasınız. Siz bunu necə bacardınız?

- Konsertin hazırlıqları yaxşı gedir. Elə də böyük konsert deyil, amma solo konsert və 3 saat canlı ifa adamı həyəcanlandırır. Mən hər bir müğənnimizə nəinki Türkiyədə, istədikləri ölkədə konsert verməyi arzulayıram. Çünki bizimdilər. Mənim canımdan qanımdan olan insanlardır. Biz daima Ər-Toğrulla (prodüseri - red.) bunları düşünürük. Hesab edirik ki, öz işimizlə məşğul olduqca Allah və ya Tanrı, yaxud da Yaradan, kainatı idarə edən ilahi qüvvə bizə hər şeyin ən yaxşısını bəxş edəcək. Və nə uğurumuz varsa, bunun üçün bir Allaha borcluyuq.

- Türkiyəli tamaşaçıları nə ilə təəccübləndirəcəksiniz? Repertuarınızda türk, yoxsa öz mahnılarımız üstünlük təşkil edəcək?

- Səsimlə və yalnız sənətimlə təəccübləndirəcəyəm, əgər bacarsam (gülür). Təbii ki, bizim milli mahnılardan da olacaq, onlarsız olmaz. Amma üstünlüyü Türk musiqisi təşkil edəcək.

- Xüsusi səhnə dekorsiyası quraşdırmağı düşünürsünüz?

- Xeyr, xeyr. Hələ ki, o cür dəbdəbəyə həm ehtiyac yoxdur, həm zamanı deyil. Hər şey öz zamanında dadlı olur. Dəbdəbəli dekorasiya olacaq - səsimlə gəzişmələrdə (gülür).

- Konsert üçün rəqs hazırlamağı planlaşdırırsınız, yoxsa səhnədə tək çıxış etmək istəyirsiniz?

- Rəqs hazırlanmayacaq. Səhnədə mən və musiqiçilər olacaq. Sadəlikdən başqa heç nə maraqlı deyil artıq. İnanın. Ya da inanmayın, amma belədir (gülür).

- “FOX TV” nin verilişindəki iştirakınızda sonra başqa türk kanallarından dəvət almısınız?

- Hələ ki xeyr, amma radio efirə dəvət edilmişəm. Həmçinin konsertlə bağlı digər şəhərlərdən və daha böyük səhnələrdən təkliflər var. Onları da menecerim dəyərləndirəcək. Nəticə barədə mətbuata açıqlama veriləcək.

- Türkiyənin tanınmış sənətkarı Oktay Kaynarcanın sizin yaradıcılığınızı bəyənməsi və yüksək qiymətləndirməsi bizim üçün çox sevindirici oldu. Siz hansı hissləri keçirdiniz? Onunla görüş zamanı nələrdən danışdınız? Sizdən başqa dinlədiyi azərbaycanlı müğənnilər varmı?

- Bu görüş bizim üçün də gözlənilməz və sevincli oldu. Oktay bəy çox gözəl insandır. Sənəti də ki, öz yerində. Bizim müğənnilərdən kimə qulaq asdığını bilmirəm. Bu barədə danışmadıq. Görüşdə başqa məsələni müzakirə etdik. Bu məsələlər həllini tapdıqca yavaş-yavaş sizinlə bölüşəcəyik.

- “Gedək üzü küləyə” mahnısı sizin daha da məşhurlaşmağınıza təkan verdi. Maraqlıdır ki, heç həyatda “küləklə” mübarizə aparmalı olmusunuz? Yəni, həyata və ya təbiət qanunlarına qarşı çıxmısınız?

- Xasiyyətcə elə adamam ki, mübarizə aparmağı sevmirəm. Hər şeyi axarına buraxıram. Çünki onsuz da nə necə olmalıdırsa, elə də olur. Biz insanlar sadəcə idarə olunuruq və özümüzə elə gəlir ki, nələrisə həll edirik. Amma Onun əmri tamam olmamış bəşər tarixində milli metr yer dəyişməsi baş verməyib.

- “Ben yoruldum hayat” sizin ifanızda tam fərqli səslənir. Bu mahnını belə ürəkdən və təsirli oxumağın səbəbi nədir? Hansası məqamlarda həyatdan yorulmağınız ola bilər?

- Elə mahnılar var ki, ifaçı həmin mahnıdan o qədər zövq alır ki, ifa zamanı çox gözəl səslənir. Bu da o sıradandır. Əlbəttə yorulduğum məqamlar olur həyatda da, evdə iş görəndə də, qab yuyanda da, çay hazırlayanda da, idman edəndə də (gülür).

- Məşhur olmaq, məşhurluğu və insanların sevgisini qorumaqdan yəqin ki, daha asandır. Siz sahib olduğunuz mövqeyinizi qorumaq üçün nə edirsiniz?

- İnsanların sevgisini qorumaq üçün musiqiçidən yalnız və yalnız işləmək, düzgün yolla hərəkət etmək tələb olunur. Əqidəli, vicdanlı, əxlaqlı sənətlə məşğul olmaq lazımdır. Bunları edə bilsən, insanlar səni daima sevəcək. Heç şübhəniz olmasın.

- Niyə Çinarə Məlikzadə bəstəkarlardan mahnı alıb yazdırmır? Maddi baxımdan problemlər var? Başqa sənətçilərin mahnılarını oxumaqla bu sənətdə nə qədər irəliləmək olar?

- Bəstəkarlardan kifayət qədər mahnılar alıram. Bir çox bəstəkarlarımız mahnıları pulsuz verirlər. Hədiyyə kimi. Sevinc Tofiqqızı, Xanım İsmayılqızı, Leyla Onur kimi gözəl bəstəkarlarımızdan oxumuşam. Maddi sıxıntılar yoxdur. Demirəm heç bir problem yoxdur, əlbəttə ki, klip çəkdirmək istəyəndə maddi sıxıntılarla üzləşirsən, amma o da həll olunur. Allah heç vaxt məni naümid qoymayıb, şükr olsun. Heç kəsə möhtac qalmamışam.

- Toylarda çıxış edirsiniz?

- Bəli. Yarım saatlıq çıxış edirəm. Qiyməti səhifəmdəki nömrəyə zəng edərək öyrənə bilərsiz. Yaxın adamdlara isə Ər-Toğrul endirim edər (uzun uzadı gülür).

- Gələcəkdə özünüzü aktrisa kimi sınamaq istəyərdiniz?

- Aktrisalığı bitirmişəm. Əlbəttə sınayaram. Qismət.

- Məşhur aktrisa Merilin Manro deyir ki, karyera qurmaq gözəldir, amma soyuq qış gecələrində karyeranızı qucaqlayıb yata bilməzsiniz. Siz ailə qurmaq haqqında düşünürsünüz?

- Karyera və ailə - hər ikisi çox önəmli məsələlərdir. Mənim üçün ailə hər şeydən üstündür. Əlbəttə ki, əgər qismətdə varsa, məqamı çatanda ailə quracam. Allah hər nəyi məsləhət bilirsə, həyatımda o da olsun.

- Sizcə, ailə qurmaq üçün özünü hazır hiss etməlisən, ya dəlicəsinə vurulmalısan?

- Mənə ailə qurandan sonra bu sualla müraciət edərsiniz, zəhmət olmasa. Onda daha dəqiq deyərəm. İndi desəm, yalan olar, odur ki, cavab vermək istəmirəm.

- Xalq artisti İlhamə Quliyeva sağlığında onun mahnılarını oxuyanlara qısqanclıqla yanaşardı. “Sırğamın qaşı” mahnısını sizin ifanızda eşitsəydi, reaksiyası necə olardı?

- Dəqiq deyə bilmərəm (fikirləşir). Bu barədə heç düşünməmişəm.

- “Sırğamın qaşı” mahnısında deyildiyi kimi Çinarə xanımın biləyində kimin ətri qalıb?

- Şanelin (qəhqəhə çəkib gülür).

- Yeri gəlmişkən, adıçəkilən mahnıda “Qız küsməyi yaman olar, oğlan küssə, duman olar” misralarında şair nəyi nəzərdə tutub, sizcə?

- İqtisadi böhranı yəqin ki. Çünki qız da, oğlan da iqtisadi durum yaxşı olanda küsmürlər.

- Repertuarınıza daxil etdiyiniz Abbas Əhmədin “Ürəyim yanar, qəlbim odlanar, sənin yolunu gözlədim yaman...” misraları ilə başlayan mahnısı da çox sevildi. Sizcə, yanan ürəyi söndürməyin bir yolu varmı? Ümumiyyətlə, yolunu gözlədiyiniz biri varmı?

- Yanğınsöndürənlər var. Məsələn, su içə bilərsən. Ya da yanıb qurtarmasını gözləmək olar, yanılı qalmayacaq ki, hə? Düz demirəm sizcə?

- Müsahibə üçün minnətdaram.

- Sizinlə danışmaq çox maraqlı idi. Minnətdaram ki, diqqətdə saxlayırsınız. Qucaqdolusu təşəkkürlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm